Ölkədə "halal" loqosu satılan məhsulların 80 faizi halal deyil
Eyyub Hüseynov: “Hər yanan qida təhlükəli deyil” Müsahibimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur. - Eyyub bəy, uzun zamandır istehlakçıları maarifləndirmə yönündə fəaliyyət göstərirsiniz. Bu gün diqqət çəkən, amma zərərli qidalara istehlakçıların marağı nə dərəcədədir?
15 Yanvar 2019 15:46 MüsahibəEyyub Hüseynov: "Hər yanan qida təhlükəli deyil"
Müsahibimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur.
- Eyyub bəy, uzun zamandır istehlakçıları maarifləndirmə yönündə fəaliyyət göstərirsiniz. Bu gün diqqət çəkən, amma zərərli qidalara istehlakçıların marağı nə dərəcədədir?
- İstehlakçı bütün dünyada və bütün zamanlarda biliksiz, diletantdır. Ona görə bütün ölkələrdə təhlükəli qida və zəhərlənmələr var. Bu bəla Azərbaycandan da yan keçməyib. İstehlakçılar ildən ilə maariflənirlər. Təsadüfi deyil ki, bu gün ölkəmizdə təhlükəli qidalarla bağlı ciddi işlər aparılır. Artıq iki ilə yaxındır ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb. Düşünürəm ki, vəziyyət yaxşılığa doğru dəyişəcək. Bununla belə, Azərbaycanda istehsal olunan qida, xüsusən kənd təsərrüfatı məhsulları bir çox inkişaf eləmiş ölkələrlə müqayisədə ekoloji təmiz olsa da, kənd təsərrüfatı ilə məşğul olan insanlar kifayət qədər biliyə malik olmadıqlarından torpaqlarda normadan artıq pestisidlər, nitritlər var. Azad İstehlakçılar Birliyi hər yay kənd təsərrüfatı məhsulları üzərində (qarpız, yemiş və.s) apardığı ekspertlər zamanı bu tip məhsullarda külli miqdarda nitritlərin olduğunu aşkar edir. Qidanın təhlükəsizliyi məsələsi demək olar ki, dünyanın heç bir yerində tam həll olunmayıb. Azərbaycanda da bu problem yaşanır. Lakin Azərbaycanda insanların maarifçilik səviyyəsində xeyli irəliləyiş var. 1995 -ci ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanun qəbul olunub.
- Müasir dövrdə "Qida terroru" deyilən bir deyim var. 3 ildən bir toplanan Beynəlxalq İstehlakçılar Təşkilatında buna qarşı hər hansı layihə, mübarizə üsulları müzakirə olunurmu?
- Bu fikrim KİV-də ilk dəfə səslənir: Heç bir dövlətə təqaüdçü lazım deyil. Bütün dünyada istehlakçılar sadəlövhdü. Biz özümüz özümüzü aldadırıq. Elə bilirik ki, ayrı-ayrı dövlətlər bizim qayğımıza qalır. Əslində isə belə deyil. Təhlükəli qidalar bütün dünyada satılır. Biz düşünürük ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim qayğımıza qalır. Pullu tibbi xidmət dünyanın istənilən ölkəsində var. Pullu tibbi xidmət nə istəyir? Çoxlu xəstə. Həmin klinikaları cihazlarla təmin edən sənaye nə istəyir? Klinikaların onun istehsal etdiyi alətləri almasını. Həkimlər çoxlu xəstə istəyirlər və biz də fikirləşirik ki, onlar bizim qayğımıza qalırlar.
Bir məsələ var. Bütün dünya qəbul edib ki, siqaret insan sağlamlığı üçün zərərlidir. Niyə qadağan olunmur? Bütün dünya dövlətlərinə lazımdır ki, insanlar produktiv yaşa qədər yaşasınlar. Əli silah tutanda onun üçün vuruşa bilsin, 15-20 il işləyib, dünyasını dəyişsin. Təqaüdçü isə heç bir dövlətə lazım deyil. İnsan bir özünə, bir də yaxın çevrəsinə lazımdı.
Məsələn, niyə Sovet vaxtı əsgərlikdə xidmət edən şəxslərə təmənnasız ən təhlükəli siqareti verirdilər. Gənclərin təxminən 50 faizi siqareti əsgərlikdə öyrənirdilər. Sovet İttifaqı ona görə belə edirdi ki, bu insanlar produktiv yaşlarını keçəndən sonra vəfat etsinlər. Bu ən sərt düşüncədi. Bütün dünyada, ölkədə təhlükəli qidalar, içkilər var. Biz istehlakçılar özümüzü aldadırıq. Elə bilirik ki, bütün standartlar bizi qoruyur. Hamı bilir ki, kolbasaların tərkibində nitritlər var və bu sağlamlıq üçün zərərlidir. Bəs nə üçün bu tip məhsullardan nə qədər yemək lazım olduğu göstərilmir? İnsanlar bunu özləri bilməlidirlər ki, təhlükəli qidalar hansılardır,energetik içki, siqaret onların sağlamlığına zərərdir. İstehlakçılar dünya hökumətlərinin buna qarşı mübarizə aparmaqda maraqlı olmadıqlarını bilməlidirlər. Çünki onların büdçələrinə pul lazımdır.
- Son illər ölkədə xərçəng xəstəliyi geniş yayılıb. Çoxları burada qida faktorunun əsas olduğunu qeyd edir. Qidalar bu xəstəliyin geniş yayılmasına səbəb ola bilərmi?
- Böyük Hipokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Çinlilər isə xəstəliyi öz boşqabında axtar deyir. Ətraf mühitlə bərabər qidanın və xüsusilə, genetik modifikasiya olunmuş məhsulların müstəsna rolu var. Hansı ölkələrdə genetik modifikasiya olunmuş məhsullar çoxdursa, orada xərçəng və allergiya xəstəliyindən əziyyət çəkən insanlar da çoxdur. Tətqiqatlar göstərir ki, Amerika və Pakistanda geni dəyişdirilmiş məhsulla çoxdur. Hindistanda isə hətta genetik modifikasiya olunmuş pambıqlar əkilir. Artıq GMO -lar irəliləyir. Təəssüf ki, bu tip qidaların Azərbaycanda lobbiçiliyini aparan qüvvələr var. Baxmayaraq ki, ölkə prezidenti cənab İlham Əliyev genetik modifikasiya olunmuş malların əkininə, satışına qarşı çox ciddi fərmanları var. Və eləcə də on il bundan əvvəl ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına dair qanun qəbul olunub. Həmin qanunda da geni dəyişdirilmiş məhsullar ekoloji cəhətdən çirklənmiş məhsullar hesab olunur. Ölkə prezidentinin imzaladığı bu cür əhəmiyyətli qanunlar olduğu halda belə, ölkədə kifayət qədər geni dəyişdirilmiş məhsullar var və hətta əkinçiliyi də mövcuddur. Azərbaycanda bu cür məhsulları ayırd edən iki laboratoriya fəaliyyət göstərir. Azad İstehlakçılar Birliyi həmin labaratoriyalarda müəyyən işlər aparıb və məlum olub ki, onlardan birinin fəaliyyəti tamamilə yararsızdır. Digər laboratoriya yararlıdır, lakin bununla bağlı heç bir həyəcan təbili çalınmır.
- Çıxış yolunu yerli istehsalda görə bilərikmi? Və əvvəlki illərlə müqayisəsdə insanlarda yerli məhsullara inam nə dərəcədədir?
- Bütün hallarda insanlar yerli məhsullara üstünlük verməlidirlər. Xaricdən gətirilən məhsullar görünüşünə, dadına görə cəlbedici olsalar da, təmiz deyillər. Bu məhsullar uzun müddət saxlanma riskindən qorunmalıdırlar. Biz əmtəə bazarında 3-4 ay yararlı olan süd məhsulları görürük. Hətta satışda bir il yararlı olan çörəklər də görmüşük. Azad İstehlakçılar Birliyi məhsullarn yararlılıq müddətinin qısaldılması ilə bağlı işlər aparır. Yararlılıq müddəti uzun olan məhsulların tərkibində kimyəvi maddələr var. Hansı kimyəvi maddə məhsulun ömrünü uzadırsa, həmin maddə insanın ömrünü qısaldır. Yerli istehsal da isə bu risk yoxdur. Bütün hallarda yerli istehsala üstünlük verilməlidir. İldən ilə insanların yerli məhsula qarşı münasibətləri yaxşı mənada dəyişir. Təxminən 15 il əvvəl biz sorğu aparanda 30 faiz insan yerli məhsula, 70 faiz insan isə xaricdən gətirilən məhsula üstünlük verirdisə, indi bu rəqəmlər tamamilə əksinədir.
- Küçədə peraşki, bulki, qril satışları demək olar ki, hotdoq, dönər digər küçə qidalarını üstələyib. Azad İstehlakçılar Birliyi və Azərbaycan Qida Agentliyi küçə qidalarına qarşı birgə mübarizə aparmağı düşünürmü?
- Çox təəssüf ki, Azad İstehlakçılar Birliyi ilə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığı alınmır. Onlar məni populizmdə günahlandırırlar. Dəfələrlə televiziya verilişlərində mən də iştirak etdiyim üçün gəlməyiblər. Beynəlxalq Qida günündə -16 oktyabrda Qida Təhlükəsizliyi Agentliyinin rəisi ilə görüşdüm və o məni populizmdə günahlandırdı. İstehlakçıların agentliyə böyük inamı olduğundan mən onlara əməkdaşlıq təklif etdim. Təəssüflər olsun ki, dövlət işinə təyin olunan şəxslərin ayaqları cəmiyyətdən üzülür. Ona görə də bizim onlarla işimiz alınmır. Bütün bunlara baxmayaraq, mən yenə də onlara kömək etməyə hazıram. Lakin Azad İstehlakçılar Birliyi müstəqil iş aparır. Küçədə satılan fəst fudların yığışdırılması, dönərxanaların sağlam şəkildə fəaliyyət göstərməsi yönündə işlər aparır. Bir qidanın ki, adı isti itdirsə - hot doq insanlar onu niyə almalıdır? Və yaxud energetik içkilərdən adı "Hell" - cəhənnəm olan içkinin adından hər şey aydın görünür. Mümkün qədər insanların bu cür qidalardan istifadə etməmələri və ya az istifadə etmələri üçün işlər aparırıq.Avropanın, Amerikanın əcaib yeməkləri, başda Mcdonalds, KFC olmaqla Azərbaycana irəliləyirlər. Bunu da müəyyən biznes marağı olan qurumlar həyata keçirirlər. Ona görə də azad və liberal bazar şəraitində bunların qarşısını almaq mümkün deyil. Hər bir insan özünü qorumalıdır. Biz də maarifçilik işləri aparırıq ki, insanlar bu cür qidalardan uzaq olsunlar.
- Son günlər istehlakçılar tərəfindən yandırılan şokolad, vaflinin videoları sosial şəbəkədə həyəcanla izlənilir. Bu qidanın tərkibində hansısa kimyəvi maddənin olması ilə əlaqədardır, yoxsa normal bir haldır?
- Bəzi qidaların və şokoladların tərkbində yağ var. Yağ yanır, təbiidir. Bu cür cəlbedici təcrübələr biz də aparırıq. Hər yanan qida təhlükəli deyil. Necə yanması və yanarkən hansı qoxunun olması ilə həmin qidanın təhlükəli olub olmadığını müəyyən etmək olar. Qida texnologiyası sürətlə inkişaf edir. Dünyada süni ət, süni düyü var. Bunun arxasında elm, təcrübələr dayanır. Bəzən bu kimi hallardan insanlar əziyyət çəkir. Əlbəttə, ölkədə təhlükəli qidalar var. Bunu üçün mükəmməl ekspertizalar aparmalıdır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı müəyyən işlər aparacaq.
- Uşaqlar və körpələr üçün nəzərdə tutulan qidalarda vəziyyət necədir?
- Azad İstehlakçılar Birliyi ana südü ilə əmizdirməyə dair beynəlxalq təşkilatın üzvüdür. Təəssüflər olsun ki, Azərbaycan hətta Mərkəzi Avropa ölkələrindən ana südü ilə əmizdirmədə çox geri qalır. Biz də göstəricilər 44-45 faizdən çox deyil. Ana südü ilə qidalandırmanın zəif olduğu bir şəraitdə ölkədə süni qidalar sürətlə irəliləyir. İstənilən yerdə süni qidanın satışı təşkil olunub. Biz çalışırıq ki,bu qidalar xüsusiləşdirilmiş yerdə satılsın və əlçatanlığı asan olmasın. Çünki beynəlxalq təcrübə deyir ki, dünyaya uşaq gətirən ana süni qidanı görəndə avtomatik olaraq onun südü çəkilir və bilir ki, altenativ qidalanma mümkündür. On ildən çoxdur ki, ölkədə erkən yaşda körpələrin qidalandırılmasına dair qanun qəbul olunub. Həmin qanuna görə körpə qidaları distrübüterləri pediatrlarla əlaqəsi qəti qadağan olunsa da, Azərbaycan pediatrlarının böyük əksəriyyəti süni qidaların əsas təbliğatçılarıdır. Bizə gələn məlumata əsaən yeni doğulmuş analara zəng edərək onlara körpələri üçün süni qidalar təklif edirlər. İnkişaf etmiş ölkələrdə uşaq dünyaya gələndə dərhal onu ananın sinəsi üzərinə qoyurlar, sanki anadan uşağa proqram yazılır. İlk olaraq ana südü ilə qidalandırılır. Biz də isə uşaq anadan ayrılır və çox zaman ilk qida olaraq körpəyə süni qida verilir. Təəssüf ki, biz bu günə qədər doğum evlərini ifşa edə bilməmişik. Çünki bu pediatrlarla süni qida distrübüterləri arasında gizli əlaqə mövcuddur.
Ona görə də süni qidaların qiyməti Azərbaycanda yüksəkdir. Analar çalışmalıdılar ki, övladlarını ana südü ilə qidalandırsınlar. Bizə süni körpə qidalarının ana dilimizdə markalanmaması haqqda şikayətlər daxil olurdu. Azad İstehlakçılar Birliyi ona nail olub ki, UNİCEF-in xətti ilə 50-dən çox süni körpə qidasının tərkibini tərcümə edib, təmənnasız qida distribüterlərinə vermişik. Süni qidalar olan yerdə mütləq qanuna əsasən körpələrin ana südü ilə qidalanmaları haqqında yazılı məlumat olmalıdır.
- Azərbaycanda doğru bildiyimiz yanlış qida mədəniyyəti hansılardı?
- Hər ölkənin özünə uyğun qida ənənəsi və doğru bilinən yanlış qida mədəniyyəti var. Mən ölkəmizdə tez-tez pozulan qida mədəniyyətlərini qeyd etmək istəyirəm. Məsələn, bizdə yeməkdən sonra çay içmək geniş yayılıb. Hətta kişilər buna görə həyat yoldaşlarını tez-tez danlayırlar. Bu yolverilməzdir. Çünki çay qidada olan dəmirin sorulmasına ciddi təsir göstərir və zərərdir. Bu ənənə aradan götürülməlidir. Evdə turşu, şoraba bağlamaq çox zərərlidir və bəzən də insan həyatı üçün təhlükəlidir. Turşu qida mədəniyyətimizdə ən böyük problem yaradan qidalardan biridir. İstehlakçılar evdə bağlanmış turşulara deyil, sənaye üsulu ilə hazırlanan turşulara üstünlk verməlidir. Daha bir problem isə azərbaycanlıların çörəkdən çox istifadə etmələridir. Daha bir qida mədəniyyəti isə duzlu xörəkləri sevərkən pozulur. Bütün bunlardan uzaq olmaq lazımdır.Ümumiyyətlə götürsək, Azərbaycan istehlakçılarının qida mədəniyyəti bir çox ölkələrdən irəlidədir.
- Energetik içkilərdən ilk dəfə olaraq aksiz vergisi tutulacaq. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Energetik içkilər distribüterlərindən Azad İstehlakçılar Birliyinə böyük basqı var. Lakin buna baxmayaraq biz birmənalı şəkildə insanların energetik içkilərdən imtina etməsinin tərəfdarıyıq. Bu cür zərərli içkidən kiçik yaşlı uşaqlar da istifadə edir. Energetik içkilərin üzərində yazılır ki, hamilə qadınlara, zəif bədəni olan insanlara məsləhət görülmür. Əgər hər hansı qida maddəsi orqanizmi zəif olan, immuniteti aşağı olan insana məsləhət görülmürsə, hansı məntiqlə onun immuniteti güclü olan insana xeyri ola bilər? Biz mümkün qədər energetik içkilərin azaldılması yönündə işlər aparırıq. Ölkənin əmtəə bazarında olan 15 -ə yaxın energetik içkilərin ən pisini müəyyənləşdirməyə çalışırıq. Zamanında belə fəlaiyyətimiz olub. Məsələn, siqaretin hamısı insan sağlamlığı üçün təhlükəlidir. Filtirlisi də, filtirsizi də. Lakin biz ən pisini müəyyən edib onu bazardan çıxarmağa nail olduq. 7 filtirsiz siqaret istehsal edən fabriki bağlatdırdıq. Energetik içkilərdən aldığımız nümunələr xarici labarotoriyalarda yoxlanılacaq.Onlardan ən pisinin hansı olduğunu müəyyənləşdirəcəyik.
- Gələcəkdə hansı qidalar və içkilərlə bu cür mübarizə aparılmasını nəzərdə tutmusunuz?
- İlk öncə energetik içkilərin əlçatanlığını aradan qaldıracağıq. Daha sonra bir daha təhlükəli siqaretlərlə mübarizə aparacağıq. Bununla bağlı dövlət orqanları qarşısında məsələ qaldıracağıq ki, bu siqaretlərin ya satışı dayandırılsın, ya da istehsalı standartlara uyğun şəkildə həyata keçirilsin. Bundan əlavə spirtli içkilər bazarında vəziyyətin sağlamlaşması üçün iş aparacağıq.
Qarşımızda duran ciddi məsələlərdən biri də halal standartları ilə bağlıdır. Azad İstehlakçılar Birliyi halal üzrə dünya konfransının iştirakçısı, Halal İstehlakçılar Dünya Təşkilatının üzvüdür. Bu sahədə böyük problem var. Ölkədə halal loqosu ilə satılan məhsulların 80 faizi heç də halal deyil. Xarici fəst fud markası olan KFC halal məhsul istehsal etdiyini iddia edir. Bunlar yalandı. Halal qida dünyada ekoloji təmiz məhsul hesab olunur və bütün dünya istehlakçılara, eləcədə qeyri müsəlman istehlakçılar il ərzində halal məhsullara 30 trilyon dollar pul xərcləyir. Bütün dünya halal məhsulun yaxşı məhsul olduğunu qəbul edib. Amma Azərbaycan əmtəə bazarı bununla çox çirklənib. Yəni, halal adı altında, qeyri halal məhsul satılır. Ölkədə halal standartlar var və çalışacağıq ki, bu standartlar düzgün tətbiq olunsun.
Nigar Adil