Şəhərli olma şüurunun zəifliyinin gətirdiyi bəla... MÜSAHİBƏ
Əbülfəz Süleymanlı: “Əhalinin sıxlığı stress və intihar kimi problemlər də gətirir”
6 İyul 2012 17:21 MüsahibəSuallarımıza "Şəhər və Mədəniyyət" mövzusunda çoxsaylı tədqiqatların müəllifi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri üzrə fələsəfə doktoru, dosent Əbülfəz Süleymanlı ilə cavab axtarırıq.
-Əbülfəz müəllim, ümumiyyətlə şəhərləşmə nədir? Bunun hansı cəhətləri var?
-İlk növbədə şəhərləşmə və yaxud urbanizasiya ilə şəhərliləşmə anlayışları arasında fərqə diqqət etmək lazımdır. Çünki bunlar bir-birindən fərqli anlayışlardır. Şəhərləşmə hər hansı bir ölkədə regionlardan böyük şəhərlərə miqrasiya nəticəsində şəhər əhalisinin ölkə əhalisi arasında ümumi çəkisinin artmasıdır. Şəhərliləşmə isə, bu prosesə müəyyən dərəcədə bağlı olaraq həm də fərqli olaraq regiondan şəhərə miqrasiya etmiş əhalinin iqtisadi və sosial baxımdan əyalət xüsusiyyətlərindən sıyrılaraq, şəhərə məxsus keyfiyyətləri, davranış qaydalarını, dəyərləri mənimsəməsidir. Bunlar bir-birindən fərqli anlayışlardır. Məsələyə ölkə miqyasında baxdığımız zaman qeyd etmək lazımdır ki, xüsusilə son 20 ildə regionlardan böyük şəhərlərə və ələlxüsus paytaxt Bakıya müxtəlif səbəblərdən əhalinin kütləvi miqrasiyası baş verib. Hal-hazırda əvvəlki illərlə müqayisədə bu prosesin sürəti zəifləsə də yenə də əhalinin sıxlığı müəyyən problemlər yaradır. Bunların arasında stresslər, depressiyalar, intiharlar kimi sosial mənşəli problemlərdə mövcuddur. Bu problemlərin böyük əksəriyyəti isə insanlarda şəhər mədəniyyəti və şəhərli olma şüurunun zəif olmasından irəli gəlir. Təəssüflər olsun ki, bu sahədə çox ciddi problemlər özünü büruzə verir.
-Bəs şəhər mədəniyyəti və şəhərli olma şüuru insanlara necə aşılana bilər?
-Bu o qədər də asan proses deyil. Burda həm iqtisadi, həm də sosial meyarlar vacib əhəmiyyət kəsb edir. Regionlardan şəhərə köç etmiş əhalinin tam mənada şəhərliləşməsi üçün ilk növbədə iqtisadi meyarlar vacib əhəmiyyət kəsb edir. Belə ki, iqtisadi gücü olan, gəlirə malik olan insanlar şəhər həyatına daha tez və asan uyğunlaşırlar. Həm də bu insanların müəyyən bir işə və gəlirə malik olması oğurluq və oxşar cinayət hadisələrinin də böyük miqdarda qarşısını alır. Digər tərəfdən əyalətdən gələn insanların ucuz gecəqondu tipli evlərdə yaşaması onların şəhərə inteqrasiya prosesinin qarşısını alan başlıca meyarlardandır. Çünki həmin yerlərdə onlar demək olar ki, şəhər davranış qaydalarını mənimsəyə bilmirlər. Bu faktoru da mütləq nəzərə alaraq insanlara daha əvvəlki dövrlərdə təklif olunan ucuz bina evləri variantı üzərində düşünmək lazımdır. Bununla paralel iqtisadi mənada özünü müəyyən dərəcədə də olsa təmin etmiş və şəhər mədəniyyətinə uyğun müasir yaşayış komplekslərində yaşayan əhalinin şəhərə tam inteqrasiyası üçün sosial məzmunlu fəaliyyətlərin də həyata keçirilməsi lazımdır. Hesab edirəm ki, ilk növbədə həmin insanlara yaşadıqları şəhərin onların olduğu fikrini aşılamaq lazımdır. Çünki hal hazırdakı qarşılaşdığımız mənzərə onu deməyə əsas verir ki, insanlar yaşadıqları şəhəri özlərininki hesab etmirlər. Yaşadığı şəhərin küçələrinin, parklarının və yaxud xəstəxanalarının, məktəblərinin, qısası hər şeyinin onlara aid olduğu şüuruna malik olan insan, o şəhərin küçələrində, parklarında öz evindəki kimi yaşayacaq və onu qoruyacaq. Necə ki, öz evinin təmizliyinə diqqət edirsə, onu qoruyursa, küçənin, parkın, oxuduğu məktəbin təmizliyinə də eyni dərəcədə əhəmiyyət verəcəkdir.
-Sizcə, həmin düşüncəni insanlara necə aşılamaq olar?
-Şübhəsiz bütün bunların sözlü təlqin və təbliğ yolu ilə həyata keçirilməsi mümkün deyil. Bunun bir çox xarici ölkələrdə tətbiq olunan müxtəlif yolları var.
Həmin ölkələrdə şəhər əhalisinin şəhər idarəsində aktiv iştirakına nail olaraq, belə demək mümkündürsə, onları iş içinə daxil edirlər. Şəhər idarəetmə sistemində aktiv iştirak edən insan müəyyən bir məsuliyyət hissinə sahib olur. Xarici ölkələrdə fəaliyyət göstərən şəhər konseyləri vasitəsilə vətəndaşların şəhər idarəetmə sistemində aktiv iştirakı təmin olunmuş olur, həm də şəhərli olmaq şüuru inkişaf edir. Misal üçün bir ekologiya dərnəyinin həyata keçirdiyi ağac əkmə kompaniyası çərçivəsində həm insanların ekoloji şüur səviyyəsi yüksələcək, həm də şəhərdə özünə aid birşeylərin olduğu düşüncəsi güclənəcək. Yəni ən azı vətəndaş biləcək ki, onun da bu şəhərdə əkdiyi bir ağac var. Bu baxımdan son dövrlərdə ayrı-ayrı dövlət qurumları tərəfindən həyata keçirilən ağac əkmə kompaniyaları təqdirəlayiqdir. Bunun miqyasını həm genişləndirmək, həm də həmən ağaclara uzun müddət qulluq edəcək bir mexanizm düşünmək lazımdır. Çünki bəzən çox böyük əməklə əkilən ağaclar baxımsızlıq ucbatından tələf olurlar.
-Başqa hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
-Təbii ki, maariflənmə işinin başqa mühüm kanalları da var. Bu mənada media ən yaxşı vasitələrdən biridir. Media şəhər mədəniyyəti ilə bağlı mövzulara öz efirində kifayət qədər yer ayırmalıdır. Media kütlələri birbaşa, sürətli və ən effektiv formada istiqamətləndirdiyindən bu sahədəki maarifləndirmə işlərinə zəmin hazırlayır.
Bu şüurun formalaşdırılmasında digər aktiv vasitələrdən biri də təhsildir. Təhsilin malik olduğu imkanlar daxilində gələcəkdə yaşadığı şəhərdə və cəmiyyətdə aktiv rol alacaq şəxslərə şəhərli olmaq şüuru kiçik yaşlarda aşılanmalıdır. Buna, ilk növbədə, ailədə başlamaq lazımdır. Məhz ailədə valideynlərin bu məsələyə diqqətli yanaşması nəticəsində bu şüurun ilkin forması rüşeym halında formalaşır və yaxud əksinə, elə rüşeym halında məhv olub gedir. Bu baxımdan valideynlərin öz övladları ilə birgə şəhərin tarixi yerlərini ziyarət etmələri və onlara bu tarix haqqında təfərrüatlı məlumat vermələri uşağın yaşadığı şəhəri sevərək ona sahib çıxması baxımından çox vacibdir. Yaxud da valideynlər ətraf mühitin çirklənməsinə qarşı öz müsbət davranışları ilə övladlarına nümunə ola bilərlər. Ailədə verilən bu tərbiyə məktəbdə mütləq davam etdirilməlidir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda məhz məktəbli yeniyetmələrin birgəyaşayış qaydalarını pozması faktı ilə qarşılaşırıq. Bu da istər ailədə, istərsə də məktəbdə bu işə kifayət qədər əhəmiyyət verilməməyindən xəbər verir. Halbuki, xüsusilə məktəbdə bu işin təşkili üçün çox əlverişli imkanlar mövcuddur. Müəllimlər öz yetirmələrini yaşadıqları şəhəri sevdirmək üçün xüsusi məşğələlər keçirmək, tarixi yerlərə ekskursiyalar təşkil etmək kimi bir çox imkanlara malikdirlər.
-Hansı işləri görmək olar ki, daha qısa zamanda nəticəsini göstərmiş olsun?
-Təbii ki, maariflənmə və digər təşviqat vasitələri daha çox uzun müddət üçün nəzərdə tutulmuş yollardır və bunlar məsələnin köklü surətdə həllini nəzərdə tutur. Lakin qısa zamanda bəzi məsələləri həll edə bilmək üçün paralel olaraq, inzibati metodlara da müraciət etmək zəruridir. Bu baxımdan hesab edirəm ki, şəhərdə birgəyaşayış qaydaları sahəsində mövcud olan bəzi neqativ halları ortadan qaldırmaq üçün Şəhər İntizam-Nəzarət İdarəsinin təsis olunması ümumi işin xeyrinə olardı. Mən bu təklifi daha əvvəllərdə səsləndirmişəm. Bu qurum bilavasitə cəmiyyətdəki intizam qaydalarına riayət edilməsinə nəzarət etməli, yuxarıda sadaladığımız təşviqat xarakterli tədbirləri təşkil etməli və birgəyaşayış qaydalarını pozan şəxslərə qarşı mübarizə aparmalıdır. Bu zərurət həm digər əlaqədar qurumların işlərini yüngülləşdirmək, həm də bu sahədə aparılan işlərin vahid mərkəz tərəfindən idarə olunması ehtiyacından irəli gəlir.
Bu gün ölkə rəhbərliyi tərəfindən şəhərin infrastrukturunun yenidən qurulması və şəhərin ümumi görüntüsünün Avropa standartlarına uyğunlaşdırılmasına çalışdığı bir dövrdə bütün bu məsələlərə ictimai strukturların da müsbət mənada töhfəsi mühüm əhəmiyyət kəsb edir.
Aygün