Şuşada Şuşadan yazılan roman - “Cığır”
20:52 MədəniyyətMilli kimliyin dərk olunması XX əsrin sonlarında, xüsusilə sovet imperiyasının süqutundan sonra daha geniş vüsət almışdır. Yazılan tarix kitabları, bədii əsərlər, xüsusən də tarixi mövzulu əsərlər bunu deməyə imkan verir. Yazılan hər bir əsər tarixi özündə ehtiva edir, bir çox mətləbləri qoruyur. Bunun təzahürünü əsasən 90-cı illərdən günümüzədək yazılan bədii mətnlərdə görürük. Hadisələrə baxış çox zaman hadisələrə milli ruh rakursundan yanaşılır. Dövrün xarakteristikasını vermək üçün paralellər , müqayisələr aparmaq qaçınılmazdır. Məsələn 90-cı illərdə İsi Məlikzadənin qələmə aldığı "Qırmızı şeytan" povestində xalqı ayıq-sayıq olmağa, milli mübarizədən geri durmamağa səsləmək üçün tarixi kontekstual analiz apararaq tarixən baş vermiş və indi də yaşanmaqda olan hadisələri iki zaman kəsimində qarşılaşdırır. İki tarixi mərhələni, epoxanı bir-biri ilə əlaqələndirib dövrlər arası bənzərliklər ortaya çıxarır. Yazıçı 1920-ci ildə xalqın boğazından yapışan "qırmızı buynuzlu şeytanın" 70 ildən sonra, 1990-cı ildə yenidən qayıtdığını göstərərək, xalqın milli yaddaşını yenidən bərpa etməyə çalışması, itirilmiş azadlığın yenidən bərpası üçün sələflər və xələflər arasında dövrü paralellərin aparılması priyomu uğurlu tapıntıdır. Ümumiyyətlə, müstəqillikdən sonra yaranan bir çox bədii nümunələrə nəzər yetirəndə 90-cı illərdə ədəbiyyatın əsas istiqaməti istiqlal, milli kimliyin dərki idisə, 2000-ci illərdə milli mövzular kontekstində Qarabağ müharibəsi mövzusu və müharibənin gətirdiyi bəlalar, onun mənəvi, psixoloji fəsadlarının təsvirindən ibarət fraqmentlərin təqdimi aktual idi. Aqil Abbasın "Dolu" romanı yazıldığı dövrdə real həyatda öz həllini tapmadığından siyasətdə uduzulmuş müharibəni, əks etdirən maraqlı nəsr nümunəsidir.
Doğrudur, müharibə əslində ideologiyaya deyil, milli zəminə söykənir. Dövrün əksər ədəbi nümunələrində müharibənin, faciələrin doğurduğu qəzəb, kin, düşmənə nifrət mərhəmət hissinə qalib gələ bilmir. Lakin ildən-ilə, əsərdən-əsərə məsələnin kökünə varılmağa çalışılır. Hətta xalqın ideallarını arzularını əsərlərində reallaşdırmağa nail olurdular. Məsələn, Anarın "Ağ qoç, qara qoç" povestində əhvalatlar son dərəcə kəskin münaqişələr kontekstində aşkarlanır və problemlər öz bədii həllini tapır. Burada da üç zaman kəsimi qarşılaşdırılıb, müxtəlif metodlardan, simvollardan istifadə edilərək problemin kökünə enilməyə çalışılmışdır. Əsərin əsas leytmotivi, müstəqil, bütöv istiqlala yetmiş Azərbaycan ideologiyasıdır.
Mövzu baxımından dövrün ədəbi xronologiyası göstərir ki, əsərdən əsərə keçdikcə, milli istiqlal, soykökə qayıdış, müharibə mövzusu daha çox tarixi əsərlərin tərkibində qərarlaşır. Bu baxımdan Yunus Oğuzun yaradıcılığı diqqəti cəlb edir. Onun bütün tarixə davamlı şəkildə müraciət etməsi, əsərlərinin əsas mövzusunu tarixi hadisələr, dövrlər, böyük tarixi şəxsiyyətlər üzərində qurması və bu sahədə möhkəm mövqe.ş inadkarlıqla yanaşması tarixi-estetik konsepsiya formalaşdırır. Başqa sözlə çağdaş dövrün tarixi mövzuda ixtisaslaşmış müəllifidir. Üzərində işlədiyi, təqdim etdiyi əsərlər milli dövlətçilik, milli kimlik, soykökə qayıdış, tarixi keçmişi sorğulaması, ard-arda mövzuya müraciəti mövzunu gündəmdə saxlayır. Bu yazıçının dünyagörüşünün, estetik baxışının və ideoloji mövqeyinin əksolunmasıdır. Tarixi hadisələri bədii süjetə çevirib tarixi xronika kimi deyil, canlı insan taleləri və yaratdığı konfliktlər vasitəsilə təqdim edib, tarixi rekonstruksiya edir. Y. Oğuz əxlaqi, sosial-siyasi, ideoloji fikirlərini ifadə edə bilmək üçün tarixi epoxaları seçərək, ədəbiyyata gətirir. Nəticədə "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur", "Sultan Alp Arslan", "Səfəvi Şeyxi", "Çingiz xan", "Atabəy Eldəniz" və sair kimi əsərlər ortaya qoymuşdur. Bu əsərlərin hər biri təkcə tarixlə birbaşa əlaqəli deyil, eyni zamanda qəhrəmanlıq, cəsarət, qan yaddaşının ötürdüyü mesajlarla zəngindir. Bəzən tarixən baş verən hadisələrin yaratdığı problemlər və onların məntiqi yekunsuzluğu yeni mövzulara rəvac vermişdir.
2020-ci ildəki ikinci Qarabağ müharibəsinin zəfərlə yekunu hər kəsdə olduğu kimi yazıçıda xüsusi ovqat yaratdı. Düşünürük ki, bu hal onun yaradıcılığında mənəvi rahatlama və yeni mərhələ ilə müşahidə olunur. Yazıçının Şuşada Şuşadan yazdığı əsər, "Cığır" romanı çağdaş Azərbaycan ədəbiyyatında zəfəri anladan, keçdiyi yolun xəritəsini göstərən ilk romandır.
Romanın "Zəfər yolu" deyil, ""Cığır adlanması yazıçını tarixi roman ustası kimi bu günü keçmişlə əlaqələndirmək üçün şərait yaratmaq istəyindən irəli gəlir. Əhəmiyyətli tarixi fiqurlar dəyişdirilmədən süjet təhrifləri olsa da əsas gerçəklik bükülmür. Çağdaş Azərbaycan oxucusu hadisələrin şahidi kimi bir növ olayları yaşamış olması zamanlar arası keçiddə bir o qədər çətinliklə üzləşmir, əksinə onu maraqlandıran böyük yolun başlanğıcıdır - Cığırdır. Bəs, Çığır necə yola çevrildi? Yol o zaman gərəklidir ki, gediş-gəlişi var və bu get-gəl çığır yaradır. Salınan çığır isə bir gün mütləq yola çevrilir. Yazıçı da bu məziyyətləri nəzərə alaraq milli ruhun yüksəldiyi Şuşa adlı mətəbə qalxmaq üçün tarixə səyahət hazırlayır. Romanda hadisələr eyni məkanda üç zaman dilimində cərəyan edir. Zaman fərqli olsa da məkan söykənilən ideya eynidir. Əsərin daxilində saxlanılan və ötürülən mesajlar onun keyfiyyəti, yazıçının qaldırdığı problemin bədii həllinə nail ola bilməsi əsərin məziyyətlərindəndir.
Yazıçı ümumi yaradıcılığında bədii detallardan, geniş təsvirlərdən istifadə etməyi sevməsə də bu əsərdə geniş təsvir səhnələri əvəzinə istifadə etdiyi xalq deyimləri, atalar sözləri və məsəlləri bu yükü öz çiyinlərində gəzdirir. Belə ki, bir eksperiment aparmaq üçün əsərlə tanış olmayan birilərinə romanda istifadə edilən bu hikmətli sözləri romandan çıxarıb eyni ardıcıllıqla təqdim etdik və nəticə maraqlı oldu. Eksperimentdə iştirak edən hər kəs təxminən romanın mövzusunun nədən ibarət olduğunu söylədi və əsərlə tanış imiş kimi ona yaxın məzmununu danışdı. Bu aforistik üslubun göstəricisi olmaqla yanaşı eyni zamanda intertekstuallıq prinsipini də qoruyur. Bu cür yanaşma oxucu təfəkkürünü fəallaşdırıb mətnin bədii dəyərini, mənəvi çəkisini artırmağa xidmət edir. Vahid bədii nümunə kimi dialoq şəklində təqdim etsək sentensiyalar oxucuya əsərin ümumi məzmunu ilə bağlı məlumat vermiş olur.
"Nəsrəddin- Yaxşı ad dövlətdir. Yel əsəndə yellənər, yol görəndə yollanar.
Pənahəli Xan- Yazılmayan kitabı vərəqləməzlər.
Nəsrəddin- Yola bələd olan büdrəməz.
Pənahəli Xan- Yüyən yıxılmağına baxmaz.
Nəsrəddin- Köhnə yurdun qədrini düən yurdda bilərlər.
Pənahəli Xan- Göz yumub açınca fürsət əldən gedər.
Nəsrəddin- Gün altında yatmayan kölgənin qədrini bilməz.
Pənahəli Xan- Yüz dəfə ölç, bir dəfə biç.
Nəsrəddin- Dəmir qəmdən insan nəmdən çürüyər.
Nəsrəddin- Hər dərdin bir dərmanı var.
Pənahəli Xan- Aclıq qurdu meşədən çıxarar, Aclıq olarsa qorxaqlıq yayılar. Qazanda nə varsa yeyilər, sinədə nə varsa üstünə gələr.
Nəsrəddin- Məsləhətlə atılan daş uzaq gedər.
Pənahəli Xan- Mıx da əyiləndə onu düzəldərlər.
Nəsrəddin- İnsan çiy süd əmib. Sirri hamı biləcəksə bu daha sirr deyil. Ağız torba deyil ki, büzəsən. Ayaq yeriməsə ləpir düşməz.
Mürad - Söhbət yolu qısaldar.
Pənahəli Xan- Arif olan buluddan da nəm çəkər.
Murad- Böyük dağın dumanı da böyük olar. Dəyirmandan gələnin əlinə baxarlar. Ağamız da sənsən, təkkəmiz də sənsən.
Pənahəli Xan- Bəd at özünü gözlər, yaxşı at igidi.
Murad- Qab sirkəyə görə olmalıdır.
Pənahəli Xan- Yeyin at özünə qamçı vurdurmaz.
Nəsrəddin- Yatan daşın altından su keçməz. İtə sahibinə görə hörmət edərlər.
Pənahəli Xan- Ay həmişə bulud altında qalmaz.
Nəsrəddin- Allah istəyən danaya qurd da dəyməz. Yaxşı at köhnə çulun altında da bilinər. Ağır günün ağır daşı olur. Almadığın heyvanın noxtasından yapışma.
Pənahəli Xan- Köhnə un çuvalını çırpdıqca toz qopar.
Nəsrəddin- Ağıllı kamal axtarar cahil mal.
Pənahəli Xan- Örkən nə qədər uzun olsa da gəlib doğanaqdan keçəcək
Nəsrəddin Murad- Yüz il daraq, bir gün yaraq.
Erməni qan görəndə qaçar.
Haqq gücdə deyil, güc haqdadır. "
Təkcə təqdim olunan bu hikmətli ifadələrdən ibarət dialoqdan yola çıxaraq obrazların xarakteristikasını vermək mümkündür. Nəsrəddin təcrübə sahibi biridir, o həyatın hər yönü ilə tanışdır, yurda, kökə, dəyərlərə sadiqdir. Pənahəli xan fürsəti dəyərləndirən, planlarını ölçüb-bicən və gələcəyin strateji yol rəhbəridir. Murad isə məsləhətlərə qulaq asıb, hadisələrə yön verən güc qatan biri olaraq təqdim edilir.
Əsərdənı çıxarılmış ifadələrdən yola çıxaraq obrazların bədii təhlilini ümumilikdə romana da şamil etmək mümkündür. Romanın empirik bönövrəyə əsaslanaraq yazılması oxucunu analizinə daha yaxından kömək etmiş olur. Bu da günün oxucusunun tələbinə yaxındır. Artıq oxucu uzun-uzadı təsvirləri deyil, daha çox bədiiliyi intellektual yükünün ağırlığında, həcmi baxımından yüngül narrativ axtarışındadır. Lakin bu istiqamət naqislikdən də xali deyil. Aforizmlərlə əsərin dərinliyi artırılarkən, bəzən məzmun səhi görünür. Yunus Oğuz isə romanda bu balansı qorumağa çalışmışdır. Burada tarixi hadisələr fantaziya, folklor və spekulyativ elementlərlə birləşir. Romanın dilinin sadə, konkret olması, emosional ifadələrin minimuma endirilməsi, nağılvari, xoşbəxt final, qarşılaşdırılan zamanların bir-birinə yaxın və ardıcıllığı hansının real, hansının müəllif təxəyyülünün məhsulu olması oxucunu düşünməyə vadar edərək, ənənəvi nağıl strukturunu silkələyərək oxucu ilə əlaqə qurur. Nağıllarda göydən düşən almanın kimə çatacağı səbirsizliklə gözlənilirdisə, böyük zəfərin nağılında gözlənilən sonluq alma deyil,
"Əziz Şuşa , sən Azadsan!
Əziz Şuşa, Biz qayıtmışıq!" nidasıdır.
Vəfa Hüseynzadə