Pandemiya dövrü Şimali Kiprdə yaşayıb problemlə üzləşən hər bir soydaşımıza kömək etmişik- ÖZƏL
6 May 2020 09:52 MüsahibəOrxan Həsənoğlu: "Belə çətin günlərdə dövlətimizin arxamızda olduğunu onlara hiss etdirmək gözəl duyğudur"
Bütün dünyanı təhdid edən koronavirus pandemiyası müxtəlif ölkələrdə təhsil alan, eləcə də həmin ölkələrdə yaşayan azərbaycanlılar üçün də ciddi problemlərə yol açıb. Ölkələr arasında demək olar ki, bütün növ nəqliyyat səfərlərinin qadağan olunması bəzi soydaşlarımızın Azərbaycana qayıtmasına əngəl olub. Düzdür, ölkəmizin müvafiq qurumları zaman-zaman bu istiqamətdə ciddi addımlar ataraq soydaşlarımızın, tələbələrin böyük bir qisminin Azərbaycana qayıtmasına nail olub və proses hazırda da davam edir.
Nəzərə alsaq ki, azərbaycanlı gənclərin təhsil aldığı ölkələrdən biri də Şimali Kipr Türk Respublikasıdır, o zaman sözügedən ölkədə vəziyyətin necə olduğu, orada yaşayan soydaşlarımızın hər hansı bir problemlə üzləşib-üzləşmədiyi maraqlıdır. Elə bu maraqdan və Şimali Kiprdəki soydaşlarımızın durumundan məlumatlı olmaq üçün Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu ilə söhbətləşdik.
-Orxan müəllim, koronavirus pandemiyasının dünyada yayıldığı bir vaxtda Şimali Kiprdə bu istiqamətdə vəziyyət necədir və virus bu ada ölkəsi üçün nə dərəcədə təhlükəli hal kəsb etdi?
-Şimali Kipr Türk Respublikasında ilk yoluxma günü ilə Ümümdünya Səhiyyə Təşkilatının pandemiya elanı gün ilə üst-üstə düşdü. Kipr höküməti bu hazırlıqlara daha öncədən başlamışdı. Çünki, adanın güney hissəsində 2020-ci ilin fevral ayından virus görülməyə başlamışdı. Hər iki ölkə arasında gediş-gəlişlər dayandırılmışdı. ÜST haqqında haqlı olaraq iradlar var. Daha əvvəlcədən pandemiya elan oluna və Çin bölgəsindəki təhlükənin böyüklüyü barədə həyəcan siqnalı verə bilərdi. Amma iqtisadi və siyasi cəhətdən bunu həyata keçirmədi. Kiprə 10 mart tarixində Almaniyadan gələn bir qrup turist içərisində 2 nəfərdə COVİD-19 aşkarlandı. Həmin andan etibarən ölkədə qarantin rejimi başladı.
Qeyd etmək vacibdir ki, bu günə qədər ölkədə ümumi yoluxma sayı 108 nəfər olub. Bunlar arasında yuxarıda qeyd etdiyim turist qrupunda 22 nəfər olub. 4 nəfər həyatını itirib. Onlar arasında məhz 2 nəfəri həmin alman turist olub. Hazırda ölkədə COVİD-19 xəstəsi 1 nəfər qalıb. Ölkədə artıq 2 həftədir yeni yoluxmaya rastlanmayıb.
-Birmənalıdır və danılmaz faktdır ki, pandemiya bütün ölkələrin iqtisadiyyatına təsir göstərdi. Nəzərə alsaq ki, Şimali Kipr əsassız embarqolarla üz-üzədir və iqtisadi durumu o qədər də yaxşı deyil. Bu mənada pandemiya Şimali Kipr iqtisadiyyatına nə dərəcədə mənfi təsir göstərdi?
-11 mart 2020-ci il tarixdən etibarən Kiprdə məktəblər, iş yerləri, otellər bağlanıb. Ölkə iqtisadiyyatının lokomotivi əsasən 2 sektordur. Ölkənin turizm sektoru və universitetlər. Bütün universitetlər bağlanıb. Otellər öz fəaliyyətini dayandırıb. Adaya 1 aydan çoxdur ki, giriş-çıxış yoxdur. Bu əlbəttə pandemiya ilə mübarizə üçün ideal şəraitdir. Yalnız iqtisadi cəhətdən bunun böyük fəsadlarını yaxın günlərdə hər birimiz yaşayacağıq. İqtisadi çöküntü böyük təhlükədir. Ölkənin ictimai-siyasi və sosial həyatına çox böyük təsir edəcək. Pandemiya elanından sonra ölkədə təhsil alan yüz minə yaxın tələbənin artıq 74 mini ölkəni tərk edib. Nə zaman geri dönəcəkləri sual altındadır. Turizm ölkəsi və hazırda sezonun ən reytinqli vaxtı olmasına baxmayaraq ölkədə 1 nəfər turist yoxdur. Bu böyük iqtisadi zərbədir. Kipr sizin də qeyd etdiyiniz kimi embarqolar ilə daim mübarizə edən bir ölkə olub. Bu yaşanan son hadisələr isə ölkə iqtisadiyyatını yenidən qurmağa və sıfır nöqtəsindən hərəkətə gətiməyə vadar edəcək. Ölkə rəhbərliyi bu sahədə çevik işlər aparır. Bütün ailələrə aprel və may ayları üçün 1500 türk lirəsi, təxminən 400 manat ödəndi. Çox az faizlər ilə kreditlər ayrıldı. Bildiyiniz kimi ŞKTR iqtisadiyyatı daha çox Türkiyədən asılıdır. Həmçinin ölkəyə giriş-çıxış daha çox Türkiyə vasitəsi ilə həyata keçirilir. Türkiyə dövləti maddi olaraq daima Kipri dəstəkləyir. Pandemiya dövrü üçün də xüsusi yardım dəstəyi vermiş oldu. Aprel ayı üçün 18 milyon manat dəstək verdi. May ayı üçün bunun 30 milyon manat olacağı gözlənilir. Kipr önümüzdə olan turzim sezonunu itirəcək. İnşallah 2021-ci il üçün planlamalar davam edir.
-Şimali Kiprin iqtisadiyyatını yenidən dirçəltmək üçün sizcə hansı addımları atmaq lazım olacaq?
-Dünyada iqtisadiyyatının böyük hissəsini turizm ilə formalaşdıran ölkələr operativ tədbirlər həyata keçirir. İtalya, Fransa, İspanya kimi ölkələr turistləri öz ölkələrinə cəlb etmək üçün müxtəlif təkliflər hazırlayıb. Artıq onlarca ölkə muzeylərin turistlər üçün ödənişsiz olması qərarını verib. Ölkə daxili nəqliyyatı ödənişsiz edən ölkələr, ölkəyə gələn hər turistin avia biletinin 20 faizini qarşılama qərarı alan ölkələr var. "AirFransa" avia kompanyasına Fransa dövləti 7 milyon euro dövlət dəstəyi verdi. Qısacası yenidən güclü iqtisadiyyat üçün artıq çalışmalar başlayıb.
Kipr üçün də bu kimi fəaliyyət planı olmalıdır. Səyahət edəcək hər bir türist bütün detayları göz önündən keçirir. Kipr ilk olaraq ölkəyə uçuşların ən aşağı qiymətlərə həyata keçirilə bilməsi üçün çalışmalar etməlidir. Ölkə daxilində isə otel qiymətləri keçən il olan qiymətlərin ən az 30 faiz altında olmalıdır. 2020-ci il üçün turzimdən gəlir əldə etməyi deyil, dəyirmanın hərəkət etməsini bacarmaq lazımdır.
Türkiyə ilə əlaqələrini isti saxlamalıdır. Kipr daxilində Türkiyə əleyhinə çalışan bəzi kiçik qruplar var. Bunlar həm ölkələrarası münasibətlərə, həm də xalqlararası dostluğa kölgə salırlar. Bu fəaliyyətlər ölkənin həm imicinə, həm də Türkiyə-Kıbrıs münasibətlərinə təsir edir.
-Nəzərə alsaq ki, siz eyni zamanda təhsil sektorunda da çalışırsınız, belə qənaətə gəlmək olarmı ki, pandemiya Şimali Kiprin təhsil sahəsinə, xüsusilə xarici ölkələrdən tələbələrin buraya təhsil almağa gəlməsinə də mənfi təsir göstərəcək?
-Universitetlər bu ölkənin incisidir. Təhsil adanın ambarqolarının aradan qalxması üçün böyük fürsətdir. Kipr dövləti universitetlər ilə ortaq plan hazırlayaraq bütün xarici tələbələrə 2020-ci il qəbulları üçün ödəniş haqqının 90 faizini güzəştə getməlidir. Bu ölkənin iqtisadiyyatını və xüsusi ilə sosial həyatı rəngləndirən tələbələrdir. Buna sadəcə iqtisadi cəhətdən baxmaq lazım deyil. İctimai və diplomatik tərəfindən baxarsaq bu əvəzolunmaz bir fəaliyyətdir. Hazırda ölkədə 120 minə qədər tələbə var. Bunlar Türkiyə və Kipri çıxarsaq 130-a yaxın ölkədən gəliblər. Pandemiya ilə bağlı hardasa 70 mindən çoxu öz ölkəsinə qayıdıb. Kipr bu üzdən indi övlad səsi gəlməyən böyük bir villaya bənzəyir. Bu ölkənin yaraşığı tələbələrdir. Bizim kampüsümüzdə normalda 20 min tələbə təhsil alır. Hazırda tələbələrin yoxluğu bizi çox narahat edir. Bu il yeni qəbulların çox az olacağından əminik. Hətta mövcud tələbələrin ölkəya qayıtması və təhsilinə davam etməsi üçün çalışmalar aparılır. Həyat bu ölkədə Türkiyə və Azərbaycan ilə müqayisədə biraz bahadır. Yataqxanalar və ev sahiblərinin bu il üçün əllərini daşın altına qoyması lazım. Xalqı və dövləti üçün bir neçə ay kirayə pulları alınmaya və ya 50 faiz endirilə bilər. Müəyyən addımlar atılmasa adanın təhsil sektoru böyük itkilər verəcək. Ölkə daxilində xarci tələbələrdən yetəri dərəcədə yararlana bilmirlər. Bundan sonra isə universitetlərin bəziləri düşünürəm ki, ya bağlanacaq və ya birləşəcəklər.
-Sirr deyil ki, bu ada ölkəsində həm azərbaycanlı tələbələr təhsil alır, həm də soydaşlarımız yaşayır. Sizin rəhbərlik etdiyiniz təşkilat bu ərəfədə istər tələbələr, istərsə də orada yaşayan soydaşlarımızla necə əlaqə qurdu və onların üzləşdikləri problemlərin həllinə necə yardım göstərdi?
-Bu gün azərbaycanlılar dünyanın hər tərəfinə yayılıb. Bəzən düşünürəm ki, bəlkə də kosmosda da soydaşlarımız var. İşim ilə bağlı çoxlu ölkələrdə oluram. Mütləq bir soydaşımızla rastlaşırıq. Kiprdə də həmçinin. 2020-ci il mart ayına olan rəsmi məlumatlarımızda Kiprdə tələbə statusu ilə yaşayan 211 soydaşımız var. Onlar 12 universitetdə təhsil alırlar. Biz daim soydaşlarımız ilə maraqlanırıq. İki növ tələbələr haqqında daha çox məlumat sahibi oluruq və ya daha çox əlaqədə oluruq. Birinci növ üzücü hallardır. Adı qalmaqallar, müəyyən problemlərdə çəkilən, mənfi istiqamətdə fəaliyyət göstərən tələbələrimiz. İkinci növ tələbələrimiz isə bizim qürur mənbəyimizdir. Universitet, fakültə birinciləri, müsbət işlər görən, ölkəmizi layiqincə təmsil edən, aktiv olan tələbələrimizdir.
Pandemiya dövrü isə demək olar ki, Şimali Kiprdə yaşayıb problemlə üzləşən hər bir soydaşımıza kömək etmişik. Ailəsi ilə bu ölkədə yaşayan, çalışan soydaşlarımız da çoxdur.
-Ümumiyyətlə, istər tələbələrimiz, istərsə də digər soydaşlarımız Şimali Kiprdə həmin ərəfədə ciddi problemlə qarşılaşdılarmı?
-Bəzi ailələr oldu ki, biz onları pandemiya dövrü tanıdıq. Kiprdə 100-ə yaxın ailə yaşayır. Onların əksəriyyəti universitetlərdə çalışan professor müəllim heyətidir. Onların demək olar ki, heç bir problemləri yox idi. Yalnız turizm və inşaat sektorunda çalışanlar işlərini itirdilər. Onların çox ciddi problemləri oldu. Biz bir çoxunu öz imkanlarımız ilə həll etdik. Daha sonra problemlər böyüdükçə dövlətimizə, Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Bizə ölkəmizdən maddi dəstək gəldi. Hər kəsə gücümüz yetdiyi qədər köməklik göstərdik. 2-3 uşağı ilə burada çalışan soydaşlarımız var ki, kirayə mənzillərdə yaşayırlar. İş yerləri bağlanır, amma xərclər sayğacı dayanmır. Məişət problemləri əksinə daha da çoxalır. Biz də onlara qida yardımı və maddi yardım göstərdik. Belə çətin günlərdə dövlətimizin arxamızda olduğunu onlara hiss etdirmək gözəl duyğudur. Tanrı dövlətimizi və onun başçısı İlham Əliyevi qorusun. DİDK sədri Fuad Muradov və əməkdaşlarına da bir daha təşəkkür edirəm.
-Cəmiyyət olaraq gələcək planlarınız, yaxın vaxtlar üçün həyata keçirməyi nəzərdə tutduğunuz layihələr, işlər nədən ibarətdir?
-Cəmiyyət olaraq 2020-ci il üçün biz də əvvəlki fəaliyyət planımızda ciddi dəyişikliklər edəcəyik. 28 may tarixində ənənəvi böyük tədbirimiz olurdu. Onu pandemiya sonrası 15 iyin Qurtuluş Günü münasibəti ilə Kiprdə yaşayan ailələrin iştirakı ilə piknik kimi açıq havada keçirməyi planlayırıq. Bundan sonra adada yaşayan soyadaşlarımızın diaspor sahəsində daha aktiv olacaqlarına çox ümidliyəm. Çünki onlar da birlik və bərabərliyin nə qədər vacib olduğunu pandemiya günlərində bir daha yaşadılar, dövlətimizin qayğısını hiss etdilər. Cəmiyyət olaraq bizə müraciət edən heç kimi demək olar ki, boş qaytarmadıq. Həm maddi, həm də mənəvi dayaq olmağa çalışdıq. Bunu bacardığımızı da düşünürəm.
Kipr kənardan kiçik görünə bilər. Siyasi və coğrafiya baxımından bu gerçəktir. Yalnız diaspor və lobiçilik baxımından bura ideal fəaliyyət platformasıdır. Ölkədə çox sayıda dövlətdən tələbələr təhsil alır və bu platforumda ölkəmizin təbliğatını aparmaq çox əhəmiyyətlidir. Bu gənclərin əksəriyyəti gələcəyin liderləridir. Onlar öz ölkəsinə qayidarkən Azərbaycanın dostu olmalıdırlar. Bunun üçün çoxlu yeni ideyalarımız və planlarımız var.
Sonda mən başda siz olmaqla sizin vasitəniz ilə Azərbaycan mediasına təəkkürü borc bilirəm. Hər zaman səsimizi duyurmağa bizə kömək olmusunuz. Qarşılıqsız olaraq bizə mənəvi dəstək olmusunuz. Hər bir soydaşımız adına bir daha təşəkkür edirəm.
Süleyman İsmayılbəyli