“Cənubi Azərbaycandan olan soydaşlarımız ciddi təqib və təzyiq altındadır” - İlham İsmayılov - MÜSAHİBƏ

“İranda azərbaycanlıların hüquqları kobud şəkildə pozulur”

"Tehranın Azərbaycana qarşı təhlükələri bitmir"

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun "OLAYLAR"-a müsahibəsi

-İlham müəllim, son günlər bir sıra xarici KİV-lərdə yer alan xəbərlərdən belə nəticəyə gəlmək olur ki, İrana qarşı hərbi əməliyyatlar artıq zərurətə çevrilib. Siz bu barədə nə düşünürsünüz?

-Son vaxtlar müxtəlif mətbuat orqanlarında Birləşmiş Ştatlar, Böyük Britaniya və İsrail üçlüyünün İrana qarşı hərbi əməliyyatlara başlayacağı barədə müxtəlif xəbərlər yayılmaqdadır. İlk baxışdan bu bir təbliğat xarakteri daşısa da, ancaq real olaraq İrana qarşı hərbi müdaxilənin qaçınılmaz olduğunu da görürük. Çünki artıq bütün beynəlxalq aləm insan hüquqlarının total şəkildə pozulmasını qəbul etmir. Bu gün İranın region dövlətləri, eləcə də bütün dünya üçün təhlükə rolu oynadığı artıq hamıya bəllidir. Bu gün bütün dünya ictimaiyyəti Suriya xalqının müdafiəsinə qalxdığı bir vaxtda, İran rejimi hələ də Bəşər Əsəd diktaturasının ömrünün uzadılmasına yardım etməkdədir. Yaxud  İranın Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqeyə fikir versək, görərik ki, uzun illərdir ki, İran işğalçı Ermənistan üçün bir "ilham mənbəyi" rolunu oynamaqdadır. Həmçinin bu ölkə bütün qüvvəsi ilə Ermənistanı dəstəkləməkdədir. İran bölgədə özünü islam dəyərləri ilə idarə olunan bir dövlət saysa da, lakin Dağlıq Qarabağda qətlə yetirilən minlərlə müsəlmanın qətlinə göz yumaraq, işğalçı Ermənistanla siyasi, iqtisadi əlaqələrini daha da genişləndirir. Təbii ki, biz regionumuzda yeni bir münaqişə ocağının yaranmasını istəmirik. İrana qarşı olan hərbi müdaxilələr qonşu dövlət olaraq bizə də olduqca mənfi  təsirini göstərəcək.  İranda yaşayan 40 milyona yaxın Azərbaycan türklərinin taleyi də bizi narahat etməkdədir. Çünki bu ölkədə yaşayan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur.

-Hər ötən gün Güneydə yaşayan soydaşlarımıza qarşı fars-molla rejiminin təqib və təzyiqləri bir qədər də artır. Sizcə, bu Tehran hakimiyyətinin azərbaycanlılara olan nifrətindən irəli gəlir?

-İran hakimiyyəti ümumilikdə soydaşlarımızın ana dilinə, adət-ənənələrinə, mədəniyyətlinə qarşı da total şəkildə repressiyalar həyata keçirir. Anoloji olaraq bu ölkədəki soydaşlarımız müntəzəm olaraq fars-molla rejiminin təqib və təzyiqləri ilə üzləşir. Uzun illərdir ki, bu mənfi tendensiya davam etməkdədir. İran rejiminin son dövrlərdə Cənubi Azərbaycan türklərinə qarşı olan aqressiyası isə daha çox soydaşlarımız arasında baş verən milli oyanış hərakatını boğmaq, öz mürtəce varlığını davam etdirməklə bağlıdır. Məlumat üçün qeyd edim ki, vaxtilə sovet imperiyası da eyni siyasəti yürüdür, millətləri daima qorxu altında saxlayırdı.  Bu gün İran da məhz soydaşlarımızı qorxu altında saxlamaqla, artıq bütün ölkəni bürümüş milli oyanış hərakatlarını boğmaq istəyir. Lakin bu istək mövcud İran hakimiyyətinin sonunu gətirəcək. İrana qarşı heç bir hərbi müdaxilə olmasa belə, Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəcək. Bu günki İran mürtəce rejimi bunu yaxşı başa düşdüyündən soydaşlarımıza qarşı öz aqressivliyini daha da artırır, hər gün milli mücadilədə fəal olan insanları, ziyalıları, tələbələri edam etməklə soydaşlarımızı qorxu içində yaşamağa məcbur edir. Lakin öz xalqını bu cür qorxu ilə idarə edən  İraqın, Liviyanın, Suriyanın son aqibətinə nəzər salsaq, İran rejiminin də eyni aqibəti yaşayacağını istisna edə bilmərik. Çünki, artıq İranın "ərəb baharı"ndan sonra dünyada tam təklənmiş olduğunu və dünyanın yeni düzəninə qarşı inadkarcasına müqavimət göstərdiyinin şahidi oluruq.

-İran paralel olaraq Urmiya gölünün qurudulmasına ciddi cəhdlər göstərir və müəyyən mənada istəyinə nail olur. Sizcə, İranın Urmiya gölünü yox etməkdə başlıca məqsədi nədir?

-Bildiyiniz kimi, Urmiya gölü YUNESKO-nun qorunan təbii ərazilər siyahısına daxildir. Ayrıca olaraq həmin ərazi 1967-ci ildən həm də qoruq elan olunub. Bu mövqedən yanaşsaq, Urmiya gölünün yox olması təkcə soydaşlarımız üçün deyil, həm də region üçün ekoloji tarazlığın pozulmasına gətirib çıxaracaq. Amma digər tərəfdən isə, Urmiya gölü həm də xalqımızın maddi və mənəvi toxunulmaz sərvətlərindəndir. Urmiya gölü artıq həm də cənublu soydaşlarımız üçün bir milli oyanış, milli birlik simvoluna çevrilməkdədir. Biz bu istiqamətdə milli mücadiləmizi aparmaqla yanaşı, həm də beynəlxalq qurumları bu ekoloji fəlakətin qarşısını almaq üçün səfərbər etməyə çslışmalıyıq.

-Sizcə, İrana qarşı hərbi əməliyyatlara start verilsə bu ölkədə yaşayan soydaşlarımız hansı mövqeni nümayiş etdirməlidirlər?

-Hesab edirəm ki, bu tarixi məqamdan soydaşlarımız maksimum yararlanaraq ən azı milli və mədəni muxtariyyatlarını əldə etməlidirlər. Çünki, İran əhalisinin az qala yarısından çoxunu təşkil edən Azərbaycan türkləri öz ana dilində təhsil almaq hüququndan tamamilə məhrum olunub, fars rejiminin assimilyasiya siyasəti ilə bütün milli-mədəni hüquqlardan kənarda qalıblar. Bir faktı da nəzərə almaq lazımdır ki, Cənubi Azərbaycanda milli oyanış bu gün zirvə nöqtəsindədir. Artıq biz soydaşlarımızın etiraz səslərini daha ucadan və davamlı şəkildə eşitməkdəyik. Neçə illərdir ki, fars rejimindən yaxa qurtaran fəallar, ziyalılar dünyanın inkişaf etmiş ölkələrinə səpələniblər. Onlar getdikləri ölkələrdə təşkilatlanaraq, öz aktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Doğrudur, bu gün onların arasında fikir ayrılıqları yaradıb, onları parçalamaq istəyən qüvvələr də var. Lakin bu gün onların da vahid şəkildə birləşib fəaliyyət göstərmələri olduqca vacibdir. Biz bir təşkilat olaraq, xüsusilə Avropa dövlətlərində milli məsələ, Dağlıq Qarabağ problemi ilə bağlı keçirdiyimiz tədbirlərdə Cənubi Azərbaycan türklərinin nə qədər aktiv rol oynadıqlarını görürük. Onlar artıq Avropa dəyərlərini tam əxz etmiş, siyasi cəhətdən yetişmiş bir insanlardır. İnanıram ki, İranda baş verə biləcək demokratikləşmə prosesində həmin fəal insanlar da öz soydaşları ilə birlik şəraitində proseslərdə yaxından iştirak edəcəklər. Çünkü, onlar da doğulub boya-başa çatdıqları ölkələrinin demokratik bir ölkə olması üçün mübarizə aparırlar. Demokratik bir ölkə qurmaq, bu ölkədə tam olaraq azad yaşamaq onların da təbii haqlarıdır. Əlavə olaraq qeyd edim ki, bu gün Cənubi Azərbaycan problemi dünyada yaşayan 50 milyondan çox Azərbaycan türkünün, eləcə də bütün Türk dünyasının probleminə çevrilib. İnanıram ki, İranda baş verə biləcək demokratikləşmə proseslərində bütün türk dünyası da cənublu qardaşlarımızın yanında olacaqlar.   

-Bu gün ümumilikdə region üçün təhlükə mənbəyi sayılan İrandan Azərbaycana  qarşı gözlənilən təhlükələr nədən ibarət ola bilər?

-Azərbaycan bir islam dövləti olaraq regionda demokratik inkişaf yolunu tutmuş hüquqi bir dövlətdir. Həm də bu gün olduğu kimi tarix boyunca da milli və dini dözümlülüyü ilə ölkəmiz hər zaman beynəlxalq aləımə nümunə olub. Lakin İran özünü islam dövləti olaraq təqdim etməsinə baxmayaraq, əsl reallıqda İrandakı islam anlayışının nə qədər mühafizəkar və təriqətlərə, məzhəblərə parçalandığını görə bilərik. Təəssüf doğuran hal ondan ibarətdir ki, bu gün İran Azərbaycandakı hüquqi, demokratik dəyərlərə aqressiv münasibəti ilə fərqlənir. İran bir islam dövləti olaraq, tarix boyu müsəlman türkünə qarşı qətliam törədən və bu əməllərini bu gün də davam etdirən Ermənistan kimi işğalçı dövlətlə açıq-aşkar yüksək səviyyəli siyasi-iqtisadi münasibətlərini davam etdirir. Bu azmış kimi üstəlik Azərbaycan dövlətçiliyinin təməlini zəiflətmək üçün bizə "siyasi islam" ixracı edir, Azərbaycan vətəndaşlarının milli dövlətçiliyə münasibətini zədələməyə cəhd göstərir. Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi uğurlu əməliyyatlar nəticəsində belə bir düşüncə ilə "bəslənmiş" ayrı-ayrı qrupların zərərsizləşdirildiyinin şahidi olduq. Belə qruplar neçə illərdir ki, mövcud olub və vaxtaşırı onlar Azərbaycanın güc strukturlarının ayıq-sayıqlığı nəticəsində zərərsizləşdirilə biliblər. Lakin İranın Azərbaycana qarşı təhlükələri bununla bitmir. İran rejiminin neçə illərdir ki, Azərbaycana qarşı ideoloji müstəvidə apardığı təbliğat maşını da durmadan fəaliyyət göstərməkdədir. İran televiziyaları, internet yayım portalları uzun illərdir ki, Azərbaycana qarşı aqressiv yanaşmaları ilə fərqləniblər. May ayında Bakıda keçirilən Evroviziya mahnı yarışması zamanı biz bir daha şahidi olduq ki, İran rejimi dünyəvi dəyərləri əsla qəbul edə bilmir. Eyni zamanda  hər gün İranın ali rütbəli şəxslərinin Azərbaycana qarşı təhdid dolu bəyanatlarını eşitməkdəyik. Bütün bunlara görə hər zaman regionda bir İran təhlükəsi hiss etməkdəyik. Lakin bildirmək istəyirəm ki, İran bu köhnə təbliğat üsulları ilə heç nəyə nail ola bilməyəcək. Ola bilsin ki, kiçik bir qrupa qismən öz təsirini göstərə bilər. Ümumilikdə, bu gün Azərbaycan cəmiyyəti, xüsusən gənclər ölkənin gələcəyini demokratikləşmə, Avropaya inteqrasiyada görür və heç bir əks təbliğat bizi bu yoldan döndərə bilməz.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31