Minəxanım Təkləli: "İcazə verin, yolumuzu düz gedək"
30 Sentyabr 2021 12:12 Müsahibə"Mən bu boşluqları çox dəhşətli, öz taleyim qədər görürəm"
Müsahibimiz filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı Minəxanım Nuriyeva (Təkləli)dır. Söhbətimiz maraqlı alınıb. Filoloq alim çox ağrılı problemlərə toxunub.
- Mina xanım, bu gün türkçülük baxımından elmin müxtəlif sahələrində boşluqlar var. Bu boşluqları doldurmaq və dilimizi xilas etmək üçün nə etməliyik?
- Milli dəyərlərin sərhədi böyük olduğu kimi, dilin də sərhədləri böyükdür. Dili xilas etmək deyəndə, ona qayğı göstərmək, mövcud təhlükələrdən qorumaq və s. üzərində dayananda bu çox geniş bir mövzu olur. Bizə də bunu danışmaq, təbliğ etmək düşər. Ölkədə türkçülüyün təzahürlərini özünün bütöv sferasında, coğrafiyasında, geniş şəkildə görmək lazımdır. Bu bizim düşüncələrimizə qədər yeriməlidir və söhbət düşüncələrdən gedirsə, deməli böyük işlər görmək lazımdır. Boşluqlar nədən yaranır? Biz məsələyə üzdən, yarımçıq, mahiyyətinə varmadan baxırıq, ən dəhşətlisi də odur ki, məsələdən xəbəri olmayan insanların öhdəsinə buraxırıq. Kiçik bir misal çəkəcəm, bilirsiniz ki, mənim tədqiqatlarım birbaşa bir çox elmləri, türk taleyini, tarixini özündə birləşdirən, sırf türkologiya - türk xalqlarının ədəbiyyatı, mədəniyyəti, coğrafiyası, dili və s. ilə bağlıdır və bunların hamısını bütöv şəkildə öyrənmək lazımdır. Böyük Türksoy Təşkilatı var ki, onların işi birbaşa bu məsələlərlə bağlıdır. Mənim onlarla əlaqələrim yarandığı üçün onların fəaliyyətini də gözdən keçirdim. Mən, "Mərkəzi Rusiyanın Türk Coğrafiyası" kitabımın TÜRKSOY xətti ilə çap edilməsini istədim. Təbii ki, maddi cəhətdən məni sevənlər, qələmimə hörmət edən dostlarım mənə dəstək olacaqdılar. Sadəcə mən, təkcə özüm üçün deyil, Azərbaycanın TÜRKSOYda səsinin eşidilməsi, digər alimlərimizin fəaliyyəti üçün də bunu etmək istədim. Amma mənim istəyimi nəzərə almadılar. Daha sonra nüfuzlu bir insanın köməkliyi, onun öz adından istəyimi yenidən bildirdim, amma yenə də istəyimə baxmadılar. Sonradan məlum oldu ki, həmin təşkilatda sahədən anlayışı olmayan, "qohum-əqrabanın" yazıları çap edilirmiş. Onda belə bir sual yaranır ki, bu TÜRKSOY bizim nəyimizə lazımdır? Azərbaycanla yanaşı, bütün türk ölkələri bu fonda pulunu sərf edir. Bununla biz ölkəmizdə türkçülüyü dərk edə bilmərik.
Çox çətin məsələdir, bu məsələlərin həddi-hüdudu yoxdur və nöqsanlar bizi hərtərəfli əhatə edib. Məsələn, ortaq əlifbamız olmalıdır deməyimizə baxmayaraq, ilk biz başlamışıq. Digər türk xalqlarının hər biri əlifbaya yeni bir hərf əlavə edir. Bütün səslər bizim türk dillərimizdə eynidir. Biz həmin səsləri niyə uydurduğumuz müxtəlif qrafik işarələrlə əvəz edirik? Açığı deyim, biz türk dilinə əsərlərimizi niyə tərcümə edirik? Niyə etməliyik? Etməzdik, elə özümüz Azərbaycan dilində necə yazmışıqsa, türk oxucusu da əlinə alıb eləcə oxuya biləcəkdi. Amma indi alır əlinə, atır kənara. O qədər dəyişik hərf var ki, oxumağa səbri çatmır. Olan yenə millətə, onun mədəniyyətinə olur. O əlifba üçün atılıb-düşənlər mənim yadımdadır. Allah rəhmət eləsin, heç biri həyatda yoxdur. Tanıdığım insanlar idi, əlifbadakı nöqsanları boynumuza bağlayıb getdilər. Hansı birini danışasan? Bu boşluqların hər birini biz yaradırıq. Qollarımızı çırmalayıb işə giririkmi? Deyəcəksiniz ki, ay Minaxanım, özün gir də işə. Minaxanıma kimdir qapı açan, yol göstərən? Mənim gücüm bilirsiniz nəyə çatır? Ancaq öz otağımda, öz yerimdə, iş masamda oturum, oxuyum, yazım, araşdırım və bunları cəmləşdirim. Elə kitabım var, onu 8 ilə yazmışam. Evdən çölə çıxmıram. Milli Kitabxana şahiddir, hər yerdən çox dostlarım oradadır. Niyə? Onlarla çay içib, çörək yemişəm, hər günüm orada keçib. Fəsillərin necə dəyişdiyindən xəbərim olmayıb, nə yayın istisi, nə qışın soyuğu məni incitməyib. Gördüyünüz kimi, mənim gücüm ancaq buna çatır. Heç kim məndən fikrimi soruşmur. Məsələn, baxırsınız ki, böyük bir tədbir olur və respublikadan ora 20 türkoloq getməlidir. Hər halda kimin gələcəyini demirlər, amma bu məsələlərlə bağlı türkoloq gəlsə daha yaxşıdır. Nə üçün Azərbaycan dilində yeni yazmağa başlayan bir yazıçı gedib orda çıxış edəcək? Əlbəttə, onlar da lazımdır, amma əsas böyük məsələləri işləyənlər lazımdır. Mən yenə deyirəm, bunu təkcə özümə görə istəmirəm. Mən böyük bir insanın qəbuluna gedirdim, köməkçisi xahişimin nə olduğunu, niyə gedib onun vaxtını aldığımı və s. soruşdu. Rəhmətlik Murad Acı gəlmişdi, onun əlini öpənlər var idi. Dedim, hamı mənə zəng etdi ki, burada Murad Acını böyük nüfuza sahib, şanlı insanlar qonaq edib, maddi cəhətdən kömək göstərdilər. Amma sənin onun haqqında yazdıqların fərqlidir. Özümü öymək kimi çıxmasın, siz sualı mənə ünvanladığınıza görə çətinlikləri göstərməliyəm. Köməkçi məndən nə üçün gəldiyimi soruşdu, o zaman üçün yazdığım kitablarımı da götürmüşdüm. Köməkçiyə dedim ki, Murad Acını belə gözəl qarşıladılar, mən gedib demək istəyirəm ki, onun kimi adamlar burada da var. Onun yazdığı kimi, hətta ondan da artıq yazanlar burada da var. Murad Acının yazdıqları polemikadır, apardığı söhbətlər qrup söhbətləridir, onu yayır. Amma mənimkilər monoqrafiya, elmi əsərlərdir. Qarşısında imzamla dayanmışam, o əsərlərə görə elmi ad, rəsmən dövlətin diplomlarını almışam, maaşıma əlavələr olunub, mən rəsmi işlər yazmışam. Bu mənada o insanla görüşmək istəyirəm. Heç nə, belə də bitdi getdi. İndi bizim türkçülüyümüz, əlifba, tərcümələr məsələsi var burda. Türk dünyası ilə əlaqələrimiz genişlənməlidir. Amma bunlar hamısı 1-2 nəfərin çiyninə düşüb. Yenə də giley olmasın, bir nəfər var, o qədər gedir, bir dənə də olsun türkologiya haqqında bir şey yazmayıb. O qədər orden -medallar alıb ki, sinəsində yer yoxdu. Bu qədər qısqanclıq, tamahkarlıq nəyə lazımdır? İnsafınız olsun, ölkədə bu işdə, bu yolda can qoyanlar var idi axı. Bilmirəm nə cür deyim. Qafqaz İslam Ordusu haqqında Azərbaycanda 1992-ci il müstəqilliyimizin birinci ildönümünə 2 ay qalmış mən 3 məqalə çap etdim. Bakının azad olunması, Qafqaz İslam Ordusunun necə köməyə gəlməsi, təbii ki, qətliam-filan ordan başladım. Və məni televiziya, dostlar söhbətə çağırırdılar danışmağa. Çəkilişdən əvvəl yenə deyirdilər ki, Mina xanım, doğurdanmı belə şeylər olub? O vaxtdan bu günə qədər bizim milli istiqlalımız haqqında bu cür nə qədər böyük kitablarda mənim əməyim var, onları nəşrə hazırlamışam, Türkiyədə çap olunan 700 səhifəlik kitab var, nəşrə hazırlamışam. Qafqaz İslam Ordusunun subay zabitlərinin xatirələrini çap etdirmişəm. Bu qədər işlərə layiqli dəyər verilmir. Düzdür, mən bunlarla həvəsdən düşmürəm, öz işimi görürəm, öz sıramda, öz xidmətimdəyəm. O sıradan məni heç kim çıxarda bilməz. Amma görürsünüz ki, heç yada düşmürəm. Əlbəttə, istəsəniz uğurlarımızdan da danışaram. Ancaq boşluqlardan söhbət gedir. Boşluqlar bizim münasibətimiz, birtərəfli baxışlarımız nəticəsində yaranır. Gözəl bir deyim var ki, bir işi ikiəlli tutmaq lazımdır. Biz onu bir əllə tuturuq, özü də sürüşə-sürüşə barmaqlarımızın ucunda tuturuq. Ad olsun ki, tuturuq, yalnız özümüzü göstərmək naminə. Amma əlimizə külüng, bel alıb bu işi Fərhad əməyində işləmək lazımdı. Baxın, mən müqayisə edəcəm, məsələn, Tatarıstan. Görürsünüz, 1550-ci ildən onlar birbaşa, statussuz Rusiyanın tərkibində olublar. Amma nə qədər türkoloqları, böyük türkoloji məktəbləri var. Onların böyük-böyük irsi, xəzinəsi var. Biz də yaradaq da bunu. Baxırsınız, Türkoloji Qurultay Bakıda çağırıldı. Niyə biz həmin ənənəni davam etdirmədik, qırdıq. Ondan sonra Azərbaycanda nə gözəl cəmiyyətlər yetişdi, düzdü, həmin adamlar 37-də öldürüldü, hamısı xalq düşməni kimi getdi. Çünki, onlar bizim şivələrimizi topladılar, indi tandığımız xalq mahnılarını gedib xalqın ağzından qopardılar. Sonra dediyim kimi, dastanlar yazıldı, amma 37-ci ildə onların nəfəsini kəsdilər. Bu fədakar insanlar xalq düşməni kimi qələmə verildi və bununla da hər şey dayandı. Amma sonra yumşalmalar gələndə biz niyə bu işə qayıtmadıq? Görün Bakıdan nə qədər böyük insanlar çıxıb. Əli bəy Hüseynzadə olsun, Turançılığın böyük müəllimlərindən axund Yusif Ziya Talıbzadə olsun, Əhməd Ağaoğlu olsun və s. Bunlar bu millətin sönməyən çıraqlarıdır. Axı biz bunların işlərini niyə davam etdirmirik? Bir-birimizə niyə yol açmırıq? İş görən birini niyə həvəsləndirmirik? Məsələn, mənim əsərlərim Türkiyədə çap oluna bilərdi, amma heç kim barmağını tərpətmir. Bu Türkiyədə də belədir. Düzdür, onlar bizdən fərqli olaraq, bu işə çox maya qoyurlar, alimlərə yollar açırlar. Amma, mənim o kanallara daxil ola biləcək imkanım yoxdur. Kimdi bizdən gedib Türkiyədə özlərini göstərənlər? Hamısı işsiz, gücsüz, bir dənə elmi işlə məşğul olmayıb qaçanlardır. İnandırım sizi, elələri var ki, burdan olan kitabları uşaqlara dərslik üçün tərcümə etdilər Azərbaycan dilini öyrənmək üçün, sonra da professor adına qədər aldılar, indi də təqaüdlərini yeyəcəklər. Görürsünüz, doğurdan da yaxşı insanların üzünə qapılar bərk bağlanır. Adama nəsihət verirlər ki, sən niyə onlardan deyilsən? İcazə verin, yolumuzu düz gedək. Baxın, belə. Mən bu boşluqları çox dəhşətli, öz taleyim qədər görürəm. Siz mənə fürsət verdiniz, öz çətinliklərimdən də danışdım".
ARDI VAR
Röyalə Xəyal