Avropa Parlamenti Azərbaycana heç bir göstəriş verə bilməz - MÜSAHİBƏ
Rəbiyyət Aslanova : “Bu qətnamə Avropa xalqının mövqeyi deyil”
1 İyun 2012 19:17 MüsahibəMüsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır
-Rəbiyyət xanım, MM-in insan hüquqları komitəsinin sədri kimi Avroparlamentin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair məlum qətnaməsi barədə nə deyərdiniz?
-Əslində, adi düşüncə və məntiq kifayət edər ki, Azərbaycan xalqının hələ yüz il bundan əvvəl demokratiya yolunu seçim etdiyini dərk edəsən. Hansı dövlətdən söhbət getdiyini başa düşəsən. Azərbaycanda yüz il əvvəl insan haqları sahəsində əldə edilən nailiyyətlərin, qəbul edilən qərarların həmin Avropada on illər sonra siyasi gündəmə gəldiyini görəsən. Qətnamədə Azərbaycan dövlətinin davranışı haqda fikir yürüdənlər belə bir ərəfədə xalqımıza, siyasi nəzakət qaydalarından məhrum olan bir davranış nümayiş etdiriblər . Lakin əsas məsələ bu deyil. Əslində reallıq necədir? Avropa Birliyi və Avropa Parlamentində nələr yaşanır və qərarlar necə qəbul olunur? Bu sualın cavabı çox şeyə aydınlıq gətirir və məlum olur ki, qətnamə bütün Avropa xalqının deyil, 10-15 nəfərin mövqeyini əks etdirir. Məsələ onda deyil ki, Azərbaycan Avropa Birliyinin üzvü deyil və buna görə də Avropa Parlamenti Azərbaycana heç bir göstəriş və ya başqa yol göstərə bilməz. Avropa Parlamentində 27 ölkədən 748 deputat, 8 partiya və fraksiyanı təmsil edir. Ən çox deputat sayı Almaniyadan, İtaliya və Böyük Britaniyadandır. Onların içərisində qlobal düşüncəyə malik, beynəlxaq hüquq normaları çərçivəsində fikir yürüdən peşəkar, çox ciddi, başlıca problemləri hədəfləyə bilən deputatlar olsa da, erməni lobbisinin təsiri altında olan və fəaliyyətlərində iftira və qərəzçiliyi ali prinsip sayan deputatlar da var. Onların bu fəaliyyəti isə Avropa Parlamentinin nüfuzuna ciddi xələl gətirir, bu qurumun obyektiv mövqeyinə şübhə yaradır. Avropa Parlamentinin bu gün yaşadığı ziddiyyətli durum sözügedən qurumda müxtəlif siyasi sifarişlərə xidmət edən qüvvələrin qeyri -obyektiv mövqeyidir. Bunu Avroparlamentin sədri cənab Martin Şults özü də təsdiq edir.
-Belə məlum olur ki, Avropa Birliyi dağılma təhlükəsi ilə üzləşib?
- Bir ay əvvəl, aprelin 25-də o, peşəkar siyasətçi kimi Avroparlamentdə deputatlara, bütün üzv ölkələrə müraciət edərək, Avropa Birliyinin dağılma təhlükəsi ilə üz-üzə qaldığını bəyan edib. Sitat: "Avropa Birliyi mövcud olduğu tarixdə ilk dəfə dağılmaq təhlükəsi real ssenariyə çevrilib. Hakimiyyət rıçaqları demokratik seçilmiş Avroparlamentdən və ictimai institutlardan milli səviyyəli qurumlara keçir. Qərarlar bağlı qapı arxasında qəbul edilir. Bu meyllər və dəyişikliklər müstəsna dərəcədə təhlükəlidir. Bu Avropa Birliyinin təməllərinə qəsd kimi dəyərləndirilməlidir". Bu birliyin haradan haraya gəlib çatdığına diqqəti cəlb edən Martin Şults Avropanı dağılma həddinə gətirən 4 problemi- Avronun iflasını, multikulturalizmin böhranını, millətçilik və ksenofobiyanı, nəhayət, Avropa Birliyinin simvolu olan Şengen vizasını bağlayaraq, hər ölkənin öz sərhdlərində nəzarəti bərpa etmək kimi Birliyin fundamentini sarsıdacaq tələbləri irəli sürməsini təcili həll etməyə çağırıb.Qeyd edək ki, sərhədləri bağlamaq təşəbbüsü də Almaniya və Fransadan gəlib. Belə başa düşmək olardı ki, Avroparlamentarilər bir aya bu problemləri artıq həll etdilər və indi "Eurovision" mahnı müsabiqəsi bitən kimi Azərbaycanla nə etmək olduğunu, demokratiya dərsini keçməyi qərara aldılar. Lakin əslində, Avroparlament sədrinin sadaladığı problemlər onları heç maraqlandırmır. Onlar Azərbycanda insan haqları ilə bağlı qətnaməni Avropanın dağılma təhlükəsindən vacib saydılar. Bu, sadəcə, gülməli olmaqla yanaşı, həm də beynəlxalq bir təşkilatın vəziyyətinin nə gündə olmasına dəlalət edir. Təkcə Avroparlamentin sədri deyil, Avropa Şurasının sədri Herman Van Rompey də "populizm küləklərinin"Avropa sərhədlərini təhdid etdiyini vurğulayıb. Təkrar qeyd edirəm, 748 deputatın içərisindən 5-6 partiya fraksiyasını təmsil edən 15 nəfər təşəbbüs verir və 50 nəfər yığılıb onu yarım saatlıq müzakirəyə çıxarır. Axı, sual olunur, 15 nəfər necə bütün Avropa xalqının, Avropa Birliyinin adından danışa bilər ? Beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti olan suveren dövlətə 10-15 nəfər hansı standartlar əsasında qiymət verir? Söhbət demokratiya kimi ümumbəşəri demokratiya standartlarından, dəyərlərdən gedirsə, bunu bir neçə fraksiyanın siyasi-partiyanın gündəliyinə daxil edilən məsələyə çevirmək olarmı? Məhz belə üzdəniraq deputatların xidməti sayəsində Avroparlament kimi beynəlxalq təşkilatlar bu gün "ikili standartlar"ın baş aldığı, beynəlxalq münasibətlərdə "hüquqi normaya" çevrildiyi məkan kimi tanınır. Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, Avropa Parlamenti dünyada yeganə beynəlxalq təşkilatdır ki, qondarma erməni soyqırımını tanıyıb, özü də Ümumdünya Kilsələr Təşkilatı ilə birlikdə. "Qətnamə"də biz əslində nə görürük? Avropa qitəsinin və regionun ən ağrılı, uzun sürən münaqişəsindən bir kəlmə belə yer almayıb. Başlıca problemlər sırasında insanların zorla evlərindən çıxarılmaları - mülkiyyət hüquqlarının pozulmasını qeyd edirlər. Qarabağdan- işğal edilmiş torpaqlarından qovulan, zorla didərgin salınanların mülkiyyət hüquqları barədə isə heç bir şey yazılmır. Bakının müasir arxitekturasının tələblərinə uyğun aparılan abadlıq işləri gedişində sakinlərin köhnə evlərdən çıxarılmasını "onların zorla,məcburi köçürülməsi" adlandırırlar.
-Bu halda sizcə Avroparlament Qarabağdan etnik təmizləmə siyasətinə məruz qalıb zorla köçürülənlərə, didərgin salınanlara hansı adı verəcək?
- Nəzərə alaq ki, insan hüquqları yalnız siyasi sifarişlə işləyən və qrant tələblərini yerinə yetirən 6 nəfərin hüququ deməkdirmi? Avropa Parlamentinin insan hüquqları anlayışı budurmu? İnsan hüquqları geniş anlayışdır. Bu insanın işğal edilmiş ərazi bütövlüyünün bərpası, etnik təmizləməyə məruz qalan qaçğın və köçkün əhalisinin öz torpaqlarına qayıtmaq haqlarını təmin etmək, həm də daim inkişaf edən olkədə yaşamaq, böhran və xaosdan, qeyri-müəyyən risklərdən, iflasdan sığorta olunmaq, təhlükəsiz və sabit ölkədə yaşamaq hüququ deməkdir.
Dağlıq Qarabağ münaqişəsi, işğal nəticəsində zorla didərgin salınan qaçqınlar haqqında bir cümlə olsun belə əksini tapmayan qətnamədə halbuki təşkilatın heç olmasa, tərəfsiz olduğunu göstərmək naminə bunu etməli idi. Buna görə də Azərbaycan xalqı üçün bu qətnamənin bir bir zərrə də olsun mənası yoxdur. 20 ildir məcburi qaçqınların hüquqlarının təmin edilməsi üçün Azərbaycan xalqının haqq səsi dünyaya çatmır, amma 2 günə "evi sökülənlərin haqları pozulur" deyə hay-küy qopardılır. Dünyəvi dövlətçiliyimizə savaş elan edən, inkişafımıza nifrət edən dairələrin maraqlarına xidmət edən dırnaqarası "jurnalistlərin" cinayət əməllərinin insa hüquqları adı ilə müdafiə edilir. Bunu görməmək mümkün deyil.
-Rəbiyyət xanım, sözügedən qətnamədə söz azadlığı, sərbəst toplaşma, mətbuat azadlığı insan hüquqları sahəsində əsas problemlər kimi qabardılır...
- Media-cəmiyyət-hakimiyyət üçbucağında ideal vəziyyət heç bir ölkədə, heç vaxt olmayıb. Bu məsələ ilə bağlı ABŞ demokratiyasının banilərindən olan T.Ceffersonun fikrini yada salırıq: "Mətbuatın tam azad olduğu yerdə heç kim özünü azad hiss edə bilməyəcək". Digər xatırlatmanı vermək istərdik. K.Adenauerin də "Şpigel"lə ziddiyyətli problemləri var idi və onu qapatmaq istəyirdi. Məgər bununla belə , Adenauer Avropa Birliyinin fundamentini yaradan dahi insanlardan birincisi deyildimi? Sadəcə, bu fikirlər göstərir ki, Azərbaycanda mətbuat azadlığının dəyərləndirilməsi bu qənaətə istinad edilməsini, "qeyri-azad" hökmünün verilməsi obyektivlikdən çox uzaq insanların işidir.
Son illər mətbuat azadlığı üçün nümunə olan bir sıra Avropa ölkələrinin afrika və Latın Amerikası ölkələri ilə müqayisədə geriləməsi reallıqdir. Demokratik imicə malik ölkələrin öz mövqelərində hər il geriləməsi Avroparlamenti narahat etmir. Bir halda ki, üzv ölkələrə bu qədər iradlar var, o zaman burada yerləşən beynəlxalq təşkilat dünyada azadlığın pozulmasını necə qiymətləndirə bilər? Beş yüz ilin demokratik dövlətlərində media bu qədər geriləyirsə, Azərbaycana bu fonda necə yanaşılmalıdır. İngiltərədə sosial şəbəkədə "Gəlin üsyan edək"çağırışını yayan gəncə məhkəmə 3 il həbs cəzası kəsib. Həmin London iğtşaşlarında 3 000 nəfərhəbs edilib, minlırlə ittihamlar irəli sürülüb və cinayət hökmləri verilib. 1941-ciildə yaradılan, 1973-cü ildən demokratiyaya dair məruzələr hazırlayan Freedom House, təşkilatı yalnız 67 il keçəndən sonra, yəni, 2008-ci ildə ABŞ-da demokratiyanı qiymətləndirib. "Bu günkü amerikalı.O nə dərəcədə azaddır?" adlanan məruzəni oxuyanlar bilirlər ki, dünyanın ən inkişaf etmiş ölkəsində 37 nəfərdən biri ömründə ən azı bir dəfə həbsxanada saxlanılıb. Hazırda 3 000 nəfər ölüm hökmü alan məhbus həbsxanada bu hökmün icrasını gözləyir. 11sentyabr hadisələrindən sonra "Vətənpəvərlik aktı" adlanan tədbirlər sistemi çərçivəsində məhkəmə sanksiyası olmadan telefonların dinlənilməsinə icazə verilir. Bu yaxınlarda media maqnat Rypert Merdokla bağlı bütün dünyanın izlədiyi qalmaqallar, insanların telefonlarının dinlənilməsi-bütün bunlar heç yerdə ideal vəziyyətin olmadığını göstərir.
-Ancaq o da faktdır və reallıqdır ki, Azərbaycanın Avropa xalqları, Avropa dövlətləri ilə çox gözəl münasibətləri var və onlarla heç bir problemi yoxdur.
-Bu, bizim öz şüurlu seçimimizdir. Eyni zamanda , Avropa xalqlarının seçimi və dəyərləndirməsi ilə bütün qitənin, dünyanın 45 ölkəsindən 125 milyon insanın izlədiyi "Eurovision" mədəniyyət yarışması Azərbacanda keçirildi. Bütün dünya, Avropa xalqları həqiqətən də, Azərbaycanın hansı mədəniyyətin sahibi olduğunu gördu. Demokratiya özü də bir mədəniyyətdir və Azərbaycan nadir Şərq ölkələrindən biri kimi bu mədəniyyətini dünyaya çatdır bildi. Qətnamədə "demokratiya üçün oxu" hərəkatının dəstəklənməsi qeyd edilir. Xarici medianın yazdığına diqqət edək: "Bu cür fürsət həmişə ələ düşmür. Buna görə də "Eurovision" ərəfəsində ölkədəki dissidentlər səslərini duyurmaq istəyirlər. 2012-ci ildə keçirilmiş bu yarışma indiyə qədər ən çox siyasiləşmiş tədbir oldu".("The Guardian") Deməli, açıq-aydın qeyd edilir ki, bu fürsəti əldən qaçırmaq olmazdı və bütün anti-azərbaycançı qüvvələr səfərbər oldular. Lakin yazıqlar olsun ki, yenə də heç nə alınmadı. Məqsəd maliyyə dəstəyi almaq idisə, ona nail oldular, lakin hər hansı siyasi qüvvənin real varlığını qrantlar deyil, yalnız xalqın dəstəyi, etimadı sübut edə bilər. Təkcə bu fakt deyil. Avropa Parlamenti 50 ildir bir "siyasi məhbus" anlayışının bütün Avropa ölkələrinə tətbiq edilə biləcək universal meyarlarını müəyyən edə bilmir, lakin siyasi məhbusun olduğuna dair predmetsiz hesabatlar, qətnamələr yayır. Azərbaycan hələ yüz il bundan əvvəl Avropaya inteqrasiyanı siyasi xətt kimi müəyyən edib və xalqımızın bu seçimi, məramının cənab Şultsun qeyd etdiyi təhlükəli meyllərin girovuna çevirmək, qərəzli və emosiyalara əsaslanan mövqelərdən asılı qalmasına qətiyyən yol vermək olmaz. Adi düşüncə kifayət edər ki, cəmi 20 il əvvəlki Azərbaycan və indiki Azəraycan tamamilə başqa-başqa ölkələr olduğunu dərk edəsən. Dövlətin iqtisadi tərəqqisi, demokratik quruculuğa yönəlik siyasi iradəsi, islahatlar üçün vacib olan ictimai-siyasi sabitliyi əmin edilib. İndi Azərbaycanın Avropaya inteqrasiyasını bir-iki nəfər sirafişlə işləyən insanın qərəzli rəyləri əsasında qətnamə çıxaran üç-beş deputatdan asılı vəziyyətə salmaq da nə deməkdir?! Bu cəhdlər bütün Avropa Parlamentinin nüfuzunu ayaqlar altına alır, beynəlxalq bir təşkilatın "ikili standartlar" mövqeyində durduğunu nümayiş etdirir. Cənubi Qafqaz regionunun liderinə çevrilmiş Azərbaycan milli maraqlarına uyğun olaraq, müstəqil, çoxşaxəli və praqmatik xarici siyasət həyata keçirir. Bu siyasət 20 il ərzində çox ciddi sınaqlardan çıxıb və özünü konkret qələbələrdə təsdiq edib. Azərbaycanın Avropa İttifaqı ilə əlaqədar siyasəti öz qarışılıqlı faydalığı ilə fərqlənir. Azərbaycan Avropa İttifaqı ilə, xüsusilə, energetika sahəsində qarşılıqlı surətdə faydalı siyasi və iqtisadi münasibətlərin inkişafı istiqamətində addımlar atır. Yeri gəlmişkən, suverenlik dünya nizamının fundamental prinsipi, beynəlxalq hüququn təməli və Avropanın öz kəşfidir. Bu gün Avropa öz təməl prinsiplərinin əleyhinəmi çıxır, yaxud da, bəzi maraqlara xidmət edən partiya və fraksiya nümayəndələrinə belə imkanları verir? Bir anlığa təsəvvür edək ki, Azərbaycan hansısa dövlətə yol göstərir, bu, sadəcə, qeyri-normal vəziyyət olardı...
Alim