“Fahişələrə nifrət hissi kişiləri həmcinsləri ilə əlaqələrə sürükləyir” - FİKİR
Tariyel Faziloğlu: “Azərbaycan mətbuatında, televiziyalarında, radioda, elektron mətbuatda intim münasibətlər haqqında məlumatların geniş şəkildə dərci insanlar arasında cinsəl əlaqələrə meyli artırıb”
26 Aprel 2013 14:54 MüsahibəMüsahibimiz psixoloq Tariyel Faziloğludur.
- Tariyel müəllim, azyaşlı uşaqlara qarşı cinsi zorakılıq halları artıb. Məsələnin elmi və psixoloji səbəbləri nədir?
- Azyaşlı uşaqlara qarşı cinsi zorakılıq halların artmasının başlıca səbəbi insanlar arasında mənəvi boşluğun yaranması, mənəvi aşınmanın sürətlənməsidir. Cəmiyyət arasında sosial münasibətlər öz yerini insanın fiziki tələbatlardan doğan əlaqələrə verib. Azərbaycan mətbuatında, televiziyalarında, radioda, elektron mətbuatda intim münasibətlər haqqında məlumatların geniş şəkildə dərci insanlar arasında cinsəl əlaqələrə meylliliyi artırıb. Seks haqqında informasiya bolluğu cinsəl istəkləri insan beynində müxtəlif fantaziyalar şəklində formalaşdırır. Həmin fantaziyaların əsas qurbanları azyaşlı uşaqlar olur və nəticədə bu tip cinayətlərin sayı artır.
- Kişilərdə qadın (homoseksuallar), qadınlarda da həmcinslərinə qarşı kişi hissiyyatının (lezbiyanlar) yaranmasını insanlar müəyyən xəstəliklərə bağlayırlar. Siz problemin əsl izahını necə verərdiniz?
- Kişilərdə homoseksual əlaqələrə münasibətlərə meylliliyin yaranma səbəbi insanların aldıqları informasiyadan doğan vizual təfəkkürdür. İnsanlar cinsi münasibətlər haqqında informasiyaları dinlədikcə, gördükcə, pornoqrafik və erotik məlumatlarla tez-tez qarşılaşdıqca qadın və kişilər arasındakı cinsi münasibətlər onun üçün adiləşdiyindən qeyri-ənənəvi, qeyri-adi əlaqələrə daha çox meyil göstərirlər. Nəticədə kişi və qadınların öz həmcinslərinə qarşı istəkləri ortaya çıxır. Cəmiyyətdə qınaq obyekti olmamaları üçün homoseksuallar və lezbiyanlar bu münasibətlərə xəstəlik adı altında yanaşmanı ortaya qoyurlar. Əslində homoseksuallıq və lezbiyanlıq xəstəlik deyil, psixoloji təfəkkür, istəkdir. İnsanın öz həmcinsinə qarşı ehtiras hissinin oyanması sadəcə onun psixoloji istəyindən doğur. Kişilərdə eleksiyanın baş verməsi onu psixoloji olaraq öz cinslərinə qarşı istəyə sürükləyir. Beyindəki neyronlar qan damarlarına siqnal verir, qan damarlarında eleksiyanın yığılması nəticəsində homoseksuallığa meyl artır. Həmçinin mavilik kişilərdə psixoloji olaraq qeyri-adi görünməsinə meylliliyin təzahürüdür. Azərbaycan televiziya və mətbuatına kiçik araşdırma aparsaq görərik ki, son zamanlarda homoseksual münasibətlər geniş formada təbliğ olunur. Həmin reklamlar da öz işini bu gün pis mənada göstərir. Adətən Azərbaycan KİV-i intim münasibətlərin reklamı üçün təbliğat maşınına çevrilib. Qadınların alqı-satqı obyektinə çevrilməsi də kişiləri həmin istəklərə doğru itələyir. Nəticədə qadınların öz bədənlərini satması, bunun açıq şəkildə ortada olması, bu barədə informasiya bolluğu kişilərdə əks cinslərə nifrət hissi oyadır və öz həmcinslərinə qarşı cinsəl istəklər yaradır.
- Ailə daxilində iki və təktərəfli xəyanətlər də cəmiyyəti düşündürən əsas məsələrdəndir.
- Ailə müstəvisində tək və ikitərəfli xəyanətlərin baş verməsi bu gün Azərbaycan üçün xarakterik amillərdəndir. Əsasən də kişilərin ailə daxilində xəyanətlərə meyilli olması bir sıra nüanslarla bağlıdır. Xəyanəti doğuran amillərdən birincisi kişilərin daha çox rasional, qadınların isə emosional olmasıdır. Kişilərin kənar qadınlarla maraqlanması rasional qaydada fiziki və cinsi təlabatla əlaqədardır, qadınlarda isə belə deyil. Qadının öz ərinə xəyanət etməsi emosional xəyanət adlanır. Belə hallarda qadının öz ərinə qarşı sevgi hissləri azalmış olur. Bu gün Azərbaycanda xəyanətlərin artmasının ən başlıca səbəbi ailə qurulması zamanı baş verən yalnışlıqlardır. Azərbaycanda son zamanlarda ailələrin əksəriyyəti etimad hissinə çatmadan, qarşılıqlı inam hissi formalaşmadan qurulur. Adətən ailələr qarşılıqlı inam hissi üzərində qurulurdu. Amma bu gün ailələr qarşılıqlı inam hissinə çatmadan emosional cəlbetmə üzərində inşa edilir. Nəticədə müəyyən müddətdən sonra cəzbetmə hissi ortadan qalxır, ailə daxilində kişi və qadın arasında inam hissləri azalır. Bundan sonra kişi və qadın kənar maraqlar, ayrı cinsi əlaqələr axtarırlar və bu amil də qarşılıqlı şəkildə xəyanətlə nəticələnir. Azərbaycanda ənənəvi ailə institutunun modeli dövründə xəyanət hadisələrinin minimum olmasının səbəblərindən biri ailələrin qurulmasında qarşılıqlı etimad, inam hissinin əsas götürülməsidir. Bu gün Azərbaycanda təbliğ olunan ailə modelində qarşılıqlı cəzbetmə, ehtiras hissləri önəm daşıyır. Ehtiras hissləri ailə qurulduqdan sonra maksimum bir-iki il saxlanılır və müəyyən müddətdən sonra qarşılıqlı cəzbetmə adiləşir, xəyanət istəkləri ortaya çıxır. Azərbaycanda son zamanlarda ailə daxilində baş verən xəyanət hadisələrinin kökündə qeyd olunan amillər dayanır.
- Gənclər arasında seks və intim münasibətlərə meyillilik digər istəklərə nəzərən daha qabarıq hiss olunur.
- İnsan həyatının beş böhran dövrü var. İlk böhran dövrü insan həyatının yeniyetməlik vaxtında baş verir. Yetkinlik dövründə insan hormonal olaraq özünü seksual münasibətlərə hazırlayır. Bu amil insanlarda psixoloji həssaslıq əmələ gətirir, nəticədə bədənin hormonal inkişafı qarşı cinsə seksual istək yaranır. Ənənəvi ailə modeli dövründə gənclər arasında insani münasibətlər təbliğ olunub və gənclər cəmiyyət arasında fərd kimi yox, şəxsiyyət kimi formalaşdırılıb. Həmin dönəmdə yeniyetmələr cinsi tələbatlarını ödəməkdən çox özünütəsdiq üçün çalışırdılar. Adətən qızlar əkscinsin nümayəndələrinə qarşı daha çox ağır müstəvidə sosial münasibətlər qururdular. Çünki, bu cür keyfiyyətlər yeniyetmələr arasında təbliğ olunurdu. Bu gün isə Azərbaycanın media məkanında əsasən seksual münasibətlərdə özünütəsdiq reklam edilir. Belə informasiyaların təsirinə daha çox gənclər düşürlər. Gənclərin əksəriyyəti bu gün qarşı cinslərlə seksual münasibətlərdə özünü göstərmək yolunu tutublar. Artıq Azərbaycanda insanlar arasında seksual inqilab təhlükəli vəziyyətə çatıb, demək olar ki, cəmiyyət arasında fəlakətli seks fırtınası baş verir. Problemin qarşısı alınmazsa Azərbaycan bunun ən ağır nəticəsini görəcək.
- Tariyel bəy, nəyə görə kişilərə nəzərən qadınlar daha çox müxtəlif istəklərə çatmaq həvəsindədirlər?
- Kişilər daha rasional və realistdirlər, qadınlar isə emosional və xəyalpərvər. Kişilər düşdükləri mühit və sahib olduqlarına realist yanaşaraq ona uyğun xəyallar qurmağa və davranmağa meyillidirlər. Amma qadınların xəyal dünyası geniş olduğundan onların tələb və istəkləri də əhatəli sferada olur. Onların xəyal dünyasının geniş olması çox vaxt istəklərinin və düşüncələrinin bir-birinə qarışmasına səbəb olur. Aralıq yaş dövründə çox vaxt qadınlar nə istədiklərini özləri də bilmirlər. Ona görə də bu yaş dövründə qadınlar müxtəlif istəklərə can atırlar. Kişilərin isə sahib olmaq istədikləri şeylər daha kasad, maraq dairəsi dar və kiçik çərçivəli olur.
- Gənclərin qadağan olunmuş radikal dinlərə ("Satanizm", "Emotizm" və s.), gizli təşkilatlara ("Mason", "Qladio", "Quru kəllə və sümüklər", "Komitet-300" və b.), aqressiv musiqilərə (əsasən "Hard Rock", ağır metal musiqi alətlərinə) meyl göstərmələri barədə nə deyə bilərdiniz?
- Gənclərin qeyri-adi istiqamətlərə meyil göstərmələrinin ən başlıca səbəbi onlarda yaranmış və xüsusi olaraq yaradılmış mənəvi boşluqdur. Gənclər öz aralarında Azərbaycanın mental dəyərlərinin köhnəlməsi yönündə təbliğat aparırlar. Yeniyetmələr Azərbaycanın milli ənənələrindən imtina etdikdən sonra onun yerini doldurmaq üçün bu cür vasitələrə əl atırlar. Həmin boşluğu doldurmaq üçün daha keyfiyyətli model təklif olunmalıdır. Digər tərəfdən gənclərin radikal din və təşkilatlara maraq göstərmələrində əsas səbəblərdən biri onların cəmiyyət arasında fərqlənmək istəyindən irəli gəlir. Nəticədə Azərbaycan gəncliyində aqressiv və radikal münasibətlərin vəziyyəti yüksəlib. İnsan psixologiyası mənəvi boşluq sindromuna qarşı zəifdir. Mütləq şəkildə insan içində yaranmış boşluğu müəyyən dəyərlərlə doldurmalıdır. Çox vaxt insanlar belə hallarda tamam səhv qərarlar qəbul edirlər. Digər tərəfdən mediada bu barədə informasiya çoxluğu da insanları tərs istiqamətlərə sürükləyir.
Ömər Zamin