“Aldadıcı reklamlar insan hüquqlarını ciddi şəkildə pozur” - MÜSAHİBƏ
Azad İsgəndərli: “Reklamları səsləndirən və yazan şəxslərin Azərbaycan dilini səlis yazıb-oxumalı və danışmalıdır”
12 İyun 2012 12:42 MüsahibəMüsahibimiz Sosial Hüquqların Monitorinq Qrupunun rəhbəri, Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin sədri Azad İsgəndərlidir.
-Azad bəy, bu gün istər televiziya, istərsə də küçə reklamlarında ciddi problemlər var. Bu sahə üzrə araşdırma apararkən məlum olur ki, ortada olan problemlər qanunvericilikdə olan boşluqlardan doğur. Siz necə hesab edirsiniz, Azərbaycanda reklamla bağlı qanunverici bazada nə kimi dəyişikliklər etmək zərurətə çevrilib?
-Hesab edirəm ki, digər sahələrdə dövlətin maraqlarını qoruyan qurumlar olduğu kimi, bu sahədə də həm dövlətin, həm də millətin maraqlarını qoruyan, dövlət nəzarətini həyata keçirən bir quruma ehtiyac vardır. Reklam şirkətləri üzərində dövlət nəzarətinin olmamasını düşünərək ağıllarına və ağızlarına gələni yazırlar. Çəkirlər, yapışdırırlar və nəticə etibarilə millətimizin , xalqımızın zövqünü pozmaqla yanaşı ölkəmizin imicinə də ləkə vururlar. Bir çoxları bu reklam işini adi bir şey hesab edir, amma məncə bu o qədər də adi və nəzarət tələb etməyən bir sahə deyildir.
-İctimai təşkilat olaraq sizin bu sahədə olan problemlərin aradan qaldırılmasına nə kimi töhfəniz ola bilər?
-İctimai təşkilat olaraq mən bu problemlərin aradan qaldırılmasına verilə biləcək yeganə töhfənin reklam şirkətləri ilə birgə layihələr həyata keçirməsinin, monitorinqlər aparılmasının, ən azından anonim sorğular keçirilməsinin vacib olduğunu düşünürəm. Reklam şirkətlərinin İctimai Birliklərlə sıx əməkdaşlıq etməsi ilk növbədə onlar üçün ən vacib bir məsələdir. Sonra da millət üçün , xalq üçün. Mən İctimai Birlikləri cəmiyyətin "termometri" hesab edirəm. Çünki cəmiyyətdə olan hərarəti ilk növbədə İctimai Birliklər təyin edə bilir. Ona görə də yenə təkrar edirəm, reklam şirkətlərinin İctimai Birliklərlə əməkdaşlığı nəticə etibarilə onların gördüyü işlərin həm effektivliyinə, həm də davamlılığına qarant olacaqdır.
-Bu gün xarici reklamların montajına daha çox rast gəlinir. Bu problemin qarşısını necə almaq olar?
-Bunun qarşısını yerli keyfiyyətli reklam istehsal etməklə almaq olar.
-Reklamlarda dil qüsuru barəsində də kifayət qədər məlumatlar öz əksini tapır. Ədəbi dilin qorunmasında reklamlarla bağlı nə kimi tədbirlər görülməlidir?
-Reklamları səsləndirən və yazan şəxslərin Azərbaycan dilini səlis yazıb, oxumalı və danışmalıdır. Ən başlıca amil budur.
-Aldadıcı reklamlar vətəndaşlar üçün ciddi problemə çevrilib. Bu cür aldadıcı reklamların kütləvi hal almaması üçün hansı addımlar atılmalıdır?
-Aldadıcı reklamlar ilk növbədə insan hüquqlarını ciddi şəkildə pozur. Və hətta ondan da o tərəfə gedənləri də olur. Məsələn, hansısa bir kolbasanın sağlam olduğunu , insan orqanizmi üçün heç bir təhlükə doğurmayacağını televiziya kanallarından reklam edrlər.Və vətəndaş da buna inanaraq gedib həmin kolbasanı alaraq tükədir. Sonucda bütün ailə üzvləri zəhərlənərək xəstələnir, pis halda isə dünyasını dəyişir. Mən Sosial Hüquqların Monitorinq Qrupunun koordinatoru olaraq bu problemlə mübarizəni yalnız hüquqi müstəvidə görürəm.Yəni aldadıcı reklamlarla üzləşdikdə vətəndaşlarımızdan hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edirəm. İlk növbədə xəstəxanaya müraciət edib oradan həmin məhsuldan zəhərlənmə faktını təsdiq edən sənəd alınmalıdır və sonra həmin sənədlə hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. Qaldı ki ümumiyyətlə verdiyiniz bütün bu sualların toplumuna cavab olaraq onu bildirmək istəyirəm ki, yuxarıda dediyim kimi bütün bu işlərə nəzarət edən bir dövlət qurumunun yaradılmasına ehtiyac var və həmin qurumla da ictimai birliklər sıx əməkdaşlıq edərək dövlətə, millətə xidmətdə qüsur etməməlidirlər.
Ədil Ədilzadə
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ABUC-nin həyata keçirdiyi "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsi çərçivəsində çap olunur