İctimai Palatanın namizədləri bəlli oldu - Qüdrət Həsənquliyev
"Məndə olan məlumata görə, həmin düşərgənin təmsilçiləri Ziyalılar Forumundan Cəmil Həsənlinin, ya da müstəqil ekspert Ərəstun Oruclunun namizədliyi üzərində dayanmaq istəyirlər"
6 İyul 2012 17:13 Müsahibə"Azərbaycan torpaqlarının azad olunması üçün beynəlxalq təşkilatlardan heç nə gözləməyə dəyməz"
"Onların məqsədi belə səfərlərlə əlavə vaxt qazanmaq və Azərbaycanın enerji daşıyıcılarından sonunadək istifadə etməkdir"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi.
- Qüdrət bəy, Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeyin regiona səfərini və səsləndirdiyi bəyanatları necə dəyərləndirirsiniz?
- Öncə qeyd etdim ki, Herman Van Rompeyin zəif bir siyasətçi olduğu onun həm Ermənistanda, həm də Azərbaycanda səsləndirdiyi bəyanatlarda özünü açıq şəkildə büruzə verdi. Digər tərəfdən Avropa Birliyi Şurasına rəhbərlik edən bu şəxsin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı İrəvanda və Bakıda verdiyi bəyanatlar bir daha sübuta yetirdi ki, Azərbaycan torpaqlarının azad olunması üçün beynəlxalq təşkilatlardan heç nə gözləməyə dəyməz! Onlar 1 milyon insanın münaqişənin həlli uzandığı üçün köçkün vəziyyətdə yaşamalarına görə məsuliyyətlərini dərk etmir, buna görə utanmır və vicdan əzabı çəkmirlər. Herman Van Rompeyin səfərinin nəticəsində bir daha əmin olduq ki, heç kim bizim əvəzimizə torpaqlarımızı işğaldan azad etməyəcək. Onların məqsədi belə səfərlərlə əlavə vaxt qazanmaq və Azərbaycanın enerji daşıyıcılarından sonunadək istifadə etməkdir. Çalışırlar ki, müxtəlif vasitələrlə münaqişənin həllini daha 20 il uzatsınlar. Sonra isə 40 il müstəqil yaşamış qondarma qurumun Azərbaycanın tərkibində ola bilməsinin mümkünsüzlüyünü bəyan edib Dağlıq Qarabağın müstəqilliyini tanısınlar.
- Belə olduğu təqdirdə hansı səbəblərdən Azərbaycan hələ də danışıqları davam etdirir?
- Azərbaycan təklənmiş və daxilində problemləri olan bir ölkədir. Hazırkı vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı iqtidarın danışıqları davam etdirməkdən başqa yolu yoxdur. Bizim sülh danışıqları nəticə verməyəcəyi təqdirdə hərb yolu ilə torpaqlarımızı azad edə biləcəyimiz barədə bəyanatlarımız isə nə dünya birliyi, nə də Ermənistan tərəfindən ciddi qəbul olunmur.
- Daxili problemlərdən söz açdınız. Bildiyiniz kimi gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək və bir sıra siyasi təşkilatlar artıq bununla bağlı hazırlıqlara başladıqlarını bəyan edirlər. İctimai Palata adlanan qurumda təmsil olunan düşərgənin təmsilçiləri isə ənənəvi olaraq vahid namizədin müəyyənləşdirilməsi ətrafında müzakirələr aparırlar. Necə hesab edirsiniz, bu dəfə bəlli siyasi dairənin vahid namizəd barədə müzakirələri hansı nəticələrə yol açacaq?
- Bu məsələ ilə bağlı daha əvvəllər də bəyan etdiyim və dəfələrlə özünü doğruldan bir fikrimi yenidən təkrar edirəm: Mən İsa Qəmbər və Əli Kərimli qədər bir-birinə patoloji nifrət bəsləyən şəxslər tanımıram. Bu baxımdan adıçəkilən şəxslərin bir-birinə güzəştə gedə biləcəkləri çətin məsələdir. Onları siyasi gündəmdən çıxmağa qoymayan xarici qüvvələr də çətin ki, buna nail olsunlar. Digər tərəfdən xarici dairələri belə bir təşəbbüsdə buluna biləcəkləri də şübhə doğurur. Beynəlxalq Birlik Azərbaycanın indiki prezidentini birmənalı şəkildə dəstəkləyir. Xüsusilə də ABŞ, Rusiya və Türkiyə. O ölkələr ki, onların Azərbaycanın daxili siyasətinə təsir etmək imkanları var! Hal-hazırda Azərbaycanın yürütdüyü daxili və xarici siyasət hər 3 dövlətin maraqlarına əsasən cavab verir. Hər hansı yeni bir şəxs onlar üçün proqnozlaşdırılması mümkün olmayan siyasət yürüdə bilər. Bu isə həmin dövlətlər üçün əlavə "problemlər" deməkdir.
Azərbaycan xalqına gəldikdə isə, iqtidar neft pullarından kifayət qədər xərcləyir. Buna görə də ölkədə elə də ciddi sosial gərginlik yoxdur. Eyni zamanda cəmiyyət də yeni keyfiyyət dəyişikliklərinə hazır deyil. Bu baxımdan, nəinki İctimai Palatanın, bütövlükdə müxalifətin bu seçkilərdə uğur qazanmaq şansı çox aşağıdır.
İctimai Palatanın vahid namizəd müzakirələri ilə bağlı bir də onu deyə bilərəm ki, məndə olan məlumata görə, həmin düşərgənin təmsilçiləri Ziyalılar Forumundan Cəmil Həsənlinin, ya da müstəqil ekspert Ərəstun Oruclunun namizədliyi üzərində dayanmaq istəyirlər. Mənə çatan bilgilərə görə, İctimai Palatada bu tipli müzakirələr gedir. Hər halda bu iki şəxs həmin düşərgədə təmsil olunan insanların arasında həm ölkə daxilində, həm də ölkədən kənarda ən çox tanınanlardır. Bu baxımdan, qənaətimə görə, adıçəkilən şəxslərin namizədliyi o düşərgənin seçkilərdə daha yaxşı təmsilçiliyin şərtləndirə bilər. Ancaq həmin şəxslərdən birinin namizədliyinin irəli sürülməsi də hazırda İctimai Palata adı ilə çıxış edən düşərgəyə ciddi uğur qazandıra bilməyəcəyinə əminəm. Düşünürəm ki, bütövlükdə müxalifət qüvvələri sonradan sarsıdıcı xəyal qırıqlığına düçar olmamaq üçün seçkilərdə qələbə qazanmağı hədəf seçməməli, cəmiyyətin inkişafına töhfə vermək üçün onun irəli aparılmasının yolları barədə düşünməlidirlər.
- Qüdrət bəy, son olaraq cəmiyyətimizi ciddi narahat edən bir məsələyə də münasibət bildirməyinizi istəyirdik. Bildiyiniz kimi son zamanlar nəqliyyatda qəzaların sayı sürətlə artır və bu da çoxsaylı insan ölümlərinə səbəb olur. Sizcə, bu problemin həlli üçün hansı addımların atılmasına ehtiyac var?
- Tamamilə doğru qeyd edirsiniz. Azərbaycan yollarında baş verən qəzalar artıq soyqırımı təsiri bağışlayır. Yaranmış vəziyyətin əsas səbəblərindən biri yol çəkilişləri zamanı bir sıra önəmli məqamların nəzərə alınmamasıdır. Belə ki, ikitərəfli hərəkət üçün nəzərdə tutulmuş yeni çəkilən, yaxud yenilənən magistral yolların əksəriyyəti birzolaqlıdır və bu qarşı-qarşıya gələn nəqliyyat vasitələrinin sərbəst hərəkət etmələrinə, ötmə əməliyyatlarını məneəsiz həyata keçirmələrinə mane olur. Həqliyyat vasitələri əksər hallarda ötmə hərəkətini həyata keçirərkən toqquşurlar və bu da insan ölümünə səbəb olur. Yaranmış vəziyyətdən çıxış yolunu bir il ərzində təkrar olaraq sürət həddini nəzərdə tutulmuş həddən 30-40 kilometr aşdığına görə, həmçinin nəqliyyat vasitəsini spirtli içki qəbul edərək, yaxud narkotik sərxoşluq halında idarə etdiyinə görə cinayət məsuliyyətinin tətbiq olunmasında görürəm. Bu cür hallara yol verən sürücülərə qarşı inzibati cəzaların tətbiqi nəticəsiz olduğuna görə, qanunvericiliyə müvafiq dəyişikliklər edilməli və cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.
Bir məqamı da qeyd edim ki, bəzən yollarda, xüsusilə də magistral yollardakı yol nişanlarında sürət həddi həddən artıq aşağı göstərilir. Sürət həddinin əsaslandırılması mümkün olmayan bir şəkildə aşağı göstərilməsi isə bir çox hallarda sürücüləri qıcıqlandırır və onlar da uzun müddət heç bir səbəb olmadan aşağı sürətlə hərəkət etməkdən yorulub sürəti artırırlar. Həzərdə tutulan sürət həddini aşaraq qaydanı pozan sürücülər isə "islanmışın yağışdan nə qorxusu" deyərək daha yüksək sürətlə hərəkət etməyə başlayırlar ki, bu da son nəticədə ölüm və ağır yaralanma hallarına yol açan qəzalara səbəb olur. Bu baxımdan, hesab edirəm ki, problemlərin həlli üçün kompleks tədbirlər keçirilməli, insan psixologiyası, mental xüsusiyyətlər və bir çox digər amillər nəzərə alınmalıdır. Bu istiqamətdə təbliğatın gücləndirilməsinə də böyük ehtiyac var. Mütəmadi olaraq yollarda sürücülərin spirtli içki qəbul edib-etmədiklərini, yaxud narkotik sərxoşluq halında olub-olmadıqlarını yoxlamaq üçün testlər keçirilməlidir. Təəssüf ki, hazırda belə yoxlamalar əsasən qəza baş verdikdən sonra keçirilir.
Ədil Ədilzadə