“Belə qətnamələrin arxasında siyasi korrupsiya dayanır” -MÜSAHİBƏ
Əli Hüseynli: “Azərbaycanda insan haqları ilə bağlı hansı fövqəladə hadisə baş verib ki, Avropa Parlamenti təcili dinləmələr keçirib?”
31 May 2012 15:39 MüsahibəMüsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynlidir.
-Əli müəllim , Avropa Parlamentinin Azərbaycana qarşı kifayət qədər tənqidi məqamları özündə əks etdirən son qətnaməsi ilə bağlı nə deyərdiniz?
-İlk öncə qeyd edim ki, biz onlayn rejimdə Avropa Parlamentinin sözügedən iclasını izləmişik. Çox təəssüf edirik ki, Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətinə dair heç bir əsas olmadan təcili dinləmələr keçirib. Axı, Azərbaycanda insan haqları ilə bağlı hansı fövqəladə bir hadisə baş verib ki, Avropa Parlamenti bu cür təcili dinləmələr keçirib? Əlbəttə, Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq edir, bizim İşçi Qrupumuz mövcuddur. Biz "Şərq tərəfdaşlığı" prosesləri çərçivəsində Avropa Parlamentinin özünün təsisçiliyi və iştirakı əsasında yaradılmış "Avronest" Parlament Assambleyası ilə əməkdaşlıq edirik, bu qurumun aktiv nümayəndəsiyik. Onu da bilirsiniz ki, cəmi bir neçə müddət bundan əvvəl Bakıda "Avronest" PA-nın iclası keçirilib və həmin iclasda bir tək Azərbaycanda yox, Avropada insan haqlarının, demokratiyanın vəziyyəti, media azadlığı ilə bağlı perort da, sənəd də var. Mən özüm həmin sənədin məruzəçilərindən biri olmuşam. Demək istəyirəm ki, elə bu yaxınlarda bu məsələlər məhz Bakıda müzakirə edilib, Avropa Parlamentinin ayrılmaz tərkib hissəsi olan "Avronest" PA-nın iclası məhz Bakıda baş verib. İndi sual olunur ki, hansı fövqəladə bir hadisə, insan hüquqlarının vəziyyəti ilə bağlı hansı bir xüsusi hadisə baş verib ki, Avropa Parlamenti təcili müzakirələr keçirib? Bizi də ilk növbədə təəccübləndirən elə budur. İkincisi, deyək ki, hətta, belə bir qərara gəliblər, onda mütləq Azərbaycan tərəfi ilə əlaqə yaratmaq lazım idi, bizlərin fikirlərini soruşmaq lazım idi. Çünki yenə deyirəm, onda biz nə üçün onda "Avronest" PA-ya qatılmışıq? Axı, biz elə özümüz Avropa Parlamentinin məlum qətnaməsində əksini tapan sualların böyük əksəriyyətini cavablandıra bilərdik? Yəni, ilk növbədə onu qeyd etmək istəyirəm ki, belə bir iclasın keçirilməsi, təcili surətdə bu cür qətnamənin qəbul edilməsi özü bu məsələdə Avropa Parlamentindəki bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqe tutduğunu göstərir. Biz orada çıxış edən, Azərbaycan əleyhinə danışan şəxsləri də yaxşı tanıyırıq, onlar hər kəsə də yaxşı məlumdur. Onlar məhz o şəxslərdir ki, - bizim araşdırmalarımız da göstərir,- daim Azərbaycan əleyhinə çıxışlar ediblər və vaxtı ilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə də ölkəmiz əleyhinə səs vermiş adamlardır. Onlar birbaşa erməni lobbisi və Azərbaycanın müstəqilliyini qəbul etməyən bir sıra dairələr tərəfindən dəstəklənirlər. Üçüncüsü, biz eyni zamanda onu müşahidə etdik ki, bu qətnamədə göstərilən tənqidi məsələlərin böyük əksəriyyətinin əsası yoxdur. Konkret olaraq, məhkəmə-hüquq islahatları ilə bağlı işlərdən danışmaq istəyirəm. Orada qeyd olunur ki, Azərbaycan guya İnsan haqları üzrə Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmir.
-Doğrudanmı, belədir?
-Qətiyyən, belə deyil, bu, absurd bir iddiadır. Azərbaycan əslində başqa Avropa ölkələrindən fərqli olaraq, - hansılar ki, uzun illərdir İnsan haqları üzrə Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmirlər - bizimlə bağlı çıxarılmış bütün qərarların yerinə yetirilməsi ilə bağlı tədbirlər görür və görüb. Sadəcə, elə icra məsələləri var ki, onlar tam başa çatmayıb, amma bir dənə belə bir məhkəmə qərarı yoxdur ki, Azərbaycan dövləti, rəsmiləri həmin qərarın icra olunması ilə bağlı hansısa bir fəaliyyət həyata keçirməsin. Yeri gəlmişkən, Avropanın bir çox ölkələri, o cümlədən, "Şərq tərəfdaşlığı" ölkələri var ki, onlarla bağlı İnsan hüquqları uzrə Avropa Məhkəməsində baxılan işlərin sayı Azərbaycanla əlaqədar orada baxılan işlərin sayı ilə müqayisədə qat-qat çoxdur.
-Konkret olaraq, hansı ölkələri nəzərdə tutursunuz?
-Bu, elə həm Şərqi Avropa, həm də Qərbi Avropa ölkələrinə aiddir - Fransa, Almaniya, İtaliya, Rusiya və sair. Qeyd olunur ki, guya Azərbaycanda sərbəst toplamaq, birləşmək azadlığı ilə bağlı qanunvericilik beynəlxalq standartlara cavab vermir. Absurddur! Yaxşı olardı ki, Avropa Parlamenti Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı qanuna Venesiya Komissiyasının verdiyi rəyə baxaydı. Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə qəbul etdiyimiz bağlı qanuna, ona etdiyimiz dəyişikliklərə Venesiya Komissiyası tərəfindən vaxtı ilə ən yüksək qiymət verilmişdi və o rəy məlumdur, mövcuddur. Həmçinin, birləşmək azadlığı ilə bağlı bizim qanunvericiliyimizə çox müsbət qiymət verilib. Digər bir məsələ məhkəmə-hüquq sistemi ilə bağlıdır. Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına Avropa Şurasının müvafiq təşkilatı özü müvafiq qiymət verib. Bu gün Azərbaycanda məhkəmə hakimlərinin seçimi proseduru, hakimlərin təyinatı, məhkəmə sisteminin fəaliyyəti məhz Avropa Şurasının müvafiq təşkilatları tərəfindən ən yüksək qiymətə layiq görülüb. Biz həyata keçirdiyimiz bütün bu məhkəmə-hüquq islahatlarını da Avropa Şurası tərəfindən ayrılmış ekspertlərlə birgə reallaşdırmışıq. Verilən qiymətlər də məlumdur, onlar hamısı saytlarda var. Həmçinin, qətnamədə "vicdan məhbusları", "siyasi məhbuslar" məsələsi ilə bağlı məqamlar yer alır ki, elə cəmi bir neçə gün bundan əvvəl Avropa Şurasının Hüquq İşləri və İnsan Hüquqları komitəsi bu yöndə çox önəmli qərar qəbul edib. Avropa artıq buna hazır olmalıdır, bundan sonra "siyasi məhbus" anlayışının meyarlarını müəyyənləşdirəcəklər. Demək istəyirəm ki, qətnamədə qeyd olunan bəndlərin böyük əksəriyyəti həqiqətəuyğun gəlmir. Biz təəssüf edirik ki, ayrı-ayrı fərdlərin - jurnalistlərin, hüquq-müdafiəçilərinin adları bu sənədə salınıb. Bu birbaşa onu göstərir ki, onlar bu cür kiçik məsələləri şişirtmək istəyirlər və Avropa Parlamentinin qətnaməsində əks etdirirlər. Eyni zamanda sual olunur, nə üçün belə bir qətnamədə ölkə prezidentinin adına istinad olunmalıdır? Harada belə bir təcrübə var , indiyə kimi nə zaman Avropa Parlamentinin qətnaməsində belə bir hal olub? Deməkdə məqsədim odur ki, bu qətnamə həm hüquqi baxımdan, həm də etika baxımından heç bir normaya sığmır və bu qətnamənin özü bütövlükdə özündə ikili standartları əks etdirir. Amma onu da qeyd etmək istəyirəm ki, Avropa Parlamentində bu məsələ təcili müzakirə olunduğuna görə , Azərbaycan haqqında obyektiv məlumatları bilən, Azərbaycana dost olan , sadəcə, obyektiv yanaşan insanların da böyük əksəriyyəti orada iştirak edə bilməyib. Yeganə olaraq Bolqarıstanın təmsilçisi cənab Kirilov iştirak edib və Azərbaycan haqqında obyektiv fikirlər söyləyib. Ancaq məsələni elə təcili və sürətlə həyata keçiriblər ki, səsvermədə ancaq Azərbaycan əleyhinə səs verəcək insanlar iştirak etsinlər. Odur ki, bu məsələnin necə qabaqcadan hazırlaşdırıldığı üzə çıxır. Bir sözlə, Azərbaycanın hazırda "Eurovision" mahnı müsabiqəsi günlərində dünyaya mədəni səviyyə, yüksək sivilizasiya nümayiş etdirdiyi bir ərəfədə təcili sürətdə belə bir qətnamə qəbul ediblər.
-Sənəddə belə bir məqam da vuğulanır ki, Azərbaycanda minlərlə insanın mülkiyyəti əlindən alınıb.
-Məsələ burasındadar ki, həqiqətən də Azərbaycanda, Bakıda böyük yenidənqurma işləri görülüb və sizi inandırım ki, dünyada, Avropada hansı bir ölkədə belə bir miqyaslı işlər görülsəydi, narazıların, şikayət edənlərin sayı Azərbaycandakından yüz dəfələrlə cox olardı. Bəli, ayrı-ayrı hallarda bu prosesdən narazı qalan vətəndaşlarımız da var. Amma Azərbaycanda hazırda bu qətnamədə göstərilənlərin əksinə olaraq, kompensasiyaların ödənilməsi , hüquqların qorunması ilə bağlı tam, şəffaf, aydın mexanizm, güclü qanunvericiliyimiz var. Biz ona bir neçə il öncə çox ciddi dəyişikliklər etdik. Həmçinin, Nazirlər Kabinetinin də bu sahədə qərarları var. Amma onlar obyektiv olsaydı, bunun müsbət tərəfini də qeyd edərdilər. Azərbaycanda reallıqda minlərlə insan var ki, onlar yaşadıqları yerdən köçürülüblər, amma daha yaxşı mənzillərlə təmin olunublar, çox ədalətli kompensasiyalar alıblar və bu prosesdən də razı qalıblar. Minlərlə, on minlərlə belə insanlar var. Büdcədən milyonlarla vəsait ayrılıb. Əgər biz onu müqayisə etsək,- yəni, kompensasiya alan vətəndaşlarla narazı qalanların sayını - o zaman görərik, burada narazılar çox cüzi bir hissəni əks etdirir. Məhz ona görə də həmin o piketdə, mitinqdə təbii ki, onlar iştirak etmir. Eyni zamanda, bu prosesdən təbii olaraq insanlar olub və əsas odur ki, onların öz hüquqlarını müdafiə etməkdən ötrü mexanizmləri olsun. Bu mexanizmlər isə Azərbaycanda yaradılıb. Elə hallar olub ki, müvafiq icra hakimiyyəti orqanı qərar qəbul edib, kimsə köçürülüb və yaxud da kimsə ona verilən kompensasiyadan narazı qalıb, o zaman həmin şəxs məhkəməyə müraciət edib, məhkəmə vətəndaşın hüquqlarını bərpa edib, müəyyən olunmuş kompensasiyanın məbləğini artırıb. Bu cür onlarla məhkəmə qərarı var. Ancaq təəssüf olsun ki, onların heç biri araşdırılmayıb. Əgər Avropa Parlamenti bu məsələni araşdırmaq aparmaq istəsəydi, bizə müraciət etsəydi, biz Məhkəmə-Hüquq Şurası tərəfindən onlara dəqiq məlumatlar verə bilərdik, nə qədər işlərə baxılıb, nə qədər kompensasiyalar verilib, nə qədər insanların hüquqları bərpa olunub. Ancaq məsələnin özünün təcili qoyuluşu buna heç cür imkan vermir. Azərbaycan tərəfinə imkan verilməyib ki,biz də adekvat bir fikir söyləyək, onları məlumatlandıraq və qətnaməni balanslı edək. Təbii ki, insan hüquqları həssas məsələsidir və burada hansısa pozuntular hər zaman mövcud olur, olub və gələcəkdə olacaq. Amma əgər belə qətnaməni qəbul olunurdusa, onda digər tərəfin də fikrinə qulaq asmaq lazım idi. Yenə təkrar edirəm, bunun üçün Azərbaycanın mexanizmi də var. Əgər Avroparlament onunla əməkdaşlıq edən milli parlamentdən hansısa bir məlumast almırsa, onda hansı "Şərq tərəfdaşlığı"ndan, hansı əməkdaşlıqdan danışırıq?! Bizim tərəfdən hər hansı bir məlumat alınmayıbsa, Azərbaycan parlamentinə məsələləri dəqiqləşdirməkdən ötrü müəyyən bir vaxt verilməyibsə, biz hansı əməkdaşlıqdan danışa biləri?!
-Qətnamədə eyni zamanda, Azərbaycanda internet azadlığının məhdudlaşdırılması ilə bağlı məsələ yer alıb. Ancaq o da məlumdur ki, bu gün Azərbaycanda əhalinin 60 faizi internet istifadəçiləridir.
-Biz bu qətnaməni bənd-bənd oxuyarkən görürük ki, bu sənədin bir neçə bəndini çıxmaq şərti ilə bütövlükdə bütün bəndlər həqiqətəuyğun deyil, onlar araşdırılmayıb, onlar birtərəflidir, o cümlədən, internet məkanı ilə bağlı məsələ. Yenə deyirəm əgər qətnamədə həqiqətən həm tənqid, həm bizim əldə etdiyimiz nailiyyətlər göstərilmiş olsaydı, biz buna daha dözümlə yanaşardıq. Təəssüf edirəm ki, belə bir qətnamə Azərbaycan- Avropa İttifaqı, Azərbaycan- Avropa Parlamenti münasibətlərinə kölgə salır. Bu qətnaməni qəbul edən Avroparlamentin rəhbərliyi də təəssüf olsun ki, buna şərait yaradıb. Onlar anlamalıdılrlar ki, "Şərq tərəfdaşlığı"nın həm real, həm də müstəqil bir nümayəndısidir və onu da anlamalıdırlar ki, bu cür qətnamələr hakimiyyətə yönəlməyib,daha çox insanları bu prosesdən soyuda bilər. Çünki Azərbaycanın şüurlu seçimi var- bu, hüquqi dövlətdir, qanunun aliliyidir, demokratik islahatlardır. Biz Avropa hüquq sisteminə, modelinə uyğun bir dövlət qururuq. Bu baxımdan hesab edirəm ki, bu qətnamə Azərbaycan hökumətinə yönəlməyib, qətnamə elə Azərbaycan xalqının əleyhinə yönəlmiş bir qətnamədir...
- Bununla yanaşı, burada "vicdan məhbus"u kimi adı hallanan Bəxtiyar Hacıyevlə bağlı da məqamlar əksini tapıb.
- Burada ayrı-ayrı bəndlər şişirdilib. Ümumiyyətlə, hesab edirəm ki, Avropa Parlamenti kimi mötəbər bir təşkilatın qətnaməsi belə bir formada yazılmamalı idi. Onlar faktiki olaraq, Azərbaycanda insan hüquqları ilə məşğul olan bir neçə qeyri-hökumət təşkilatından aldıqları qeyri-obyektiv, yoxlanılmamış məlumatları öz qətnamələrinə köçürüblər. Və bir daha vurğulamaq istəyirəm, əgər Avropa Parlamerntinin real niyyəti Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı obyektiv qətnamə hazırlamaq idisə, onda onlar həm də bizə-öz həmkarlarına müraciət etməli idilər. Çünki biz onlarla eyni müstəvidə çalışırıq. Təəssüf ki, bu baş verməyib və bu bir dahs göstərir ki, bu qətnamənin yeganə məqsədi bu ərəfədə Azərbaycan üzərinə hansısa bir kölgə salmaq cəhdidir. Ancaq onlar əmin olmalıdırlar ki, biz mütləq bundan sonrakı görüşlərimizdə həm "Şərq tərəfdaşlığı" çərçivəsində, həm də "Avronest" PA çərçivəsində, o cümlədən, siyasi qruplarda bu məsələni birmənalı qaldıracağıq. Məsələ qaldıracağıq ki, onlar Avropa Parlamentinin dəyərlərinin, Avropa dəyərlərinin özünün əleyhinə gediblər. Təəssüflər olsun ki, belə qətnamələrin arxasında siyasi korrupsiya durur.
Alim