İstirahət də işləmək qədər vacibdir - MÜSAHİBƏ
İstirahət üçün informasiyanın daha az olduğu yerləri seçmək məsləhətdir
2 İyul 2013 14:21 MüsahibəHər bir insanın istirahət etmək hüququ var. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Çalışan şəxslər nəinki fiziki və zehni, hətta psixololi cəhətdən yorulurlar.
- Tünzalə xanım, yorğunluq nədir?
-Yorğunluq - gərgin və ya uzunmüddətli iş nəticəsində orqanizmdə fizioloji proseslərin gedişinin pozulması ilə yaranan vəziyyətdir.
Yorğunluq iş qabiliyyətinin azalmasına səbəb olur. Çox ağır fiziki yorğunluq zehni fəaliyyəti də azaldır və əksinə, zehni gərginlikdən sonra fiziki fəaliyyət tələb edən işin yerinə yetirilməsi qabiliyyəti də aşağı düşür.Yorğunluğun subyektiv təzahürləri əzələlərdə ağrı, ümumi zəiflik, öz işini yerinə yetirmək istəyinin olmaması və hətta insanın davranışında əmələ gələn müəyyən dəyişikliklər - əsəbilik, məyusluq və ya süstlük kimi əlamətlərdir. Bu dəyişikliklər fiziki və ya zehni əməyin hansı gərginliklə yerinə yetirilməsindən asılıdır. Uzun müddət yerinə yetirilən orta dərəcədə gərgin işin yorğunluğu bir qədər istirahətdən sonra keçib-gedir və adamın sağlamlığına heç bir zərər gətirmir. Çox gərgin fiziki və ya zehni işdən sonra isə ağır yorğunluq hiss olunur. Belə yorğunluq adamı tamam üzə bilər. Bu cür vəziyyət çox vaxt işin pis təşkili nəticəsində yaranır. Ağır və hətta orta dərəcəli yorğunluqdan sonra kifayət qədər istirahət etmədikdə, bu yığılır və ifrat yorğunluğa keçir. İfrat yorğunluqda xəstə halın bütün əlamətləri olur və müxtəlif cür təzahür etdiyindən diaqnoz qoymaq çətinləşir. İfrat yorğunluğun ən çox təzahür edən simptomları - daim özünü pis hiss etmək, süstlük, zahiri görkəmin əzgin olması, hər bir yüngül fiziki, ya zehni əməkdən sonra tez yorulmaq, iştahanın olmaması, yuxunun pozulması və s. kimi əlamətlərdir. İfrat yorğunluq xroniki xəstəlikləri şiddətləndirir və həmçinin orqanizmin xəstəlik törədicilərə qarşı müqavimətini azaldır. Xüsusən orqanizmdə fizioloji proseslərin pozulması daha təhlükəlidir. Belə olduqda bəzən istirahət də lazımi səmərəni vermir və bu, əsəbi-psixi yorğunluğa səbəb olur. Yorğunluğun bir forması da usanmadır. Bu çox vaxt maraqsız iş nəticəsində baş verir. Usanmanı ağırlaşdıran bir şərt də əməyin pis təşkilidir. Yorğunluğun əmələ gəlməsinə səbəb olan bir amil də həddindən artıq səs-küydür. 40 desibel gücündə (lehimləmə lampasının küyü qədər) olan səs-küy artıq əsəbiliyin yaranmasına səbəb olur. Səs-küylü işlərdə isə (80 desibeldən yüksək) xüsusi səs keçirməyən qulaqlıqlardan istifadə etmək lazımdır.Qeyd etmək lazımdır ki, bəzən oyadıcı maddələrlə fiziki və zehni iş qabiliyyətini süni surətdə artırmağa çalışırlar. Lakin bu çox zərərli vərdişdir. Yorğunluq zamanı bu cür maddələrdən uzun müddət istifadə etmək tamam üzülmə ilə nəticələnə bilər. Sinir sistemini oyadan ən çox işlənən maddə qara qəhvədir, bunun təsirini isə bəziləri çox vaxt siqaretlə gücləndirməyə çalışırlar. Nəticədə belə adamlar çox əsəbi olur, yorğunluqları isə get-gedə artır. Yalnız uzunmüddətli, lazımi səviyyədə təşkil edilmiş istirahət orqanizmin yenidən əsəbi-psixi tarazlığa qayıtmasına şərait yaradır.
- Istirahətin hansı növləri var?
-İstirahət aktiv və passiv olur. Passiv istirahət zamanı adam heç bir işlə məşğul olmur. Aktiv istirahət zamanı isə gəzintiyə, səfərə çıxır, idmanla məşğul olur, ya da heç olmasa, məşğuliyyətini dəyişir. Həm fiziki, həm də zehni əməkdən sonra bərk yorulduqda əvvəl passiv istirahət etmək və ancaq bundan sonra aktiv istirahətə keçmək lazımdır. Orta yorğunluq isə aktiv istirahətlə keçir. Aktiv istirahət qabiliyyətini hər kəs özündə tərbiyə etməlidir. Bu, adamın vərdişinə çevrilməlidir.
- İstirahət nə üçün lazımdır?
-İtirilmiş enerjini bərpa etmək, sağlamlığın qorunması, psixi rahatlığın təmin olunması və iş qabiliyyətinin artırılması üçün istirahət etmək lazımdır. İstirahət ilk növbədə insanı həm fiziki, həm də psixi cəhətdən enerji ilə təmin edir.
- Uzun müddət istirahət etmədikdə nə baş verir?
-Ümumiyyətlə, uzun müddət istirahət etməmək insanın psixoloji durumu ilə yanaşı, sağlamlığına, iş qabiliyyətinə də mənfi təsir göstərir. İstirahət etmədikdə adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur. Bütün bu simptomlar xroniki yorğunluğun yaranmasına və başqa qarşısı alınmayan xəstəliklər kimi getdikcə daha da ağırlaşır. Nəticədə səbəbsiz qorxular, narahatlıq hissi, əzələdə ağrılar özünü göstərməyə başlayır. Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğu da yaranır. Bu zaman nəyisə yadda saxlamaq, fikrini cəmləmək, sadə məsələləri belə həll etmək çətinləşir. Misal üçün, məntiqi məsələləri həll etmək üçün, ona adi halda tələb olunandan daha çox vaxt lazım olur. Yorğunluq immun sisteminə də təsir göstərir. İmmun sistemi zəifləyir, insan xəstəliklərin, virusların, bakteriyaların qarşısında aciz qalır. Bu səbəblərdən də istirahət etmək çox vacibdir.
- İstirahəti necə təşkil etmək lazımdır?
-İstirahət zamanı həll olmayan işlər insanda psixoloji gərginlik yaradır. Ona görə də çalışıb ən vacib işləri tamamlamaq lazımdır. İstirahət vaxtı yaxşı istirahət edin. Məsəl var, yaxşı istirahət etməyən yaxşı işləməz. İstirahət zamanı belə, özünüzü hədsiz yükləməyin. Daha çox rahat olun. Sizə fiziki və psixoloji rahatlıq verən istirahət növünü seçin. Istirahətin mənalı keçməsinin sirri onun düzgün təşkilidir. Asudə vaxtı açıq havada, yəni parkda, meşədə keçirdikdə, turizmlə, idmanla məşğul olduqda qüvvə bərpa olunur, orqanizmin yorğunluğa qarşı müqaviməti artır. Vacibi odur ki, hər kəs özünə xoş gələn və onun fiziki imkanlarına cavab verən idman növü ilə məşğul olsun. Hamıya uyğun gələn ən yaxşı fiziki iş gəzintidir. Bununla 2 yaşından başlayaraq 100 yaşınadək hamı məşğul ola bilər. Istirahət üçün insanlar daha çox xarakterlərinə və zövqlərinə uyğun yerlər seçsinlər. Kiminsə xətrinə və ya məsləhətinə görə, istirahət üçün harasa getmək lazımi effekt verməyəcək.
Bəzən adamlar istirahət vaxtı da işləri ilə məşğul olurlar ki, bu da istirahətin keyfiyyətinə mənfi təsir göstərir. İstirahət üçün informasiyanın daha az olduğu yerləri seçmək məsləhətdir. Bu, misal üçün təbiət guşələri ola bilər. Adrenalini sevənlər üçün bu hər hansı andrenalini yüksəldən istirahət ola bilər. Yaxşı olar ki, istirahət etməyə hazırlaşanlar istirahət üçün fərqli mühit seçsinlər. Bu həm kənd yerləri, həm də xarici ölkəyə səfər də ola bilər. Şəhərlərdənsə təbiət qoynunda istirahət etmək müsbət təsiri ilə seçilir. Belə ki, yaşıllıq, təbiət səsləri (quşların səsi, çayın səsi, bulağın səsi, şəlalənin harayı) dəniz qırağında istirahət insanı sakitləşdirir.
- Nə üçün məhz yay fəslində insanlar daha çox istirahətə gedirlər?
-İstirahət sözü isti və rahət sözlərinin birləşməsindən yaranıb. Deməli isti havada rahat şəkildə biz səyahətə gedir, əlverişli hava şəraitində dincəlirik.Yay gəldikdə istər-istəməz istirahət haqqında düşünənlərin sayı artır. Bu hissi havanın yaxşı keçməsi ilə yanaşı, turizm şirkətlərinin yaydığı reklamlar, bu mövzuda verilən filmlər, verilişlər də artırır.
Lakin yayın gəlişi ilə istirahətə çağıran reklamların verilməsi, ətrafda tanışların, rəfiqələrin bu haqda söhbət etməsi məhz bu dövrdə adamda istirahətə getməyə, vaxtını fərqli keçirməyə istək yaradır.
- İlin hansı fəslində istirahət etmək lazımdır?
-İstirahətin mütləq yayda planlaşdırılması vacib deyil. Belə ki, insan özünü pis hiss etdikdə, çox yorulduqda, depressiya, streslə qarşılaşdıqda, vaxtı olduqda və ya sadəcə istirahət etməyə ehtiyac duyduqda bunu etməlidir. Əslində payız və qış aylarında psixoloji olaraq insanların istirahətə daha çox ehtiyacları olur. Belə ki, havanın pis keçməsi, qaranlıq, monotonluq insanlarda depressiyaya, ruh düşkünlüyünə meyl yaradır. Bu zaman çox yorulduqda, streslə üzləşdikdə belə, nadir hallarda kimsə istirahət etməyi planlaşdırır. Yaxşı olar ki, soyuq aylarda da insan özünü piss hiss etdikdə istirahət etmək, həyat tərzini dəyişmək, yenilik etmək barədə düşünsün. Qış tətili və ya yaz tətili günlərində rayonlara səfər etmək, qısamüddətli də olsa, istirahət xroniki yorğunluğun, pessimizmin qarşısını ala, əhvala müsbət təsir edə bilər.
- Uşaqlı ailələr istirahətlərini necə təşkil etməlidir?
-Ailəvi istirahət mərkəzi adlandırılan yerlərdə təbii ki uşaqların maraqları nəzərə alınmalıdır. Uşaq üçün maraqlı nə ola bilər? Məsələn, gün ərzində istirahət edən uşaqlar üçün müxtəlif maraqlı oyunlar keçirilsin, fərqlənənləri xüsusi diplomlarla mükafatlandırsınlar. Valideynlər uşaqlarını onlar üçün nəzərdə tutulan qapalı oyun meydançalarına da verə bilərlər. Həmin meydançalarda uşaqların əylənməsi üçün ən müxtəlif atraksionlar quraşdırılmalıdır. Maraqlanmaq lazımdır ki, istirahət mərkəzlərində uşaqlarla işləyən şəxslər nə qədər peşəkardır və onlar uşaq psixologiyasına bələddirlərmi? Bu informasiyalarla maraqlanmaq sizin haqqınızdır, çünki siz müəyyən qədər vəsait ödəyirsiz və göstərilən xidmət uşaqların mənafeyinə uyğun olmalıdır.
-İstirahət müddətinin uzun olmasının hansı fəsadları ola bilər?
- İstirahətin çox uzanması əks təsir verə bilər. İnsanda passivlik, tənbəllik müşahidə olunar. Həm də uzun müddət fasilədən sonra əvvəlki iş rejiminə, həyat tərzinə öyrəşmək də çətinləşə bilər. Uzun müddət, məsələn, 3-4 aylıq istirahətdən sonra əvvəlki həyata qayıtmaq insanda depressiya da yarada bilər. Xüsusilə də çətin adaptasiya olan insanlarda istirahət çox uzandıqda stress vəziyyəti və istirahətdən yorulma kimi hallar əmələ gəlir.
- Sonda istirahətə gedənlərə tövsiyələriniz?
Heç olmasa ildə bir dəfə insan öz doğulduğu torpağa getməli, qohumlarına baş çəkməlidir. Çünki insan torpaqdan əmələ gəlib, ona görə də itirilmiş enerji öz doğulduğu torpaqda daha tez bərpa olunur.
İstirahət vaxtı təkcə bədən deyil, beyin də dincəlməlidir. Bunun üçün çoxlu üzmək və qaçmaq faydalıdır. Çünki dəniz və günəş orqanizm uçün ən yaxşı vitamindir.
-Yorulan beynin dincəlməsi uçün ən yaxşı metod nədir?
-Bir qayda olaraq səs-küylü, səhhətə ziyan vuran yerlərdən uzaqlaşmaq lazımdir. Tətil muddətində idman etmək, mümkün qədər açıq havada gəzmək, iş barədə düşünməmək məsləhətdir. Bəzən bu müddətdə görülməsi vacib olan işlərlə məşğul oluruq. Bu da beyni daha çox yorur. Insan ruhən fəsillərə daha çox bağlıdır. Gərgin və stresli iş saatından sonra tətilə çıxarkən günəşli dəniz beynin dincəlməsi üçün əsl fürsətdir. Üzmək orqanizm üçün vacib rol oynayır. Dəniz suyunu xüsusilə günəş şüaları ilə birlikdə qəbul etdikdə bədən bir çox xəstəliklərdən qorunmuş olur və bu bəzi xəstəliklərin müalicəsinə də kömək edir. Istirahət üçün vaxt ayırmayıb yalnız işi düşünən insanlarda ruh düşkünlüyü, yuxusuzluq, əsəb pozğunluğu və s.problemlər meydana çıxır. Belə adamlar tətillərini səmərli keçirməlidirlər ki, bütün bu fəsadlar aradan qalxsın. Rejimə əməl etməklə düzgün qidalanmaqla, idman etməklə, stresdən uzaqlaşmaq mümkündür. Kitab oxumaqla beyin daha fəal olur. Idman beyni sakitləşdirir, qan dövranını nizamlayır, beynin qidalanmasını rejimə salir. Ancaq ağır idman növləri ilə məşğul olmaq düzgün deyil. Bədən üçün ən asan və faydalı olan idman növü qaçışdır. Bədəni ağır idmanla yükləmək və buna səy göstərmək qan təzyiqinin yüksəlməsinə yol açır ki, bu da beyinə qan sızması ilə nəticələnə bilər.
Sonda psixoloq bir qrup insanlar üçün xüsusi məsləhətlər verib:
Qənaətçilər üçün - Çoxdan arzuladığınız bir şeyi özünüzə hədiyyə edin. Misal olaraq, özünüzü yaxşı bir istirahətə həsrət qoymayın, şoppinq edin. Hər şeydən imtina xəstəliyə gətirib çıxardar.
İşgüzarlar üçün - İstirahət zamanı mobil telefonunuzu söndürün. İlk baxışdan istirahət zamanı bir neçə iş zənglərinə cavab vermək o qədər qorxulu görünmür. Lakin insanın sinir sistemi bu halda gərgin olur, belə bir zəngin hər an gəlməsini gözləyirsiniz. Bu da istirahətdən sizi ayırır.
Qapalı insanlar üçün - Qapalılığın da bir çərçivəsi olsa yaxşıdır. Ətrafa daha açıq insanlar daha az xəstələnir və daha az yorulurlar. Hər şeyin pis olduğu halda, yaxşı kimi özünüzü göstərib həm özünüzü ,həm də başqalarını aldatmayın. Problemləriniz haqqında yaxınlarınızla söhbət edin, problemlərinizi bölüşün, yüngülləşərsiniz.Necə deyərlər "dərdi bölüşərsən azalar, sevinci bölüşərsən çoxalar".
Pessimistlər üçün - Dünyaya baxışlarınızı dəyişin, bu sizə daha az yorulmanıza kömək edəcək. Daim yaxşı şeylər haqqında fikirləşin, əks halda sizə çətin nəsə kömək edər.
Tənbəllər üçün - Gününüzü səhər idmanı ilə başlayın fitnes-klubla bitirin. İdman stress hormonlarını (adrenalin və noradrenalin) dağıdır, yorğunluğu götürür.
Sevda Qurbanqızı