İşçilərin 60 faizi işə əmək müqaviləsiz qəbul olunur - MÖVQE

Səttar Mehbalıyev: “Tikinti sahəsində işçilərin şəraiti sıfırdır”

Müsahibimiz Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədri Səttar Mehbalıyevdir

- Səttar müəllim, Azərbaycanda işçilərin əmək və sosial  hüquqları  hansı səviyyədə qorunur?
- Azərbaycanda hər bir işçinin əmək və sosial hüquqları qorunur. Bu hüquqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, sahə həmkarlar ittifaqları, ilk təşkilatlarda fəaliyyət göstərən həmkarlar ittifaqları, o cümlədən  Konfederasiya tərəfindən müdafiə olunur. Bizim hüquq, əmək müfəttişliyi kimi müvafiq şöbələrimiz var ki, müraciət olunduqda həmin şöbələr təmənnasız işçilərin hüquqlarının müdafiəsi ilə məşğul olur. Ciddi bir məsələ ortaya çıxırsa, bizim hüquqşünaslarımız pulsuz olaraq məhkəmələrdə işçilərin hüquqlarını müdafiə edirlər. Nəzərə çatdırım ki, biz 95 faiz məhkəmə işlərində udmuşuq. Ancaq olur ki, işçi müraciətində düzgün məlumat vermədikdə əlavə problemlər yaranır. Məsələn, işçi sərxoş halda işə gəlir və barəsində görülən tədbirlə əlaqədar bizə müraciət edir. Belə halda onun hüquqlarını necə qoruyasan? Məsələ orasındadır ki, yardım üşün müraciət edən insan heç vaxt demir ki, filan günahı olub. Mən 30 ildir ki, həmkarlar sahəsində çalışıram, bu müddətdə bir dəfə də olsun eşitməmişəm ki, kimcə gəlib desin ki, mənim filan günahım var, kömək edib bizi barışdırın. Əksər hallarda gələn işəgətürəni söyür ki, mənim hüquqlarım pozulub, durduğum yerdə çağırıb dedilər ki, işdən azad edilirsən və sair. Məsələni araşdıranda isə məlum olur ki, bəzi hallarda işçi sərxoş halda işlədiyindən istehsalatda bədbəxt hadisə törədib, barmağını, yaxud əlini  dəzgahda itirib. Bütün bunlara baxmayaraq çalışırıq ki, bizə edilən müraciətləri obyektiv araşdıraq, düzgün qərar qəbul edək. Hətta belə hallar olanda belə çalışırıq ki, xəsarət alan işçilərə bu və ya digər şəkildə kömək göstərək.
- İstehsalatda baş verən bədbəxt hadisələr daha çox hansı sahələri əhatə edir?
- Azərbaycanda işçilərin ən çox əmək hüquqları tikinti sahəsində pozulur. İşçilərlə ən pis rəftar tikinti sahəsindədir. Bu sahədə işçilər üçün iş şəraiti sıfırdır. Tikinti sahəsində fəhlələr qoruyucu vasitələrlə təmin olunmur, fəhlələr 40 dərəcədən yuxarı istidə işləməyə məcbur edilir. Günün altında işləyən işçilərə sərinləşdirici içkilər verilmir, iş yerləri hava təmizləyiciləri ilə təmin olunmur, işçilərə yemək verilmir. İstənilən halda onların əmək və sosial hüquqları pozulur. Hətta istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması  zamanı onların əmək müqaviləsiz işləməsi üzə çıxır. Araşdırmalar göstərir ki,  ölkədə işçilərin 60 faizi işə düzgün qəbul olunmur, onlar işlədikləri artıq saatlara görə pullarını ala bilmirlər, əmək haqqının bir qismi "konvertlərlə" verilir. Bu isə birbaşa vergidən yayınmadır, sosial müdafiə fonduna az pulun köçürülməsi deməkdir. Nəzərə almaq lazımdır ki, "konvert" şəklində əmək haqqı alan işçi düşünür ki, bu gün bütün ödəmələrdən sonra evinə artıq qazanc aparır, lakin  sonradan pensiyaya çıxanda az pensiya almalı olur.  Ödəmələri düzgün edən işçi isə daha çox pensiya alır. Ona görə işçiləri başa salmaq lazımdır ki, aldığı əmək haqqı qanuniləşdirilməlidir ki, gələcəkdə sosial vəziyyətinin yaxşılaşmasına xidmət edə bilsin. Əmək haqlarınını rəsmi qaydada qeydə alınması, həm də dövlət büdcəsinə əlavə vəsaitin daxil oması deməkdir. Nzirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı də qeyd edib ki, belə halların qarşısı alınmalıdır.
- Necə hesab edirsininz, maarifləndirmə yolu ilə illərlə kök atmış problemləri aradan qaldırmaq mümkün olacaq?
- Ölkədə ikili mühasibatın qarşısının alınması, iş yerlərində işçilərin iş şəraitinin yaxşılaıdırılması üçün mütləq o müəssisələrdə həmkarlar təşkilatı yaradılmalıdır. Nə qədər ki, müəssisə, idarə və təşkilatlarda həmkarlar təşkilatları yaradılmayıb, orada ikili mühasibatlıq da olacaq, işçiləri iş vaxtından artıq  işlədəcəklər, iş şəraiti pis olacaq, əmək təhlükəsizliyi qorunmayacaq, işçilərlə əmək müqavilələri bağlanmayacaq. Ancaq həmkarlar təşkilatları olan müəssisələrdə istər-istəməz nəzarət həyata keçirilir, kollektiv müqavilələr bağlanır. Kollektiv müqavilələrdən başqa, hökumət və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  ilə Baş saziş imzalanır, sahə həmkarları ilə sahə tarif sazişləri bağlanır. Hətta ilk təşkilatlarda imzalanan kollektiv müqavilələrdə işəgətürən sosial öhdəliklər götürür. Bütün bunlar deməyə əsas verir ki, həmkarlar təşkilatları şübhəsiz ki, iş yerlərində olan neqativ halların aradan qaldırılmasına təkan verir. Biz işəgötürənlərlə görüşərək çalışacağıq onları inandıraq ki, həmkarlar təşkilatlarının yaradılması onların özləri üçün xeyirli olacaq. Ən ası iş yerlərində qayda-qanun yaradılmasında həmkarlar təşkilatları onlara kömək göstərə bilər. Qeyd edim ki, istehsalatda baş verən bədbəxt hadisələrin təhlili göstərir ki, harada həmkarlar təşkilatları varsa, orada ölüm və xəsarət halları daha az olur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31