Dövrələnmiş İranın zərbəçi bəhanəsi – ABŞ-nin onsuz da regionda 30 hərbi bazası var
13:37 Dünyaİranın Azərbaycan üçün xüsusi önəm daşıyan, ölkəmizin eksklavı Naxçıvanla quru yol əlaqəsini bərpa edəsi "Zəngəzur dəhlizi"nə yeni dirənişinin əsas zərbəçi bəhanəsi bölgəyə ABŞ hərbçilərinin gəlməsi ehtimalıdır.
Bundan əvvəl Tehranın "qırmızı xətti" "Zəngəzur dəhlizi"nin işə düşməsi ilə Ermənistanla sərhədini itirəcəyi idi. ABŞ, Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşməsindən və sülh memorandumu imzalamasından, eləcə də "Zəngəzur dəhlizi" üzrə prinsipial razılığa gəlməsindən sonra ritorika bir az dəyişib: "Başqa dövlətin hərbçilərinin regionda mövcudluğuna təhəmmül edə bilmərik".
İran "başqa dövlət" deyərkən, Rusiyanı nəzərdə tutmur, ABŞ-ni qəsd edir. Əgər "Zəngəzur dəhlizi"nə nəzarət Rusiyada olsaydı, Tehran bir söz deməzdi. Zatən, o yol 70 il boyunca Moskvanın sərəncamında olub, sərhəddə sovet-rus hərbçiləri durub və İran onların bölgədə mövcudluğundan narahat olmayıb.
İndi isə regionda vəziyyət fərqlidir. İran ABŞ-nin Ermənistanda hərbi mövcudluğunu istəmir. Azərbaycanlı qəzetçilər hələ bir neçə il öncə, İran və Ermənistan arasında "qardaşlıq büsatı"nın təntənə ilə qeyd və görk edildiyi günlərdə yazırdılar ki, ola bilər, həm də ABŞ ilə qardaş olan Ermənistan sabah Pentaqonu ölkəyə gətirəcək, o zaman İran pis durumda qalacaq.
Gün kimi aydın idi ki, belə də olacaq. Dünya üzərindəki ən böyük diplomatik missiyasını kiçik Ermənistanda saxlayan ABŞ əvvəl-axır bu ölkədə öz hərbi mövcudluğunu leqal müstəviyə keçirəcəkdi. (Əslində ABŞ-nin diplomatik korpusunda kəşfiyyatçıların və xüsusi təyinatlı mühafizəçilərin olduğu sirr deyil - bu xüsusda iddialar vaxtaşırı səslənir).
ABŞ hərbçiləri Ermənistanda təmərküzləşərək, İranın şimal sərhədlərinə yerləşməsə də, ABŞ çoxdan bölgədə, İranın yaxın ətrafındadır, həm də bu, çox effektiv şəkildədir.
ABŞ-nin bu bölgədə 30 civarında hərbi bazası var. Türkiyədən Pakistana, Türkmənistandan Omana qədər regionda ABŞ-nin güclü hərbi infrastrukturu mövcuddur və onlar İranı, ona bitişik ərazilər boyunca əhatə edir.
Bunların arasında hərbi bazalar, dəniz limanları, düşərgələr, aerodromlar, müşahidə məntəqələri, zərbə donanmaları, çevik reaksiya qüvvələri, səhra mühafizəçiləri və s. obyektlər var.
ABŞ Səudiyyə Ərəbistanı, Qətər, İraq, Pakistan və Bəhreyndə hərbi bazalara malikdir. Bir neçə il öncəyə qədər Əfqanıstan da bu sırada idi (ana şəkildə göründüyü kimi). Ancaq ABŞ bu ölkədəki mövcudluğundan imtina etdi və Əfqanıstanı "Taliban"ın ümidinə buraxdı. Hərçənd ABŞ-nin hələ də "Taliban"ı bu və ya digər şəkildə idarə etdiyi bildirilir.
Pentaqonun hərbi maşınının Yaxın Şərqdəki "beyni" və "ürəyi" Qətərdə yerləşir. Bu, regionda ən böyük "Əl-Udeid " hərbi hava qüvvələri bazasıdır. Burada Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiyada hərbi əməliyyatlar zamanı əməliyyatların planlaşdırılması və icrasına cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının (US CENTCOM) qərargahı var.
ABŞ üçün ən böyük hərbi-logistika mərkəzləri İordaniya, Küveyt, Türkiyə və Pakistandır. Dörd ölkənin hamısı ABŞ-nin öz müttəfiqlərini silahla təmin etdiyi "silah mərkəzləri"dir. Eyni zamanda, bu dörd ölkənin üçü (Türkiyə istisna olmaqla) amerikalılara potensial olaraq iranpərəst qüvvələrlə döyüş meydanına çevrilə biləcək strateji əhəmiyyətli ərazilərə çıxış imkanı verir.
Küveyt və Pakistan ABŞ-yə iranlıların hərəkətlərini müşahidə etməyə və onun sərhədlərini, eləcə də Fars körfəzi regionunu izləməyə imkan verir. Küveyt, digərləri ilə yanaşı, silahların İraq və Suriyaya ötürülməsi üçün də tranzit nöqtəsidir. Pakistan son vaxtlara qədər ABŞ-nin əsas hərbi və kəşfiyyat bazası olub, lakin 2017-ci ildən sonra tədricən Çinə doğru sürüşməsi ilə İslamabad və Vaşinqton arasında münasibətlər pisləşib.
Bəhreyn 1948-ci ildən ABŞ-ın 5-ci donanmasının daimi mənzilidir. ABŞ-ın ən böyük dəniz qalalarından biri bu ölkədədir və onun mandatına beynəlxalq dəniz kommunikasiyalarının sabitliyini və təhlükəsizliyini təmin etmək daxildir: Ərəbistan dənizi, Süveyş kanalı, Bab əl-Məndəb boğazı, Oman körfəzi, Hörmüz boğazı və Fars körfəzi. ABŞ və İran arasında qarşıdurma bir daha açıq silahlı xarakter alsa və dənizə adlasa, əmliyyatlarda ilk növbədə bu donanma iştirak edəcək.
ABŞ-nin Bəhreyndə donanmadan əlavə 7 mindən çox əsgəri var və 1991-ci ildə Körfəz müharibəsindən sonra krallıqla imzalanmış müqavilə əsasında fəaliyyət göstərir. Onlar Amerika donanmasının da lövbər saldığı ABŞ hərbi dəniz bazasında yerləşdirilib. 2010-2017-ci illər arasında ABŞ bu kiçik dövlətdə hərbi infrastrukturun genişləndirilməsi üçün yarım milyard dollar xərcləyib.
ABŞ-nin bölgədəki hərbi mövcudluğunu İsrailin hərbi qüvvələri, Cibutidəki hərbi baza, Səudiyyə Ərəbistanının qoşunları da gücləndirir.
Bundan başqa, ABŞ İraq və Suriyadakı kürd peşmərgələrinə də ciddi təsir gücünə malikdir. ABŞ bu qüvvələrə silah ötürür, siyasi dəstək verir, lazım gəldiyi vaxt onlardan İrana qarşı "şilləvuran" kimi də istifadə edə bilər.
Bütün bunlardan sonra ABŞ-nin bir taqım əsgərinin "Zəngəzur dəhlizi"na gəlib-gəlməməsi nəyi həll edir? Zatən, ABŞ İranı üzük qaşı kimi dövrələyib.
Araz Altaylı, Musavat.com