Aprelin 24-də Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsi (HTBİ) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, DTX-nin Hərbi-tibb baş idarəsinin inzibati binasında keçirilən mərasimdə İnstitutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov, Hərbi-tibb baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev, elmi ictimaiyyətin nümayəndələri, baş idarənin kollektivi və digər qonaqlar iştirak ediblər.
Mərasimdə giriş sözü ilə çıxış edən tibb xidməti general-mayoru Rüfət Əliyev Hərbi-tibb baş idarəsinin fəaliyyət istiqamətləri, genetik araşdırmalar və elmi tədqiqat məsələləri barədə məlumat verib, HTBİ-də həkim-mütəxəssislərin və digər tibb işçilərinin peşəkar hazırlığının daha da artırılması üçün davamlı tibbi təhsilin əhəmiyyətindən bəhs edib. ADHTİ-nin ölkəmizin səhiyyə sistemi üçün mütəxəssis hazırlığında xüsusi rol oynadığını, institutun inkişafının görkəmli alim və dövlət xadimi Əziz Əliyevin adı ilə sıx şəkildə bağlı olduğunu vurğulayıb. Akademiklər Zərifə Əliyeva, Mirməmməd Cavadazadə, Cəmil Əliyev və digər alimlərin fəaliyyətinin institutun ən parlaq səhifələrindən olduğunu bildirib. İnstitutda son dövrlər elmi-pedaqoji fəaliyyətin gücləndirildiyini, innovativ tədris metodlarının tətbiq edildiyini və tibbi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərdən bəhs edib.
Əziz Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov institutun böyük elmi irsə və ənənələrə malik qədim elmi müəssisə kimi səhiyyə sisteminə qazandırdığı nailiyyətlərdən danışıb, davamlı tibbi təhsilin təşviqi istiqamətində institutun uğurla irəlilədiyini vurğulayıb. Professor İnstitutun keçdiyi şərəfli yol və beynəlxalq əməkdaşlıq əlaqələri barədə geniş söz açıb, tanınmış alimlərin institutun geniş şöhrət qazanmasındakı rolunu qeyd edib. Anlaşma Memorandumunun imzalanmasının tibb işçilərinin peşəkarlığının daha da artırılması, qarşılıqlı faydalı əməkdaşlığın qurulması və birgə layihələrin icrası üçün yaxşı perspektivlər yaratdığını bildirib.


