“Yeni serialların keyfiyyət problemi var” - Nuşirəvan Məhərrəmli - MÜSAHİBƏ

“Mən bununla bağlı Azərbaycanda potensial görürəm”

Müsahibimiz  Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlidir.
- Nuşirəvan müəllim,  milli telekanallarda əcnəbi serialların qadağası hansısa  problemin yaranmasına səbəb olmayacaq ki?

- Serialların bağlanması məsələsini ortaya atarkən ona əvvəlcədən hazırlıq işləri gördük. Azərbaycanda, xüsusilə, Bakıda əksər ailələr kabel televiziyasına qoşulub. Bundan əlavə, çanaq antenaları ilə təchiz olunmuş evlərimizin də sayı çoxdur. Rəsmi statistikaya görə, əhalinin 44%-dən çoxu çanaq antenaları ilə təmin olunub. Yəni, insanlar istədikləri ölkənin telekanallarına baxmaq imkanı əldə ediblər. Biz insanları bu imkanlardan məhrum etmədik. Onlara seçim imkanları verdik. Azərbaycan kanallarında göstərilən türk seriallarının əksəriyyəti Türkiyə kanallarında göstərildikdən sonra yayımlanır. Bizim insanların isə bu kanallara baxmaq imkanları yetərincədir. Bu baxımdan biz onlar üçün bir problem yaratmamışıq. Biz sadəcə çalışmışıq ki, öz ölkəmizdə yerli istehsal inkişaf etsin. Azərbaycanın özündə seriallar çəkilsin, aktyorlar, ssenari müəllifləri işlə təmin olunsun, yazıçıların əsərləri ekranlaşdırılsın, gələcək nəsillərə çatdırılsın. Biz bir növ milli yayımçılara xarakterik olan bir iş görmüşük. Milli yayımçılar millət, Azərbaycan cəmiyyəti qarşısında öhdəlik, məsuliyyət daşıyırlar. O məsuliyyət də milli verilişlərin ortaya çıxarılmasıdır. Bu baxımdan məhdudiyyəti ancaq milli yayımçılara qoymuşuq. Buna görə də hesab edirəm hansısa problem olmayacaq.
- Artıq yerli istehsal olan seriallar efirdə göstərilir. Bu seriallar sizi qane edirmi? 
- Doğrudur, yeni serialların keyfiyyət problemi var. Bu problemi aradan qaldırmaq üçün işləmək lazım olduğunu hesab edirəm. Öncə bu sahədə işlər görmək lazımdır. Zamanla televiziya kanalları arasındakı rəqabət də bu işə dəstək verəcək. Mən bununla bağlı Azərbaycanda potensial görürəm. Hesab edirəm ki, kino, ssenari sahəsindəki insanlar zamanla bu işin öhdəsindən gələcəklər.   
- Necə hesab edirsiniz, nə qədər müddətə yerli serialların keyfiyyəti yaxşılaşdırıla, müəyyən mənada öz sözünü deyə bilər? 
- Biz Türkiyə və Rusiya praktikasına baxsaq görərik ki, 10 il bundan qabaqkı seriallarla indikilər arasında böyük fərq var. Yəni, onlar da artıq zamanla o işləri həll ediblər. Hələ çoxlu maddi imkanlara, kadr potensialına malik olaraq. Mən hesab edirəm ki, biz də ən azından 5 ildən sonra bu sahəyə nəzər yetirib deyəcəyik ki, hardan-haraya gəlmişik. 
- Serialların çəkilişi üçün telekanallara yeni maliyyə vəsaitinin ayrılması mümkündürmü?
- Bəli, mümkündür. Çünki əsas məqsəd bu sahəni hərəkətə gətirmək, təkan verməkdir. Yeni maliyyə vəsaitində nə qədər məbləğ olacağını bilmirəm. Amma ən azından əvvəlki kimi olacaq. Dövlət hər il onlara müəyyən qədər vəsait verməyi öhdəlik götürməyib. Amma ilkin başlanğıc, bu sahəni hərəkətə gətirmək üçün dövlət öz dəstəyini etdi. Bu, artıq göz önündədir. Hazırda həm ATV, "Xəzər", "Lider" həm də İTV-də bu işlər gedir. Demək olar ki, 4 televiziya kanalının hər birinə 1 milyon dollar həcmində, yəni 800 min manat vəsait köçürmüşük.  Hər televiziya kanalına serialların çəkilişi üçün 1 milyon dollar ayrılması az vəsait deyil. Bugünkü bazarımıza baxsaq görərik ki, ən aşağı səviyyədə çəkilən serialların 1 seriyasının dəyəri lazımi texniki avadanlıq, bina avadanlığından başqa 4-5 min manat həcmində olur. Amma daha yaxşı çəkiliş üçün bu 10-12 min manat həcmində olur.  İndi aktyorların da əmək haqqı artıb. Yaxşı aktyora tələbat artıb. Hər bir serial çəkən daha yaxşı aktyor, aktrisa cəlb etməyə çalışır. Bu sahədə artıq canlanma hiss olunur. Bu canlanmanı daha çox yəqin ki, sentyabr ayından hiss edəcəyik.
- Televiziyalarla yanaşı, prodakşnlara da maliyyə vəsaitinin ayrılması gözlənilirmi? 
- Ola bilər. Telekanallara vəsait ödəməkdə məqsədimiz o idi ki, Azərbaycanda bu sahədə maddi-texniki baza yaradılsın. Artıq videokameraları Gürcüstandan, Rusiyadan icarəyə almayaq. Azərbaycanda çoxlu belə studiyalar yaransın. Həm də bu sahədə fəal olan insanları cəlb edək. Prodakşnlar müəyyən seriallar çəkəndən sonra çalışacağıq ki, o seriallar seyfdə qalmasın, telekanallar serialları alsın. Əgər yüksək keyfiyyətli olacaqsa, kanallar çox məmnuniyyətlə onu əldə edəcəklər. Rəqabət elə bir şeydir ki, istənilən halda yaxşı keyfiyyətli məhsul axtaracaq. O baxımdan prodakşnlarla da işləmək lazımdır. Amma bu işdə çox ciddi seçim etmək lazımdır, çünki prodakşnların sayı həddindən artıq çoxdur. Amma özünü tam yerli mühitə uyğun sübut etmiş prodakşnlar o qədər çox deyil. Əvvəllər hər hansı kino çəkilişində müxtəlif vəzifədə çalışan insanlar hərəsi müstəqil prodakşn yaradıb. Bunu normal qarşılayıram. Amma hələ ki, onların ciddi seriallar çəkmək potensialı yoxdur.  Prodakşnlar sponsor axtarışına da çıxmalıdırlar. Onlar yalnız dövlətin ayırdığı maliyyə ilə çəkiliş edəcəksə, bu doğru deyil. Sadəcə dövlətin onlara verdiyi vəsait əlavə yardım, dəstək ola bilər. Ona görə də bazarda bu saat onlara böyük ehtiyac var. Yəni, prodakşnlar bu sahədə işləməlidirlər. Ciddi sponsorlar tapıb, ciddi əsərlər ortaya qoymalıdırlar.
- Serialların çəkilişi üçün ayrılan maliyyədə nəzərdə tutulmuşdumu nə qədər serial çəkilsin? 
- Telekanallara bərabər miqdarda vəsait ödədik ki, onlar öz efir siyasətini müəyyənləşdirsin. Amma növbəti mərhələdə artıq hər hansı serialın orta qiymətini biliriksə, videokameralar alınıbsa, avadanlıq almayacaqsa, ikinci dəfə çəkəcəyi serial nisbətən az xərcə başa gələcək. Amma aktyorların geyim avadanlıqları başqa avadanlıq 10-12 min manat həcmində olacaqsa, təbii ki, 120 min manata 10 seriyalı bir serial çəkilə bilər. Yəni, bu artıq təxmini hesablamalara görə mümkündür. Biz artıq bazarı öyrənmişik. Bu baxımdan hesab edirəm ki, elə ciddi problem olmayacaq. Serialın sayına uyğun olaraq da vəsait ödəniləcək.
- Verilişlərin reytinqi necə müəyyənləşir? Bu proses necə həyata keçirilir? Reytinq müəyyən etmə prosesi necədir? 
- Milli Teleradio Şurası dövlət qurumu olduğu üçün reytinqləri müəyyənləşdirməkdən uzaq durmağı tərcih etdik. Əks halda biz də tərəf kimi göstərilə bilərdik. Hazırda Azərbaycanda reytinq ölçməklə məşğul olan iki qurum var. Onlardan biri xarici təşkilat AGB, digəri isə yerli SİAR şirkətidir. Bu qurumlar Elektron hesablayıcı peoplemetr (piplmetr) vasitəsilə ölçmələr aparırlar. Bakıda və regionlarda 200 ailəyə həmin cihazlar qoyulub. Bütün ölkə üzrə 400 ailənin fikri ilə reytinqləri müəyyənləşdirirlər. Təbii ki, seçim bir az çətin olur. Ola bilsin intellektual xarakterli ailələr onu qəbul etmirlər. Ölçmələrdə daha çox şou xarakterli verilişlərə üstünlük verilir. Bu, mənim şəxsi qənaətimdir, çünki intellektual xarakterli verilişlər az reytinq alır, şou xarakterli verilişlər daha çox üstünlük qazanırsa, deməli, reytinq ölçənlərin əksəriyyəti şou xarakterli insanlardır. Ona görə bizim də bu ölçmə qurumları ilə bağlı problemlərimiz, müəyyən qədər şübhələrimiz var. Amma neyləyək ki, hazırda başqa yol yoxdur.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31