İctimai Palata tormoza çevrilib - MÜSAHİBƏ

Əhməd Oruc: "Hər hansı bir namzəd bu və ya digər şəkildə ona göstərilən etimadı doğrultmursa onun istefa mədəniyyəti olmalıdır"

Azadlıq Partiyasının sədri Əhməd Orucun "OLAYLAR"-a müsahibəsi

-Əhməd bəy, son vaxtlar hakimiyyət nümayəndələrnin ictimai-siyasi təşkilatlarla təmasları intensivləşib. Bu günlərdə keçirilən KİV və QHT rəhbərləri ilə görüşdən sonra siyasi partiyalarla da anoloji görüşün baş tutacağı bildirilir. Siz hakimiyyət tərəfindən atılan bu kimi addımları necə dəyərləndirirsiniz?

- Azərbaycanda uzun müddət idi ki, hakimiyyətlə müxalifət, eləcə də cəmiyyətdəki digər institutlar, mətbuat orqanları arasında müəyyən məsafə vardı. Regionda çox ciddi təhdidlərin olduğu bir zamanda isə bu doğru yanaşma deyildi. Artıq hakimiyyət başa düşür ki, İran, Rusiya və Ermənistanın indiki təhdidləri, eləcə də beynəlxalq birliklərin açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirdiyi bir vaxtda hakimiyyət birmənalı şəkildə cəmiyyətin dəstəyinə malik olmalıdır. Əks təqdirdə o  hansısa problemi həll edə bilməz. Bu baxımdan bu təşəbbüsü təqdir edirəm. Ancaq zaman-zaman bu cür proseslər olub və istər kütləvi informasiya vasitələri, istərsə də qeyri hökumət təşkilatları ilə görüş baş tutsa da, müxalifət partiyaları ilə görüşə gəldikdə həmin görüş hansısa şəkildə reallaşmayıb.

-Ancaq hakimiyyət haqlı olaraq belə bir mövqe ortaya qoyur ki, Azərbaycan müxalifəti hələ də vahid bir mövqe ortaya qoya bilməyib və buna görə də kimin müxalifət kimi həmin görüşə dəvət edilmısi qeyri-müəyyən olaraq alır.

-Bu doğru bir yanaşma deyil. Kütləvi informasiya vasitələri, qeyri hökumət təşkilatları da vahid tərkibdə deyil. Mətbuat Şurasında təmsil olunan və ya təmsil olunmayan, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olan və olmayan, bir-birindən tamamilə fərqli mövqedə dayanan təşkilatlar da mövcuddur. Həmin mətbuat orqanları və qeyri hökumət təşkilatları ilə də hakimiyyət rəsmiləri görüşə bilirlər. Digər tərəfdən dünyanın heç bir ölkəsində müxalifətin vahid bir möpvqeyi yoxdur. Müxalifətdə olan partiyalar bu və ya digər məsələyə görə hakimiyyətə müxalifətdə dayanırlar. Biri diktatura, digəri demokratiya meyilli partiya ola bilər. Fəaliyyətdə olan bütün siyasi partiyaların hamısını təbii ki, görüşə dəvət etmək olmaz. Azərbaycanda dövlət qeydiyyatından keçmiş 54 siyasi partiya var. Həmçinin qeydiyyatdan keçməyən bir neçə partiya mövcuddur ki, onların da daxil olduğu formatda görüş keçirilə bilər.

-Hazırda müxalifətdaxili vəziyyəti necə qiymətləndirirsiniz?

-Hazırda müxalifətdaxili vəziyyət Azadlıq Partiyasının da daxil olduğu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının istəyinə uyğun deyil. Seçki qanunvericiliyinin dəyişdirlməsi, qarşıdakı prezident seçkilərinə qədər demokratik mühitin yaradılması ilə bağlı müxalifət partiyalarının fəaliyyətini əlaqələndirməyə zəruri ehtiyac var. Ancaq bu məsələdə İctimai Palatanın bir növ tormoza çevrilməsi göz önündədir. İctimai Palata beynəlxalq təşkilatların əsasən onları müxalifət kimi tanıdığı, Avropa Şurası təmsilçilərinin onlarla görüşdüyünü nəzərə alaraq Azərbaycanda yeganə müxalifət olduqlarını iddia edir və sağlam olmayan mövqe ortaya qoyurlar. Bu da maxalifətdaxili polemikanın qarşısını alır. Bununla da müxalifət daxilində bu qüvvələrin bir araya gəlməsi üçün edilən bütün cəhdlər İctimai Palata tərəfindən dağıdılır.

-2013-cü ilin prezident seçkilərində müxalifətin vahid namizədlə iştirakı nə dərəcədə mümkün olacaq?

-Ümumilikdə bütün müxalifətin vahid namizədini müəyyənləşdirmək heç vaxt, heç yerdə mümkün olmayıb və indi də mümkün olmayacaq. Ancaq müxalifətin bu və ya digər düşərgəsi, milli demokratik düşərgə və ya digər düşərgələrin ayrı-ayrı vahid namizədləri ola bilər. Yalnız Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlı olan bütün siyasi qüvvələrin fəaliyyətini koordinasiya etmək mümkündür. Hesab edirəm ki, bu ən uğurlu variant olardı. İndiki seçki qanunvericiliyi, seçki komissiyaları qalacağı təqdirdə müxalifətin seçkilərdə vahid namizəd müəyyən edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Mütləq seçki qanununda dəyişiklik olmalı, seçki komissiyaları hansısa qüvvənin nəzarəti altında fəaliyyət göstərməməlidir. Dünyanın hər yerində belə prinsiplər var. Azərbaycanda da eyni proses təkrar olunmalıdır. Hesab edirəm ki, seçki qanunvericiliyi dəyişməsə seçkilərə qatılmağın heç bir əhəmiyyəti yoxdur.

-Görünən odur ki, müxalifətin vahid namizədi məsələsinə ən ciddi şəkildə qarşı çıxanlar Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasıdır. Sizcə bunun başlıca səbəbi nədir?

-Azərbaycanda bir sıra siyasi liderlər var ki, heç vaxt öz ambisiyalarının üstündən keçə bilmirlər. Həmin şəxslər hər an özlərini müxaliəıtin lideri qismində təqdim etməyə vərdiş ediblər. Onlar bütün ömürləri boyu müxalifətin lideri olaraq qalmaq niyyətindədirlər. Ancaq hər hansı bir namzəd bu və ya digər şəkildə ona göstərilən etimadı doğrultmursa onun istefa mədəniyyəti olmalıdır. Yaxud növbəti dəfə cəmiyyətin gücünün, qüvvəsinin başqa bir lider tərəfindən yönləndirilməsinə imkan tanımalıdır. Təssüflər olsun ki, hələlik bu istiqamətdə Azərbaycanda bir yetişkənlik yoxdur. Həmin liderlər özlərini bu postda görmədiyinə və cəmiyyət tərəfindən qəbul edilmədiklərinə görə vahid namizəd ideyasını gözdən salmağa çalışırlar. Bir növ Azərbaycandakı siyasi liderlər siyasi səhnəni öz boylarının ölçüsünə uyğunlaşdırmağa cəhd edirlər. İndiki reallıq ondan ibarətdir ki, bir sıra partiyalar, həmçinin onların himayədarları ölkədə ciddi bir mərkəzin yaradılmasında maraqlı deyillər. Yəqin həmin qüvvələrə seçkilərdə ya pərakəndə .şəkildə iştirak etmək, ya da seçkini boykot etmək tapşırığı gəlib.

- Müsavat Partiyasının qurultayı ərəfəsində İsa Qəmbərin başqanlıqdan gedəcəyi aktuallaşır. Ancaq bu arada belə bir fikir formalaşdırlmağa çalışılır ki, guya İsa Qəmbər başqanlıqdan və ya siyasətdən getsə bu ümumilikdə müxalifət üçün ağır itgi olacaq. Siz belə bir dəyərləndirmə ilə razısınızmı?

-Birincisi dünyada əvəzedilməz insanlar yoxdur. Zaman keçdikcə bu və ya digər siyasətçi könüllü şəkildə ya özü siyasi səhnədən çəkilir, ya da zaman onu siyasətdən kənara çəkir. Təbii ki, İsa Qəmbər üzdə olan siyasətçidir və bu kimi insanlar hansısa formada siyasi səhnədə təmsil olunmalıdırlar. Ancaq onu siyasi səhnədə mütləq birinci kimi dəyərləndirməyi doğru hesab etmirəm. Bir qədər kənara çəkilməli, başqalarının prosesi yönləndirməsi, hər dəfə uğursuzluqlardan təngə gəlmiş cəmiyyətin başqa liderlər, qüvvələr ətrafında təmərgüzləşməsinə şans tanınmalıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31