“Önəmli olan yoldur, nəticə deyil”

Politoloq, jurnalist, şair Elçin Mirzəbəyli  ilə müsahibə

Elçin Mirzəbəyli: "Çünki sənin buraxdığın yol səndən sonra gələnlər üçün bir nümunədir"

Politoloq, jurnalist, şair Elçin Mirzəbəyli  12 avqust 1967-ci ildə Lənkəran şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin və Beynəlxalq Mətbuat İnstitutunun (İnternational Press İnstitute) üzvüdür. Bakı Natiqlik Məktəbi İctimai Birliyində sədrdir. "Xalq Cəbhəsi" qəzetinin, Azərbaycan və İtalyan dillərində yayımlanan "Via della Seta" (İpək yolu) jurnalının baş redaktoru və Beymedia İnformasiya Agentliyinin baş direktorudur.

Olaylar.az Elçin Mirzəbəyli ilə müsahibəni təqdim edir:

- İstəyərdim söhbətimizə uşaqlığınızdan başlayaq. Harada böyümüsüz, harada oxumusuz?

- Uşaqlığım dünyaya göz açdığım Lənkəran şəhərində keçib. Kiçik yaşlarımdan şeir yazmağa başlamışam. Doğmalarımın dediyinə görə hətta məktəbə getməmişdən əvvəl onlara şer qoşardım. Orta məktəbdə də dostlarıma şer yazırdım, bundan sonra öz aralarında mənə şair deməyə başladılar. Bu məni daha da həvəsləndirdi və daha çox yazmağa başladım. Təxminən 5-6-cı siniflərdən başlayaraq dövrü mətbuatda şeirlərim çap olunurdu. Artıq 10-cu sinifdə oxuyanda şeirim ədəbiyyat sahəsində dövrün ən populyar qəzeti "Ədəbiyyat və incəsənət"də dərc olundu. Daha sonra bu proses davam etdi...

Çox enerjili bir uşaq olmuşam. Dərslərimdən yüksək qiymət alırdım. Paralel olaraq bir neçə idman növü ilə məşğul idim. Hər zaman bütün işlərimə məsuliyyətlə yanaşmışam. 7-ci sinifdə oxuyanda idman yarışları ilə bağlı Naxçıvana getməli olduq. Araz çayından keçdiyim zaman gördüyüm mənzərə mənə çox təsir etdi. Oradan qayıdan kimi divar qəzeti buraxmaq qərarına gəldim. Qəzetə həmin dövr üçün nonsens olan bir ad verdim: "Vətəndən-vətənə". Başlıq şəklinə isə Araz çayının və bizi Güney Azərbaycandan ayıran tikanlı sərhədlərin şəklini çəkdim. Tale elə gətirdi ki, yolum da divar qəzetindən gündəlik qəzetə gəlib çıxdı.

- Tələbəliyiniz də uşaqlığınız kimi aktiv keçibmi?

- Tələbəlik illərimin bir dövrü kifayət qədər sovet dövrünə təsadüf edir. İkinci kursdan sonra hərbi xidmətə getdim. O iki il öz standartları olan fərqli bir dönəm idi. Bu vaxtlar yalnız yaradıcılıqla məşğul olurdum. Təhsil aldığım Azərbaycan Dövlət və Mədəniyyət Universitetində "Fidan" ədəbi dərnəyi fəaliyyət göstərirdi və o dərnəyə gənc şairlərlə birlikdə rəhbərlik edirdim.

İnstitutlarda görüşlər keçirir, ədəbi müzakirələr aparırdıq. Eyni zamanda film yaradıcılığı ilə də məşğul olurduq. Rejissor, aktyor, həm də operator kimi bir neçə tələbə filminin çəkilməsində iştirak etmişəm.

Xatırlayıram ki, Sevil Qazıyeva haqqında bir film çəkmişdik. Daha bir filmimiz Rəsul Həmzətovun "Durnalar niyə narahatdır?" şeri əsasında lentə alınmışdı. Filmin çəkilişlərini Rəsul Həmzətovun özü ilə birlikdə Dağıstanda aparırdıq. Çəkilişlər üçün onun şəxsi mənzilindən istifadə etmişik.

Tələbəliyimin birinci mərhələsi bu kimi yaradıcılıq işlərilə keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra baş verən proseslərin içində yer almalı olduq. Ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istiqamətində hərəkətə keçmişdilər. Bakıda və bölgələrdə bununla bağlı bir aktiv proses başladı. O zaman ilk mitinqimi 1988-ci il 22 may tarixində həyat keçirdim. Nümayişə görə qısa müddətlik həbs olundum. Lakin geri çəkilmədim. Yenidən bu proseslərin içində yer aldıq. Artıq Azadlıq Marşının ilkin versiyasını yazmışdım. Sonra üzərində  müəyyən dəyişikliklər etməli oldum. Günümüz universitet və Azadlıq meydanında keçirdi. Təbliğat aparırdıq ki, insanlar dirəniş və müqavimət göstərməyə bacarsınlar.

- Elçin müəllim, aydın olur ki, tələbə hərəkatına liderlik etmisiz.

- Bilirsiniz, ayrı-ayrı institutlarda tələbə hərəkatı və onların liderləri var idi. Lakin bizim üçün liderlik faktı önəmli deyildi. Mən özümü lider hesab etmirdim. Bunun əvəzinə fəal şəkildə proseslərdə iştirak etməyi düşünürdük. Meydan hadisələrində ilk dəfə tanklarla bizim qarşımızı kəsəndə son ana qədər orada olanlardan biri də mən olmuşam. Həbs edilməyim deyə azərbaycanlı polis əməkdaşı məni təcili yardım maşını ilə yaralananların  arasına atıb və oradan xəstəxanaya gəlmişik.

Baş verən heç bir hadisə bizi əqidəmizdən döndərə bilməyib. Yataqxanalar, universitet şəhərciklərinə gedərək insanları yuxudan oyadıb meydanda baş verən hadisələri danışırdıq. Meydan hadisələri haqqında məlumat verirdik ki, hərəkət keçib müqavimət göstərsinlər. Buna görə yenidən həbs olunmuşuq. Qısa müddət sonra əllərində fakt olmadığı üçün bizi azad ediblər.

Sizə deyim ki, başıma gələn heç bir hadisədən valideynlərimin xəbəri olmayıb onlara heç bir məlumat vermirdim.

1990-cı ildən sonra təhsilimi davam etmək üçün Sankt - Peterburqa getdim. Burada Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda oxumağa başladım. Eyni zamanda Azərbaycan Cəmiyyətinə sədrlik edirdim. Buradan ölkəmizə təkcə maddi yardımlar deyil, həm də peşəkar həkimlərin gətirilməsinə səy göstərirdik ki, onlar səhra şəraitində çalışmaq üçün azərbaycanlı həkimlərə təlimlər keçsinlər. Yəni orada da vətənimə xidmət etmək üçün əlimdən gələni etmişəm.

Bəlli bir mərhələdə ölkədə siyasi və hakimiyyət dəyişikliklərinin baş verdiyi dönəmdə Azərbaycanda olmamışam. Açığı, heç bir siyasi baxışım da olmayıb. Özümü sadəcə Milli Azadlıq Hərəkatının iştirakçısı hesab etmişəm. Yeganə siyasi baxışım Azərbaycanın istiqlalı ilə bağlıdır. Düşüncə və təfəkkür olaraq ideoloji platformalara deyil, Azərbaycanın istiqlalına bağlı olan adamam.

-  Bir sıra qurumlarda üzv olaraq faəliyyət göstərirsiz. Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sədrisiz. Buradakı fəaliyyətiniz haqqında nə deyə bilərsiz?

- Gördüyünüz kimi heç vaxt yeknəsək həyatım olmayıb. İndi də daim hərəkətdəyəm. Ümumiyyətlə çalışıram ki, harada fayda verə bilərəmsə orada iştirak edim.

Bakı Natiqlik Məktəbi haqqında deyə bilərəm ki, bu  geniş bir layihədir. Bu prosesin məqsədi Azərbaycan vətəndaşlarına ana dilində daha mükəmməl danışmağı aşılamaqdır. Bununla bağlı ciddi bir layihəmiz var və yaxın zamanda başlamağı düşünürük.

Məsələ ilk növbədə Azərbaycan dilinin təbliğinə həsr edilmiş bir saytın yaradılmasından gedir. Bu sayt üzərindən tərcümə və Azərbaycan dilinin təbliği ilə bağlı sosial çarxlar yayımlanacaq.

Əlavə olaraq daha geniş miqyaslı proyektimiz də var. Layihə linqva platformasının əsasında Azərbaycan dilinin peşəkar tərcümə proqramlarına inteqrasiya olunmasıdır. Bu çox uzun müddətli və ölkəmiz üçün əhəmiyyətli bir prosesdir.

- Elçin müəllim, hər zaman deyirsiz ki, siyasətdə ədəbiyyatçı, ədəbiyyatda isə siyasətçi deyiləm. Hər iki sahə arasında bu balansı necə qoruyursuz?

- Siyasətdə bu gün mənə ehtiyac var. Çünki xalqın bütövlüyünə, mənəvi dəyərlərinin qorunmasına xidmət edən və eyni zamanda onu müasirləşməyə çağıran bir yol var ki, onu davam etdirmək lazımdır. Bu xəttin içərisində özümü görürəm və hesab edirəm ki, seçdiyim yol Azərbaycan xalqının mənafeyinə, bu dövlətin istiqlalının qorunmasına xidmət edir.

Analitik olaraq üstün cəhətim ondan ibarətdir ki, siyasi təhlillərimdə həm insan psixologiyasını həm də toplumun psixologiyasını nəzərə alıram. Əslində insanın keçdiyi yol onun sonrakı təyinatını müəyyənləşdirir. Mən ixtisasca rejissoram. Siyasət kimi rejissorluğun da təməlində təhlil və analitika dayanır. Siyasətə teatr səhnəsi, yaxud da kinokamera önündə baş verən proseslər kimi yanaşıram. Bu aspektlərdən yanaşsaq siyasi təhlillərimdə fərqli olduğumu düşünürəm.

Ədəbiyyata gəldikdə isə bu mənim ruh halımdır. Mənəvi dünyamdır. Şeir ovqatın doğurduğu nəticə olaraq beynimdə formalaşır və  anında vərəqə köçür. Bu səbəblə bir yazdığım şeirin üstünə bir daha qayıtmıram. Gündəlik işlərimə qatmadığım yeganə proses ədəbi dünyamdır. Bir şair olaraq düşüncələrimi siyasətə daşımıram. Bu qızıl sərhədin yerini qorumağı bacarıram. Ədəbiyyatdan bir umacağım yoxdur. Lakin siyasət və media mənim peşəmdir. Şairlik isə peşə yox, ilahi təyinatdır. Bu təyinatdan isə ilk öncə özüm daha sonra yaradıcılığıma qiymət verən insanlar üçün istifadə edirəm.

Gördüyüm bütün işlər yaradıcı işlərdir. Bəzən bir yaradıcılığa digərlərinə nisbətən daha çox üstünlük verməli olursan. Hər zaman az yazırdım, hər hansı mövzuya şer yazmaq ki, istəyim yoxdur. Əslində həyatımı plansız yaşadığım kimi yaradıcılığımı da bu cür davam edirəm. Önəmli olan yoldur, nəticə deyil. Sənin buraxdığın yol səndən sonra gələnlər üçün bir nümunədir. Bu qanunauyğunluq ədəbiyyat da siyasətdə də belədir.

- Bildiyimə görə, bəzi yazılarınıza qarşı qərəzli münasibətiniz var. Bu gün yazdığınızı sabah bəyənmirsiz.

- Əksər hallarda belə olur. Adətən, köhnə yazılarıma qərəzli münasibətimin heç köklü səbəbi də olmur. Bilirsiniz, əgər bəyənsəm inkişaf etmərəm. Bu istənilən sahədə belədir. Siyasi analitikada vəziyyət mövcud anda konkret əldə etdiyim informasiya əsasında müəyyənləşdirdiyim bir prosesdir. O proses qısa müddətdə dəyişə bilər. Eləcə də köşə yazılarında bir neçə gündən sonra həmin yazıya yenidən qayıdıb buraxdığım boşluqları görə bilirəm. Amma çox bəyəndiyim köşə yazılarım da var. Elə köşələr var ki 20 il öncə yazmışam və bu gün də sevə-sevə oxuyuram.

-  Siyasi analitik tərəfdən "Xəzər aktual" verilişinə aparıcılıq edirsiz. Bəs ədəbiyyat sahəsində veriliş aparmaq istərdinizmi?

- Açığı, elə bir arzum yoxdur. Sizə deyim ki, siyasət adamları ilə ünsiyyətdə olmaq ədəbiyyat adamları ilə ünsiyyətdə olmaqdan daha rahatdır. Yaxşısı budur bu işlə ədəbiyyat adamları məşğul olsun. Yetərincə peşəkar tənqidçilərimiz, müxtəlif mətbuat orqanlarında çalışan, həmçinin veriliş aparan ədəbiyyatçı dostlarımız var. Öz işlərində yetərincə peşəkar olduqlarının şahidi oluram.

"Xəzər aktual" kollektiv işidir. Veriliş Azərbaycanın dövlət maraqlarına xidmət edən insanlar tərəfindən düşünülüb. Proqramın öncədən inkişaf xəttini müəyyənləşdirmək mümkün deyil. Əks təqdirdə bu trafaret və bütün ölçüləri müəyyənləşdirilmiş bir veriliş kimi ortaya çıxacaq. "Xəzər actual" kollektivi olaraq işimizi peşəkar görməyə çalışırıq.

- Bu gün insanlar xəbəri, məlumatı daha çox internetdən oxumağa üstünlük verir. Çap mediası çətin dövrünü yaşayır deyə bilərikmi?

- Ümumiyyətlə çap mediasının nə vaxtsa asan dövrü olduğunu xatırlamıram. Populyar və qeyri-populyar dövrü olub. Populyar dövrü olduğu zaman da kifayət qədər çətinlikləri olub. Çap mediası elə bir salnamədir ki, millətin, dövlətin tarixi orada yaşayır. Kibercinayətkarlığın davamlı inkişaf etdiyi bir dövrdə yaşayırıq. Elektron baza kənar müdaxilə nəticəsində qısa müddətdə məhv ola bilər. Düşünürəm ki, say etibarilə az olsa da qəzetlər hər zaman mövcudluğunu qoruyacaq. Və yalnız salnaməçilik missiyasını yerinə yetirəcək.

- Sonuncu kitabınız "Sevgi məktubu"dur. Yeni kitab çıxarmağı planlaşdırırsız?

- Yeni kitab hazırdır. Çap işləri qalıb. Yeni şerlərim var. Sadəcə texniki xarakterli redaktə prosesinə ehtiyac var. Mən hər kəsə sayğı duyuram, yalnız şerlərimin bir misrasına, bir hərfinə belə heç bir redaktorun toxunmasına icazə vermərəm. Bu məsələlərdə mövqeyim fərqlidir. İçimdən gələn duyğulara heç bir redaktor texniki yanaşa bilməz.

-  Elçin müəllim, müxtəlif şeirlərinizdə sanki tanrıya üsyan hiss olunur.

- Bu mənim üçün üsyan yox, tanrıya olan sevgidən doğan etirazdır. Hər bir insan onu öz içində hiss edir. Son yazdığım şeirdə deyirəm:

İlahi, sən də çıx get!

Dualardan yoruldum.

Tanrı sənin içində olmasa ona necə get deyə bilərsən? Bu ifadələr asilikdən yox, tanrıya olan sevgidən, sevdiyinlə olan ünsiyyətdən irəli gəlir. Bu daha çox insanla tanrı arasında saxtakarlıqdan uzaq səmimiyyətdir.

- Bizi fatehlərin qarğışı tutdu - 

Qurd ola bilmədik, qurda tapındıq.

- Onun fəlsəfəsi kifayət qədər genişdir. Hər kəs öz nəticəsini öz istədiyi kimi çıxara bilər. Şairin yaratdığı şablon deyil ki, hər kəs onu düşündüyü kimi qəbul eləsin. Mənim elə şerlərim var ki, heç kim onu mənim düşündüyüm kimi qəbul etmir. "Elə darıxasan" şerimi oğlum Murad üçün darıxdığım vaxt yazmışam. Şeirdə darıxmağın xiffəti çəkilir, yəni, darıxan da bu cür darıxasan.

Elə darıxasan

Sözün dilindən

Asıla...

Dilinin ucu göynəyə.

Gözünə çəkəsən bütün yolları,

Çəkəsən...

Gözünün içi göynəyə.

Bu arzudur amma şeri oxuyan əksər insanlar bu misraları qarğış kimi qəbul edir.

- Müsahibələrinizin birində demisiz ki, geriyə baxmağı xoşlayıram. Geriyə baxanda görmək istəmədiyiniz xatirə varmı?

- Hər bir insanın taleyində təzədən yaşamaq istəmədiyi çətin anlar var. Amma yaxşısı ilə pisi ilə xatirələrdən qaçmaq kimi bir niyyətim yoxdur. İnsan öz keçmişi ilə barışıb gələcəyə addımlamalıdır. Xatirələrimdə kaşkilərə yer yoxdur. Əks təqdirdə gələcəyə addımlamaq çətin olar. Xatirələri yük kimi daşımaqdansa yeni xatirələr yaratmaq  üçün onları azad buraxıram. 

- Elçin müəllim, əksəriyyət insan sizi çox təmkinli və ifrat mədəni insan kimi tanıyır. Bu xüsusiyyətlərinizdən sui-istifadə etməyə çalışanlar olurmu?

- Sui-istifadə edənlərin sayı kifayət qədər çoxdur. Belə insanlara qarşı heç bir mübarizə aparmır, zamanın öhdəsinə buraxıram. Olur ki, bəzən məqsədyönlü şəkildə mənim sonsuz səbrimi tarıma çəkmək istəyirlər. Yenə də çalışıram ki, səbrimin sınağa çəkilməsini qəzəbə çevirməyim. Mənim üçün qəzəbli olmaq qədər qorxulu heç nə yoxdur. Özümə məxsus obrazımın təəssüfünü çəkirəm və onu qorumağa çalışıram. Təbiiki istənilən insanın hayqırdığı vaxtlar olur, bununla da öz mübarizə üsulum var. Avtomobilimlə şəhərdən kənara çıxıb möhkəm qışqırıram (gülür)

-  Demisiz ki, mənə min yol xəyanət edən insanlardan ayrıla bilmirəm. Bunu necə bacarırsız?

- Doğurdur, belə bir qeyri-adi xüsusiyyətim var. Başa düşürəm ki, qarşımdakı adam mənə düşmən münasibəti bəsləyir. Yenə də həmin adamı özümdən uzaq tutmuram. Lakin, özləri yavaş-yavaş uzaqlaşır, səbrimin qarşısında davam gətirə bilmirlər. Düşüncəm ondan ibarətdir ki, qarşımdakı insan mənə qarşı pisdirsə mən nə üçün pis olmalıyam axı? Bu ki, mənim təyinatım, öz missiyam deyil. Belə insanlara qarşı hücum yox, müdafiə mövqeyində dayanıram. Dəfələrlə çirkaba bulaşdırmağa çalışıblar və hər dəfəsində də həmin çirkaba özləri bulaşıblar. 

Bilirsiniz, tanrıya yaxın olan hər bir insanın daxilində bir missiya var. Bu təyinatın nüftəsini qoyanlar onun çirkaba bulaşmasına imkan vermirlər.

- Övladlarınız içərisində sizin yolunuzu davam etdirən varmı?

- İki övladım və bir nəvəm var. Bu yaxınlarda nəvəmin 1 yaşını qeyd etdik. Böyük oğlum siyasi yöndə yolumu davam etdirir. Beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Kiçik oğlum isə iqtisadi yöndə Türkiyədə təhsil alır, 3-cü kurs tələbəsidir.

- Gənc jurnalistlərimizə nə tövsiyyə edərdiz?

- Özünüz kimi olun. Düşüncələrinizdə nə varsa onları yazın. Siyasi proseslərin çirkabına bulaşmadan onun fövqündə dayanın. Bitərəf və Azərbaycanın istiqlalına bağlı olun. Bir millətin əldə edəcəyi ən  böyük uğur onun istiqlalıdır. Azərbaycan xalqının 10 milyonu bunu əldə edə bilib. Amma biz kifayətcə böyük bir xalqıq. Ən əsası həm sözün keşiyində, həm də sərhədlərin keşiyində bir əsgər kimi mübarizə aparın.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31