Prezidentlərin bəyanatı nəyi dəyişəcək? - MÜSAHİBƏ
Elman Nəsirov: “Bu cür bəyanatlar nə qədər müsbət hadisə olsa da, nəticə etibarilə ünvan dəqiq göstərilmədiyi üçün Ermənistanda bir arxayançılıq yaradır”
19 İyun 2013 16:10 Müsahibə"Səkkizlik" ölkələrinin Şimali İrlandiyada keçirilən zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin Dağlıq Qarabağ problemi ilə bağlı növbəti bəyanatı qəbul edilib. Bir çox ekspertlər sözügedən bəyanatı mühüm amil kimi qiymətləndirsə və bunun problemin həllinə müsbət təsir göstərəcəyinə əminlik ifadə etsələr də, fərqli düşünənlər də var. Xüsusilə, bəyanatda həmsədr ölkə prezidentlərinin işğala məruz qalanla işğalçı tərəf arasında fərq qoymaması və problemin həllinin yubanmasında hər iki tərəfi günahkar bilməsi bu bəyanat barədə fərqli düşünənlərin arqumentini əsaslı edir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Institutunun direktoru Elman Nəsirov da hesab edir ki, bəyanatda hər iki tərəfə qarşı eyni mövqedən yanaşılma sözügedən sənədin hansısa müsbət nəticənin əldə edilməsinə olan ümidləri azaldır. Onun sözlərinə görə, bəyanatda ikili standartlar bir daha özünü göstərir.
-Elman müəllim, həmsədr ölkələrin liderlərinin Dağlıq Qarabağ problemi ilə bağlı verdikləri son bəyanatı necə dəyərləndirirsiniz və bu bəyanat nədən xəbər verir?
-Həmsədr ölkələrin prezidentlərinin Dağlıq Qarabağ problemi ilə bağlı bəyanatı "Səkkizlik" ölkələrinin Şimali İrlandiyada keçirilən sammiti ərəfəsində gözlənilən idi. Əvvəlcədən də bəlli idi ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin başçıları-Birləşmiş Ştatlar prezidenti Barak Obama, Rusiyanın dövlət başçısı Vladimir Putin və Fransa prezidenti Fransua Holland- birgə bəyanatla çıxış edəcəklər. Onu da qeyd etmək yerinə düşər ki, son 4 il ərzində onlar belə bir bəyanatla müntəzəm olaraq çıxış edirlər. Bu bəyanatın qəbulundan əvvəlki vəziyyətə diqqət yetirsək görərik ki, münaqişənin həlli prosesində ciddi bir durğunluq müşahidə olunmaqdadır. Bunun isə ən böyük göstəricisi odur ki, 2012-ci ilin yanvar ayından indiyə qədər bir dəfə də olsun Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün keçirilməsi mümkün olmayıb. Nəzərə alaq ki, 1999-cu ildən indiyə qədər 46 dəfə prezidentlər səviyyəsində görüş keçirilib və bəzi illərdə bu görüş bir neçə dəfə baş tutub. 2009-cu ildə isə hətta prezidentlər 6 dəfə görüşüb. İki aydan bir faktiki olaraq görüş keçirilirdi. Hazırda isə xeyli müddətdir ki, prezidentlər səviyyəsində görüş keçirilmir. Hətta xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi bir çox hallarda problemə çevrilir. Bu nöqteyi-nəzərdən həmsədr ölkələrin prezidentlərinin bəyanatı xüsusi aktuallıq kəsb edir.
-Ancaq bəyanatın məzmununda yer alan fikirlər heç də Azərbaycanın maraqlarına xidmət etmir
-Bəyanatın məzmunu ilə tanış olduqda belə qənaətə gəlmək olur ki, həmsədr ölkələr ilk növbədə danışıqlar prosesinin nəticə verməməsində tərəfləri ittiham edir və bundan təəssüf hissi keçirirlər. Ancaq burada yenə də təcavüzə məruz qalanla təcavüzkar arasında bərabərlik işarəsi qoyulub. Bəyanatda o fikir əksini tapmayıb ki, nə üçün danışıqlar prosesi nəticə vermir. Ermənistan hələ də ATƏT-in Minsk Qrupunun irəli sürdüyü yeniləşmiş Madrid prinsiplərini qəbul etmir. Bundan başqa bəyanatda diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, həmsədrlər vəziyyətin bu şəkildə qalmasını qəbuledilməz sayırlar. Həmçinin bəyanatda o fikir də əksini tapıb ki, tərəflər balanslaşdırlmış bir razılaşmanın əldə edilməsi üçün qarşılıqlı maraq kontekstindən çıxış etməli və birtərəfli qaydada fayda götürmək praktikasından əl çəkməlidirlər. Burada yenə də həmsədr ölkə prezidentlərinin yanaşmasında bir qədər qeyri-obyektivlik var. Çünki Azərbaycan bu münaqişəyə cəlb edilmiş, torpağı işğala məruz qalmış tərəfdir. Eyni zamanda Azərbaycan ATƏT-in Minsk Qrupunun irəli sürdüyü təklifləri də qəbul edən tərəfdir. Bunu qəbul etməyib işğalı davam etdirən tərəf isə Ermənistandır. Belə olan halda hansı mənada birtərəfli qaydada Azərbaycanın fayda götürməsindən söhbət gedə bilər? Ona görə də hesab edirəm ki, bu ifadənin özü də düzgün ifadə deyil. Əslində bu cür yanaşma Ermənistanın sonrakı mərhələdəki davranışı və işğalçılıq siyasətini davam etdirməsinə şərait yaradır. Sözügedən bəyanatdan hiss edilir ki, həmsədr ölkələrin liderləri daha çox balanslaşdırmaya üstünlük veriblər və çalışırlar ki, tərəflərin heç birinə qarşı əlahiddə yanaşma əksini tapmasın. Bu cür bəyanatlar nə qədər müsbət hadisə olsa da, nəticə etibarilə ünvan dəqiq göstərilmədiyi, işğalçı öz adı ilə çağrılmadığı, qaydaları pozan tərəfə heç bir siqnal verilmədiyi üçün bunlar öz növbəsində Ermənistanda bir arxayançılıq yaradır.
-Prezidentlərin bəyanatı öz növbəsində hələ də dünyada ikili standartların mövcud olduğunu təsdiqləmirmi?
-Təəssüflər olsun ki, bəyanatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı heç bir ifadə yoxdur. Bəyanatın mətnində Azərbaycan və Ermənistana münasibətdə ümumi ifadələr əksini tapır, hər iki tərəfin yeritdiyi siyasətdən narazılıq ifadə olunur və təəssüf hissi keçirilir. Belə çıxır ki, hər iki tərəf danışıqlar prosesində konstruktivlik nümayiş etdirmir. Halbuki vəziyyət tamamilə fərqlidir. Azərbaycan tərəfi 2009-cu ildə Afinada irəli sürülmüş yeniləşmiş Madrid prinsiplərini dərhal qəbul etdi. Ancaq Ermənistan iki həftəlik müddət götürsə də, bu günə qədər həmin prinsipləri qəbul etməyib. Ermənistan hər vasitə ilə danışıqlardan qaçıb, müddətsiz danışıqlar taktikasını tətbiq edib, vaxtı uzadıb. Belə olan təqdirdə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında konkret ünvanlar göstərilməli idi. Onların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı təəssüf hissləri ifadə olunmalı idi. Ancaq çox anormal bir vəziyyət yaranıb. Torpağı işğala məruz qalanla işğalçı tərəf üçün eyni ifadələr işlədilir, münasibət ortaya qoyulur. Hətta hər iki tərəf sanki günahkar sayılır ki, nə üçün danışıqlardan nəticə əldə edə bilmirsiniz? Əgər işğalçı tərəf zəbt etdiyi əraziləri geri qaytarmaq istəmirsə burada hansı nəticələr ola bilər? Hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar bu bəyanatdan da yan keçməyib.
Süleyman İsmayılbəyli