Qəbul imtahanlarında qanunsuzluqla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirildi
19:18 SosialGəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun məhkəməsi keçirilib.
Olaylar xəbər verir ki, hakim Elçin Məmmədovun sədirlik etdiyi prosesə şahidlərin gəlmədiyi məlum olub.
Hakim şahidlərin iştirakı olmadan prosesin keçirilib-keçirilməməsi ilə bağlı tərəflərin fikrini soruşub və məhkəmə iclasının davam etdirilməsi qərara alınıb.
Prosesdə şahidlərin ibtidai istintaqa verdiyi ifadələr əsas götürülüb.
Ardından təqsirləndirilən şəxslərin ifadələri dinlənilib. İlk olaraq Gündüz Abbasov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadələsi ilə qismən razı olduğunu deyib. Qeyd edib ki, CM-nin 302-ci maddəsinin "texniki vaistələrin satışı" ilə bağlı ona qarşı irəli sürülən ittihamla razı deyil: "Həmin qurğular ölkə ərazisində satılır, satış internet resurslarında aparılır. Söhbət sadəcə həmin qurğulara əl çatanlığın təmin edilməsindən söhbət gedə bilər".
Gündüz Abbasov həmçinin barəsində irəli sürülmüş CM-nin 308.1-ci maddəsinə də münasibət bildirib. Bu maddənin ağırlaşdırıcı hal olduğunu, özünün isə vəzifəli şəxs sayılmadığını deyib.
Dövlət ittihamçısı isə Gündüz Abbasova ibtidai istintaqa verdiyi ifadəsini xatırladıb və bildirib ki, o, ibtidai istintaqa qurğuları Türkiyədən aldığını deyib.
Gündüz Abbasov Kamran Əsədovun cinayət işinə daxil olmasına da aydınlıq gətirməyə çalışıb. Bildirib ki, qurğuların mövcudluğundan o da xəbərdar olub.
Dövlət İttihamçısı isə Gündüz Abbasovun məhkəmədəki ifadələrində səmimi olmadığını vurğulayıb, qurğu quraşdırılmış 14 abuturiyentin imtihana girdiyini deyib.
Növbəti proses mayın 25-i keçiriləcək. Həmin prosesdə Kamran Əsədov ifadə verəcək.