“Elə qəzetlər var ki, bir nömrədə 8-10 yerdən jurnalisti məhkəməyə vermək olar”

“Azərbaycan teleməkanında baxa biləcəyim serial yoxdur”

Cahangir Məmmədli: "Azərbaycanda dublyaj o qədər səriştəsizdir ki, seriala səssiz baxmaq daha yaxşıdır"

Diffamasiya haqqında qanunun qəbulu məsələsi ətrafında dəfələrlə müzakirələr aparılır. Qanunun qəbulunun əhəmiyyəti gündəmdə olsa da, Azərbaycan jurnalistlərinin və cəmiyyətinin buna hazır olmadığı önə çəkilir. Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli mövzu ilə bağlı suallarımızı cavablandırdı.
-Cahangir müəllim, bu gün diffamasiya haqqında qanuna daha çox hansı tərəf hazır olmalıdır-jurnalistlərmi, yoxsa cəmiyyətmi?
-Diffamasiya haqqında qanun jurnalistikanın inkişafına, jurnalistin ifadə azadlığına, yaradıcılıq azadlığına bir daha təkan verməlidir. Amma Azərbaycan jurnalistikasının bugünkü dövrü, yəni  yeni dönəm jurnalistikası diffamasiya haqqında qanuna hazır olmalıdır. Bu prosesə daha çox jurnalistlər hazır olmalıdır. Bu gün BDU-nun jurnalistika fakültəsində xüsusi olaraq "jurnalistin peşə etikası" adlı  fənn tədris olunur. Bu fənn az-çox jurnalistika fakültəsini bitirənlərə peşə etikasının nə olduğunu öyrədir. Amma jurnalistikaya kənardan gələn o qədər böyük qüvvə var ki, jurnalistika fakültəsinin məzunları onların içində bir buğda boyda görünür. Həmin o böyük qüvvə jurnalistikada peşə etikasının qayda-qanunlarına o qədər də dərindən bələd deyil. Biz Qərb model və standartlarına indi-indi meyllənirik,  qəbul edirik. Bilirik ki, jurnalistikada ən çox önə çəkilən qərəzsizlik söhbətidir.  Birmənalı olaraq jurnalist qərəzsiz olmalıdır. Bunu təlqin edir, yazılarımızda göstəririk.  Bütövlükdə jurnalisti yaradıcılığına görə həbs etmək olmaz. Qanun bunu təlqin edir. Diffamasiya haqqında qanun gözəl qanundur. Amma biz buna hazırıqmı? Mən birinci növbədə jurnalistikamızın buna hazır olmadığını bəyan etmək istəyirəm. Biz əvvəllər jurnalistləri kimlərdənsə qoruyurduqsa, indi cəmiyyəti jurnalistlərdən qorumaq prosesini yaşayırıq.
-Jurnalistlərin diffamasiya haqqında qanuna hazır olmadıqları daha çox hansı şəkildə özünü göstərir?
-Bu dəqiqə Azərbaycan jurnalistikası çox ciddi qərəzli bir dövr yaşayır. Faktları şişirtmək, böhtan atmaq, təhqir etmək kimi problemlər jurnalistikamızda özünü göstərir. Heç kim bunu inkar edə bilməz. Bu gün jurnalistlərin böyük bir qrupunun əlində necə gəldi yazmaq, faktların şişirdilməsi,  hər vasitədən sensasiya yaradılması və sonradan heç kimdən üzr istəməmək adi bir haldır. Əgər biz Qərd standartlarına söykənmək istəyiriksə, bunları nəzərə almalıyıq. Məsələn,  "Vaşinqton Post" qəzeti heç vaxt yalan danışmayıb. Bu qəzetin səhifələrində gedən yazılara baxanda hiss edirsən ki, qəzetin jurnalistləri üçün diffamasiya haqqında qanun heç lazım deyil. Bizdə isə bəzi qəzetlərin elə nömrəsi olur ki, həmin nömrədə 8-10 yerdən jurnalisti məhkəməyə vermək olar. Allaha şükür ki, cəmiyyət də bizdə buna xeyli öyrəşib, hətta hakimiyyət nümayəndələri də öyrəşiblər.  Jurnalistə müəyyən qədər azadlıq, sərbəstlik vermək üçün məhkəmələrə az müraciət edirlər. Bütün bunlar o demək deyil ki, bizim jurnalistlərimiz diffamasiya haqqında qanuna hazırdırlar. Bəzən elə bilirlər ki, diffamasiya haqqında qanun qəbul olunduqdan sonra jurnalist nə istəsən edə bilər. Belə mümkün deyil. Jurnalistlər inciməsinlər. Diffamasiya haqqında qanun işlənsin, amma hələlik jurnalistlərimiz bilsinlər ki, bu qanun qəbul olunduqdan sonra heç də onlar tam mənası ilə nə istəsələr, necə  istəsələr yaza bilməzlər. Insanı təhqir etmək, böhtan atmaq olmaz. Bunlar ciddi məsələlərdir. Jurnalistlərimiz bunlara hazır olduqdan sonra diffamasiya haqqında hazırlanmış qanunu qəbul etmək olar.
-Yəqin ki, jurnalistlərin bu cür mövqe nümayiş etdirməsini yalnız peşə etikasını bilməməklə əlaqələndirmirsiniz-vəziyyətin belə şəkil almasında cəmiyyətin "rolu" barədə nə demək olar?
-Əlbəttə, tək səbəb bu deyil. Diffamasiya haqqında qanunla bağlı iki mühüm maraq dairəsi var. Onun biri jurnalistlər özləridir. Qanunun qəbul olunmasının tərəfdarı jurnalist özüdür. Onun əksinə mövqe tutanların böyük əksəriyyəti məmurlardır. Ona görə ki, bu dəqiqə bizim mediamızda məmur-jurnalist qarşıdurması var. Məmuru həmişə yalnız tənqid hədəfinə çevrən qəzetlər var.  Bu mənada məmurlar da narazı qalır. Məmurların da içərisində normal adamlar, vəzifə borcunu namusla yerinə yetirənlər var. Amma elə qəzetlər var ki, Azərbaycanda məmur yalnız "xortdan" obrazında verilir. Ona görə də bu iki qüvvə arasında bir-birini başa düşməmək sahəsində  günahın çoxunu jurnalistlərdə görürəm. Jurnalist qərəzsiz informasiyasını versin. Məmur oğrudursa, rüşvətxordursa, faktını versin. Faktın kostatasiyasını (təsdiqini) etsin. Ciddi analitik yazılarda təhqir etmədən, böhtan atmadan təhlil etsin. Hər bir dediyi sözün arxasında fakt dayansın. Bəzən şayiələrdən, onun-bunun ağzından eşitdiyimiz məqamları mətbuat səhifəsinə, efirə çıxarırıq. O zaman cəmiyyət bizdən inciyir. Cəmiyyəti təşkil edən qüvvələr arasında məmurlar da var, şou-biznes əhli, jurnalistlər özü də. Hamımız cəmiyyəti təşkil edən tərəflərik. Ona görə də mətbuatda qərəzli informasiya gedəndə hamımıza təsir edir.
Jurnalistin məsuliyyəti onun vicdanından da asılıdır. Bizim KİV haqqında qanunumuz var. Qanunların heç biri təhqir etməyə, böhtan atmağa icazə vermir. Əgər biz öz qanunumuzda göstərilən məsələlərə əməl etmiriksə, onu pozuruqsa, hansısa məmurun qanunu  pozmasına irad tutmağa haqqımız olmur. Gərək özümüz təmiz olaq.  Mətbuat Şurasının  şikayətlər şöbəsində  çox ciddi şikayətlər olur. Yalnız ondan-bundan pul qoparmaq üçün düzəldilmiş qəzetlər var. Jurnalistikaya dəxli olmayan mətbuat orqanları var. Bunlar tərbiyə olunmalıdır. Bunlara "nə yazırsan, yaz" devizi ilə imkan yaratsan, qəzetciklər aləmi dağıdarlar. Ondan qorxuram.
-Bəzən faktlara əsaslanmayan məlumatların qəzetlərdə yer almasına jurnalistlərin məmurlardan,  mətbuat xidmətlərindən istədikləri informasiyanı ala bilməməsi də səbəb olur.
-Jurnalistlərin dövlət qurumları və məmurlardan informasiya ala bilməmələrinin çox böyük günahı onların  qeyri-peşəkarlığındadır. Azərbaycanda jurnalistlər tanıyıram ki, kimdən, hansı qurumdan istəsən informasiya ala bilirlər. Əlbəttə, məmurlarımızda da böyük günah var. Hansı məmur yaxşı işləyirsə, ləyaqətlə işləyirsə həmin məmur həmişə mətbuatda olmaq istəyir və mətbuata açıqdır. Bizim belə məmurlarımız var.  O məmur ki, söhbət zamanı ağzından elə bir söz qaçıracağını və həmin sözün bütün medianın mövzusuna çevriləcəyini bilir, həmin məmur  öz sözündən qorxur. Amma yenə peşəkarlıq məsələsinə qayıdıram. İnformasiya almağın min yolu var. Hətta yorma üsulundan tutmuş, dilə tutmağa, qılığa və kələyə qədər hər vasitəni işə salmaq lazımdır ki, informasiya vermək istəməyən məmurdan istədiyini ala biləsən.
-Mətbuatdan sözü olan hər kəs istifadə edə bilər,- fikrindən yola çıxsaq, bu gün Azərbaycanda müxtəlif düşüncə sahibləri üçün meydan ola biləcək  mətbuat orqanlarının varlığından danışmaq olar? 
-Qəzet geniş oxucu kütləsinin trubunasıdır. Kim istəsə oradan söz deyə bilər. Burda da söhbət hər adamdan yox, özünü ifadə etmək istəyən insandan  gedir. İnsanların böyük əksəriyyətində özünü ifadə etmək arzusu olur. Azərbaycan mediasında özünü ifadə etmək istəyən hər cür adama şərait var. Hakimiyyəti birbaşa tənqid etmək üçün müxalif istiqamətli mətbuat orqanları var. Hətta hakimiyyəti tərifləmək istəyən adamların da öz mətbuat orqanları var. Amma mənim üçün normal olan mətbuat orqanı müstəqil olanlardır. Orda sözünü deyən adam çox məsuliyyətli olur. Qalan iki qütbdə də qərəz özünü göstərir. Ona görə də bütün Azərbaycan jurnalistləri müstəqil mətbuata can atmalıdırlar. İnsanlar da belə mətbuatı oxumağa can atmalıdırlar. Çünki normal və dəqiq imformasiya yalnız müstəqil mətbuat orqanlarında olur.
-Milli Televiziya və Radio Şurasının qərarı ilə bir neçə gündən sonra telekanallarda əcnəbi serialların yayımlanması dayandırılacaq. Yerli istehsal probleminin çözülməsinə bu cür yanaşma nəticə verəcək?
-Düzünü deyim ki, müxtəlif vasitələrin olduğu dövrdə kiminsə evində əcnəbi seriallara baxılmasını dayandırmaq olmayacaq. İnsanlar öz evində Türk telekanallarına, Türkiyə türkcəsində seriallara baxacaqlar. Bunun qarşısını almaq mümkün deyil. Sadəcə, burada bir məsələ var. Müxtəlif ölkələrin teleserialları efiri başına alıb. Belə bir vaxtda bu cür qərarın verilməsi serial hazırlamaq bacarığına yiyələnmək üçün çox gözəl ideyadır. Ölkə başçısı da teleserialların çəkilməsi üçün vəsait ayırıb. Hələlik bu çox balaca rəqəm olsa da, hər il məbləğ artırılacaq. Bu gün televiziyaların həyatında teleseriallar o qədər əhəmiyyətli rol oynayır ki, efiri serialsız təsəvvür etmək çox çətindir. Amma bizdə həmişə kənardan olan-daha cox Cənubi Amerika serialları yayımlanırdı. Yaxşı ki,  Türkiyə seriallar sahəsində bu qədər inkişaf etdi. Nəinki biz, dünyanın bir çox ölkələri Türkiyə seriallarını dublyaj edib  öz efirində verməyə başladı. Doğma bir ölkənin doğma dilində seriallar efirimizə gəldi. Onu da qeyd edim ki, Türkiyə seriallarının dublaj olunmasının tərəfdarı deyiləm. Dublyajlardan çox narazıyam.  Seriallar dublyaj olunmasın, deyə onların dayandırılmasına da razıyam. Azərbaycan dublyajları o qədər səriştəsiz, o qədər səviyyəsizdir ki, ondansa serialın səsini vermədən, sadəcə görüntüsünə baxsan yaxşıdır.  Seriallarımızın çəkilişinə pul ayrılması və əcnəbi serialların yayımına qadağa qoyulması faktı məni razı salır. Biz öz seriallarımızı çəkdikdən, bu sahədə peşəkarlıgımızı göstərdikdən sonra yəqin ki, bu cür qadağalar aradan qalxacaq.  Serialları dayandırmaqla məcbur edirlər ki, biz öz seriallarımızı çəkək. Bu yaxşı vasitədir. Amma biz öz seriallarımızı çəkə biləcəyikmi? Bu sual ciddi sualdır. Mən bu barədə çox pessimistəm.
-Hazırda mövcud seriallarla bağlı nə deyə bilərsiniz?
-Hazırda Azərbaycan teleməkanında elə bir serial yoxdur ki, mən ona baxanda kanalı dəyişməyim.  Azərbaycanda rejissor yoxdur, aktyor yoxdur, hətta o səhnələri ifadə edən əməlli operator da yoxdur. Ona görə fikirləşirəm ki, birinci növbədə xarici təcrübənin öyrənilməsi üçün pul qoyulmalıdır. Ən azı Türkiyə təcrübəsini öyrənmək üçün rejissorlara, aktyorlara, operatorlara, quruluşçu rejissorlara, ümumiyyətlə filmi çəkən yaradıcı heyətə Türkiyədə təcrübə əldə etmələri üçün maliyyə vəsaiti ayrılmalıdır.  Hələlik Azərbaycan teleməkanında şəxsən mənim baxa biləcəyim serial yoxdur. Ona görə də nə qədər qadağalar qoyulsa da, mən çanaq antenalardan istifadə edəcəm.  Baxaq görək, yerli kanallarda serialların yayımının dayandırılması hansı nəticəni verəcək? Bəzən məcburiyyət lazımdır. Teleradio Şurası televiziyaları yaxşı mənada məcbur etmək istəyir. Azərbaycan mühitində hələlik məcburiyyət faktı işləyir.

Aygün     
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31