Politoloq: “Tramp–Putin görüşündən real nəticə gözləmək çətindir” – ÖZƏL
12:02 SiyasətABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin bu gün, avqustun 15-də Alyaskanın Ankoric şəhərində bir araya gələcək. 2024-cü il seçkilərində qələbə qazandıqdan sonra Trampın Putinlə keçirəcəyi ilk təkbətək görüş kimi diqqət çəkən sammitin əsas gündəliyində Ukraynada davam edən münaqişə dayanır. Liderlərin son görüşü 2019-cu ildə Yaponiyanın Osaka şəhərində baş tutmuşdu.
Maraqlıdır, Tramp-Putin görüşündən Ukrayna münaqişəsinin həlli istiqamətində real irəliləyiş gözləmək olarmı?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Olaylar.az-a danışıb. Politoloq bildirib ki, Alyaska görüşü çərçivəsində müzakirə olunacaq əsas məsələ Rusiya-Ukrayna müharibəsi olsa da, atəşkəsin əldə olunması və münaqişəyə son qoyulması istiqamətində hər hansı əsaslı razılığın əldə olunması ehtimalı çox aşağıdır:
"Təbii ki, dialoqun davam etdirilməsi nöqteyi-nəzərindən görüşün əhəmiyyəti kifayət qədər yüksəkdir. Amma Ukraynanın olmadığı masada onun taleyinin həll edilməsi ilə bağlı real nəticənin əldə olunmasını gözləmək çox yalnış olar. Xüsusilə də, indiki mərhələdə Putin administrasiyasının nümayiş etdirdiyi aqressiv ritorika onu deməyə əsas verir ki, atəşkəsin ilkin şərtlərinin qəbul edilməsi üçün zəruri şərait hələ formalaşmayıb. Nəticə etibarilə, gözləntilər yüksək olmasa da, danışıqların davam etdirilməsi münaqişənin həlli ilə bağlı dialoqun davam etdirildiyini göstərir".
Sevda Dəniz