“Teatr məbəd deyil, məbədə aparan yoldur”– Vidadi Həsənovla MÜSAHİBƏ
29 Noyabr 16:06 Müsahibəİlk dəfədir müsahibədən öncə giriş hissəni yazıram. Hə, bu gün noyabrın 24-dü. Mən hələ müsahibimlə sabah-noyabrın 25-də görüşəcəm. Bəs niyə indi yazıram?
Hardasa 1 il öncə bir tamaşa elanı gördüm. "M. Teatr"da Bir gecənin nağılı"... İlk dəfə idi eşidirdim, diqqətimi çəkdi. Bilet aldım. Tamaşa saatı yaxınlaşırdı. Tıxaclar məlumunuzdur. Tamaşaya 15 dəqiqə qədər gecikdim. Sadəcə 15 dəqiqə gecikdiyimi düşünürdüm, sən demə, teatrın bir çox incəliyini qaçırmışam... Bunu növbəti dəfə gedəndə anladım.
"M. Teatr"ın özünə məxsus adətləri varmış. Tamaşadan öncə nə qədər gözləsəniz ki, hardansa zəng səslənəcək və sizi içəri buraxacaqlar, bu mümkün deyil. Çünki bu zəngi tamaşaçılardan biri səsləndirməlidir. Maraqlıdır, hə? Elə bu andan "M. Teatr" sənin üçün doğmalaşmağa başlayır. İlk zəng səslənir, içəri daxil olub əyləşirik. Teatrın bədii rəhbəri Vidadi Həsənov zənglə gəlir, tamaşaçıları salamlayır və ikinci zəngi səsləndirmək üçün birini seçir. İkinci zəngi də bizdən biri səsləndirir, hətta üçüncü zəngi də. Amma üçüncü zəngdən öncə Vidadi müəllim "M.Teatr" haqqında, tamaşa haqqında məlumat verir. Düşünün, dəfələrlə həmin nitqi eşitmişəm. Hər dəfə eyni hekayəni eyni hisslərlə izah edərkən, heç vaxt səsində yorğunluq hissi olmur. Onun bu həvəsi hər dəfə teatrın ruhunu yenidən canlandırır. Üçüncü zəng səslənir, tamaşa başlayır...
Çox şahidi olmuşam, tamaşa boyu müsahibim qapının yanında dayanaraq tamaşanı izləyir. Bəzən həyəcanla, bəzən qürurla, bəzən də açığı deyim, üzündəki ifadə mənə məlum olmur.
Müsahibim xalq artisti, müstəqil "M.Teatrı"nın bədii rəhbəri, aktyor Vidadi Həsənovdur. Teatrda dəfələrdə olmuşam, bəs bu müsahibə niyə indi baş tutur? Açığı, izlədiyim ilk tamaşadan sonra bu müsahibəni götürsəm, səmimiyyət olmayacaqdı. İndi mən də özümü bu teatrın bir parçası hiss edirəm. Bəlkə də buna görə bu müsahibə məhz indi baş tutur...
- Vidadi müəllim, söhbətimizə hazırda olduğumuz məkandan danışmaqla başlayaq. "M. Teatr" necə yarandı?
- Uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Hər il gözümün qabağında istedadlı insanlar universiteti bitirirlər. Əfsuslar olsun ki, sonradan özlərini realizə etməyə yer tapa bilmirlər. Mən dövlət teatrlarını və aktyorluq fakültəsini bitirən tələbələri nəzərdə tuturam. Dövlət teatrlarında ştat məsələsi var və ştatlar doludur. Gənc insanlar da cəhd edir, yollar axtarırlar ki, teatra düzəlsinlər, amma mümkün olmur. Bir az da keçir, həyat və mühit şərtləri var, yaşamaq lazımdır. 3-4 ildən sonra görürsən ki, biri taksi sürür, biri alver edir. Adama pis təsir edir. 2016-cı ildə bir qrup belə gənci ətrafıma yığdım. Dedim gəlin teatr düzəldək, asan olmayacaq, çətin olacaq, amma gəlin başlayaq. Onlar da razılaşdılar. Yığışdıq, şəhərin mərkəzində balaca bir yer kirayələdik. Məşqlərimizi etdik, tamaşa hazırladıq. Teatrları icarəyə götürüb tamaşamızı göstərdik. "M. Teatr" belə niyyətdən yarandı ki, gənc insanlar itib batmasınlar. İndi də "M" Teatrda çalışan aktyorların əksəriyyəti gənclərdir. Hətta elə gənclər var ki, onların bu sahə üzrə təhsili yoxdur. Onlar burda rol oynayır, özlərini nümayiş etdirirlər. İstedadlı insan istedadlıdır.
- Onda aktyor olmaq üçün təhsil o qədər də önəmli deyil?
- Aktyor olmaq üçün təhsil çox önəmlidir. Bu uşaqlara burda müəyyən peşə vərdişləri də öyrədirik. Səhnəyə çıxıb rol da oynayırlar, amma onların ən böyük arzu və istəyi universitetə daxil olmaq, təhsil almaqdır. Biz bunu onların beyinlərinə yeritməyə çalışırıq. Təhsilsiz heç bir şey mümkün deyil. Artıq onların bir neçəsi qəbul olub, bir neçəsi də bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olacaqlar.
- Olduqca maraqlı tamaşalar səhnələşdirirsiniz. Repertuar seçimində nələrə diqqət edirsiniz? Sizin üçün əsas olan nədir?
- Bizim ən diqqət etdiyimiz şey tamaşaçı və tamaşaçı rəyidir. Ona görə də öz repertuarımızı düşünəndə ilk növbədə öz "Facebook" və "İnstagram" səhifələrimizdə tamaşaçılarımıza müraciət edirik: "Hansı müəllifi, hansı əsərləri səhnədə görmək istəyirsiniz?" Onlar da öz arzu və istəklərini bildirirlər. Sorğuda çoxluq təşkil edən əsərləri və müəllifləri sonradan səhnəyə gətiririk. Beləcə Stefan Sveyqin "Yad qadının məktubu", Lilian Voyniçin "Ovod", Con Steynbekin "Adamlar və siçanlar" əsərlərini səhnələşdirmişik. Bu yaxınlarda yenə də həmin o tamaşaçılar bizim teatrın səhnəsində hansısa absurd janrında olan pyes, əsər görmək istəyirdilər. Biz Slavomir Mrozekin "İmmiqrantlar" əsərini səhnələşdirdik. Qarşıda hazırlayacağımız tamaşalar da yenə onların arzu və istəyindən ibarət olacaq.
- Tamaşaçınıza çox önəm verdiyinizin dəfələrlə şahidi olmuşam. Hər tamaşada bunu hiss etdirirsiniz. Məsələn, tamaşa bitəndən sonra öz tamaşaçınızı alqışlayırsınız. Tamaşaçı və aktyor arasındakı bağ sizə nə qazandırır?
- Teatr o zaman var olur ki, səhnədə tamaşa, zalda isə tamaşaçı olur. Bu iki şey olmasa, teatr yoxdur. Ona görə də biz sənətçi olaraq səhnədə baş verənlərə nə qədər dəyər veririksə, bu səhnədə hazırladığımız əsərləri təqdim etdiyimiz insanlara, tamaşaçılara da o qədər dəyər veririk. Bizim ilk tamaşalarımıza bir, iki, üç nəfər gəlirdi. O vaxtdan biz hər tamaşa bitəndən sonra gəlirik və zalda əyləşən insanlarla birlikdə şəkil çəkdirir, onların tamaşa haqqında fikirlərini öyrənirik. Bəzən tamaşamız bir saat çəkir, amma tamaşa haqqındakı müzakirələrimiz saat yarım, iki saata qədər uzanır. İnsanlar baxdıqları əsəri müzakirə etməkdən, onun haqqında fikir bildirməkdən həzz alırlar. Əgər sən tamaşaçıya diqqətli olursansa, o da bu diqqəti hiss edirsə, bir də gələcək. Bizim teatrda tamaşaçıyla bağlı fəaliyyət birbaşadır. Yenə vurğulamaq istəyirəm, biz dövlət teatrı deyilik, dövlətdən bir qəpik pul almırıq. Əgər bu tamaşaçılar gəlməsə, biz ayaqda dura bilmərik, işləyə bilmərik. Tamaşaçı ilə bizim aramızda heç kəs yoxdur. Dövlət teatrında inzibatçı, bileti yayan adamlar var və s. var. Bizdə belə bir şey yoxdur. İnsanlar "İTicket"dən bilet əldə edir və birbaşa gəlib baxırlar. Heç bir başqa vasitələrlə tamaşaçıları bura cəlb etmək fikrində deyilik. Onlar bilet almalı və gəlib baxmalıdırlar. Əlbəttə, dəvət elədiyimiz insanlar da olur, xüsusilə də premyeralarımız olanda. Tamaşaçıya çox böyük önəm vermək, tamaşaçıya çox böyük diqqət göstərmək lazımdır. Bunu evimizə gələn qonaq kimi düşünək. Gələn qonağa diqqətli olanda, qayğısına qalanda, gəlməsinə hazırlaşanda, onun üçün hər gün bişirdiyimiz yeməyi yox, başqa naz-nemət hazırlayanda razı qalır və bir dəfə də sənin yanına gəlmək istəyir. Nə vaxt dəvət etsən, gələcəklər, amma sən onlara üz göstərməsən, gələn qonaq sənin vecinə olmasa, əlbəttə ki, bir daha sənin evinə gəlməyəcək, evinin kandarına ayaq basmayacaq.
- Vidadi müəllim, tamaşadan sonra müzakirə hissəsini ilk sizin teatrda görmüşəm. Bu ənənəni necə formalaşdırdınız?
- Bu adət bizə mənim müəllimim - Vaqif İbrahimoğludan keçib. "Yuğ" Teatrında belə bir adət var idi.
- İndi yoxdur...
- İndi "Yuğ" Teatrının öz binası da yoxdur. Binasızlıq, yersizlik üzündən Azərbaycan Dövlət Kukla Teatrının binasına sığınmışıq. Yəqin ki, özünün binası olandan sonra bu ənənəni bizim gənclərimiz istəsələr, davam etdirərlər. Bu ənənə bizim yaratdığımız, düşündüyümüz bir şey deyil. Bu bizə ustadımızdan qalan mirasdır.
- Dövlət teatrında da çalışırsınız. Mən sizdən bu gün özəl teatrlara məxsus olan problemləri eşitmək istəyirəm.
- Özəl teatrların problemi bir deyil, beş deyil. 44 ildir teatrla məşğulam və 44 ildir dövlət teatrında işləyirəm. Bu illər ərzində dövlət teatrlarının problemləri haqqında hər il danışılır. Bir nazir gedir, o birisi gəlir, yenə danışılır. O birisi gedir, yenisi gəlir, yenə danışılır. 44 ildə bu problemləri hər dəfə eşidirəm və məlum olur ki, problem deyilən şey heç vaxt qurtarmaz. Bu nə nazirin dəyişməyindən asılı bir şeydir, nə teatrların fəaliyyətsizliyindən. İşləyirsənsə, orada mütləq problem, hansısa maneə və əngəllər olacaq. Bu hələ dövlət teatrlarıdır. Dövlətin böyük qayğısı, diqqəti var. O ki qaldı belə qayğıdan və diqqətdən kənar qalan müstəqil teatrlara, onların problemi sadaladığımdan qat-qat çoxdur. Bu problemlərdən ən əsası bilirsiniz nədir? Bizim müəyyən maliyyə yerlərinə əlimiz çatmalıdır. Bunun üçün isə qanunvericilikdə müəyyən dəyişikliyə ehtiyac var.
- Bu dəyişiklik nədən ibarətdir?
- Belə şeylər qonşu dövlətlərin nümunəsində var. Tutaq ki, kiməsə müraciət edirsən ki, biz belə tamaşa hazırlayırıq. Ya bizə müəyyən mənada dəstək olun, ya da sizin üçün tutaq ki, öz tamaşamızda hansısa reklam işini görək. Bizdə bu maliyyəsi olan böyük şirkətlərin, holdinqlərin, insanların marağında deyil. Amma bu böyük şirkətləri vergidən müəyyən faiz azad edib desələr ki, bunu onun üçün edirəm ki, siz də mədəniyyətə, incəsənətə, idmana və digər bu kimi sahələrə dəstək olasınız. Onda biz sponsor arxasınca qaçmarıq, onlar bizi axtararlar. Çünki onların bir tamaşaya, filmə, idmançıya ayırdığı pul o qədər böyük məbləğ deyil. Amma onlar elə böyük məbləğdə vergidən azad olacaqlar ki, onda onlar özləri axtaracaqlar ki, hansı teatra, idmançıya köməklik etsinlər, hansı filmə sərmayə qoysunlar. Bunun üçün isə zaman lazımdır.
Bakıda hələ ki, öz yeri, yuvası olan, mütəmadi hər həftə tamaşa göstərən bir müstəqil teatr var. O da "M. Teatr"dır. Amma 2022-ci ildə Mədəniyyət Nazirliyi yanında İctimai şuranın dəstəyi ilə Müstəqil Teatrların Festivalını təşkil elədim. İctimai şura bizə çox böyük dəstək oldu. Məlum oldu ki, Bakıda 17 müstəqil teatr var. Gənclər teatr fəaliyyəti ilə məşğul olurlar, tamaşalar hazırlayırlar, amma göstərməyə yer yoxdur. Biz festivaldan sonra Mədəniyyət Nazirliyinə müraciət etdik və nazirlik hər teatra ayda bir dəfə dövlət teatrlarında tamaşa göstərməyə imkan verdi. Bu, müstəqil teatra böyük dəstək idi, amma sonradan bu ənənə də yox oldu. Bir komanda getdi, o birisi komanda gəldi. Bir də gördük ki, bu yaxşı iş aradan çıxdı. İndi təkcə Bakıda deyil, demək olar ki, respublikamızın hər bir rayonunda teatrlar mövcuddur. Dövlət teatrları, xalq teatrları, dram dərnəkləri var. Özəl teatrların inkişafına diqqət ayırmaq lazımdır. Adətən bizə xarici ölkələrdən misal göstərirlər. Mən isə öz ölkəmizdən bir nümunə deyim. Harda dövlət sektoru varsa, eyni sahədə müstəqil sektor da varsa, orada inkişaf var. Nə üçün? Çünki rəqabət var. Teatr da dövlət müəssisəsidir. Dövlət də onun marağında olmalıdır ki, onun yanında müstəqil teatrlar da olsun. Müstəqil teatrlar yalnız rəqabət üçün deyil. Bu həm də ona görədir ki, burada yeni gənclər formalaşa, yetişə bilər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bitirən gənclər küçələrdə qalmaz, gedib başqa işlərlə məşğul olmaz. Rusiyanın təcrübəsində bu çox önəmli görünür. İndi xəbərim yoxdur, amma bir vaxtlar hər metro stansiyasının yanında bir balaca teatr var idi. O balaca teatrda yetişən, formalaşan aktyorlar sonra rus teatrlarının, kinosunun simasına çevrildilər. Axı bu gənc insan hardasa püxtələşməli, fəaliyyət göstərməli, yetişməlidir... Başqa cür çox uzun bir yol gedəsi olacağıq. Ona görə də bəzən bir gənc universiteti bitirib teatra gəlir və deyirlər ki, bu bacarıqsızdır. Əlbəttə! Universiteti bitirmək hələ aktyor olmaq demək deyil. Gərək müəyyən təcrübəsi olsun. Biz də istedadlı tələbələrimiz üçün münbit şərait yaratmalıyıq ki, onlar yetişsin, inkişaf etsin. Əks halda elə hamı deyinəcək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti istedadlı adam buraxmır. Niyə buraxmır? Sadəcə o istedadı müəyyən müddət inkişaf etdirmək lazımdır.
- Özəl teatrla dövlət teatrında işləmək arasında hansı fərqlər var? Məncə ilk sırada müəyyən sərbəstlik və potensialını ortaya çıxarma dayanır...
- Bizim teatrda fəaliyyət göstərən Oksana Rəsulovadan danışaq. O, filmlərə çəkilir, seriallarda oynayırdı. Müxtəlif teatrlara bəlkə də müraciət eləyib, bilmirəm, amma özünü səhnədə realizə etmək üçün bir imkanı yox idi. Günlərin bir günü Oksana Rəsulova "M. Teatr"a gəldi, burda oynamaq istəyini bildirdi. Artıq Oksana Rəsulova "M.Teatr"ın aparıcı aktrisasıdır. O yenə filmlərə, seriallara çəkilir, prodüser kimi də fəaliyyət göstərir, amma insan aktrisa kimi özünü realizə etməyə bir yer tapmalıdır. Bu fəaliyyətin nəticəsidir ki, Oksana Rəsulova artıq Azərbaycanda bir neçə yeni keyfiyyətli filmlərə çəkildi. Bu yaxında Pakistanda filmə çəkilmək üçün dəvət aldı. Həmin rejissor bizim tamaşaya baxmağa gəlmişdi və baxdı. Oksana Rəsulovanı bir aktrisa kimi bəyəndi və onu öz filmində çəkilməyə dəvət etdi. Teatr onun üçündür ki, sən burda özünü daha keyfiyyətli realizə eləsən. Teatr elə bir məkandır ki, orada səni daha çox görürlər. Bizim gənclərimiz ki var, vaxt gələcək və onlar hamısı dövlət teatrlarında işləyəcəklər. Çünki onlar burada daim fəaliyyətdədirlər, iş görürlər, daim öz üzərlərində çalışırlar. Gələn həftə bizdə premyera olacaq. Elə bir tamaşadır ki, orada ancaq gənclər oynayacaq. Bu nə üçündür? Mən qabaqcadan da bilirəm ki, o tamaşa bizə o qədər də maliyyə, pul gətirməyəcək. Amma biz bu tamaşanı həm də ona görə hazırlayırıq ki, bu gənclər özlərini realizə etsinlər. Özlərini sınasınlar, rol oynasınlar, öz üzərində işləsinlər. Elə hər şeydə pul güdmək lazım deyil axı. Burada çalışan aktyorların, aktrisaların inkişafını da nəzərə almaq lazımdır ki, onlar burada püxtələşsinlər, sənətkarlığa doğru müəyyən addımlar atsınlar. Dövlət teatrında rejissor deyir ki, mən bu tamaşanı hazırlayıram, amma biz elə edə bilmərik. Biz mütləq tamaşaçılarımızdan soruşuruq. Əgər növbəti tamaşamıza insanlar gəlməsə, o birisi tamaşamızı hazırlaya bilməyəcəyik. Dövlət teatrında belədir ki, dövlət hətta tamaşanı hazırlamaq üçün bəzən sifariş verir, pul da ayırır, maaş verir, teatrın müəyyən xərclərini ödəyir. Burda isə hər şeyi özümüz edirik, hər şey bizə aiddir. Ona görə də bizim işimiz çox çətindir. Buna baxmayaraq, çalışırıq ki, bütün bu şeylərin hamısını həll edə bilək.
- Tamaşaçı yoxdursa, teatr da yoxdur...
- Bu, qanundur. "M.Teatr" bir az gözdən, könüldən uzaq yerdədir. İnsanların əksəriyyəti bura taksi ilə gəlir və taksi ilə gedirlər. Əgər onlar burda nəyisə xoşlamasalar, bu tamaşalar onlara təsir eləməsə, bura gələrlərmi? Gəlməzlər. Bura şəhərin mərkəzi deyil ki, həm gəzməyə çıxsın, həm də desin ki, bir tamaşaya da gedim. Bura gələn insanlar artıq nə istədiklərini bilən adamlardır. Qeyri-təvazökarlıq kimi səslənməsinin, "M.Teatr"ın artıq öz tamaşaçıları var və nə xoş ki, bu tamaşaçıların əksəriyyəti şəhərimizin intellektuallarıdır.
-Pilləkənlərdən qalxan kimi bizi "Teatr məbəd deyil, məbədə aparan yoldur" yazısı qarşılayır.
- Mən tələbəlik illərindən həmişə bu sözləri eşitmişəm ki, teatr tribunadır, teatr böyüdücü şüşədir, teatr məbəddir. Elə deyirdilər. Gənclik illərində bütün bu sözlərə inanırdım. Özüm teatra gələndən sonra gördüm ki, bu sözlərdə həddən artıq pafos var. Onda bu sözlərin hamısını özüm üçün başqa cür ifadə etməyə başladım. Bu sözlərdən biri də "teatr məbəddir" ifadəsi idi. Mənə elə gəlir ki, teatr məbəd deyil, teatr elə teatrdır. Teatr kilsə olmalı deyil, məscid olmalı deyil, məbəd olmalı deyil. Bura hansısa sekta deyil, burada hansısa ayinlər keçirilmir. Teatrda tamaşa göstərilir. Amma teatr həm də böyük mənəvi-əxlaqi dəyərləri təcəssüm etdirən, təbliğ edən məkandır. Bu mənada mənə elə gəlir ki, teatr məbəd deyil, məbədə aparan yoldur. Yaxşı ədəbiyyatdan, yaxşı sənət əsərindən keçən bütün yollar səni mənəviyyata, həqiqətə aparır. Bütün dinlərin adında yol sözü var. Bütün dinlər bizi böyük olana - Allaha aparan yoldur. Teatr da bizi həmin mənəvi-əxlaqi dəyərlər olan məkana, məbədə, bizi göylərə aparan yoldur.
- Bunu teatrın cəmiyyət qarşısındakı məsuliyyəti adlandıra bilərik?
- Teatrın məsuliyyəti də var, vəzifəsi də. Teatr da bir müəssisədir. Əgər məsuliyyəti, çiynində duran vəzifəni hiss etməsən, onda bura teatr olmaz. Teatrda olmağın məsuliyyəti var. Sən o məsuliyyəti çiynində daşımalısan. Bu ölkənin vətəndaşısansa, bu ölkənin hər şeyi, bütün dəyərləri sənin üçün də var və hörmətlə yanaşmalısan. "Mən müstəqiləm!" deyib, ağzına gələni danışmalı deyilsən. Müstəqil teatrın çiyninə daha ağır, daha çətin işlər düşür. Dünən Polşa dramaturqu Yevgeni Poplavskinin "İlham pərisi" tamaşasından sonra yenə müzakirə gedirdi. İnsanlar bu mövzuda olan tamaşanın hazırlanması və göstərilməsinə görə bizə çoxlu təşəkkür edirdilər. Deyirdilər ki, səhnədən təcəssüm olunan bu mənəvi-əxlaqi dəyərlərə bu saat hər kəsin ehtiyacı var və bu onları razı salır. Çalışırıq ki, bu dəyərlərə, bu məsələlərə görə həm məsuliyyət hiss edək, həm də öz vəzifəmizi yerinə yetirək.
- Teatr kütləni formalaşdırır, yoxsa...?
- Mənim kütlə sözündən xoşum gəlmir, çünki kütlə deyiriksə, orda sən də varsan, mən də. Amma insanların əksəriyyəti kütlə deyəndə özünü ordan çıxardır. Deyir mən orda deyiləm. Toplum olaraq, xalq olaraq hamımız eyniyik. Kimliyindən və vəzifəsindən asılı olmayaraq. Birincisi, hər kəs bilməlidir ki, o, vətəndaşdır. Sənin şəxsi məsələlərin bundan sonra gəlir. Müəyyən bir vəzifədəsənsə, bu ölkənin vətəndaşı olduğun üçün o vəzifədəsən. Bu vəzifəni sənə ona görə veriblər ki, insanlara xidmət edəsən. Heç bir şey insanın həyatından izsiz örtüb keçmir. Yağış, külək, oxuduğumuz bir kitab, baxdığımız bir tamaşa, küçədə eşitdiyimiz yaxşı bir söz... Elə bir şey yoxdur ki, bizim həyatımızın formalaşması, kimliyimizin inkişafı üçün xidmət etməsin. Teatr da bu cəhətdən belədir. Amma mən "teatr insanları tərbiyələndirir" və s. kimi məsələlərə o qədər pafosla yanaşmıram. Bu məsələlərə çox sadə baxıram. Düşünürəm ki, həkimlərin hamısı dərmanla, iynəylə müalicə eləmir ki. Elə həkimlər var, sözlə, münasibətləri ilə də adamı sağaldırlar. Yaxşı bir bənna təkcə daşı daşın üstünə qoymur. O həm də öz düşüncəsi, zövqündən istifadə edir. Ona görə də yer üzündə nə varsa, hamısı insanlar üçün faydalıdır. Baxır hər kəs bu məsələlərdən necə faydalana bilir. Biri yaxşı qidadan, biri teatrdan zövq alır. Bir ovçuluqdan, biri xəyala dalmaqdan zövq alır. Hər kəs özündə haqlıdır. Sadəcə öz həyatında sənə kömək və dəstək ola biləcək məsələləri tapmalısan. Bir yaxşı kitab tapıb oxuyanda o kitabdan nə qədər şeylər öyrənirik. Bizim düşüncəmizə, zövqümüzə, gündəlik həyatımıza da təsir edir. Kitab bizi formalaşdırmır, həmən kitabı başqası da oxuyur. Ola bilər ki, onun vecinə olmasın. Baxır sən özün nəyi istəyəcəksən. "Məhz teatr insanları formalaşdırır", "məhz ədəbiyyat, incəsənət bu işi görür", demək düz olmaz. Belə bir söz var: "Ağıllı insanlar otdan da, itdən də, atdan da öyrənir". Hətta dəlilərdən də çox şey öyrənmək olar. Firdovsinin oğlu ondan soruşur ki, ata, sən necə belə ağıllı oldun? Deyir baxdım dəlilərə, tərsini elədim. Adam istəsə dəlidən də öyrənır. Ona görə də məsələ teatrın mövqeyində deyil, məsələ insanlardadır. Sən teatrdan nəyi götürəcəksən?
- Kino çəkilişində bir səhv olarsa, kadr yenidən çəkilər. Teatr aktyorlarının bu sarıdan "bəxti gətirməyib".
- Dünən tamaşa oynayırdıq. Bir sözü mən unutdum, bir sözü tərəf müqabilim. Dünya da dağılmadı (gülür). Tamaşaçılar bunu bilmədilər.
- Məncə, gənc aktyorlar üçün bu o qədər də asan olmaz.
- Bu, tramplindən tullanmağa oxşayır. Hündür bir yerdir, əvvəlcə sürüşürlər, sonra atdanırlar, uçurlar, gəlib yerə düşürlər. Tramplindən tullanan insanlara birinci tullanmağı yox, yıxılmağı öyrədirlər ki, yıxılanda sağ qala bilsin. Teatrın da müəyyən özəllikləri, səriştələri var ki, onlara yiyələnməlisən. Hər şeydən əlavə bir sənətdir. Sənəti isə öyrənərlər. Məşqlər ki edirik, onda sənətin hər məsələsini öyrənirik. Bu məsələlərdən biri də odur ki, sabah belə problemlərlə qarşılaşanda onu həll edə biləsən. Bu da bütün peşələrdə olan kimi peşə məsələsidir. Kinoda da elə epizodlar var ki, alınmır. Sonra məcbur olurlar, o cür də saxlayırlar. Hiss edirsən ki, rejissor bəyənmədi, amma neynəsin? Əvvəllər daha çətin idi, lentə çəkirdilər. Lent də bahalı bir şey idi. Bəzən kinoda da belə şey var. Peşənin sirlərini öyrənirsən, yavaş-yavaş alışırsan və qorxulu heç nə olmur.
- Tələbkar aktyor və bir teatr rəhbəri olaraq bu gün Azərbaycanda səhnə üçün yazılan əsərlər sizi qane edir?
- Bizim teatrda posterlərimizə də baxsaq, görərsiniz ki, əksəriyyəti səhnələşdirmələrdir. Biz hansısa pyesi götürüb səhnələşdirmirik. Dövlət teatrında işləyən bir rejissor deyir ki, mən bu pyesi hazırlamaq istəyirəm. Ona heç kim heç nə demir. Teatrın öz repertuar siyasəti var, öz bədii şurası var. Onlar da razılaşırlar və onu hazırlayırlar. Bizdə belə deyil. Biz tamaşaçılarımıza müraciət edirik, onlar deyirlər ki, "Ovod"u görmək istəyirik. Hərçənd ki, o qalınlıqda romanı səhnələşdirmək, bir saat ərzində səhnədə göstərmək asan məsələ deyil. "Ovod"u səhnələşdirmək üçün romanı dörd dəfə oxuyandan sonra bir yol tapdım ki, bunu necə hazırlayacağıq. Çox istəyirəm ki, "1984"ü səhnələşdirim. O romanı səkkiz dəfə oxumuşam, amma yolunu tapa bilmirəm ki, necə edim. Necə edim ki, onu səhnələşdirim. Olmayıb ki, hansısa hazır pyesi götürək. Hətta gələn həftə bizdə "Vəliəhd" tamaşasının premyerasıdır. Hamının yaxşı tanıdığı İlqar Fəhminin trilogiyasıdır. Onun yazdıqlarını səhnədə altı gün göstərsək, bitməz (gülür). Biz o trialogiyanın məğzini çıxarmışıq və onu bir saatlıq tamaşa etmişik. Ona görə də bizim belə problemimiz yoxdur. Çalışırıq insanlar bizə öz arzularını, istəklərini bildirsinlər. Onların arzu və istəyinə uyğun roman olsa belə, səhnələşdiririk. Bu mövsümün axırına çalışacağıq ki, məşhur türk yazarı Səbahəddin Əlinin "Xəz paltolu Madonna" əsərini hazırlayaq. İnsanlar çox istəyirlər ki, onu hazırlayaq. Hazırlayacağıq. İndi mən onu səhnələşdirirəm. Səhnə üçün yazılmış əsər deyil, amma onu səhnə üçün yazılmış əsərə çeviririk.
- Son günlərin trendi olan "Vətəndaş A" serialını izləmisiniz? Fikirləriniz necədir?
- "Vətəndaş A" gedəndə eyni zamanda başqa kanalda "Sara" serialı da gedir, mən özüm də orada çəkilmişəm. Səmimi deyirəm, demək olar ki, indiyə qədər çəkildiyim seriallara da baxmamışam. O seriallar gedən vaxtı televizorun yanında olmuram, işdə oluram.
- Haqqında heç eşitməmisiniz?
- Eşitdiklərim haqqında danışmaq istəmirəm. Eşitdiyim bir neçə fikirdi, o da həmin insanların şəxsi fikirləridir. Mənim fikrim deyil axı. Özüm səmimi deyirəm, baxmamışam. Günəş Tegin, Oqtay Mehdiyev, Qurban İsmayılov, Şamil Süleymanovun çəkildiyini eşitmişəm. Rastlaşanda və yaxud telefonla danışanda hamısını təbrik edirəm.
- Bir neçə gün öncə personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı kanala xəbərdarlıq edildi. Bu hal canlı efirlərdə, televiziya verilişlərində demək olar ki, hər gün qarşılaşdığımız haldır. Amma məsələ serial olanda...
- Mən vaxtım olanda ancaq futbola baxıram. Futbol həvəskarıyam. Televizora baxmağa vaxtım yoxdur. Həm də vaxtımı xoşuma gələn bir şeyə həsr etmək istəyirəm. Ona görə bu məsələlər hamısı mənim üçün belə qaranlıqdır. Çalışıram televizora çox baxmayın. Filmə də kinoteatrda baxmağı xoşlayıram. Vaxt olanda gedib baxıram.
- Müsahibələrinizin birində heç vaxt erməni rolunu oynamayacağınızı demisiniz. Bəlkə erməniyə olan nifrəti, onun vəhşiliyini göstərmək üçün elə onun rolunu oynamaq lazımdır?
- Yenə oynamaram. Erməni varsa, mənlik deyil.
- Yeni aktyor nəsillərlə çalışırsınız. Onlarda gördüyünüz əsas güclü və zəif cəhətlər hansılardır?
- Gənclik həm güclü olmalıdır, həm zəif. Gəncin enerjisi ilə bizimki bir deyil. Zəif tərəfləri təcrübəsizlik və s. olur. Biz elə bilirik ki, gənc fövqəladə gücə malikdir. Cavanlıq səhvlik, dəliqanlılıq dövrüdür. 66 yaşım var, indi mən o cavana desəm ki, sən belə yox, belə et. O da mən dediyimi etsə, onda 66 yaşı olar. O özü bildiyi kimi etməlidir, cavandır. Cavanlarla işləyirəm, çalışıram ki, daha çox onları öyrətməyin, onlardan öyrənim. İndi hamı cavan sözü eşidən kimi deyir "otur, mən səni öyrədim". Ay yaşlı, bir düşün də, dədələrimiz deyib axı... Deyib ki, uşağın dilindən elə bir söz çıxar ki, heyrətə gələrsən. Onlardan da öyrənməli çox şeylər var. 39 ilə yaxındır Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Əlbəttə, peşə məsələlərini öyrətmək lazımdır, vacibdir, amma elə məsələlər var ki, onlardan da öyrənmək lazımdır. "Sən cavansan, heç nə bilmirsən" nöqteyi-nəzərindən yanaşmaq çox yanlışdır. Onların bildiyi elə məsələlər var ki, mən heç vaxt bilməyəcəm, mənim üçün artıq gecdir. Üç yaşında uşaq telefonunda fövqəladə işlər görür, mən telefondan hələ də qorxuram. Kompüter mənim üçün hələ də qaranlıq meşədir. Mən də bunları bacarmıram. Mənim üçün kompüteri öyrənmək artıq gecdir, onun üçün isə bütün ömrü var. Yavaş-yavaş öyrənəcək də. Biz müəyyən bir yaşa gəlib çatırıq və elə bilirik ki, mən indi deyəcəm, gənc insan da o saat mən dediyimi edəcək. Edə bilməz, anlaya bilməz axı...Onun da ömrü keçməli, müəyyən təcrübə qazanmalıdır ki, o da gəlib sənin yaşına çatsın. Niyə darıxırıq? Biz özümüz də onlar kimi olmuşuq. Kim desə ki, mən cavanlıqda indiki gənclər kimi olmamışam, inanmayın, biz də səhvlər etmişik, günahlar işlətmişik. Bizi də danlayıblar, bizi də öyrətmək istəyiblər, biz də etiraz eləmişik.
- "İndiki cavanlar" ifadəsi...
- İndiki cavanlar ifadəsini leksikondan ləğv etmək lazımdır. İndiki cavanlara nə olub? Müharibəni udan elə indiki cavanlar olmadı? "Cırıq şalvarda gəzirlər", "bu nə köynəkdi?", "bu nə boyunbağıdı?", "bu nədi, bu nə saçdı?" Nə aidiyyatı var? İgidlik lazım gələndə igidlik elədilər və göstərdilər ki, nələrə qadirdilər. Qayıdıb gəlib hərbi formasını çıxardıb yenə cırıq şalvar geyinir, əcəb edir. Saçını uzadıb, lap yaxşı edib. Bu insan bu cür yaşamağı xoşlayır. "Bu cür etmə" deməklə olmaz. Vaxt gələcək, özü etməyəcək. Mən gənc idim, muğamdan həzz almırdım. Radioda xarici musiqilər axtarıb tapırdım, onlara qulaq asırdım. Yaş keçdi, indi mən o musiqiləri qoymuşam kənara, ancaq muğama qulaq asıram. Onda mən pis idim, indi yaxşı oldum? Yox. Həyat səni yetişdirəcək, püxtələşdirəcək, kamilləşdirəcək. Əsas olan odur ki, həmişə öyrən. Bilmədiklərini bilməyə çalış. Onda qocalanda cavanları da çox öyrətmək istəməyəcəksən. Başa düşəcəksən ki, hələ sənin özünə nə qədər öyrənmək lazımdır.
- "Azərbaycanda niyə yaxşı kino, serial çəkilmir?" sualı artıq şablona çevrilib. Şablon cavab olaraq da maliyyə məsələsini ön plana atırlar. Kino və s. incəsənət sahələrindəki vəziyyətin qənaətbəxş olmasının səbəbi təkcə maliyyədir?
- Kim desə ki, Azərbaycanda yaxşı kino çəkilmir, bilin ki, onlar kinoya baxmayan və kino sahəsindən o qədər də xəbərdar olmayan adamlardır. Onların son vaxtlar görülən işlərdən, deyəsən, anlayışları bir az azdır. Mən demirəm ki, hər şey yaxşıdır. Kim sizə desə ki, ədəbiyyat, yaxşı yazıçı yoxdur, bilin ki, onlar kitab oxumayan adamlardır. Kim desə ki, bizdə teatrda heç bir inkişaf yoxdur, teatrlarımız XX əsrdə qalıb, bunlar da teatra getməyən adamlardır. İnsanlar məlumatsızdırlar, getmirlər, maraqlanmırlar. Elə ancaq deyirlər ki, yoxdu. Elə insanlar da var ki, teatrlara gedirlər, baxırlar. Sən də dəfələrlə gəlmisən. Burda nə qədər insan olur. O insanlar niyə desinlər ki, teatr yoxdur? Onlar hətta deyirlər ki, dövlət teatrı ilə yanaşı, bir müstəqil teatr da var. Bu insanlar digər teatrlara da, dövlət teatrlarına da gedirlər. Onlar heç vaxt demirlər ki, teatr yoxdur. Bu sözü deyənlər, xəbərsizlərdir. Bir filmə, tamaşaya baxmasan, onun haqqında necə danışa bilərsən? Bayaq soruşdun, həmin seriala baxmamışam deyə danışmadım, amma sən başqasından soruşsan, o dəqiqə başlayacaq ki, seriallarımız pisdir. Azərbaycan da bir dənə də yaxşı serial yoxdu. Heç vaxt da olmayacaq. Pul yoxdu deyəcəklər. Mən xaricdə film festivalında olanda Azərbaycanda gənclərin öz gücləri hesabına çəkdiyi film mükafat aldı. Məsələ bəzən heç pulda da deyil. Əlbəttə, yaxşı pul olanda daha yaxşı işlər görmək olur. Təşəbbüslə də bir-iki dəfə işləmək olar. Bu gənclərə dəstək olmaq lazımdır ki, onlar öz filmlərini daha keyfiyyətli çəksin. O başqa məsələdir. Dövlət onunla maraqlanır, nəsə etməyə çalışırlar. Bunu birdən-birə etmək mümkün olmayacaq, müəyyən zaman lazımdır. Hər halda artıq hərəkət başlayıb. Ağzıgöyçəklərin sözünə inanırlar, biri o birisinə ötürür, hamısı deyir pisdir. Təəssüflər olsun ki, belə danışanlardan çoxu elə incəsənət adamlarıdır. Danışanlar əlləri çatmayanlardır. "O etməsin, mən edim". Sən etmisən, o da etməlidir. Bütöv mənada desək ki, bizim teatrımız, kinomuz, ədəbiyyatımız çox yüksək səviyyədə inkişaf edib, yalan danışırıq. Desək ki, kinomuz, teatrımız, ədəbiyyatımız çox bərbad vəziyyətdədir, o da yalan olar. Hər şey yavaş-yavaş düzəlir. Vaxt var idi ki, kitab yazan, kitab oxuyan yox idi. Amma indi burada( "Qanun" Nəşriyyatında) kitab sərgisidir. 15 gündən çoxdur sərgi gedir. Hər gün insanlar axın-axın gəlir, kitab alırlar. Ona görə ki, həm öz yazarlarımız var, həm yaxşı tərcümələr çap olunmağa başlayıb. Bəli, müəyyən səhvlərlə, qüsurlarla. Əlbəttə ki, birdən-birə olmayacaq, amma artıq hərəkət var. Əgər sən bunu görmürsənsə, görmək istəmirsənsə, o heç. Həmişə qaranlıqda hardasa bir işıq olur. O balaca işığa inanmaq lazımdır. Sən desən ki, Günəş qaradır, onda Günəş qara olmur. Kino, incəsənət, mədəniyyət sahəsində də bizdəki vəziyyət qənaətbəxşdir. Nə çox yaxşı deyil, nə çox pisdir. Mövcud vəziyyətimiz budur, amma getdikcə hər şey dəyişir. Buna inansan, yaxşı olacaq.
Bu müsahibəni bu gün sizə təqdim etdimsə, bu, bir tamaşaçı ilə aktyor arasında yaranan, ancaq yalnız zamanla yaranacaq olan bağın təbii nəticəsidir...
QİYMƏT MAHİR