“Tale elə gətirib ki, onlardan olmadığımızı isbatlamaq məcburiyyətində qalmışıq” - Əflatun Amaşov

“Bütün qanunlar insanların fəaliyyətini bu və ya digər dərəcədə çərçivəyə salır”

"OLAYLAR"ın suallarını Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırır.

-Əflatun müəllim, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik jurnalistlərin işində çətinlik yaratmayacaq?

- İlk baxışdan bütün qanunlar nəinki jurnalist adı daşıyan şəxslərin, eləcə də digər insanların fəaliyyətini bu və ya digər dərəcədə çərçivəyə salır. Buna görə də onlara münasibətdə həssas reaksiya var. Amma məsələyə bir qədər soyuq yanaşmaq lazımdır. Dünyada biznes məlumatları spesifik cəhətlərindən asılı olaraq kommersiya sirri sayılır. Amma burada dövlət təşkilatların qurumları ilə hüquqi və ya fiziki şəxslərə məxsus şirkətlər bir-birilərindən fərqlənirlər. Dövlət şirkətlərinin kapitalı büdcə hesabına formalaşır. İkincilərin kapitalının formalaşması yolları isə başqadır. Ona görə də belə qanunların təsir dairəsi dövlət müəssisələrini əhatə etmir. Burada müstəqil hüquqi və fiziki şəxslərin fəaliyyətinin sərbəstləşdirilməsi, onların mənafeyinin təminatı var. Onların kommersiya sirlərini üçüncü şəxslərlə bölüşməmələrindən söhbət gedir. Təbii ki, hansı halda sirrin kommersiya səciyyəsi daşıdığı müəyyənləşməlidir. Bunun üçün qanunvericilik var. Jurnalist də fəaliyyətində qanunçuluğu rəhbər tutmalıdır. Hazırkı dəyişikliyin mahiyyətində də bu dayanır.

Əsas məsələ isə qanunun icrasındadır. Prosesdə ictimai nəzarət vacib faktordur. Media isə istər-istəməz həmin nəzarətin təminatçısı rolunu oynayacaq. Xarici təcrübədə jurnalistlərin kommersiya qurumları ilə bağlı məlumatlar əldə etmələrinə dair faktlar yetərincədir. Məhkəmələr heç də həmişə onların fəaliyyətlərini qanuna zidd saymayıblar. Buna görə də yenə də deyirəm ki, qanunun icrasına ictimai nəzarət güclü olmalıdır və prosesdə medianın rolu şəksizdir.

- Diffamasiya haqqında qanun artıq neçə illərdir ki, müzakirə olunsa da, qəbul olunmur. Qanunun qəbulu istiqamətində bir yenilik varmı?

- Diffamasiyanın dekriminallaşdırılması, konkret desəm, yazdığı yazıya görə hansısa jurnalistin azadlıqdan məhrum edilməsinin aradan qaldırılması jurnalistikanın inkişafı baxımından vacibdir. Biz bunu prinsip olaraq qəbul edirik. Ona görə də Mətbuat Şurası bir müddət öncə ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə diffamasiya ilə bağlı qanun layihəsini hazırlayıb. Layihə ilə bağlı media cameəsində kifayət qədər geniş formatlı müzakirələr da keçirildi. Tədbirlərə xaricdən də mütəxəssislər dəvət olunublar. Ümumən layihəmiz müsbət dəyərləndirilib. Amma istər cəmiyyətdə, istərsə də medianın özündə diffamasiya ilə əlaqədar yekdil fikir yoxdur. Bir qrup indiki şəraitdə qanunun qəbulunu vacib sayır, digər hissə isə belə qənaətdədir ki, yazıda şərəf və ləyaqətin təhqirinə görə azadlıqdan məhrum edilməni nəzərdə tutan müddəanın aradan qalxması üçün şərait yetişməyib. Bir daha deyim, Mətbuat Şurası prinsip olaraq diffamasiyanın dekriminallaşdırılmasının tərəfdarıdır. Amma öz təcrübəmizdə onu da görürük ki, bəzilərinin bundan "ruhlanması" da mümkündür. Mediamızda insan şərəf və ləyaqətini aşağılayan yazılar yetərincədir. Bununla belə inanıram ki, bu il Azərbaycanda diffamasiya ilə bağlı qanun qəbul ediləcək.

- Bu gün Mətbuat Şurası olaraq həllini diqqətdə saxladığınız əsas məsələlər hansılardır?

- Onlardan biri haqqında danışdıq. Söhbət diffamasiyadan gedir. Məsələni daim diqqətdə saxlayırıq. Bu gün mediamız üçün aktual olan iqtisadi problemlərdir. Onların aradan qaldırılması və davamlı inkişaf yoluna qədəm qoyulması üçün "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond müxtəlif tədbirlər reallaşdırır və həmin tədbirlərin faydası da olur. Amma bütün bunlar müəyyən keçid dövrü üçündür. Medianın sərbəst şəkildə ayaqda qalması vacibdir. Əlbəttə, mövcud istiqamətdə Konsepsiyada kifayət qədər fundamental məsələlər əksini tapıb. Hesab edirəm ki, ilk növbədə onların reallaşdırılması imkanlarının dəyərləndirilməsi zəruridir. Mətbuatın tam müstəqilliyinin təminatı üçün iqtisadi amillər mühüm əhəmiyyət daşıyır. Bu xüsusda reklam bazarının mövcudluğu, daha çox mətbuatın reklam bazarındakı rolunun artırılması müstəsna önəmə malikdir. Mətbuat Şurası hazırda mövcud istiqamətdə aktiv fəaliyyət göstərir. Təbii ki, bu mərhələdə də dövlət dəstəyi mühüm rol oynamalıdır. İlk növbədə rəsmi qurumların elan və reklamlarının KİV-də yerləşdirilməsinə dair xarici təcrübənin tətbiqinə nail olmalıyıq. Şuranın bununla əlaqədar də təklifləri var.

- MŞ-nin xarici əlaqələri, əməkdaşlığı çərçivəsində görülən işlər barəsində məlumat verərdiniz?

- Azərbaycan Mətbuat Şurası Avropa Mətbuat Şuraları Alyansının və Dünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Bu təşkilatlar səviyyəsində müxtəlif təmaslarımız olur. Eləcə də Beynəlxalq Mətbuat İnstitutu kimi mötəbər jurnalist təşkilatı ilə müntəzəm əlaqələrimiz var. Bir neçə ay öncə MŞ təmsilçisi Belçikada Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına hazırlıq məqsədi ilə baş tutan preliminar görüşdə iştirak etdi. Toplantının gündəliyinin razılaşdırılması ilə bağlı diskussiyalara qatıldı. Demək olar, hər ay xarici media qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların media ilə işə məsul şəxsləri Azərbaycan Mətbuat Şurasının qonağı olurlar. Hesab edirəm ki, bu kimi təmaslar da əlaqələrimizin dərinləşməsində müstəsna rol oynayır.

- "Qara siyahı" metodu reket jurnalistikaya qarşı mübarizə üsulu olaraq nə vaxta kimi davam edəcək. Sizcə, problemi çözmək üçün daha hansı vasitələr effektli olar?

- "Qara siyahı" ictimai qınaq tədbiridir. Mətbuat Şurası bu tədbirin köməyi ilə jurnalist peşəsini nüfuzdan salanlara qarşı cəmiyyətdə mənfi münasibətin formalaşmasını təmin etməyi hədəf götürür. Ən azından cəmiyyət üzvləri bilməlidirlər ki, həqiqi jurnalistika özündən olmayanları, peşədən sui-istifadə üçün yararlananları açıb agah etmək potensialını özündə yaşadır. Bu yaşatma əslində bizlərin özünü təsdiqi, ictimaiyyətə mesajıdır. Əlbəttə, bu gün ictimai qınaq media məkanımızdakı neqativ hallarla mübarizədə o qədər də effektiv görünməyə bilər. Amma hələlik başqa yolumuz da yoxdur. Digər tərəfdən, bir qədər öncə mətbuatımızın çətinliklərindən söhbət açdıq. Hesab edirəm ki, jurnalistikanın özünü nə qədər inkişaf etdirsək və peşəni imtiyazlı sahəyə çevirsək, mövcud sahədəki nəzarət mexanizmini daha çox öz əlimizdə cəmləşdirsək təsadüfi simalar bir o qədər tez sıradan çıxacaqlar. Məncə, bütün problemlər kimi bunun da həllinin müəyyən zamana ehtiyacı var.

- Sizcə, KİVDF-nin jurnalistlər üçün keçirdiyi müsabiqədə daha fərqli mövzuların seçilməsinə ehtiyac varmı?

- KİVDF-nin müəyyənləşdirdiyi istiqamətlər "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapan müddəalardır. Yəni, dövlət üçün prioritet sahələr həmin sənəddə əksini tapıb. Ona əsasən müsabiqənin təşkili isə dövlətin prioritet seçdiyi sahələri dəyərləndirməklə yanaşı, həm də jurnalist peşəsinin stimullaşdırılması məqsədini daşıyır. Zənnimcə, bu sahələr üzrə daha dolğun nümunələrin ərsəyə gətirilməsi daha məqsədə uyğun olardı ki, həmin prosesdə də başlıca məsuliyyət jurnalistlərin üzərində cəmləşir. Konsepsiya fundamental sənəddir. Məncə, indiki zamanda orada əksini tapanların tam həcmdə reallaşmasına çalışmaq daha məqsədəuyğundur. Hesab edirəm ki, zaman keçdikcə KİVDF bu zərurəti dəyərləndirəcək.

- Bu gün jurnalistlər reketçiliklə məşğul olmaqla qaydaları pozurlar, bəs jurnalistlərin hüququ daha çox hansı şəkildə və hansı məsələlərdə pozulur? Buna qarşı mübarizə tədbirlərində yenilik varmı?

- Mən məsələyə bir qədər fərqli yanaşardım. Bu gün hüququ pozulan jurnalist belə heç bir halda reketçiliyə yuvarlanmır. Yəni, "reket jurnalistika" kimi qələmə verdiyimiz məhfumun əslində gerçək qələm sahiblərinə aidiyyatı yoxdur. Sadəcə bəxt, tale elə gətirib ki, bizlər cəmiyyətə onlardan olmadığımızı isbatlamaq məcburiyyətində qalmışıq. İnanıram ki, həyati məhrumiyyətlər içərisində olan hansısa həqiqi qələm sahibi də "reket nəşr"lərin təmsilçilərinin getdiyi yolu getməz, peşəsinə dəyər verər. Mövcud mənada "reket jurnalist"lərin hüquq pozmalarına yol vermələri ilə gerçək media mənsublarının üzləşdikləri maneələri eyniləşdirmək, bununla əlaqədar hansısa paralellər aparmaq istəməzdim. Amma bəli, bu gün jurnalist hüquqlarının pozulması halları var. Hələ də qələm sahiblərimiz informasiya əldə etmək sahəsində müəyyən əngəllər yaşayırlar. Bu gün jurnalistlərin əmək hüquqları pozulur. Onlar normal iş, istirahət şəraiti, məzuniyyət hüququnun verdiyi imtiyazlarla təmin olunmurlar, həmkarlar ittifaqları şəklində təmsilçilikləri olduqca zəifdir. Təbii ki, bütün bunlar, eləcə də əvvəldən sadaladıqlarım problemlər bir-biriləri ilə əlaqədardırlar. Hazırda Mətbuat Şurası bu kimi halları gündəmə gətirir. Hesab edirəm ki, mövcud istiqamətdə müəyyən pozitiv işartılar da var. Amma vəziyyətin istədiyimiz səviyyəyə çatması üçün hələ çox çalışmalıyıq.

Aygün
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31