“İsrailin Suriyaya zərbələrinin məqsədi budur” - Türkiyənin tanınmış eksperti Abdullah Ağar
11:38 DünyaTürkiyənin tanınmış təhlükəsizlik eksperti Abdullah Ağar İsrailin Suriyadakı, xüsusilə də Şam və ətraf bölgələrdə son hücumlarını geosiyasi və strateji məqsədlərlə izah edən geniş təhlil təqdim edib.
Olaylar.az xəbər verir ki, Ağar bu hücumların təkcə Həyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasına qarşı yönəlmədiyini, eyni zamanda ABŞ və İsrailin Yaxın Şərqdə yeni dizayn planının tərkib hissəsi olduğunu vurğulayır.
Ağara görə, İsrailin son hücumlarının başlıca məqsədləri arasında HTŞ-yə təzyiq göstərmək, onun hərbi uğurlarını siyasi və diplomatik yükə çevirmək, qərarlarını öz maraqlarına uyğunlaşdırmaq, eləcə də Suriyadakı dürzi əhalisinə "himayə" mesajı vermək dayanır. Eyni zamanda İsrail bu hücumlarla HTŞ-nin nəzarətində olan əraziləri unutdurmağa, bu bölgələrdə güc boşluğu yaratmağa və YPG/PYD-yə yeni sahələr açmağa çalışır. Məqsəd, Fəratın şərqindən Aralıq dənizinə qədər uzanan parçalanmış və kənardan idarə olunan bir coğrafiya yaratmaqdır.
Ağar bildirir ki, HTŞ ötən ikin sonunda Hələb və Dəməşq kimi böyük şəhərləri əldə edərək, ABŞ və İsrailə dolayısı ilə strateji bir zəfər bəxş edib. Bu zəfərdən sonra legitimlik və maliyyə dəstəyi axtarışına girişən HTŞ, bu cəhdlərini Suriyanın unitar strukturunu bərpa etmədən həyata keçirməyə çalışıb. Halbuki Ağara görə, bu cəhdlərin uğurlu olması üçün HTŞ-nin diqqətini Fəratın şərqinə yönəltməsi və burada unitar struktura dəstək verməsi vacib idi.
Ekspertə görə, bu strateji səhv HTŞ-ni zəifliyə aparıb və indi təşkilat keçid aktoru, vasitəçi aktor və ya "kuluçka aktoru" kimi görülür. Hazırda İsrailin hücumları da məhz HTŞ-nin bu zəif anında onu istiqamətləndirmək, itaətə məcbur etmək məqsədi daşıyır.
Ağar, ABŞ-ın Suriya üzrə səfiri Tomas Barrackın "Bir ölkə, bir millət, bir ordu" bəyanatını da tənqid edir və bunu "strategik aldatma" adlandırır. Onun fikrincə, ABŞ bu cümlələrlə Türkiyəni bölgədəki fəaliyyətlərindən çəkindirmək, oyalanmasını təmin etmək və sakitləşdirmək istəyir. Halbuki, sahədə real vəziyyət tam əksini göstərir - ABŞ faktiki olaraq Suriya ərazisini bölüb və YPG-PKK ilə sıx əməkdaşlıq edir.
Ağar bu ziddiyyəti belə izah edir: "Əgər ABŞ həqiqətən Suriyanın bütövlüyünü istəyirsə, YPG/PYD-dən dərhal imtina etməli və 'dağılın, marş-marş' deməlidir. Əks halda Barrackın dedikləri bir aldatmadan ibarətdir."
Ekspert YPG-PYD-nin 100 mindən çox döyüşçüyə malik olduğunu və PKK-nın silahlı qanadlarını təşkil edən digər qurumlarla - HPG, TAK, YDG-H və s. - birlikdə regionda ciddi təhlükə yaratdığını bildirir. Ağar bu strukturların sadəcə 30 silahdan ibarət olmadığını, əksinə, minlərlə tonluq silahlarla təchiz edildiyini və ABŞ tərəfindən dəstəkləndiyini vurğulayır. Onun fikrincə, PKK terror təşkilatı "ad dəyişikliyi" ilə öz fəaliyyətini leqallaşdırmağa çalışır.
Daha bir təhlükəli istiqamət isə ENSK-nın (Suriya Kürd Milli Şurası) PKK strukturlarına inteqrasiya edilməsidir. ENSK əvvəllər Türkiyə tərəfindən dəstəklənən və Barzaniyə yaxın bir qrup idi. Onların Roj Peşmərgələri adlı silahlı qanadı da var. Lakin son dövrlərdə ABŞ və Fransanın təzyiqi ilə bu qrup da PKK-nın təsir dairəsinə salınmağa çalışılır. Ağara görə, bu proses həm regionun gələcəyi, həm də Türkiyənin təhlükəsizliyi baxımından son dərəcə təhlükəlidir.
Ekspert əlavə edir ki, son kəşfiyyat məlumatlarına görə, İraqda yerləşən 12-13 min PKK üzvü artıq Suriyaya keçib və YPG strukturlarını gücləndirmək üçün bölgəyə yerləşdirilib. Bu yeni qüvvə ilə Şam və Aralıq dənizi sahillərində təsir yaratmaq planlaşdırılır. Məqsəd yalnız Fəratın şərqində deyil, həm də Şam vasitəsilə Ələviləri təsir altına alaraq Aralıq dənizinə çıxış əldə etməkdir.
Nəticə etibarilə, Abdullah Ağar İsrailin hücumlarını sadəcə regional toqquşma kimi deyil, həm də ABŞ-İsrail planının bir parçası, HTŞ-ni idarə etmək və YPG-PYD-yə yeni sahələr açmaq məqsədilə atılmış addımlar kimi qiymətləndirir. Onun fikrincə, bu prosesin qarşısı alınmasa, bölgə daha da təhlükəli bir mərhələyə qədəm qoyacaq və Türkiyənin milli təhlükəsizliyi ciddi təhdid altına düşəcək.