“Bizim hakimiyyət-müxalifət anlayışımız yoxdur” - MÜSAHİBƏ
Seyfəddin Altaylı: “Yeganə məqsədimiz Azərbaycan dövlətçiliyinin çiçəklənməsi, xalqının öz doğma yurdunda azad və firavan yaşamasıdır”
4 İyul 2013 13:34 Müsahibə" Azərbaycanın dövlət maraqları və müqəddəs vətəni olan yerdə başqa şeylərə fikir vermərik"
Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınmasında zamanında dövlət adamları, ayrı-ayrı təşkilat və qurumlarla yanaşı fərdi şəxslərin də müstəsna xidmətləri olub. O illərdə müstəqilliyimizin dünya miqyasında tanınmasında fəallıq göstərmiş şəxslərdən biri də Türkiyədə yaşayan soydaşımız Seyfəddin Altaylıdır. Həmin dövrdə Azərbaycanı Tanıtma Dərnəyinə rəhbərlik edən Seyfəddin Altaylı çalışdığı TRT-nin "Türkiyənin Səsi" radiosu vasitəsilə də Azərbaycanın təbliğatını həyata keçirib. Lakin təəssüfedici məqam ondan ibarətdir ki, günümüzdə əksəriyyət insan Seyfəddin Altaylının Azərbaycanın haqlı davası uğrundakı mübarizəsindən xəbərsizdir. Hazırda TRT-nin "Türkiyənin Səsi" radiosunun Azərbaycan türkcəsi bölməsinin məsul şəxsi olan Seyfəddin Altaylı "OLAYLAR"-a verdiyi müsahibədə bütün bunlara aydınlıq gətirib. O, hazırda sözügedən radioda Azərbaycanın təbliği məqsədilə hazırladığı verilişlər, reportajlar barədə də məlumat verib. Seyfəddin Altaylı bildirib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycanın təbliğatı məsələlərinə xüsusi diqqət yetirəcək.
-Seyfəddin bəy, TRT-nin "Türkiyənin Səsi" radiosunun Azərbaycan türkcəsi bölməsinin məsul şəxsi olaraq Azərbaycanın haqq səsi, Dağlıq Qarabağ probleminin türk xalqı və dünya ictimaiyyətinə çatdırılmasına necə dəstək verirsiniz?
-Biz radio olaraq əvvəldən Azərbaycanın xeyrinə olan fəaliyyətlər göstərmişik və bu fəaliyyətimiz bundan sonra da davam edəcək. Şəxsən mən müstəqilliyə gedən yolda bütün gücümlə çalışmışam. O vaxtlar mən Azərbaycanı Tanıtma Dərnəyinin sədri vəzifəsini icra edirdim. Türkiyə ictimaiyyəti, dövlət adamları və Avropadakı dostlarımızla daim əlaqəli şəkildə çalışırdım. Azərbaycanın müstəqilliyinin tanınmasında bizim dərnəyimizin də müəyyən xidmətləri olub. 20 Yanvar hadisələri ərəfəsində Avropada, xüsusilə Almaniyada fəal işlədim. Avropadakı soydaşlarımız və onların cəmiyyətləri, dərnəkləri, buraxdıqları qəzet və jurnallar, televiziya kanalları ilə sıx əlaqə saxladım, bu hadisənin yaranmasının kökündə dayanan səbəbləri xarici ölkələrin ictimaiyyətinə çatdırdım. Xocalı soyqırımı ərəfəsində isə Türkiyə ərazisində fəaliyyət göstərdik. Bizimlə əməkdaşlıq edən dərnəklərin fəaliyyət göstərdikləri şəhərlərdə mitinqlər keçirmələrini təmin etdik. O zaman biz də dərnək olaraq Ankarada böyük bir mitinq təşkil etdik. Başladığım yardım kampaniyası çərçivəsində 420 min dollarlıq dərman preparatları və tibbi avadanlıq topladıq. Həmin yardımı aparıb o vaxt hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsinə təhvil verdim. Həmçinin Xocalı soyqırımının şahidləri, hərbiçilər, qaçqınlar və köçkünlərlə müsahibələr götürüb onları "Türkiyənin Səsi" radiosu vasitəsilə yaydım. Ümumiyyətlə, o zamandan indiyə qədər Qarabağ probleminin Azərbaycanın maraqlarına görə həll edilməsi yolunda nə lazımdırsa onu etmişik və edəcəyik.
-Radioda Azərbaycanla bağlı daha çox hansı xəbərlər, reportajlar yer alır?
-Radiomuzda Azərbaycanla bağlı hər bir xəbər və reportaj yayımlanır. 1985-ci ildən çalışdığım radionun məsuluyam. Hər həftə "Sözümüz Söhbətimiz" adlı proqram efirdə səslənir ki, həmin proqramı da şəxsən özüm hazırlayıram. Həmin proqramda Azərbaycanlı alimlər, ziyalılar, sənətçilər, dövlət və ictimai xadimlər, xalqın sevdiyi yazıçı və şairlərlə müsahibələr olur. Radio olaraq bizim hakimiyyət-müxalifət anlayışımız yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycan dövlətçiliyinin çiçəklənməsi, xalqının öz doğma yurdunda azad və firavan yaşamasıdır. Biz nə hakimiyyətin tərəfini saxlayırıq, nə də müxalifətin. Azərbaycanın dövlət maraqları və müqəddəs vətəni olan yerdə başqa şeylərə fikir vermərik.
-Türkiyədəki Azərbaycan diasporu bu kimi vasitələr, televiziya və radiolardan yararlana bilirlərmi və onların radio və televiziyalarla əməkdaşlığı hansı səviyyədədir?
-"Türkiyədə Azərbaycan diasporu" ifadəsi bir qədər gülməli və qəribə səslənir. Türkiyədə yaşayan hər bir Türk Azərbaycanın könüllü diaspor nümayəndəsidir. Bu səbəbdən Türkiyədə diaspor yaratmaq kimi fikirlər mənə görə lazımlı deyil. Azərbaycan və Anadolu coğrafiyalarında yaşayan insanlar əzəli və əbədi qardaşdır. Ona görə də qardaşların ölkəsində diaspor yaratmaq düşüncəsini ağla gətirmək təəssüf yaradır.
-Azərbaycanı daha geniş mənada tanıtmaq baxımından yaxın vaxtlarda radioda hansı yeniliklər və layihələr nəzərdə tutulur?
-Biz Azərbaycanı sadəcə olaraq Qüzey Azərbaycan Cümhuriyyətindən ibarət saymırıq. Azərbaycan vahid bir coğrafi məkandır, müqəddəs vətəndir. Onun sərhədləri Qızılüzən çayından, Həmədandan başlayıb Dərbənddə, Gümrüdə qurtarır. Bu coğrafiya, Azərbaycan mədəniyyətinin hakimiyyət qurduğu dairədir. Bu məkanda danışılan dil, mifoloji çağlardan bəri davam etdirilən mədəniyyət, inam, buralarda yaşayan xalqın güzəranı, tarixi yolu, bir sözlə maddi və mənəvi mədəniyyətini bütün təfərruatına qədər radiomuzda səsləndirməyi qarşımıza məqsəd qoymuşuq və bunu etməyə çalışırıq. Bu yolda uğurlu və ya uğursuz olduğumuza da dinləyicilərimiz qərar verə bilər. Onların hər bir tənqidini mayaq kimi qəbul edirik. Çünki tənqid olmayan yerdə tərəqqi olmaz.
-Bəzən Türkiyədə belə bir çoxlarının Azərbaycanın problemlərinə biganə qaldığı və ya məlumatsız olduğu bildirilir. Sizcə, bu Azərbaycan diasporunun Türkiyədə o qədər də uğurlu olmayan fəaliyyəti ilə bağlı deyilmi?
-Hər iki coğrafiyada yaşayan xalq canbir, qanbir qardaşdır. Əgər küçədə gedən insanlar, yəni Azərbaycan və Anadolu coğrafiyasında yaşayan insanlar, o coğrafiyaların problemlərini istənilən səviyyədə bilmirsə bunun günahı o insanların boynuna yüklənə bilməz. Xalqlarımız rus, ingilis, fars dillərini, onların mədəniyyətini, tarixini, hər bir şeyini yaxşı bilirsə, Azərbaycan və Anadoluda yaşayan öz qardaşları haqda kifayət qədər məlumat sahibi deyildirsə deməli bunda dövlətlərin günahı var. Biz məktəblərdə şagirdlərimizə, tələbələrimizə Azərbaycanı və Anadolunu istənilən səviyyədə öyrətdik ki, onlardan qeyd etdiyimizlər haqqında məlumat tələb edirik?. Adama deməzlərmi ki, "sən onlara nə verdin ki, nə də istəyirsən?"
-Konkret olaraq siz bununla bağlı nələri tövsiyyə edərdiniz?
-Mənə görə məktəblərimizdə ortaq dil, tarix, ədəbiyyat, coğrafiya, diyarşünaslıq, inamlar, folklorla bağlı ortaq dərsliklərimiz yaradılmalı və məktəblərdə tədris edilməlidir. Türkiyənin Azərbaycanda, Azərbaycanın da Türkiyədə diaspor yaratmaq fikrinə düşməsi mənə görə hər iki xalq üçün təhqir mənasındadır. Bu xalqların bir-birinə duyduğu qardaşlıq sevgisinin şahidləri Azərbaycanın hər bir küncündə şəhid düşmüş Anadoludan qardaşlarına köməyə gedən Məmmədçiklər, Çanaqqalada-Gəlibolu yarımadasında Məmədçiklərlə çiyin-çiyinə döyüşərək müqəddəs canını Tanrısına tapşıraraq şəhid düşmüş Azərbaycanlı Məhmədçiklərdir. Türkiyə və Azərbaycan dövlətləri, məktəblərdə ortaq dərsliklər yaratmadığı müddətcə küçədəki vətəndaşından hər iki coğrafiya və oralarda yaşayan xalqlarla bağlı artıq məlumat tələb etmək hüququna malik deyildir. Əgər Bakı, Gəncə, Lənkəran, Xaçmaz, Ankara, İstanbul, Hakkari, İqdır və Ədirnənin küçələrində hər hansı vətəndaşına Türkiyə və Azərbaycanla bağlı məlumat sual edildikdə həmin vətəndaş istənilən səviyyədəki məlumatı sizə çatdıra bilmirsə bu günah Türkiyə və Azərbaycan dövlətlərinindir. Dövlətlərimiz bu məsələni birdəfəlik həll etməyin yollarını axtarıb tapmaq məcburiyyətindədir.
Süleyman İsmayılbəyli