Mənzil üzərindən həbsi necə götürmək olar?

Oxucularımızın suallarını Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov cavablandırır

- Bağlar idarəsi ilə mənim aramda bağ sahəsinin icarə müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilədə mənim ata adım səhv göstərilmişdir. Hazırda göstərilən bağ sahəsini özəlləşdirmək istəsəm də, müqavilədəki səhv buna mane olur. Həmin səhvin aradan qaldırılması üçün nə etməliyəm?

-Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, Siz adı çəkilən icarə müqaviləsində göstərilmiş ata adının Sizə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə yaşadığınız (qeydiyyatda olduğunuz) yerin məhkəməsinə müraciət etməlisiniz.

 - İddiaçının ərizəsi ilə mənə məxsus mənzilin üzərinə həbs qoyulmuşdur. İddiaçının iddia tələbi təmin edilməmişdir. Mən mənzilimin üzərinə qoyulmuş həbsi necə götürə bilərəm?

-Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsinə görə iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Göründüyü kimi, Siz iddianın təmin olunmasını ləğv etmək haqqında ərizə ilə mənzilinizin üzərinə həbs qoyulması barədə qərardad qəbul etmiş məhkəməyə müraciət edə bilərsiniz.

 - Mən tərəf olduğum məhkəmə iclası zalında proses iştirakçılarından başqa kənar şəxslərin olmamasını istəyirəm. Bu baxımdan bilmək istərdim, məhkəmə iclasının qapalı keçirilməsi mümkündürmü?

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə müvafiq olaraq məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır. Lakin Siz Mülki Prosessual Məcəllənin 10.4-cü maddəsini rəhbər tutmaqla məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilərsiniz. Həmin maddəyə əsasən məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması məqsədilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər. Məhkəmə Sizin xahişinizi əsaslı hesab edərsə, onda işə qapalı məhkəmə iclasında baxılması barədə qərardad qəbul edəcəkdir.

 - Məhkəmə iclasının protokolu iş üzrə sübut kimi qəbul edilə bilərmi?

- Məhkəmə iclasının protokolu özü-özlüyündə ayrıca sübut növü kimi çıxış etmir, lakin həmin protokolda öz əksini tapmış şahid ifadələri, tərəf və üçüncü şəxslərin izahatları sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

 - Mağazadan aldığım mal qüsurlu olduğundan təyinatı üzrə istifadə edə bilmirəm. Dəfələrlə satıcıya müraciət etsəm də, bunun heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəmədə iddia qaldırmaq niyyətindəyəm. Bilmək istərdim, hansı məhkəməyə müraciət etməli və nə qədər dövlət rüsumu ödəməliyəm?

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi, Siz seçiminizdən asılı olaraq ya yaşadığınız yerin məhkəməsinə, ya da malı aldığınız mağazanın yerləşdiyi (bu halda müqavilənin bağlandığı və icra edildiyi yer mağaza olduğu üçün) yerin məhkəməsinə müraciət edə bilərsiniz. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, Siz istehlakçı kimi hüquqlarınızın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəyiniz üçün dövlət rüsumu ödəməkdən azadsınız.

 - Məhkəmə mənim xəbərim olmadan işə baxmış və qətnamə qəbul etmişdir. Həmin qətnamədən narazıyam. Nə edə bilərəm?

-Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, Siz narazı qaldığınız qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verə bilərsiniz. Qeyd edək ki, apellyasiya şikayəti qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinə təqdim edilir. Bundan əlavə, məhkəmə Sizi lazımı qaydada xəbərdar etmədən işə baxmış və qətnamə qəbul etmişdirsə, bu hal məhkəmə tərəfindən prosessual normaların kobud pozuntusuna yol verildiyinə dəlalət edir. Bu pozuntu məhkəmənin qətnaməsinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinin tərtibi məqsədilə peşəkar hüquqi yardımdan istifadə etməyiniz məqsədəuyğundur.

- Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək istəyirəm. Lakin cavabdehin rəsmi qeydə alındığı yer mənə məlum deyil. Bu halda iddia ərizəsini cavabdehin əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verə bilərəmmi?

- Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, 36.1-ci maddə). Bu halda, cavabdehin yaşayış yerinin məlum olmaması dedikdə, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən cavabdehin yaşayış yerinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü nəzərdə tutulur. Əgər iddia ərizəsinə əlavə olunmuş sənədlərdən cavabdehin rəsmi qeydə alındığı yeri müəyyənləşdirmək mümkündürsə və həmin yer Sizin müraciət etdiyiniz məhkəmənin ərazi aidiyyətinə daxil deyilsə, onda məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytaracaqdır.Cavabdehin əmlakının olduğu yerin və ya cavabdehin məlum olan axırıncı yaşayış yerinin iddia ərizəsində göstərilməsi və bu barədə sübutun əlavə olunması iddiaçı kimi Sizin vəzifənizdir.

 - Məhkəmə prosesində iştirak edərkən bəzi sənədlərin əslini sübut qismində məhkəməyə təqdim etmişəm. Hazırda həmin sənədləri geri almaq niyyətindəyəm. Bu, mümkündürmü?

- Sənədlərin əslinin qaytarılması qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədən aydın olur ki, işdə olan sənədlərin əslinin qaytarılması həm qətnamə qanuni qüvvəyə minənədək, həm də qüvvəyə mindikdən sonra mümkündür. İşdə olan sənədlərin əsli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər. Lakin bu zaman sənədlərin əslinin qaytarılmasını istəyən həmin şəxslər bu sənədləri tələb etməklə eyni zamanda onların lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edir və ya işdə qalan surətlərin həqiqiliyini təsdiq etməyi məhkəmədən xahiş edirlər. Qətnamə qanuni qüvvəyə minənədək iş üzrə icraat prosesində sənədlər onları təqdim edən şəxslərə o şərtlə qaytarıla bilər ki, məhkəmə bu sənədlərin qaytarılmasının mübahisənin düzgün həllinə xələl gətirməyəcəyinə əmin olsun.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31