"Bizim Azərbaycandan  Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır"- ÖZƏL MÜSAHİBƏ

Vüqar Rəhimzadə: "Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır

Müsahibimiz Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru  Vüqar Rəhimzadədir.

- Vüqar  müəllim, III Şuşa Qlobal Media Forumunun Azərbaycanın beynəlxalq və milli informasiya platformalarındakı mövqeyinə təsirini və əhəmiyyətini necə dəyərləndirirsiniz? 

- "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Builki Forum adından da bəlli olduğu kimi, rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunmuşdu. Aparılan müzakirələr məhz medianın müasir çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlmişdi. Ənənəvi keçirilən Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır. Dövlətimizin başçısının  ünvanlanan suallara cavabları həm ölkəmiz, həm də region və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatların əldə edilməsində zəngin mənbədir. Bu kimi tədbirlər, eyni zamanda, Azərbaycanın sabit, təhlükəsiz ölkə, əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyev diqqəti Qlobal Media Forumunun ənənə halını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışında, tədbir iştirakçılarının suallarına cavabında səsləndiyi hər bir fikir bugünümüzə və gələcəyimizə,  qlobal problemlərin həllində birgə səylərə, əməkdaşlığa çağırışdır. Müasir dövrün əsas çağırışlarından biri də dezinformasiya, saxta məlumatlara qarşı effektiv mübarizə aparmaqdır. Bu baxımdan III Şuşa Qlobal Media Forumu böyük önəm kəsb edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin də iştirakı ilə aparıcı media mənsublarının və dünyada məşhur olan informasiya strateqlərinin də qatıldıqları Şuşa Qlobal Media forumları qlobal informasiya məkanında ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

- Zəngəzur dəhlizi ilə bağlı müxtəlif versiyalar və fikir ayrılıqları mövcuddur. Sizcə, bu məsələdə yekun razılıq necə formalaşacaq və gələcəkdə dəhlizin statusu necə olacaq?

-  III Şuşa Qlobal Media Forumunda diqqət göstərilən məsələlərdən biri Zəngəzur dəhlizinin açılması ilə bağlı oldu. Prezident İlham Əliyev bununla bağlı ünvanlanan suala cavabında  qeyd etdi ki, Zəngəzur dəhlizi  bir çox ölkələri birləşdirəcək. Daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi nəzərdə tutulmur.  Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal şəkildə  sərmayə qoyur. Son illərdə bu infrastruktura milyardlarla dollar sərmayə yatırılıb.  Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq.  Ermənistan isə son beş ildə Zəngəzur dəhlizinin yaradılması ilə bağlı heç bir real addım atmamaqla, tranzit ölkəyə çevrilmək imkanlarını getdikcə itirir. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz - Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən genişmiqyaslı nəqliyyat marşrutu ölkəmizin qlobal yükdaşımalar zəncirindəki rolunu daha da gücləndirir. Dövlətimizin başçısı ölkəmzin bu məsələdə mövqeyini açıq şəkildə ifadə etdi. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Bizim Azərbaycandan  Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir.

- Rusiya-Azərbaycan münasibətlərinin gələcək trayektoriyası necə formalaşır və bu əlaqələr regionun sabitliyinə necə təsir göstərə bilər?

-  Ötən il dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarənin Rusiya ərazisində vurulmasından sonra Yekaterinburqda baş verənlər Rusiyanın riyakar siyasətinin davam etməsinin sübutudur. Rusiya tərəfi hələ də Azərbaycanın mülki təyyarəsinin vurulması insidentinə rəsmi münasibət bildirməyib, günahkarlar məsuliyyətə cəlb olunmayıb. Prezident İlham Əliyev də III Şuşa Qlobal Media Forumunda bu məsələ ilə bağlı suala cavabında  qeyd etdi ki, biz  Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir. 
Hadisənin üstündən bu qədər vaxt keçməsinə baxmayaraq Moskvadan beynəlxalq hüquq normalarına uyğun olaraq cavab alınmaması qarşı tərəfin konstruktiv mövqedə olmadığının təsdiqidir. Rusiya tərəfinin Azərbaycana verdiyi izahat yalnız ondan ibarətdir ki, istintaq tədbirləri davam edir. Lakin ortada heç bir irəliləyiş yoxdur. Ona görə  Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyi ilə bağlı Rusiya tərəfini məlumatlandırıb. Azərbaycan bu məsələdə ədalətə nail olacaq. Amma dövlət başçısının qeyd etdiyi kimi, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil.

- Son dövrlərdə Azərbaycan-İran münasibətlərində müşahidə olunan normallaşma cəhdləri və bu fonda ikitərəfli əməkdaşlıq imkanlarının davamlı sülh və regional sabitlik baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan-İran münasibətləri ortaq tarix, mədəniyyət, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Xalqlarımızın tarixi və mədəni bağlılıqları iki dövlət arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat-logistika və digər sahələr üzrə inkişaf edir. Ümumilikdə dövlətlərimiz arasında münasibətlər möhkəm təməllər üzərində qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. Bundan başqa, 1992-cü ildə İranın Naxçıvanda Baş konsulluğu, 2004-cü ildə isə Azərbaycanın Təbrizdə Baş konsulluğu açılıb. Bütün bunlar hər iki ölkənin qarşılıqlı əlaqələrdə maraqlı olmasına sübutdur. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Həmin səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında möhkəm təmələ əsaslanan münasibətlərin daha da inkişaf edəcəyini deməyə əsas verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini  ənənəvi olaraq dəstəkləyirlər. Nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri də xüsusi diqqət çəkir. Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi qlobal mahiyyət daşıyan bir layihənin həyata keçirilməsində də əməkdaşlıq edirlər. Ümumiyyətlə, iki dövlət arasında tarixi dostluq münasibətləri üzərində formalaşmış əlaqələrin müsbət məcrada inkişafı ölkələrimizin və bölgənin ümumi inkişafına, davamlı sülh və regional sabitliyə də töhfə vermiş olacaq.

- Gənclər və innovasiya siyasəti müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafına necə təsir edir?

- Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Qalib ölkənin gəncliyi tarixi Zəfərimizin yaratdığı reallıqların yüksək səviyyədə təqdimatında və təsdiqində fəal iştirak edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunan, dövlət maraqlarını hər şeydən üstün tutan gənclikdir. Azərbaycan dövlətinin gənclərə inamı, etimadı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə təsdiqləndi. Qalib Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda igidliklə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Müasir dövrün rəqəmsal texnologiyalar dövrü olduğunu nəzərə alsaq bu gün Azərbaycan gənclərinin yeni texnologiyaların mənimsənilməsinə və tətbiqinə göstərdiyi maraq diqqətdən kənarda qalmır. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclərimiz müasir texnoloji yenilikləri mənimsəyən, dünyada rəqabət apara bilən avanqard qüvvəyə çevriliblər.

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31