"Qarabağ Azərbaycan torpağıdır və Dağlıq Qarabağ anlayışı yoxdur” Telman Qasımov
16 avqust prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonlarına səfərləri zamanı ötürdüyü mesajlar ekspertlər tərəfindən də müzakirə olunub.
17 Avqust 2021 16:47 Müsahibə"Cənab prezidentin və Mehriban xanımın səfəri təkcə bizdə yox, həmçinin Ermənistan tərəfindən də izlənildi və artıq mənfi reaksiyalar verilir."
Bu fikirləri Olaylar.az-a İlham Əliyev və xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonlarına səfərlərinə münasibət bildirən siyasi ekspert Telman Qasımov deyib:
" Bu da düşmən ölkəsi olduğu üçün təbiidir. Ən əsas vacib mesajlardan biri o oldu ki, biz azad olunmuş torpaqlarımızda iclaslar keçiririk, yeni tikinti işlərimizi davam etdiririk. Məsələn, prezident Murovdağda elektrik stansiyasının yenidən təmir olunmasının açılışını etdi, digər tərəfdən Toğana-Kəlbəcər tunelinin açılışının təməli qoyuldu, bir sıra obyektlərdə iştirak etdi, hərbi hissəyə getdi, hərbi hissədə aparılan bütün yenidənqurma işləri və əsgərlər üçün yaradılan şəraitlə maraqlandı. Bütün bunlar Azərbaycan, Ermənistan və digər xarici ölkələrin aparıcı informasiya mənbələri tərəfindən işıqlandırıldı. Həmçinin dost ölkələr də bunu qeyd etdi ki, prezident İlham Əliyev bölgələrdə quruculuq və infrastrukturlarla bağlı mesajlar vermişdir ki, hal-hazırda bu quruculuq işləri ardıcıl olaraq həyata keçirilir"
Ekspertin sözlərinə görə, prezident Ermənistandakı Qərbi Azərbaycan torpaqlarının qaytarılması məsələsinə toxunub:
"Ötən günlərdə CNN Türk televiziya kanalına verdiyi müsahibəsində də çox səlis və ətraflı şəkildə Dağlıq Qarabağla bağlı fikirlər səsləndirdi. Keçmiş Dağlıq Qarabağla bağlı qısa şəkildə də olsa, fikirlərini çox açıq şəkildə bəyan etdi. Üstəlik, Ermənistandakı Qərbi Azərbaycan torpaqlarının qaytarılması məsələsinə qədər gəlib toxundu. Qarabağda hal-hazırda yaşayan erməni icması məcburən azərbaycanlılarla birlikdə yaşamağı bacarsınlar və öyrəşsinlər. Beynəlxalq erməni icması və erməni diasporası, hansı ki, xaricdə yaşayanlara maliyyə yardımı da azaldılıb. Çünki, ümid yoxdur. Laçını bu gün ermənilər tərk edib, Ermənistanda qaçqın kimi məskunlaşıblar. Onlara dövlət səviyyəsində 100000 dram pul ayırıblar ki, bu da 20000 dollar civarında məbləğ edir. Ondan ötrü ki, onlar Laçına qayıtsınlar və kəndlərdə özlərinə şərait yaradıb, yaşasınlar. Əhali isə öz canının qorxusundan bundan imtina edir. Ona görə də, cənab prezident onların fikirlərini bilərək, belə çıxışlar edir ki, onlar azərbaycanlılarla birlikdə yaşamağa öyrəşsinlər. Hətta onu qeyd edə bilərik ki, ermənilərin revanşit və düşmənçilik fikirlərindən əl çəkməsinin vaxtı gəlib çatıb. Müharibə bitib, status və Dağlıq Qarabağ anlayışı bitərək, həll olunmuşdur. Qeyd edək ki, ayın 10-da imzalanan üçtərəfli protokollarda da Ermənistan öz üzərinə düşən öhdəliklərə əməl etməlidir. Həmin öhdəliklərdən biri də, infrastruktur və yolların açılmasıdır və bu mütləq şəkildə həyata keçirilməlidir. Əks halda, yenidən münaqişə qızışa, qarşıdurmalar böyüyə bilər. Ermənistan nə qədər cığallıq edib, bu öhdəliklərdən boyun qaçıraraq vaxt qazanmağa çalışsa da, bu heç vaxt mümkün olmayacaq. Ona görə də, təkrar edirəm ki, Qarabağda yaşayan ermənilər ağıllarını başına yığmalıdırlar və birdəfəlik anlamalıdırlar ki, Qarabağ Azərbaycan torpağıdır və Dağlıq Qarabağ anlayışı yoxdur".
Mehriban Xəlilli