Mediasiya vasitəsi ilə bağlanan barışıq sazişlərinin böyük hissəsi icra edilir
25 Oktyabr 11:09 MüsahibəAzad Rzayev: "Bu, həm məhkəmələrdə, həm də icra orqanlarında baxılan işlərin yükünü azaldır"
Ölkəmizdə tətbiq edilən mediasiya prosesində əldə edilən uğurlu nəticələr qısa müddət ərzində cəmiyyət tərəfindən müsbət qarşılanıb. Mediasiya prosesi xüsusən, ailə münaqişələri və əmək münasibətlərində yaranan problemlərin həllində, münaqişələrin məhkəmədən kənar yoluna qoyulmasında və gərginliyin azaldılmasında çox böyük rola malikdir. Sadəcə, mediasiyanın geniş təbliğinə ehtiyac duyulur ki, cəmiyyət tərəfindən birmənalı qarşılanan institutlardan birinə çevrilsin. Bu məqsədlə Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru, hüquqşünas, Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü Azad Rzayevlə söhbətləşdik.
-Azad müəllim, ölkədə mediasiya prosesinin tətbiqindən xeyli vaxt keçməsinə baxmayaraq hələ də vətəndaşlar arasında bu sahədə məlumat kifayət qədər deyil. Odur ki, ilk növbədə bilmək istərdik, mediasiya prosesi nədir və bu prosesin məqsədi nədən ibarətdir?
-Qısa ifadə etsək, mediasiya prosesi mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən edilmiş qaydada aparılan prosesdir və mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.
-Hansı mübahisələrə mediasiya vasitəsi ilə baxıla bilər?
-"Mediasiya Haqqında" Azərbaycan Respublikasının qanununa əsasən mediasiya institutunun dairəsi böyük bir sahəni əhatə edir. Mülki mübahisələr, kommersiya mübahisələri, əmək mühbahisələri, ailə mübahisələri və inzibati mübahisələrdən irəli gələn işlər mediasiyada baxıla bilər. Eyni zamanda, son dövrlərdə cinayət işləri üzrə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmayan işlər üzrə dəymiş zərərin ödənilməsi ilə bağlı işlərin mediasiya vasitəsi ilə həll edilməsi barədə də aidiyyəti orqanlarda görüşlər keçirilir.
-Bilirik ki, mediasiya institutu ölkəmizdə yenidir və onun tətbiq olunduğu müddətdə mediasiya fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?
-Təbii ki, mediasiyanın səlahiyyətinə aid edilən bütün mübahisələr üzrə mediasiya nəticəsində əldə edilmiş sazişlər tərəflər üçün əhəmiyyətlidir. Bu istər maddi, istərsə də vaxt baxımından tərəflərin xeyrinədir. Bunun üçün təkcə məhkəmə instansiyalarında işə baxılma müddətlərini və çəkilən xərcləri (dövlət rüsumları, ekspertiza xərclərini,vəkil müqavilələrini, yol xərclərini və s.) nəzərdən keçirsək, kifayətdir. Həmçinin medisiya prosesi tərəflər arasında olan münaqişənin dərinləşməsinin və gələcəkdə neqativ hallara aparıb çıxarmasının qarşısını alır, kəskin münasibətləri yumuşaldır. Mediasiya vasitəsi ilə artıq tərəflər anlayır ki, münaqişələrin davam etdirilməsi zərərlərinədir. Xüsusilə də münaqişənin davam etməsi ailə münasibətlərindən irəli gələn işlər üzrə azyaşlı uşaqların tərbiyə və təhsilinin formalaşmasında mənfi rol oynayacağını dərk edirlər.
Bir çox hallarda da mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişlərindən başqa mediasiyaya müraciət edən şəxslər yəni, rəsmi qeydiyyatdan keçən tərəflər barışdıqları üçün ilkin mediasiya sessiyasından imtina edərək (mediasiya xərcləri ödəməmək məqsədi ilə) mediasiya prosesinə xitam verilməsini xahiş edirlər. Bu özü də mediasiyanın uğurudur. Statistikaya baxdıqda bu, edilən müraciətlərin 30 faizini təşkil edir. Bu da illik statistik baxımdan böyük bir rəqəmdir.
-Mediasiya Şurasının beynəlxalq əlaqələri hansı səviyyədədir?
-Ölkəmizin mediasiyasında bir çox dövlətlərin mediasiya qurumlarının nümayəndələri iştirak etmişdir. Azərbaycanda mediasiyanın inkişafı artıq bir çöx ölkələrdən öndə gedir. Bu yaxınlarda Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Oleq Matveyçev Azərbaycan Mediasiyasını Rusiya üçün nümunə kimi göstərmişdir.
Sevindirici haldır ki, mediasiya vasitəsi ilə bağlanan barışıq sazişlərinin böyük hissəsi icra edilir. Bu da həm məhkəmələrdə, həm də icra orqanlarında baxılan işlərin yükünü azaldır. Tərəflər sazişlə üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikdə isə Azərbaycan Respublikası MPM-nin və "Mediasiya haqqında" qanunun tələblərinə əsasən 10 gün müddətində məhkəmə tərəfindən təsdiq edilərək icraata yönəldilir.
Əmək mübahisələrindən də irəli gələn işlər üzrə nəzərə çarpacaq dərəcədə medaisiya vasitəsi ilə həllini tapan müsbət nəticələr vardır. Onu da qeyd etmək istəyirəm ki, əmək münasibətlərindən irəli gələn işlər üzrə barışıq sazişinin icra edilməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müsbət yanaşması da təqdirəlayiqdir.
-Bir mediator kimi mediasiya prosesində hansı halların olmamasını istərdiniz və mediasiya prosesinin tərəflərinə nəyi tövsiyyə edərdiniz?
-"Mediasiya Haqqında" Azərbaycan Respublikasının qanununa əsasən mediasiya prosesi bir neçə mərhələdən ibarətdir. Mübahisə tərəfləri ilkin mediasiya sessiyasında mövcud və yaxud gələcəkdə yarana bilən mübahisənin mediasiya prosesi vasitəsi ilə həll üçün müqavilə bağlayaraq tam mediasiya prosesinə keçid alırlar. Bəzən görürsən ki, birinci tərəfin, yəni, mediasiyaya müraciət edən tərəfin bütün tələblərini ikinci tərəf qəbul etsə də müraciət edən tərəf və ya təmsilçisi barışığa getməyərək mübahisəni məhkəməyə daşıyır. Lakin bir mediator kimi bitərəf olduğumuz üçün müdaxilə etmək, hüquqi müstəvidə təsir etmək imkanımız yoxdur. Nəticədə uzun məhkəmə proseslərindən sonra qərar qəbul edilir. Hansı ki, həmin nəticədən də yaxşısını mediasiya prosesi nəticəsində əldə etmək mümkün idi. Mediasiya müraciət etmək istəyən mübahisə tərəflərinə mediasiyadan maraqlarına uyğun olaraq faydalanmağı, mübahisələrini mediasiya vasitəsi ilə həll etmələrini tövsiyyə edirəm. Yeri gəlmişkən qeyd edim ki, təşkilatımızda tam peşəkar mediatorlar xidmət göstərir. Tərəflərlə ayrı-ayrılıqda və ya birlikdə görüşlər keçirmək üçün təşkilatımızın ofis şəraiti mövcuddur. Təşkilatımız Bakı şəhəri, H.Əliyev Prospekti 115, Arena plaza,11-ci mərtəbə ( 5 saylı ASAN xidmətin binası) yerləşir.
Alim Hüseynli