"Müxalifətin “xalq düşməni” damğası" - Azay Quliyev - MÜSAHİBƏ

“Arif Hacılı kimi antiiqtidar, antihökumət adamı xəyanətdə suçladılar”

Beynəlxalq təşkilatların Azərbaycana qarşı yersiz iddiaları cəmiyyətin haqlı narazılığına səbəb olub. Xüsusən, olkədə insan hüquqları ilə bağlı problemlərin şişirdilməsi vətəndaş cəmiyyətində müzakirə predmetinə çevrilib. Onu da qeyd edək ki, bu ittihamlar əsasən iqtidarın ünvanına səsləndirilir. Məsələn, beynəlxalq təşkilatlar iddia edirlər ki, guya Azərbaycanda iqtidar  qarşı tərəfin   hüquqlarını pozur, sərbəst toplaşmaq azadlığını təmin etmir, siyasi və vicdan məhbuslarını azadlığa buraxmır, həmçinin, siyasi partiyaların dövlət hesabına maliyyələşməsi məsələsinə onları cəlb etmir və sair. Millət vəkili, Prezident Yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə tamamilə fərqli düşünür.
-Azay müəllim, beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın boğulması ilə bağlı səsləndirdikləri fikirləri  nə dərəcədə haqlı hesab edirsiniz? Məsələn, konkret olaraq iddia edirlər ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır.
- Gəlin, konkret olaraq elə sərbəst toplaşmaq azadlığı məsələsindən danışaq. Bu məsələ Azərbaycan qanunvericiliyində ən  yüksək  səviyyədə öz əksini tapıb.  Aksiya keçirmək istəyən qüvvələr tərəfindən müraciət olunub, Bakı Şəhər İcra Hakimiyyəti də dəfələrlə  müvafiq yerlər ayırıb. Onlar həmin "20-ci sahə" deyilən yerdə iki dəfə öz aksiyalarını keçiriblər. Mən səmimi deyirəm, əgər sən bura getməyəcəkdinsə, o zaman  axıra qədər getməyəydin. Əgər  sən getmisənsə,  bunu qəbul etmisənsə və  sonra  bundan imtina edirsənsə, bu, sadəcə, cığallıqdır. Sənə kimsə hardasa nəsə deyibsə ki, "Eurovision" öncəsi bü cür tədbirlər keçir, polisi görəndə  əynindəki köynəyi cır, şəkillər çəkdir, bunu Azərbaycan əleyhinə istifadə edək, bu, yumşaq şəkildə desək, vətəndaşlıq mövqeyindən kənardır, mən hələ vətənpərvərliyi demirəm. Ona görə  iqtidar  bu məsələdə tam şəkildə haqlıdır desin ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində   heç bir problem yoxdur və onlar üçün şərait yaradılıb.
-Bəs, siyasi məhbuslarla bağlı?
-Siyasi məhbuslarla bağlı məsələ  elədir ki, ola bilsin ki, burada müxtəlif motivlər olsun, ola bilsin ki, hər kəsin müxtəlif yanaşması olsun. Biz dəfələrlə  görmüşük ki, Azərbaycanla normal dillə danışan zaman, iqtidar-müxalifət münasibətləri normal olan vaxt həmin o iradlar da qəbul olunur, neçə-neçə insan azadlığa buraxılır. Bir neçə dəfə demişəm ki, əgər gənc bloggerlər- Adnan Hacızadə və Emin Millinin məsələsi vaxtında bu qədər siyasiləşməsəydi, bu qədər istismar olunmasaydı, Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilməsəydi, onlar əminəm ki, daha tez azad olunacaqdılar.  Bu o demək deyil ki, onlar günahsız və günahlı idilər, sadəcə, hüquqi prosedurlar var. Eyni  şəkildə, sabiq deputat Arif Hacılının  "Eurovision"la bağlı  dövlət başçısına  bir müraciəti oldu və o müraciətində  qeyd etdi ki, hər bir şeyi bir tərəfə qoyaq, biz Azərbaycanın  maraqlarını ilk növbədə  güdməliyik.  Bu, iqtidara da aid olunurdu, müxalifətə də. Amma ona nə reaksiya verdilər? "Azadlıq" qəzetinə baxın, orada nələr deyilmədi, sən  səhv etmisən, sən satqınsan, sən tarixi cinayətə yol vermisən və sair. Bu, dialoqa bir balaca olsa belə,  cücərti yaradırdı ki,  hökumət də bunu nəzərə alsın və sonradan bu dialoqu başlasın. Amma yenə deyirəm, nə reaksiya verdilər? Arif Hacılı kimi antiiqtidar, antihökumət adamı xəyanətdə suçladılar.  Niyə digər jurnalistlər buna reaksiya vermədilər, demədilər ki, ay kişilər,  burada dialoqdan danışırıq, münasibətləri  yaxşılaşdırmağa çalışırıq, siz isə bunu "xalq düşməni" elan  edirsiniz? Belə olan halda, o biriləri dialoqdan danışa bilərmi? O zaman dərhal deyəcəklər ki, sən satqınsan. Yəni, bunu dəyişmək lazımdır.
-Siyasi partiyaların maliyyələşdirilməsi məsələsində iqtidarın mövqeyini məqbul hesab etmək olar?
- Siyasi partiyaların maliyyələşməsi məsələsinə gəlincə, bununla bağlı parlamentdə qanun qəbul olunub. İlk dəfədir  ki, siyasi partiyalara maliyyə ayrılacaq və bundan hamı  ədalətli bir bölgü şəklində faydalanacaq.  Eyni zamanda hesab edirəm ki, bu, Azərbaycanda siyasi partiyalarla bağlı çox  ciddi instusional dəstək kimi qiymətləndirilməlidir.
-Beynəlxalq qurumlar iddia edirlər ki, bu maliyyələşmədən nüfuzlu müxalifət partiyaları deyil, əslində  hökumətyönlü  müxalifət  partiyaları yararlanacaqlar.
-Hesab edirəm ki, bu hüquqi baxımdan da, siyasi baxımdan da yanlış  bir fikirdir. Hüquqi baxımdan yanlışdır  ki, onlar etiraf edirlər ki, heç vaxt parlamentdə təmsil olunmayacaqlar.  Ancaq bu qanun bir  günlük, bir illik, bir partiya  üçün yazılmayıb. Bu qanun ümumiyyətlə, bir qanunvericilik sənədi kimi yazılıb, qəbul edilib və burada da-parlamentdə təmsil olunmayanlar mən hesab etmirəm ki, nə vaxtsa  Milli Məclisə seçilməyəcəklər. Amma  bunlar özləri   bəri-başdan etiraf edirlər ki, bu gedişlə  özlərini parlamentdən kənarda qoyacaqlar, orada təmsil olunmayacaqlar.  Bu baxımdan, bu yanaşma  ilk öncə siyasi baxımdan yanlışdır, ikincisi də,  hüquqi baxımdan  nöqsanlı bir mövqedir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31