Ermənistan ənənəvi, qeyri-konstruktiv mövqeyini davam etdirir - Elman Nəsirov
“Minsk Qrupunun həmsədrləri Ermənistanı sülhə məcbur etmir və bununla bağlı hansısa mexanizmləri işə salmırlar”
5 İyul 2012 13:36 Müsahibə"Suriyada Liviya variantının reallaşması ehtimalı artır"
Beynəlxalq məsələlər üzrə ekspert Elman Nəsirovun "OLAYLAR"-a müsahibəsi
-Elman müəllim, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona nəzərdə tutulan növbəti səfərindən gözləntilər nədən ibarətdir? Xüsusilə, həmsədr ölkələrin dövlət başçılarının bəyanatından sonra regiona gələn vasitəçilər problemin həlli istiqamətində müsbət irəliləyişə nail ola biləcəklərmi?
-Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bir intensivlik müşahidə edilir. Nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü bu ilin yanvar ayında keçirilib. Ötən müddət ərzində problemin həlli ilə bağlı az da olsa irəliləyiş əldə edilməyib. Əksinə, vəziyyət getdikcə daha da dramatikləşib və Ermənistan tərəfi həm cəbhə, həm də təmas xəttində ciddi hərbi insidentlərə əl atıb. Kobud şəkildə atəşkəs rejimini pozan Ermənistan bununla 1994-cü ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu hadisələr Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun regiona səfəri zamanı baş verdi. Bütün bunlar bir daha onu təsdiqləyirdi ki, münaqişənin tənzimlənməsi ilə bağlı proses dalana dirənib. Heç kim təminat verə bilməzdi ki, bu insidentlər müharibəyə transfer etməyəcək. Yəni, müharibənin alovlanması təhlükəsi olduqca real təsir bağışlayırdı. Belə olan təqdirdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının xüsusi bəyanatla çıxış etməsi öz-özlüyündə müsbət hadisə idi. Ancaq məsələ ondadır ki, orta statistik azərbaycanlı üçün belə bir bəyanatın səsləndirilməsi münaqişənin tənzimlənməsi üçün yetərli addım deyil. Ona görə ki, bu cür addımlar və bəyanatlar əvvəllər də olub. Lakin heç bir halda Ermənistanın mövqeyi dəyişməyib. Digər tərəfdən həmsədr ölkələrin prezidentləri problemin bu günə qədər həll olunmamasından öz narahatçılıqlarını ifadə etməklə yanaşı, hər iki tərəfin münaqişənin həlli ilə bağlı üzərilərinə götürdükləri öhdəliklərə riayət etmədiklərini bildirirlər. Hesab edirəm ki, məsələnin bu cür qoyuluşu da düzgün deyil. Çünki Ermənistan aqressordur, işğalçı bir ölkədir. Azərbaycan isə işğala məruz qalan tərəfdir. Ona görə də bu cür bəyanatlarda qeyd etdiyim məqamlar öz əksini tapmalıdır. Ancaq hər iki tərəfi eyni cür ittiham etmək doğru deyil və heç bir halda münaqişənin həlli prosesinə pozitiv heç nə əlavə etmir. Bu arada Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə Parisdə görüş keçirildi. Bu görüş atəşkəsin Erməınistan tərəfindən kobud şəkildə pozulmasından sonra baş verirdi ki, həmin görüşdən də müəyyən gözləntilər vardı. Hesab olunurdu ki, bu görüşdə problemin həlli istiqamətində müəyyən addımlar atılacaq. Eyni zamanda Birləşmiş Ştatlar dövlət katibi Hillari Klinton Cənubi Qafqaz regionuna səfəri zamanı belə bir fikir söyləmişdi ki, Paris danışıqlarında Birləşmiş Ştatlar yeni təkliflər, yanaşmalarla çıxış edəcək. Onu da nəzərə almaq lazımdır ki, bütün danışıqlar məxfi aparılır. Ona görə də Hillari Klintonun yeni təkliflərinin mahiyyəti nədən ibarətdir, bu təkliflər əvvəlkilərdən nə ilə seçilir, ümumiyyətlə dövlət katibibnin hansısa təklifləri olubmu sullarına tam aydınlıq gətirilməyib. Hələlik bu məsələlər çox qapalı saxlanılır. Ancaq dəyişməz həqiqət ondan ibarətdir ki, hələ ki Ermənistan özünün ənənəvi, qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir. Bu mövqe ilə bağlı ona beynəlxalq təşkilatlar, vasitəçilərin lazımı təzyiqi yoxdur. Əks halda Ermənistanın mövqeyində dəyişiklik baş verərdi Ermənistan rəhbərliyinin münaqişənin həlli ilə bağlı siyasi iradəsi yoxdur. Çünki Ermənistan hakimiyyəti xalqa söykənmir və hakimiyyətlə xalq arasında böyük uçurum var. Bu səbəbdən də Ermənistan prezidenti münaqişənin həlli ilə bağlı ortaya qoyula biləcək siyasi iradə nümayiş etdirə bilmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri də Ermənistanı sülhə məcbur etmirlər və bununla bağlı hansısa mexanizmləri işə salmırlar. Halbuki beynəlxalq praktikada həm sülhü qorumaq, həm də sülhə məcbur etmə əməliyyatları var. Bu müxtəlif sanksiyalar və təzyiqlərlə mümkündür. Təssüflər olsun ki, bütün bunlar Ermənistana olan münasibətdə tətbiq edilmir. Belə olan halda heç kimin istəmədiyi münaqişənin qeyri-dinc yolla həlli məsələsi aktuallaşır. Cənab prezident İlham Əliyev də dəfələrlə bunu qeyd edib. Xüsusilə sonuncu Krans Montana Forumunda dövlət başçısı bir daha vurğuladı ki, Ermənistan vəziyyətin bu cür davam edəcəyinə arxayın olmasın. Yəni bu vəziyyətin daimi şəkildə qalacağına Ermənistan tərəfi ümid etməsin. Azərbaycan istənilən halda torpaqlarını hərbi yolla geri qaytarmaq hüququnu özündə saxlayır Belə bir məqamda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri gözləınlir. Hesab edirəm ki, səfər zamanı əsas diqqət mərkəzində saxlanılan məsələ prezidentlərin növbəti görüşünün keçirilməsi üçün şəraiti yaratmaqdan ibarət olacaq. Eyni zamanda vasitəçilərin əsas funksiyası ondan ibarətdir ki, münaqişənin alovlanmasına imkan verməsinlər və bu məqsədlə prezidentlər səviyyəsində növbəti görüşü təşkil etsinlər.
-Suriya və İran amili Dağlıq Qarabağ probleminin həllini nə dərəcədə arxa plana atır?
-İran problemi zahirən bu münaqişənin həllinə təsir göstərməsə də, ancaq müəyyən mənada təsiri var. Çünki həm Suriya, həm də İran məsələsində Dağlıq Qarabağ problemini həll edə bilən vasitəçilərin mövqeləri daban-dabana ziddir. Rusiya Bəşər Əsədin hakimiyyətdə qalmasını, Birləşmiş Ştatlar isə əksini istəyir. İranın nüvə proqramı məsələsində Birləşmiş Ştatlar Tehrana qarşı daha ciddi sanksiyaların tərəfdarıdır, Rusiya isə bu prosesin əleyhinədir. Bu gün həm Suriya və İran, həm raket əleyhinə müdafiə sistemlərinin Avropada yerləşdirilməsi, həm də digər məsələlərdə Vaşinqton və Moskva münasibətləri son dərəcə gərgindir. Hətta bu gərginlik elə bir səviyyədədir ki, Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putin "Böyük səkkizlər"in Kemp-Deviddəki sammitinə qatılmadı. Həmçinin NATO-nun Çikaqo sammitinə getməkdən imtina etdi. Buna cavab olaraq isə Birləşmiş Ştatlar prezidenti Barak Obama Asiya, Sakit okean ölkələrinin Əməkdaşlıq Təşkilatının Vladivostokda keçirilən tədbirinə qatılmaqdan imtina etdi. Bütün bunlardan görünür ki, Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlər kifayət qədər gərgindir. Digər tərəfdən Birləşmiş Ştatlarda Respublikaçılar Partiyasından olan prezidentliyə namizəd Mitt Romnin Rusiyanı Birləşmiş Ştatların bir nömrəli geopolitik düşməni elan edib. Keçmiş prezidentliyə namizəd respublikaçı Con Makkeyni isə Rusiya, İran və Çini ərəb inqilablarının növbəti ünvanı kimi xarakterizə edib. Ona görə də iki həmsədr ölkə Birləşmiş Ştatlarla Rusiyanın münasibətləri kifayət qədər gərgin olduğundan şübhəsiz ki, bu Cənubi Qafqazdakı proseslər, eyni zamanda Dağlıq Qarabağ probleminin həllinə də öz mənfi təsirini göstərir. Sözügedən iki dövlətin münasibətləri gərgin olan vəziyyədə onların Dağlıq Qarabağ probleminin həlli istiqamətində razılaşma əldə etmə imkanları yoxdur. Konkret desək, yuxarıda qeyd edilən məsələlər Birləşmiş Ştatlar və Rusiya üçün daha prioritet məsələyə çevrilir və Dağlıq Qarabağ məsələsi bir qədər arxa plana keçir. Bu reallıqları yaddan çıxarmaq olmaz.
-Sizcə Suriya ilə bağlı problem hansı yolla öz həllini tapacaq. Liviyada yaşanan olayların Suriyada da təkrarlanacağı nə dərəcədə mümkündür? Bu arada gərginləşən Türkiyə Suriya münasibətləri baş verəcək bu və ya digər prosesi bir qədər də sürətləndirə bilərmi?
-Əslində Suriya ilə bağlı məsələdə son vaxtlara qədər əsasən iki versiya üzərində söhbət gedirdi. Birincisi, Yəmən variantı idi. Yəni, hakimiyyət vitse-prezidentə təhfil verilir, əvəzində isə Suriya prezidenti özünün fiziki və cismani sağlamlığını qoruyub saxlayırdı. İkincisi isə Liviya variantı, Müəmmar Qəddafinin yaşadığı tale. Hazırkı vəziyyətdə hadisələrin gedişi onu göstərir ki, ilkin mərhələdə Yəmən variantı daha məqbul sayılırdısa, lakin hər keçən gün Suriya üçün Liviya variantını daha aktual edir. Artıq bu günlər Suriya prezidenti Bəşər Əsədin legitimliyi dünya tərəfindən birmənalı şəkildə qəbul edilmir. Hazırda Suriyanı müdafiə edənlər sırasında yalnız Rusiya və İran qalıb. Hətta Ərəb Dövlətləri Liqası da Suriyanı öz tərkibindən çıxarmaq məsələsini ortaya qoyub. Ona görə də hazırda Bəşər Əsədin vəziyyəti drammatikdir. Lakin Bəşər Əsəd yenə də israrlıdır və heç bir halda hakimiyyətdən getmək istəmir. Digər tərəfdən Türkiyənin qırıcı təyyarəsinin Suriya tərəfindən vurulması, bunun ardınca isə Ankaranın NATO nizamnaməsinin dördüncü maddəsindən istifadə edərək Hərbi Alyans çərçivəsində məsləhətləşmələr təşkil etməsi, bu çərçivədə NATO baş katibinin Suriya prezidenti Bəşər Əsədə qarşı ciddi ittihamlar irəli sürməsi onu göstərir ki, sözün həqiqi mənasında Dəməşq ətrafında həlqə daralır. İstənilən halda Suriyada Yəmən yox. Liviya variantının reallaşması ehtimalı artır.
Süleyman İsmayılbəyli
hdəliklərə riayət etmədiklərini bildirirlər. Hesab edirəm ki, məsələnin bu cz