İsteriyanın müalicəsi varmı?
O ağlayır, çığırır, özünü yerə çırpır...
26 İyun 2013 13:06 MüsahibəMüsahibimiz psixoloq Tünzalə Verdiyevadır.
-Tünzalə xanım, ümumiyyətlə isteriya nədir?
-İsteriya qədim dövrlərdən bəlli olan xəstəliklərdəndir.Əvvəllər belə hesab edirdilər ki, bu xəstəlik ancaq qadınlar arasında rast gəlinir və uşaqlığın "azaraq bədəndə gəzməsi" ilə əlaqədar meydana çıxır(yunanca nustera-uşaqlıq deməkdir).Yalnız XVII əsrdə fransız həkimi Şarl Lepua müəyyən etdi ki, isteriyaya kişilərdə və uşaqlarda da rast gəlinir. Xəstəliyin başlıca xüsusiyyəti hərəkət və hissiyyat (emosiya) sferasına aid funksional pozuntuların olması, xəstənin asanlıqla təlqinə və özünü təlqinə məruz qalmasıdır. Diqqəti cəlb edən cəhətlərdən biri də onların öz xəstəliklərinə "xüsusi"münasibət bəsləməsidir. Bir tərəfdən müalicə olunmasını istəyərək həkimə müraciət edir, digər tərəfdən isə xəstəlik halından çıxmaq istəmir, sanki bu hərəkətlər ona zövq verir.
İsteriya xəstəliyinə, adətən, isteroid xasiyyətli şəxslərdə, İ.P.Pavlovun müəyyən etdiyi kimi II siqnal sistemi zəif, bədii tipə mənsub olan adamlarda təsadüf edilir.
Psixoloq xəstəliyin kliniki əlamətlərini sistemləşdirərək onları 3 qrupa bölür:
1)İsterik cəngolmalar;
2)Vegetativ və hərəki funksiyaların isterik pozuntuları;
3)İsterik psixi pozuntular.
İsterik cəngolmalar ən müxtəlif formalarda, xəstənin yaşadığı ictimai mühitin başlıca xüsusiyyətlərini əks etdirməklə cərəyan edir. Məsələn, keçən əsrin II yarısında Fransada yaşamış məşhur psixonevroloq Şarkonun təsvir etdiyi "isteriya qövsü"nə (xəstə yalnız ayaq barmaqlarına və başının təpə və alın hissəsinə söykənərək bütün bədənini qövs şəklində yuxarı qaldırıb bu vəziyyətdə xeyli dayanır.Buna "Şarko qövsü" də deyilir) hazırda çox az təsadüf edir.
Epilepsiya cəngolmalarından fərqli olaraq isteriya tutması zamanı tutma mərhələləri ardıcıl olmur, xaotik, xəstənin arzu və istəyini (şıltaqlığını) əks etdirən məzmunda olur, əslində nümayiş xarakteri daşıyır. Müxtəlif dərmanlardan və təlqin vasitələrindən istifadə etməklə tutmanı dayandırmaq mümkündür.
Epileptik cəngolmalardan fərqli olaraq bu tutmaların daha mülayim, aurasız və düşüncənin tam pozulmadan baş verməsidir.Belə tutma zamanı xəstə ehtiyatla, astaca, özü də münasib yerə (çəmənliyə,yatacağın,xalçanın üstünə və s.) yıxılır.Tutma 30-40 dəq.və daha çox davam edə bilər. Bu zaman bəbəklərin işığa reaksiyası saxlanılır,xəstə dil və dodaqlarını,adətən zədələmir .
Vegetativ və hərəki funksiyaların isterik pozuntuları,adətən,tutmadan sonra meydana çıxır.Tez-tez rast gəlinən əlamətlərdən isterik stuporu,hiperginezləri,xəstənin öz müvazinətini və yerişini itirməsini,astaziya-abaziyanı (ayaqları üstə durmanın və yerimə qabiliyyətinin pozulması),əzələ kontrakturasını (boyun əyilməsi,çiyin əzələlərinin hərəkətsizliyi və s) göstərmək olar. Xəstəliyin klinikasında çox vaxt tutmalarla əlaqədar meydana çıxan nitq pozuntuları da rast gəlnir.Bu kimi hallardan mutizmi (lallıq),kəkələməni,afoniyanı (səsinkarlaşmasını) göstərmək olar. Maraqlıdır ki,xəstə öskürərkən və ya asqırarkən afoniya hiss olunmur,bu ancaq danışarkən baş verir.
Xəstələrdə dəri hissiyatının pozulması da tez-tez rast gəlinir. Məsələn qolun başqa nahiyyələrində hissiyyat saxlandığı halda əlcək formasında (biləkdən bir qədər yuxarıyadək)bir sahənin hissiyatı itir və ya corabın örtdüyü sahə keyləşir və s. Bəzən görmə qabiliyyəti müvəqqəti pozulur. Belə pozuntu görmənin zəifləməsindən tam korluğa (amavroz) qədər ola bilər. Eyni cür pozuntu eşitmə,qoxu və dadbilmə qabiliyyətinə də aid ola bilər.Vegetativ pozuntuların geniş yayılmış formalarından biri boğazda "isterik yumağın "əmələ gəlməsidir. Bu zaman xəstə danışıq və tənəffüs qabiliyyətinin çətinləşməsini söyləyir, boğazda ona mane olan yumağabənzər bir maniyədən şikayət edir. Həyəcan keçirərkən bu hiss daha da güclənir,digər əlamətlərin (boğulma, təngnəfəslik. yeməkdən imtina etmək, stenokardik ağrılar) ona qoşulması ilə xəstənin halı xeyli ağırlaşır.
İsteriya nevrozunda təsadüf edən psixopozuntular,əsasən,hərəkət-davranış və emosiya sferalarını əhatə edir. Bəzən isə bu kimi hallar düşüncə pozuntuları ilə şərtlənir. Xəstələr əsasən düşüncə pozuntuları ilə şərtlənir. Xəstələr özlərini lüzumsuz,uşaq xasiyyət aparır,şıltaqlıq edir və ətrafdakıların diqqətini özlərinə cəlb edirlər. İsterik stupor,depressiya hallarında rast gəlinir. Düşüncənin alaqaranlıq pozulması fonunda cərəyan edən və yalançı ağıl zəifliyi (psevdodemonsia) əlamətləri nümaiş etdirməklə təzahür edən Qanzer sindromu psixi travmalarla əlaqədar meydana çıxan tipik sindromlardandır. Nadir hallarda təsadüf olunan buna bənzər digər sindrom puerilizm adlanır. Bu zaman düşüncə pozuntusu qeyd olunmur, lakin xəstə özünü çox gülünc,bayağı aparır. Sözləri uşaq kimi ifadə edir,mimikasına uşaq görkəmi verir.
-İsteriyanı yaradan səbəblər hansılardır?
-Ekoloji vəziyyətin çətin olduğu şəraitdə psixoloji və patofizioloji pozuntular formalaşır.
Cəmiyyətdə kişi və qadın arasinda bərabərlik iqtisadi cəhətdən mümkündür. Lakin ailədə isə qadın əlavə olaraq ev qayğıları və işləri ilə məşğuldur. Ailədə ünsiyyət dairəsi daralır, ancaq axşam bütün ailə bir yerə yığışır, lakin yenə ünsiyyət tələbatı ödənilmir. Çünki televiziyaya baxmaq, sosial şəbəkələrdə virtual ünsiyyətə üstünlük vermək buna səbəb olur. Bir tərəfdən televiziya verilişləri (böyük və kiçiklərin eyni verilişə baxması) uşaqları vaxtından qabaq böyüklərin dünyasına daxil edir, onlar bunu axıra qədər dərk etmədən, fizioloji səviyyədə reaksiya verir və "оуаnmа" prosesi baş verir. Uşağın real həyatı, bilikləri ilə fizioloji tələbatları arasında münaqişə yaranır və demək olar ki, uşaqların 95%-də nevroz halı formalaşır.
Nevroz xəstəliyi köhnə anlayışdır. Mərkəzi sinir sisteminin funksional xəstəliyidir. Müxtəlif streslər, təzyiqlər, gərginlik nəticəsində yaranmış haldır. Nevrozlar digər psixi xəstəliklərdən onunla fərqlənir ki, onlar tam funksional xarakter daşıyır, yəni beyində heç bir dəyişiklik olmur. Xəstəliyin əvvəlindən insan özünü nasaz hiss edir. Həmin şəxs özü könüllü olaraq təşəbbüs göstərir və müalicə istəyir, həkimə müraciət edir. Nevrozlar uzun streslərin yığılıb qalması nəticəsində yaranır. Insan özü ilə mübarizə aparan zaman, yaxud da nədənsə narazı qalanda, daxilən özü ilə münaqişə nəticəsində nevrozluq yaranır. Nevroz ən yüngül xəstəlik hesab olunur. Burada ilk növbədə gün ərzində fiziki fəallıq göstərilməlidir, yəni insan çox gəzməli, suda üzməli, mütləq təmiz havada olmalı, sakitliyini təmin etməlidir. Sözsüz ki, bununla paralel dərmanlardan da istifadə olunur. Nevroz xəstəliyinin əlamətləri başağrısı, yuxusuzluq, həyəcan, qorxu (xüsusi qorxular, qaranlıqdan qorxmaq, iti əşyalardan qorxmaq və s.), bu halda insan dəfələrlə əllərini yuyur, patoloji səliqəlik və s. əlamətləri var. Sözsüz ki, bu sağalan xəstəlikdir. Bu xəstələr hətta əmək qabliyyətindən də qalmır, sadəcə insanı bir qədər incidir. Nevroz xəstəliyindən hələ ki, heç kəs dünyasını dəyişməyib. Sadəcə belələri daim gərginlik, narahatlıq, həyəcan yaşayır, bir sözlə həyatdan həzz ala bilmir. Bəzən isteriya nevrozlar olur, yaxud müasir dövrdə ona konversion nevrozlar deyilir ki, belə xəstələrdə funksional qıcolmalar baş verir. Belə hallarda xəstələrin mütəxəssisə müraciət etməsi məsləhətdir.
Nevrozlar-sinir sisteminin funksional xəstəliyi olub,əsəb gərginliyi və sinir sistemini zədələyən psixi emosiyalar nəticəsində baş verir. Əgər nevroz əlamətləri daxili xəstəliklər nəticəsində baş verirsə, buna nevrotik reksiya deyilir.
Nevrozun 4 əsas növü var:
nevrasteniya, isteriya, psixasteniya, sayrışan nevrozlar.
1) Nevrasteniya-yuksek oyanıqlıq, həssaslıq hallari ilə yanaşı, depressiv sindrom ve zəifliklə təzahür edir.
2) Isteriya - zəif sinir sisteminə malik olan şəxslərdə psixi travmanın təsirindən baş verir. Kliniki təzahüründə müxtəlif əlamətler: hərəki, sensor,vegetetiv ve psixi pozğunluqlar qeyd olunur.
Hərəki pozğunluqlara-isterik tutmalar, ifliclər və parezlər
Sensor pozğunluqlara- isterik karlıq, korluq, dad və qoxu hissinin itirilməsi aiddir.
Epileptik tutmalardan fərqli olaraq, isterik tutma zamanı xəstənin huşu aydın olur və xəstə həyatı ücün qorxulu olan yerə yıxılmır. Buna gorə də ağır zədələr almır.
Isterik tutma 20-30 dəqiqə, hətta saatlarla davam edir. Bu səbəbdən belə tutma zamanı xəstənin nazı ilə çox oynamaq olmaz.
Isteriya əlamətlərindən biri də hissiyyat pozğunluğudur. Xəstəni yanğı hissi narahat edir,ya da əl və ayaqlarında hissiyyatın azalmasını hiss edir. Bunlar qəflətən baş verən bədbəxt hadisə, psixi sarsıntıdan sonra əmələ gəlir.
3) Psixasteniya-ruhi düşgünlükdür. Təfəkkürlü tiplərdə çox təsadüf olunur. Xəstə həmişə həyacanlı olur, təşviş keçirir, diqqətini cəmləyə bilmir,seksual zəifliyə düçar olur. Belə xəstələr cox vaxt qohum-əqrabasına , dostlarına qəlbən bağlı olur. Mütaliə etməyi sevirlər, məntiq, riyaziyyat , fəlsəfə elmlərinə meyl göstərirlər.
4) Sayrışan nevrozlar-əl çəkməyən yorucu fikirlərin baş verməsi ilə səciyyələnir. Sayrışan fikirlər, sayrışan qorxu və sayrışan hərəkətlər forması kimi ayırd edilir. Məsələn, xəstə evdən çıxıb getdikdən sonra qazı və işığı söndürüb-söndürməməsindən şübhəli olur.
Bəzən xəstə hər hansı bir mənasız və əhəmiyyətsiz bir fikri yadından çıxara bilmir.
Sayrışan qorxu halında xəstə xərcəng və ya hər hansı ağır xəstəliyə tutulmaqdan, qaranlıq otaqdan, hündürə qalxmaqdan qorxur.
Sayrışan hərəkət halında xəstə eyni hərəkəti dəfələrlə təkrar edir, bəzən göz qapaqlarını hərəkət etdirir, başin , boynun , çiynin qeyri-iradi hərəkətləri olur. Xəstə bu hərəkətlərin yersiz olduğunu dərk edir,lakin bunları bir neçə dəfə təkrar etməsə rahatlana bilmir.
-Isteriya halına qadınlarda, yoxsa kişilərdə daha çox rast gəlinir?
-İsteriya deyəndə ilk əvvəl qadın isteriyasını düşünürük. Qadının isteriyası gələndə onun bütün hərəkətləri özünə qarşı çevrilir. O, ağlayır, çığırır, özünü yerə çırpır, saçını yolur, huşunu itirir, ya da halsız düşüb gözünü tavandan çəkmir. Kişilər üçün bu cür davranışlar ayıb hesab olunur. İsteriya şəxsiyyətin pozulması problemindən doğur. İsteriya sözü yunancadan qadın uşaqlığı sözündən yaranmadır. "Uşaqlığın azğınlığı" adlı termin keçən əsrin əvvəllərində çox dəbdə olan ifadə idi. Ona görə də isteriya kişilərə şamil edilmirdi, çünki onlarda uşaqlıq adlı orqan yoxdur. İsteriyanın əsas əlamətləri həmişəki kimi emosional reaksiyalar , göz yaşları, səbəbsiz gülüş, qışqırıq, qıc olma və iflic, hissiyyatın itməsi, karlıq, korluq, şüurun dumanlanması və seksual aktivliyin hədsiz artması sayılırdı.
-Tünzalə xanım, xəstəliyi necə müalicə etmək olar?
-Isteriya nevrozunu yaradan səbəbi aşkara çıxarıb aradan qaldırmaq lazımdır. Ilk növbədə psixoterapevtik müalicə aparılmalıdır. Sanatoriya-kurort müalicəsi, fizioterapevtik müalicə üsulu da əhəmiyyətlidir. Söhbət terapiyası, qrup terapiyası, art terapiya, interpersonal əlaqələrin qurulması müsbət təsir edir.
Sadalanan psixi stress faktorlarının insana təsiri onun aid olduğu ictimai qrupdan, tərbiyəsindən, temperament tipindən, xarakterindən, həyat meyarlarından, sərvət meyllərindən və adaptasiya qabiliyyətindən bilavasitə asılıdır.
Son illərin mənzərəsinə baxaq:
iş, onun təşkili və iqtisadi çətinliklər;
ailə üzvlərinə çətinlik yaradan geniş tələbat malları ilə təchizat;
işləyən qadınlarda bu tələbatlarla olaqədar əmələ gələn psixi gərginlik;
həll olunmamış ev problemi;
ailə münaqişələri, işdə və digər yerlərdə olan narazılıqlar;
gərginliyi aradan götürmək məqsədilə toksiki maddələrdən istifadə (alkoqol, nikotin, narkotik maddələr və s.)
Psixoloq bunları aradan qaldırmaq üçün psixi gigiyenanın vacib olduğunu qeyd edir:
1. Uşaqların tərbiyəsi sahəsində qadağalar, qorxu hissinin yaradılması ilə yox, davranış nümunələri əsasında tərbiyəyə geniş yer verilməlidir. Uşaq öz təcrübəsində hər şeyin qiymətini bilməlidir.
2. Yeniyetmələrin seksual tərbiyəsini düzgün qurmaq. Özünə qarşı qızın oğlana, oğlanın qıza qarşı məsuliyyətliliyi tərbiyə olunmalıdır.
3. Böyüklərdə əməyi düzgün qiymətləndirmə, düzgün işgüzar davranış göstərmək, düzgün tənqidi qəbul etınək, şəxsi uğursuzluğa, sarsıntıya qarşı dözümlü olmaq təlqin edilməlidir.
4. Çox yorulmaqdan qorunma. Çünki bu zaman görülən işə antipatiya formalaşır.
5. Boş vaxtdan düzgün istifadə etmək. Aktiv istirahət formasından istifadə etmək.
6. Həyat partnyorunu düzgün seçmək. Ahəngdarlığı təmin et¬mək üçün maraq və baxışlann üst-üstə düşməsi, səbrli olmaq, öz hisslərini cilovlama bacarığı vacibdir.
7. Sakitlik, yumor, fiziki və zehni istirahət, autogen məşq, "yoqa", yuxu vasitəsilə buna nail olmaq mümkündür.
8. Toksiki maddələrdən, tütündən, alkoqoldan imtina.
Sevda Qurbanqızı