“Azərbaycan müxalifətinin bir hissəsi düşünürdü ki,” - Əli Əliyev
“Hansısa inqilabların müəllifi olacaqlar və Azərbaycanda qısa müddətə hakimiyyət dəyişəcək”
14 İyun 2012 13:13 Müsahibə"Hesab edirəm ki, artıq həmin eyforiya ab-havası ölkənin üzərindən dağılıb"
Azərbaycan müxalifətinin 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qədər bir araya gəlməsi istiqamətində müntəzəm olaraq cəhdlər davam edir. Zaman-zaman bu və ya digər partiyalar tərəfindən irəli sürülən həmin təkliflərə ayrı-ayrı partiyaların münasibətinin birmənalı olmaması nəticədə bu birliyi mümkünsüz edir. Bu günlərdə isə anoloji təklif Vətəndaş və İnkişaf Partiyası tərəfindən səsləndirilib. Partiya sədri Əli Əliyev "OLAYLAR"-a verdiyi müsahibədə müəllifi olduqları təklifin detalları barədə danışıb. Ölkədə baş verən siyasi proseslər, eləcə də müxalifətdaxili münasibətlərə də toxunan Vətəndaş və İnkişaf Partiyasının sədri deyib ki, ərəb ölkələrində baş verən inqilabların tezliklə Azərbaycana çatacağı və beləliklə hakimiyyətə gələcəkləri ab-havası ilə yaşayan bəzi müxalifət dairələri artıq bu eyforiyadan uzaqlaşıb. Ona görə də VİP sədri ümid edir ki, inqilab əhval-ruhiyyəsi ilə yaşayan siyasi dairələr də sözügedən birliyə müsbət münasibət sərgilıyəcəklər.
Əli bəy, Vətəndaş və İnkişaf Partiyası olaraq digər siyasi dairələrə müxalifətin prezident seçkilərinə qədər birgə mübarizəsi üçün təkliflər göndərəcəyini bəyan etmişdiniz. Hazırda bu istiqamətdə fəaliyyət hansı səviyyədədir?
-Biz bu məsələ ilə bağlı müttəfiqlərimizlə məsləhətləşmələr aparmışıq və bu günlərdə bizə cavab veriləcək. Çalışacam ki, bu müttəfiqlərimizin də dəstəklədiyi bir layihə olsun. Fikrimiz ondan ibarətdir ki, müxalifətin bir araya gəlməsini mümkün edən formul tapılsın, əldə edilsin.
-Sözügedən təklif bütün müxalifət partiyalarına ünvanlanacaq, yoxsa müəyyən seçim ediləcək?
-Məsələ Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasında müzakirə edilib. Partiya olaraq hesab edirik ki, artıq müxalifət düşərgəsi müəyyən mənada təmərgüzləşib. Hazırda İctimai Palata, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı və "Qarabağ" siyasi bloku kimi müxalifət birlikləri mövcuddur. Azərbaycanın əsas müxalifət partiyaları həmin birliklərdə cəmlənib. Ona görə də VİP olaraq fikrimiz ondan ibarətdir ki, həmin birliklərə müraciət edilsin. Birinci mərhələdə partiya liderlərinin bir araya gəlməsi mümkün olmasa, həmin birliklərin təmsilçiləri olan mütəxəssislər səviyyəsində İşçi Qrupu yaradılsın. İşçi Qrupu fəaliyyət göstərərək müxalifəti az və ya çox dərəcədə qane edə biləcək təkliflər paketi hazırlasın. Ondan sonra isə liderlər bir araya gəlib siyasi baxımdan müəyyən məsələlərin vacibliyini müzakirə etsin. Bizim məqsədimiz prezident seçkilərinə qədər ikiqütblü siyasi müstəvinin formalaşmasına kömək etməkdir. 2010-cu ilin seçkiləri göstərdi ki, əgər bu müstəvi əldə olunmasa nəticəli fəaliyyət göstərmək qeyri-mümkün olacaq və 2013-cü ilin prezident seçkilərindən də nəsə gözləmək mənasızdır.
-Anoloji addım Vətəndaş və İnkişaf Partiyası tərəfindən bir müddət öncə də atıldı və nəticə heç də qaneedici olmadı. Sizcə indiki mərhələdə, xüsusilə partiya liderlərinin 2013-cü ilin prezident seçkilərində namizəd kimi iştirak etmək iddiasının ortada olduğu bir vaxtda birgə əməkdaşlığı nə dərəcədə mümkün edəcək?
-Adətən siyasi dairələrin, partiyaların bir araya gəlməməsinin iki səbəbi olur. Birinci halda hansısa dairələr tərəfindən idarəolunan müxalifət qüvvələri bu birliyi pozur, onun reallaşmasına qarşı çıxır. İkinci halda isə bəzi siyasi situasiyalar müxalifətin bir hissəsini eyforik hala salır və düşünürlər ki, artıq hakimiyyətə gəlirlər. Ona görə də istənilən müttəfiqlikdən uzaq olurlar ki, hakimiyyətə gəldikləri təqdirdə ortaqları çox olmasın. Qeyd edim ki, ötən il bizim tərəfimizdən irəli sürülən təşəbbüslər zamanı məhz ikinci hal özünü daha qabarıq büruzə verirdi. Azərbaycan müxalifətinin bir hissəsi düşünürdü ki, hansısa inqilabların müəllifi olacaqlar və Azərbaycanda qısa müddətə hakimiyyət dəyişəcək. Hesab edirəm ki, artıq həmin eyforiya ab-havası ölkənin üzərindən dağılıb. Ona görə də hazırda müxalifətin bir araya gəlməsi üçün daha münbit siyasi şərait mövcuddur.
-Sizcə, həmin eyforiya ab-havasının dağılmasına Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun regiona, o cümlədən Azərbaycan səfərinin nəticələri də təsir göstərdimi? Çünki bir sıra müxalif siyasi dairələr Birləşmiş Ştatlar və Qərb tərəfindən dəstəkləndiklərini iddia edirdilər və hətta xanım Klintonla Bakıda görüşəcəklərinə ümid bəsləyirdilər.
-Bu da həmin göstəricilərdən biridir. Birləşmiş Ştatlar regionda öz siyasəti və maraqlarını qoruyur. Birləşmiş Ştatların bu günkü maraqları daha çox Suriya və İran üzərində köklənib.
-Partiyanızın yubiley tədbirində VİP-in bundan sonra barış partiyasına çevriləcəyini bəyan etdiniz. Bu iqtidara bir mesaj sayıla bilərmi?
-Bu Azərbaycan siyasətində olan bütün qüvvələrə bir mesajdır. Ancaq ayrılıqda iqtidara müraciət etmək, mesaj göndərmək niyyətimiz yoxdur. Sadəcə Azərbaycanda siyasi mühitin yumşaldılmasına ehtiyac var. Hakimiyyət də yekcins deyil və hakimiyyətin daxilində bu cür düşmənçilik münasibətlərinin qorunub saxlanmasında maraqlı olan çevrələr var. Onlar öz iqtisadi maraqlarını qorumaq üçün siyasi müstəvidə düşmənçiliyin qalmasında maraqlıdırlar. Bu cür münasibət isə bütövlükdə dövlətçiliyi zəiflədir. Bu baxımdan biz belə bir siyasi xəttin tərəfdarıyıq ki, Azərbaycanda siyasi qüvvələr mövcud problemləri bir-birinə barmaq silkələmək, çılğın bəyanatlar səsləndirməklə deyil, danışıqlar masası ətrafında həll edə bilsinlər. Bizim partiya olaraq barış mövqeyimiz bundan ibarətdir.
-Ancaq görünən odur ki, bu cür mövqe müxalifətin öz daxilində belə normal qəbul edilmir. Çünki Azərbaycan Demokrat Partiyası da bir neçə il əvvəl konstruktiv mövqe nümayiş etdirdi, lakin digər müxalifət partiyaları ADP-nin bu addımını ciddi tənqidlə qarşıladı.
-Bizim mövqeyimiz Azərbaycan Demokrat Partiyasının mövqeyindən fərqlidir. Biz hakimiyyətə qarşı olan iradları, çatışmayan cəhətləri kompromissiz olaraq dilə gətirəcəyik. Partiya olaraq mövqeyimiz milli maraqlar çərçivəsində hüdudlanır və bu heç bir halda hakimiyyətə mesaj deyil. Hakimiyyət dövlətçilik maraqlarını qorumalı olan məsul tərəfdir. Azərbaycan dövlətçiliyi bu gün siyasi müstəvidə yumşaltmanı tələb edir. Eyni zamanda Azərbaycanın taleyi iqtidarla yanaşı müxalifətdə olan qüvvələri də narahat edir. Ərazi bütövlüyü, suverenliyimizin bərpa olunması hamının marağı daxilində olan məsələlər sırasındadır. Eyni zamanda Vətəndaş və İnkişaf Partiyası olaraq bizim mövqeyimiz radikal meyilli, inqilab əhval-ruhiyyəsində olan qüvvələrə yönəlikdir. Biz hesab edirik ki, Azərbaycanda dəyişikliklər inqilabi yolla ola bilməz. Suriya, Liviya variantı Azərbaycan üçün keçərli deyil. Azərbaycanın müstəqllik əldə etdiyi 20 ildə qazandığı, eləcə də itirdiyi çox şeylər var. Ən böyük qazanclardan biri ondan ibarətdir ki, Azərbaycanda siyasi hakimiyyətin dəyişikliyi zamanı azərbaycanlılar bir-birinə qarşı silah işlətməyib. Bu bizim nailiyyətlərimizdən biridir. Düzdür, xırda insdentlər olub, ancaq bütövlükdə bunu vətəndaş müharibəsinin baş verdiyi kimi qiymətləndirmək olmaz. Nəzər salsaq görərik ki, qonşu ölkələrin əksəriyyətində bu baş verib. Həmçinin ərəb dövlətlərində bunun baş verdiyinin şahidi olduq. Ona görə də hesab edirik ki, bu nailiyyət qorunub saxlanmalıdır. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycanın daxili gərginliyə yuvarlanmasına, ölkədə daxili qarşıdurmanın baş verməsinə maraqlı olan xeyli sayda güclər var. Ona görə də bu məsələdə ehtiyatlı olmalı və çalışmalıyıq ki, ölkədə proseslər arzuedilməz istiqamətdə inkişaf etməsin.
-Yəni demək istəyirsiniz ki, hələ də müəyyən xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa maraqlıdır? Xüsusilə bu sırada dini qüvvələrin maraqlı olduğu bildirilir.
-Hesab edirəm ki, Azərbaycanın dövlət kimi mövcud olmasında maraqlı olmayan dövlətlərin sayı kifayət qədərdir. Bu həm iqtisadi, həm də siyasi çevrələrdir. Ona görə də bu qüvvələrin müxtəlif qruplara aid edilməsi və onların təsnifatının aparılması nəzəri baxımdan mümkündür. Ancaq yalnız dini qruplaşmaların bu istəyin daşıyıcısı kimi qeyd etmək yalnışdır. Ancaq ümumilikdə dövlətin sabitliyini pozmaq, onu daxildən zəiflətmək istəyən qüvvələrin hamısı düşmən qüvvələrdir. Bu qüvvələr istər saqqallı, istər saqqalsız, istərsə də qərb və ya şərq meyilli olsun. Ona görə də hesab edirəm ki, həmin qüvvələri rənglərə bölmək səhfdir Dövlət özü və onun mövcudluğuna cavadeh qüvvələr buna məsuliyyətlə yanaşmalıdırlar ki, Azərbaycanda daxili sabitliyi pozmaq istəyən qüvvələrin fəaliyyəti nəticəli olmasın.
Süleyman İsmayılbəyli