Səadət Şıxıyeva: “Ədəbi dilimizin əlifbasında olan 3 hərfi çıxarmağı belə düşünmüşdülər”
Olaylar.az Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva ilə Azərbaycan dilinin orfoqrafiyasında təklif olunmuş dəyişikliklərlə bağlı müsahibəni təqdim edir. - Səadət xanım, Orfoqrafiya Komissiyasının təklif etdiyi dəyişikliklərlə bağlı sizin etiraz etdiyiniz maddələrdə dəyişiklik tətbiq olunmadı. Zamanla demək olar ki, Orfoqrafiya Komitəsi tez-tez dildə dəyişikliklər olmasını təklif edir. Bilmək istərdik ki, bu təcrübə dünyada varmı?
24 Dekabr 2018 14:58 MüsahibəOlaylar.az Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva ilə Azərbaycan dilinin orfoqrafiyasında təklif olunmuş dəyişikliklərlə bağlı müsahibəni təqdim edir.
- Səadət xanım, Orfoqrafiya Komissiyasının təklif etdiyi dəyişikliklərlə bağlı sizin etiraz etdiyiniz maddələrdə dəyişiklik tətbiq olunmadı. Zamanla demək olar ki, Orfoqrafiya Komitəsi tez-tez dildə dəyişikliklər olmasını təklif edir. Bilmək istərdik ki, bu təcrübə dünyada varmı?
- Bu müzakirələrdə Azərbaycan ədəbi dilinin gələcək taleyi və tutacağı yol müzakirə olunduğu üçün qalibiyyət də, məğlubiyyət də ədəbi dilimizə aid idi. Bu gün o yenə də kənardan edilən güclü həmlələrə mətanətə qalib gəldi. Sualınızın ikinci tərəfinə gəldikdə isə onu bildirməliyəm ki, mən Nəsimi irsi və hürufiliyi tədqiq etdiyim üçün fars dilindəki mətnlərlə mütəmadi işləyirəm. Təkcə farscada deyil, mənə məlum olan digər dillərdə də ciddi tarixi zərurət olmadan köklü dəyişikliklər edilməsini görmədim. O cümlədən orta əsrlər fars dili ilə müasir fars dili arasında da leksik səviyyədə kəskin dəyişiklik yoxdur. Bu stabillik xüsusilə şeir dilində daha qabarıq görünür. Belə ki, müasir fars və ya farsdilli oxucu həmin dildə qələmə alınmış klassik ədəbiyyatı oxuyanda başa düşür. Onun mətnin tərcüməsinə ehtiyacı olmur. X əsrdə yaranmış "Şahnamə" ilə bugünkü fars dili arasında ciddi dəyişiklik görmək mümkün olsa da, XIV əsrdə Hafizin və ya XV əsrdə Caminin dili ilə müasir fars dili arasında leksik və qrammatik səviyyədə köklü fərqlər görünmür. Təbii ki, müxtəlif ictimai-siyasi və elmi sahələrdəki dəyişikliklər dilin xüsusilə leksikasına təsirsiz qalmır, bəzi ifadələr işlənməyə bilər. Amma dilin bütün səviyyələrində əsaslı dəyişikliklər müşahidə olunmur. Biz isə, təəssüf ki, orta əsrlərdən müxtəlif təsirlər altında dilimizi dəyişə-dəyişə gəlirik. Son bir ildə irəli sürülən dəyişiklik təklifi isə, deyərdim ki, indiyədək edilənlərin ən təhlükəlisi idi. Çünki ədəbi dilin bütün səviyyələrində (fonetik, leksik, morfoloji və sintaktik) dəyişiklik etmək nəzərdə tutulurdu.
- Orfoqrafiya Komissiyasının təsdiq etdiyi dəyişiklik, yəqin ki, bir müddətdən sonra qüvvəyə minəcək. Təklif olunan dəyişiklik cəmiyyətdə böyük səs-küyə səbəb oldu, geniş müzakirələr getdi, bəzi bəndlər tamamilə ləğv edildi. Bu dəyişikliyə ehtiyac var idimi?
- Dəyişikliyə, əlbəttə, ehtiyac var. Ona görə ki, dil canlı orqanizmdir. Daim inkişafdadır, müəyyən dəyişmələr prosesindədir. İctimai, elmi və siyasi həyatda, ədəbi təfəkkürdə dəyişmələr baş verir və təbii ki, bütün bunlar dildə öz əksini tapmalıdır. Amma Orfoqrafiya Komissiyasına etirazın əsas səbəbi dildə oturuşmuş sözləri dəyişmək istəyi ilə bağlı idi. Xalq tərəfindən, elmi ictimaiyyət, ümumiyyətlə, cəmiyyət tərəfindən qəbulolunan sözləri dəyişmək məqsədəuyğun deyil. Çünki dəyişmə ilk olaraq, tədrisdə problem yaradır. Şagird və tələbə müxtəlif kitab və dərsliklərdə eyni qrup sözü bir neçə ildən fərqli bir şəkildə görür və sözün doğru variantının hansı şəkildə olduğunu bilmir. İkinci bir problem isə oturuşmuş sözlərin şəklinin dəyişməsi ilə nəsillərarası əlaqənin qırılmasında üzə çıxır. Dilin leksik tərkibinin mütəmadi olaraq yenilənməsi müsbət haldır. Amma köklü şəkildə, yəni böyük bir qrup sözün dildən çıxarılması və süni şəkildə başqa sözlərin dilə oturdulması artıq nəsillər arasında bir bağlılığın, təmasın qırılmasına səbəb olur. Buna sübut kimi Türkiyə türkcəsini göstərə bilərik. Təsəvvür edin ki, Türkiyədə dil o qədər sürətlə dəyişir ki, az qala baba ilə nəvə bəzi məqamlarda bir-birlərini anlamırlar. Babanın leksikonunda artıq köhnəlmiş sözlər oturub, nəvə isə yeni sözlərdən istifadə edir.
- Türkiyədə dəyişiklik dil qurumları tərəfindən həyata keçirilir, yoxsa texnoloji proses gedir?
- Texnoloji proseslə əlaqələndirməzdim. Keçən əsrin əvvəlində qəbul olunan qərara əsasən ərəb mənşəli sözlərin sürətlə dildən çıxarılması və onun yerinə öztürkcə adlanan sözlərin gətirilməsi, buna bir qədər aludəlik dildə çox müsbət nəticələrlə yanaşı, müəyyən problemlərə də yol açdı. Təsəvvür edin ki, 50-60-cı illərin tədqiqat əsərlərini oxuyanda biz daha asan başa düşürük, nəinki son zamanlar yazılan əsərləri. İstər-istəməz bəzən lüğətə müraciət etməli oluruq. Bizdə də bənzər dil inqilabı və oxşar hadisələrə start vermək istəyirdilər. Yəni Azərbaycan dilində qoşa samitlərdən ilk olaraq "y" ixtisar olunmalı idi. Gələcəkdə bu planın söz ortasında istifadə olunan qoşa samitlər üzərində tətbiq olunması nəzərdə tutulubmuş. Hətta Azərbaycan türkcəsi üçün təhlükəli olan bəzi şüarlar, iddialar belə səsləndirilir və ədəbi dilimizin əlifbasında olan 3 hərfi çıxarmağı belə düşünmüşdülər.
- Bunlar hansı hərflərdir?
- Spesifik hərflər: ə, x, q. Bu hərflər çıxarılmalı, Azərbaycan dilinin fonetik, leksik, morfoloji səviyyələrində dəyişmələr aparılmalı və beləliklə, Azərbaycan dili özünün tarix boyunca formalaşmış xüsusiyyətlərindən məhrum olmalı idi. Bu təhlükəli addımdır.

- Buna səbəb, yəqin ki, ortaq türk dili yaratmaq istəyidir.
- Ortaq türk dili fərqli bir anlayışdır. Keçən əsrin əvvəllərində də bu iddianı irəli sürənlər olub. Onlar ortaq türkcə deyəndə tatar türkcəsini, Mərkəzi Asiya xalqlarının, Qafqaz, İran və Türkiyə türklərinin hamısının anlaya biləcəyi ortaq ədəbi dil ideyasını təklif etmişdilər. Amma onu gerçəkləşdirə bilmədilər. Çünki canlı dil hər zaman qalibdir və süni müdaxilələri qəbul etmir. Düşünürəm ki, dilimiz gələcəkdə də bu çoxyönlü, müxtəlif niyyətli gizli və aşkar həmlələrə məğlub olmayacaq. Bu cür müdaxilə - mövcud sözləri, xalq tərəfindən qəbul olunmuş bir çox kəlmələri "ərəbcədir" deyə süni və kütləvi şəkildə dildən çıxartmaq və başqa bir qrup sözü dilə gətirərək, əsassız əvəzetmələr doğru qərar deyil. Sözlərin dildə oturuşması zaman istəyir. Bundan başqa, hər ərəb dilində olan kəlməni də zərurət olmadan dilimizdən çıxara bilmərik. Türkiyə dilçiləri bir əsrə yaxındır ki, ədəbi dildə təmizləmə aparır. Bununla belə, onların da ədəbi dilində yetərincə ərəb sözləri var. Bunlar elə sözlərdir ki, bizdə onun ya tələffüzə daha yatımlı variantı var, ya da türkcə qarşılığı mövcuddur..
- Türklərdə bu proses necə baş verdi?
- Onlar ərəb əlifbasından latın əlifbasına keçəndə İstanbul türkcəsini əsas götürdülər. Halbuki Anadolu türkcəsini götürsəydilər, həmin 3 hərfin üçü də əlifbada yer alacaqdı. Çünki onların tələffüz tərzi bizə çox yaxındır. İstanbul türkcəsində "x" hərfi çətin tələffüz olunur və ümumiyyətlə, yoxdur. Amma Anadolu türkcəsində bu üç hərfin səs qarşılığından istifadə olunduğunu görürük. Bu sahədə söz sahibi olanlar bildirirlər ki, o əlifba mükəmməl sayılır ki, dildəki səsləri maksimum ifadə edə bilir. Əgər dildəki səslər əlifbada yetərincə ifadəsini tapmırsa, o əlifba mükəmməl sayıla bilməz. Bizim əlifbamız bu baxımdan əvəzolunmazdır. Azərbaycan dilini bu kamilliyindən məhrum edib, təqlidi dil şəklinə salmağa ehtiyac olduğunu düşünmürəm.
- "J" hərfini çıxarmaq fikri haradasa qəbul etmək olar. "J" yalnız ləhcələrdə var.
- "J" hərfi sözlərin tərkibində gəlib. Məsələn, "jurnal" sözündə. Əgər, "jurnal" sözünü istifadə etməsək, o zaman həmin hərfə ehtiyac olmayacaq. Ümumiyyətlə, dilimizdən hansısa hərfin çıxarılması fikrini qəbul etmirəm. Qoşa "y" samitindən birinin ixtisarının ardınca silsilə dəyişmələr nəzərdə tutulmuşdu. O baxımdan bu bizdə ciddi etiraz doğurdu. Orta əsrlər ədəbiyyatının tədqiqatçısı olduğumdan görürdüm ki, bu dəyişiklik əruz vəzninə ciddi zərbə vurur. Qeyd etməliyəm ki, qoşa "y" hərfinin iştirakı etdiyi
sözlərdən ən çox istifadə edənlərdən biri də Məhəmməd Füzulidir. Təkcə Füzulinin türkcə divanında 50-yədək beytdə qoşa "y" hərfi yer alır. Bu beytlərdə "y" hərfinin birini ixtisar etsək, Füzulinin divanı əruz xətaları ilə dolu olacaqdır. Halbuki Füzuli o şeirləri kamil formada yazıb və bizə çatdırıb. Sonradan olunan bu dəyişikliklər nəticəsində yaranan əruz xətaları Füzulinin günahı deyildir, axı!.. Həmin layihə qəbul olunardısa, biz şairi ittihamlara hədəf etmiş olurduq. Bu tək Füzuli yaradıcılığını deyil, klassik ədəbiyyatımızı boydan-boya əruz xətalarına bürüyəcəkdi. Həm də təsəvvür edin ki, təhsildə nə qədər problemlər yaranacaqdı. Şagirdlə müəllim arasındakı anlaşılmazlıq və imla qarışıqlığı, dərsliklərin, sənədlərin, nazirlik, müəssisə, küçə və s.-nin adlarının yenidən yazılması lazım gələcəkdi və bütün bunlar dövlətin də büdcəsinə ziyan vuracaqdı. Həmin hərfin ixtisarı Azərbaycan dilinin təbiətinə əsla uyğun deyildir. Buna nə ehtiyac var?! Maraqlıdır ki, eyni anlam və eyni biçimli sözləri türk xalqlarından hər biri özünəməxsus şəkildə ifadə edir. Bu həmin dillərin spesifikası və normativləşmiş qrammatik qaydaları ilə yaxından bağlıdır, məsələn, Azərbaycan türkcəsindəki "ədəbiyyat" Türkiyə türkcəsində "edebiyat", özbəkcə "adabiyot", türkməncə "edebiyaat" və s. şəkillərdə ifadə edilir. Qoşa "y" ilə yazılan sözlərin çox az bir qismi müasir Türkiyə türkcəsində işlənir. Məsələn, "riyaziyyat", "iqtisadiyyat", "fəaliyyət" sözlərini türklər başqa sözlərlə əvəz edərək işlədir. Bu təklif qəbul olunsaydı belə, Türkiyə türkcəsi ilə ortaq olan sözlər sayca azlıq təşkil edəcəkdi. Layihənin müəllifləri "ortaq türkcə" adı altında Azərbaycan türkcəsini Türkiyə türkcəsinə yaxınlaşdırıb, sonda hər iki ədəbi dili eyniləşdirmək istəyirlər. Halbuki bu ədəbi dillərin aid olduğu xalqların hər biri öz müstəqil dövlətlərini quraraq, bu çərçivədə öz dövlət atributlarını yaratdıqları üçün Azərbaycan ədəbi dilinin xüsusiyyətlərindən məhrum olunması məqsədini izləyən belə bir layihənin gerçəkləşməsinə ehtiyac olduğunu düşünmürəm. Azərbaycan türkcəsi öz müstəqil yolu ilə gəlib, əsrlər boyunca formalaşaraq, bugünkü şəklini alıb. Leksik baxımdan zamanla dəyişikliklər olub və gələcəkdə də olacaq. Amma dilə bütün səviyyələrdə süni müdaxilə ilə inqilabi şəkildə dəyişikliklər təklifi yanlış idi...
- Səadət xanım, 2013-cü ildə bir qrup alınma sözlərin yazılışında dəyişiklik olmuşdur. Komissiya sonuncu dəfə həmin sözlərə yenidən dəyişiklik təklif edərək, 2013-cü ildən əvvəl necə yazılırdısa, həmin variantda yazılmasını təklif etdi. Sizcə, bu, komissiya üzvləri və onların fəaliyyətinin ciddiliyinə şübhə yaratmırmı?
- Təbii ki, hər dörd-beş ildən bir eyni qrup sözlərin dəyişilməsi komissiyanın fəaliyyətinə etimadsızlıq və ümumiyyətə, imla qaydalarına etinasızlıq yaradır. Eyni zamanda bu kimi dəyişikliklər Azərbaycan dilçilik elmi və elmi fikrinə də inamsızlıq formalaşdırır. Alınma sözlər mütəxəssislər tərəfindən müzakirə olunaraq, dilin təbiətinə uyğunlaşdırılmalı, konkret bir şəkildə qəbul edilərək, dildə yerinə oturdulmalıdır. Hər bir neçə ildən bir rəhbərlik dəyişdikcə bir qrup sözün taleyi ilə oynamaq isə arzuolunmazdır. Bu kimi hallar orfoqrafiya qaydalarını söz oyununa çevirir. Son illərdə Azərbaycan dilindəki alınma sözlər arasında cilalanmalı, nizamlanmalı olan, dilə daxil olsa da, oturuşmayan sözlər var. Həmçinin kortəbii şəkildə dilə daxil olan elə söz və söz birləşmələri vardır ki, onların üzərində işləmək, istifadəsinin məqbul olub-olmadığı haqqında təkliflər irəli sürmək daha yaxşı olardı. İnsanlarımız, çox təəssüf ki, oxumağa çox meylli olmadığı üçün sözləri göz yaddaşı ilə deyil, qulaq yaddaşı ilə alır, istifadə edirlər. Buna görə də ədəbi dili təbii axarından ayıran bir sıra alınmaların tənzimlənməsi dilçilərin ən önəmli vəzifələrindən olmalıdır. Azərbaycan ədəbi dili hazırda ləhcələrin, digər türk xalqlarının, Avropa mənşəli sözlərin təsiri altındadır və bu təsirlər nəzarətsiz qaldığından mən bu təzahürləri ədəbi dilimizin gələcəyi üçün müəyyən təhlükə mənbəyi kimi görürəm.

- Azərbaycan dilinin onlayn redaktə proqramının, elektron sisteminin olmaması savadlı yazı təqdim etməkdə müəyyən problemlər yaradır. Siz bu problemlərlə qarşılaşırsınızmı?
- Yeni orfoqrafiyanın layihəsinin müzakirələri zamanı hələ yanvar ayında yazdığım məqalədə ("Türkün dili tək sevgili, istəkli dil olmaz" (moderator.az saytı, 28 yanvar 2018- ci il)) Azərbaycan dilinin imla yoxlayıcısının qənaətbəxş səviyyədə olmadığını bildirmişdim. İmla yoxlayıcısı bəzən hal şəkilçilərini, hətta dilimizdə yazılış biçiminə hələ də alışa bilmədiyim "şeir", "feil", "meyil" kimi sözləri belə tanımır. Bir çox adlar həmin bazaya yerləşdirilməyib. Azərbaycan ədəbi dilinin yazı qaydalarında ən bəlalı və problematik məsələlərdən biri isə durğu işarələridir. Hər kəs bir dili örnək götürərək, o şəkildə yazır. Məsələn, "və" dən öncə, mübtədadan sonra vergül qoyulur. Elektron imla yoxlayıcıları mütləq təkmilləşdirilməlidir. Bu, ana dilimizdə savadlı yazının əsas şərtlərindəndir. Düzgün yazının ikinci şərti isə lüğətlərin internetə sözbəsöz qoyulmasıdır. Halbuki mövcud lüğətlərin çoxu skan olunduğu üçün istifadəyə çox da yararlı deyildir. Türkiyə türkcəsində istənilən sözün mənasını axtaran zaman internet resursları bütün variantları təklif edir. Örnək götürürüksə, bu kimi cəhətləri götürək. İzahlı lüğətimiz belə kasıbdır. Çox zaman sözün müasir ədəbiyyatda işlənən bir neçə anlam variantı verilir, klassik ədəbiyyatda işlənən, dialektlərdə mövcud olan mənalar isə xatırlanmır. Gördüyünüz kimi, ciddi boşluqlar təkcə orfoqrafiya lüğətində mövcud deyil. Buna görə də, gərək orfoqrafiya lüğəti təkmilləşsin ki, onun əsasında izahlı, elektron və s. lüğətlər hazırlansın və imla yoxlayıcıları istifadəyə verilsin. Hazırda bizim ədəbi dilimiz müxtəlif təsirlər altında xaotik bir vəziyyətdədir. Qənaətimcə, bir sıra sözlərə "ərəb mənşəlidir" deyib müharibə elan etmək olmaz. Bu layihənin müzakirəsi zamanı təkcə ərəb mənşəli sözlərə deyil, ərəb mədəniyyəti ilə gələn klassik şeirimizə, əruz vəzninə və ümumiyyətlə, keçmiş mədəniyyətimizə qarşı aqressiv nihilist münasibəti müşahidə etdim. Son aylarda bir neçə ziyalının: "Mənə əruz vəzni, ərəb dili ilə bağlı heç nə lazım deyil. Mən bu gün dilimi yenidən qurmaq niyyətindəyəm",- iddiasını dinləyəsi və ya oxuyası oldum. Tarixilik prinsipini qoruyan və təbii yeniləşmələri ilə yoluna davam edən ədəbi dili köhnəlik əlaməti sayıb, "libasını" dəyişmək istəyənlər mənə XX əsrin birinci yarısında kommunistlərin təsiri ilə tarı, muğamı inkar edənləri xatırlatdı. Qəribədir, dillə belə barbarcasına rəftar etmə ixtiyarını onlara kim verib? Məlumdur ki, dil heç kimin şəxsi mülkiyyəti deyil, xalqa, bizim variantda 50 milyondan yuxarı insana məxsusdur. Bir qrup insanın müəmmalı niyyəti ilə ədəbi dilimizin zəfərlər dolu tarixinin üstündən xətt çəkmək nə dərəcədə doğrudur? Təbii ki, doğru deyil və ciddi məsuliyyətsizlikdən soraq verir. Bunu bir oxucu, bir tədqiqatçı, çoxlu sayda araşdırmaların müəllifi, ciddi elmi nəşrlərin redaktoru olaraq deyirəm.
- Bu cür yanaşma klassiklərimizin irsi üçün də böyük təhlükədir...
- Əlbəttə, elədir. Məlum olduğu kimi, müasir ədəbi dilimizdə müəyyən sayda ərəb və fars mənşəli sözlər var. Füzulu və digər klassiklərimizlə əlaqəmiz həm də bu sözlər vasitəsilə qorunur. İndi biz bu sözləri dildən tamamilə çıxartsaq, onda, Türkiyədə olduğu kimi, hər bir beyti ayrı-ayrılıqda müasir ədəbi dilə çevirməli olacağıq. Bizdə isə orta çağ yazı dili ilə müasir ədəbi dilimiz arasında ciddi fərqlər azdır. Dildəki ərəb mənşəli sözlər süni şəkildə təmizlənərsə, ədəbi dilimizin tarixi və ədəbi mirasımızla əlaqəmiz qırılmış olur. Bunu da xüsusi vurğulamaq istərdim ki, hazırda dilimizdə mövcud olan sözlərin bir qismi ərəb dilində işləndiyi anlamda işlənmir. Bu sözlərin qəlibi ərəb dilindən alınıbsa da, bizdə artıq fərqli anlamda işlənir və ərəb dilindəki mənası ilə heç bir bağlılığı qalmayıb. Məsələnin mahiyyətini, sözün etimologiyasını araşdırmadan, yalnız formasının ərəbcə olduğunu görüb onu ləğv etmək doğru deyildir. Şəkli onun, mənası sənindirsə və bu anlamı həmin sözə sənin şairlərin zehni imkanları və təxəyyülünün gücü ilə qazandırıbsa, təbii ki, artıq bu söz sənindir, yəni artıq ərəbin deyil, türkündür. Hətta layihənin yekun iclasından sonra "Füzulinin dili mənim dilim deyil" kimi əsassız iddialar da səsləndi. Bu iddianın sahibləri cilalı ədəbi dili öz mülkiyyətləri hesab edərək, söküb yenidən "yaratmaq", daha doğrusu, digər qohum dilin təqlidi şəklinə salmaq istəyirlər. Onlara nə Füzuli, Nəsimi, Xətai, nə də digər klassiklərimiz lazım deyil. Füzulidən imtina etmək bilirsiniz nə deməkdir? Bu, dövlətçilik və milli-mənəvi dəyərlər sahəsində məsuliyyətini dərk etməmək, nadanlıq və cəhalətin ifadəsidir. Çünki təəssüflə bildirməliyəm ki, çox zaman Azərbaycandan kənarda nə Füzuli, nə Nəsimi, nə də Xətai bizim deyil. Füzulinin, Nəsiminin, Xətainin o qədər iddiaçıları var ki... Belə bir vəziyyətdə əruzla yazılmış irsin bizə lazım olmadığını bildirmək çox təhlükəlidir, dolayısı ilə düşmən dəyirmanına su tökməkdir.
- Sizcə, komissiya hansı sözlərin müzakirəsini aparmalı idi?
- Bilindiyi kimi, siyasi durum, elm və texnologiyanın inkişafı müəyyən dəyişmələrlə müşayiət olunur, nəticədə dilə yeni sözlər daxil olur. Bu neologizm və alınmalar kortəbii və pərakəndə şəkildə olmamalı, tənzimlənməli, dilin təbiətinə uyğunlaşdırılmalıdır. Buna görə də, son illərdə dilə daxil olaraq işləkliyi artan sözlər də, zənnimcə, müzakirəyə cəlb edilməli idi. Məsələn, müəyyən alınma frazeoloji ifadələrin və tək-tək leksik vahidlərin müzakirəsinə ehtiyac var. Bilindiyi kimi, biz hər zaman "fəxr etmək" demişik. "Fəxr" ərəb, "etmək" isə türk mənşəli sözdür. Hazırda daha çox bu ifadənin qarşılığı olan "qürur duymaq" işlədilir. Yenə də "qürur" ərəb, "duymaq" türk mənşəli sözdür. Nə dəyişdi? Eyni tipli sözlərdir. "Şiddət" sözünü biz üstünlük dərəcəsində işlədirik. Amma indi "şiddət" "təzyiq" mənasında işlənir. Bu sözün yaratdığı məna və assosiasiya bizim bildiyimiz "şiddət"dən fərqlidir. "Təzyiq" sözünü biz "kiməsə təzyiq göstərilir" kimi işlətdikdə daha rahat anlayırıq. Bu sözün ətrafında müəyyən bir təsəvvür və anlam qatları yaranır. "Məcburiyyətində olmaq" ifadəsində də birinci tərəf ərəb, ikinci tərəf isə türk mənşəli sözdür. Hazırda ifadənin qarşılığı kimi "zorunda qalmaq" işlədilir. "Zor" fars mənşəli sözdür. Yenə də biz burada heç nə qazanmırıq. Bəzən də öz doğma sözlərimizin yerinə Türkiyə türkcəsini təqlidlə ərəbmənşəli sözləri işlədirik. Məsələn, "baxmayaraq" sözünün yerinə "rağmən"ə meyllilik görürəm. Biz də ədəbi mətnlərdə "rəğmən" sözünü işlətmişik, amma "rağmən" şəkli hazırda lüzumsuz görünür. "Hədəf" sözü bizdə "nişangah" mənasını verdiyi halda, Türkiyə türkcəsində "məqsəd" mənasını qazanır. Bu səpkili sözlər çoxdur. Düşünürəm ki, bu kimi təzahürləri Dilçilik İnstitutu tənzimləməlidir. Komissiyanın müzakirəyə təqdim edəcəyi məsələlər arasında Azərbaycan orta əsrlər ədəbi mətnlərinin elmi əsaslı transkripsiya qaydaları da olmalı idi. Çünki bu mətnlərin transfonoliterasiyasında çox ciddi problemlər və boşluqlar mövcuddur. Türkiyə türkcəsində bütün səslərin qalınlığı, incəliyi, uzunluğu və s. məxrəcləri elmi-tənqidi mətnlərdə işarələnib. Məsələn, sağır nun, eləcə də ərəb dilində bir neçə şəkli mövcud olan müxtəlif məxrəcli "s", "t", "z" hərfləri müəyyən şərti işarələrlə fərqləndirilir. Bizdə isə bu sahədə boşluq mövcuddur.
- Azərbaycan dili və xalqı kabel televiziyası vasitəsilə yayımlanan çoxsaylı türk verilişlərinin, filmlərinin qarşısında acizdir.
- Burada acizlik təkcə sayda deyildir və say heç də əsas göstərici deyil. Acizlik həm də keyfiyyətdədir. Bizim televiziya kanalları, təəssüf ki, nə zövqlü verilişlər, nə də mənəvi- əxlaqi dəyərlər aşılayan düşündürücü seriallar təqdim edə bilir. Bununla da, televiziya kanallarımız tamaşaçısını itirir. Halbuki bu kanallar ədəbi dilin imkanlarının nümayişi, təbliği və gənc nəslə düzgün nitqin təlqinində mühüm rol oynaya bilərdi. Keyfiyyətsiz və ədəbi dil pozuntuları ilə müşayiət olunan verilişlər kanallarımızı, təəssüf ki, belə bir funksiyadan məhrum edir.
- Sizcə, zamanında apostrof da qoşa "y" qədər müdafiə olunsaydı, qalib gələrdimi?
- Bəli, qalib gələrdi. Qənaətim belədir ki, apostrofu dilimizə qaytarmaq lazımdır. Müəyyən sayda sözlər vardır ki, onların tələffüzü çox ciddi problem yaradır. Apostroflu sözlərin yazılışı bizə həmin sözlərin anlamını daha sürətli dərk etmək, eyni zamanda dil və nitq mədəniyyəti baxımından çox lazımdır. Xüsusilə klassik şeirin oxunuşunda apostrofun yoxluğu problem yaradır. Bəzi kəlmələr apostrofsuz şəkli ilə məna fərqi və anlaşılmazlıq yaradır. Məsələn, "bəchr("39")zən" sözünün apostroflu tələffüzündə birinci "ə"də uzunluq var, amma apostrofsuz yazılışda bu olmur və tamamilə başqa söz alınır. "Quran" sözünün tələffüzündə də eyni vəziyyətdir. "Qurchr("39")an"dan apostrofu götürüb, yeni vurğu və şəkli ilə onu "Quran" kimi tələffüz edirik. Bu isə tamamilə yanlışdır. Müqəddəs kitabımızın adı "qurmaq" , "düzəltmək" sözündən yaranan "quran" sözü ilə eyni məxrəcdə deyilir. Həm dil mədəniyyəti, həm də sözlərin vurğusunu, hecasını düzgün göstərmək, həm də söylənilən və ya yazılan fikri daha sürətli anlatmaq baxımından apostrofa ehtiyac var. Həmin sözlər çox böyük sayda da deyil ki, insanlar onu əzbərləyə bilməsinlər. Ziyalı təbəqə ilə təhsil almamış insanların tələffüzündə hər zaman fərqlər mövcud olub. Hazırda apostrofun götürməsi ilə bütün təbəqələrə məxsus insanların danışığı bir-birinə yaxınlaşıb və bəsitləşib. Nəticə etibarı ilə sözlər və anlamlar itirilib. Apostrof, bir sıra dilçilərin iddia etdiyi kimi, sadəcə işarə, vurğu və ya bölgü bildirən əlamət deyil. O, ərəb əlifbasındakı "eyn" hərfi və ya həmzə dayağının qarşılığıdır. "Eyn" hərfinin səslənişi ərəblərə xas spesifik məxrəcli olduğu üçün onu alaraq istifadə etdiyimiz sözlərdə apostrofla əvəz etmişik. Əslində sovet dövrünün ilk illərində kiril və latın qrafikalı yazıda apostrofla işlənən sözlər daha çox idi. Zamanla onlar azaldı. Apostrofun götürülməsi fərqli sözlərə əsassız şəkildə eyni şəkil və tələffüzü gətirməklə yanaşı, mənanı da dəyişdi, tədrisdə ciddi problemlərə yol açdı. Həmin sözlərdəki uzunluqların səbəbi və hecanın yerinin fərqini bilməyən şagird və ya tələbəyə bunu anlatmaq uzun və əsəbi bir prosesə çevrilir. Halbuki apostrof bu funksiyanı çox asanlıqla icra edirdi. Apostrof işarəsi rus dilində də var, alınma sözlərdə yerini qoruyur. Bəzən isə bu dildə durğunu, sözlər arasında bölgünü göstərmək üçün apostrofdan istifadə edilir. İngilis dilində, Türkiyə türkcəsində, fərqli funksiyaları olsa da, apostrofun xüsusi yeri var. Bu deyilənlərə belə yekun vura bilərəm ki, nitq mədəniyyətimizi və tarixilik prinsipini qorumaq, tədrisdə apostrofla bağlı yaranmış boşluqları və gərəksiz problemləri aradan qaldırmaq niyyəti ilə apostrof yerinə qaytarılmalıdır!
Nigar Adil