“Türkiyə bizim ikinci Vətənimiz, dayaq nöqtəmizdir” - DİASPORA
Vurğun Həsənli: “Qısa tarix ərzində ölkəmizin təbliğatında böyük uğurlar qazanılmasında, diaspora təşkilatlarımızın da böyük rolu olduğunu qeyd etməliyik”
31 May 2012 13:31 MüsahibəTürkiyədə yaşayan soydaşımız, keçmiş diplomat Vurğun Həsənlinin "OLAYLAR"-a müsahibəsi
-Vurğun bəy keçmiş diplomat və hazırda Türkiyədə yəşayan soydaşımız olaraq hazırda Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?
-Bizim diaspor mədəniyyətimiz və ya keçmişimiz olduqca yaxın tarixə təsadüf edir. Ona görə, yenicə yaranmış "gənc" diaspor anlayışımız var. Düzdür, diasporumuz formalaşma mərhələsindədir, amma olduqca həvəsli və əzmkar diaspora təşkilatlarımız çoxluq təşkil edir. Həmçinin qısa tarix ərzində ölkəmizin təbliğatında böyük uğurlar qazanılmasında, diaspora təşkilatlarımızın da böyük rolu olduğunu qeyd etməliyik. Ancaq, bir həqiqəti də unutmamalıyıq ki, hələlik dünyada təsir gücünə malik diasporlar səviyyəsinə gəlib çıxmamışıq. Məsələn, yəhudi diaspor təşkilatları səviyyəsinə çatmağımız üçün önümüzdə uzun yolun olduğunu düşünürəm. Bütün halda isə istədikdən sonra yəhudi lobbiləri səviyyəsinə çata və hətta onu ötə də bilərik. Yetər ki, istəyək.
-Ümumiyyətlə, Türkiyədə Azərbaycan diasporunun vəziyyətini qənaətbəxş saymaq olarmı?
-Türkiyə bizim ikinci vətənimiz və dayaq nöqtəmizdir. Buradakı diaspor anlayışı ilə digər ölkələrdəki diaspor anlayışı eyni olmamalıdır. Çünki beynəlxalq müstəvidə qarşılıqsız bir-birini dəstəkləyən ikinci bir nümunə yoxdur. Ancaq təəsüflə etiraf etməliyik ki, Türkiyədəki bir ovuc erməni bizdən daha güclüdür. Millətimizin, dinimizin, irqimizin, mədəniyyətimizin eyni olduğu və 3 milyona yaxın Azəri-Türkünün yaşadığı bir ölkədə bir ovuc erməninin bizdən güclü olmamasının dayaq nöqtələrini axtarıb tapmalıyıq. İlkin görünən səbəb kimi, bizim Türkiyədə birlik təşkil edə bilməməyimiz, diaspor təşkilatlarının cılız məsələlərlə məşğul olmaları, bu təşkilatlar arasında mənasız intriqaların və anlamsız "rəqabətin" davam etməsini göstərə bilərik. Ancaq bu problemlərin aradan qaldırılması mümkündür. Ən azı burada gənc və enerjili, həvəsli potensialımız gün-gündən artmaqdadır. Əsas məsələ təmərküzləşmək və mütəxəssislərin fikirlərinin alınmasıdır. Azərbaycan həqiqətlərindən çox özlərini təbliğ edən diaspora nümayəndələri zərərsizləşdirilməlidir. Bu mənada Türkiyədə təhsil alan gənclərimiz böyük potensialdır. Bizlər bunu görməli və dəyərini anlamalıyıq. Gənclərimiz koordinasiya edilməlidir. Mənim şəxsi fikrimə görə, biz Türkiyədə sadəcə gənclərimizdən yaxşı mənada faydalana bilsək, heç bir iş görmədən öz reklamı ilə məşğul olan, diaspora təşkilatlarımıza ehtiyac qalmaz. Sadəcə burada iş məqsədyönlü, koordinasiyalı olmalı, düşüncəsindən-ideologiyasından asılı olmayaraq hər kəs diaspora işinə cəlb edilməlidir. Birlik yaratdıqda, problemin həll olunacağına inanıram və Türkiyə cəmiyyətində, ictimaiyyətində söz sahibi ola biləcəyik. Amma Türkiyədə güclü olmamağımızdan həqiqətən utanmalıyıq.
-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində qardaş ölkədəki Azərbaycan diasporunun fəaliyyətini müsbət qiymətləndirmək mümkündürmü?
- Burada Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması artıq ənənə halını alıb demək mümkündür. Lakin bu məsələdə, diaspora işiylə əsasən Türkiyədə təhsil alan gənclərimiz, buranın universitetlərində çalışan müəllimlərimiz məşğul olurlar. Hər halda, Türkiyənin Dağlıq Qarabağ problemi ilə bağlı olaraq Ermənistanla ikitərəfli münasibətlərini dondurması bizim uğurumuzdur. Bundan sonra da, Ermənistanın izolasiyasının davam etməsi üçün, Türkiyədəki diaspora fəaliyyətimizin təsir gücünü artırmalıyıq.
-Bir çox hallarda bildirilir ki, Türkiyənin özündə belə bir çox insanlar, ictimai xadimlər Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı barədə məlumatlı deyillər. Siz Türkiyədə bu cür hallarla qarşılaşmısınızmı?
-Türkiyədə savadsızlıq Azərbaycanla müqayisədə daha çoxdur. Ona görə də, Dağlıq Qarabağın harda olduğunu bilməyənlərlə belə rastlaşmaq adi haldır. Lakin ictimai xadimlərin Dağlıq Qarabağdan xəbərinin olmaması həqiqətə uyğun deyil. Günlük qəzet oxuyan, ya da oxuyub yazmağı bacaran şəxs, səthi belə olsa Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğunu bilir. Amma hansı səviyyədə bilir onu müzakirə etmək olar. Hər halda məlumatsızlıqdandır ki, Dağlıq Qarabağ üçün Türkiyənin sərhəddi bağlamamalı olduğunu düşünən ictimai xadimlər mövcuddur. Biz siyasi və ideoloji görüşündən asılı olmayaraq, hər bir Türk aydınını və ictimai xadimini "qazanmalıyıq". Çünki bu şəxslər Türkiyə ictmaiyyətinin sosial dayaq nötqələridir və ictimaiyyət bunların fikrinə əsasən yönləndirilir. Biz öncə bu kimi şəxslərə Dağlıq Qarabağ həqiqətini çatdırmalı, daha sonra bu prosesə onları da cəlb etməliyik. Ona görə, biz Türkiyədə çox çalışmalıyıq.
-Nəzərə alsaq ki, bu ölkədə daha çox azərbaycanlı yaşayır, bu mənada Türkiyədə yaşayan soydaşlarımızın bu ölkənin ictimai-siyasi dairələrinə inteqrasiyası necə gedir?
-Bəli dediyiniz kimi bu ölkədə çoxlu sayda azərbaycanlı yaşayır. Hətta qeyri-rəsmi rəqəmlərə görə, 3 milyona yaxın azərbaycanlının yaşadığı iddia olunur. Lakin 3 milyon sayda olmağımıza baxmayaraq mövqeyimiz olduqca zəifdir. İctimai-siyasi dairələrə inteqrasiyaya gəlincə, 1950-ci illərə qədər vəziyyət qənaətbəxş, hətta indiki dövrlə müqayisədə olduqca yaxşı olub. Lakin son bir neçə ilə qədər, azəri türklərinin Türkiyədəki varlığı sadəcə simvolik olub. Son parlament seçkilərində iki Türkiyə azərisinin millət vəkili seçilməsinə baxmayaraq 3 milyonluq topluluq üçün bu sayının yetərsiz olduğunu düşünürəm. Bu məsələnin ölkəmizin inkişafı ilə də paralellik təşkil etdiyini nəzərə almaq lazımdır. Ölkəmizin beynəlxalq mövqeyi gücləndikcə, həm Türkiyədəki azəri türklərinin, həm digər ölkələrdəki azəri türklərinin mövqelərinin güclənəcəyinə inanıram. O baxımdan bundan sonrası üçün ümidli olmağa dəyər.
-Bir politoloq kimi necə dəyərləndirərdiniz Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra Azərbaycan diasporunun həyatında hansı müsbət dəyişikliklər baş verib?
-Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi hər zaman böyük əks-səda doğurub. Ancaq təəssüflə etiraf etmək lazımdır ki, qurultaydan sonra böyük əks-səda doğuran fəaliyyətlərin adını eşitmək elə də mümkün olmayıb. Prezidentin bu qurultaya böyük önəm verdiyini hamımız bilirik. Qurultayın iştirakçıları da, prezidentimiz qədər bu məsələyə önəm versə və dünya azərbaycanlılarının problemləri ilə maraqlanmaqda həvəsli olsalar vəziyyət arzuedilən olar. Ümid edək ki, bundan sonra istədiyimiz, arzu etdiyimiz müsbət dəyişikliklərin şahidi olacağıq.
Qarşıda qoyulan hədəflərə daha tez nail olmaq üçün diaspor sahəsində hansı əlavə tədbirlərin görülməsini təklif edərdiniz?
- Diaspor sahəsinin mahiyyətini dərk etməliyik. Biz bir çox ölkədə özümüzü reklam etmək, ictimailəşdirmək üçün diaspora təşkilatı qururuq. Bu yanlışdır və belə şəxslər yeri gəldikdə təcrübəsizliyinin ucbatından ölkəmizin imicinə zərər verə bilir. Ona görə, belə şəxslərin diaspora fəaliyyətindən uzaqlaşdırılması üçün təşəbbüs göstərməliyik. Türkiyənin daxili dinamizmini bilməyən şəxsin burada diaspora işi ilə məşğul olması ya gülünc doğurar, ya da qeyri-ciddi görsənər. Bu sahə çətin sahədir, ona görə mütəxəssislər işin başına gətirilməlidir. Eyni zamanda, fəaliyyət göstərilən ölkədə vahid koordinasiya mərkəzi olmalıdır. Bu rəsmi ofis formasında və ya qeyri-rəsmi şəkildə də ola bilər. Əsas odur ki, fəaliyyət göstərəndə o ölkədə yaşayan hər bir azərbaycanlının o faəliyyətdən xəbəri olsun. Belə etdikdə həm iş məqsədyönlü formada həyata keçirilmiş olur, həm də istənilən nəticənin alınmasında uğur qazanmaq asanlaşır. Hər hansı bir məsələdə, daxildə müxalifətçi ola bilərik və ya iqtidarın fikirləri ilə razı olmaya bilərik. Amma xarici siyasətdə, ölkəmizin təbliğatı məsləsində bu fikirləri bir tərəfə qoyub "tək ürək" olmağı bacarmalıyıq.
-Azərbaycan və türk diasporunun birgə fəaliyyəti Sizi qane edirmi və bu əlaqələri daha da inkişaf etdirmək üçün nə təklif edərdiniz?
-Bəzən ortaya çıxan soyuqluqlara baxmayaraq Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir. İstər iki ölkənin beynəlxalq səviyyədə əməkdaşlığı, istər regional problemlərə qarşı birgə mövqe sərgilənməsi, istərəsə də beynəlxalq təşkilatlarda ortaq əməkdaşlıq mexanizmini mənimsəmələri təqdirəlayiq haldır. Həmçinin iqtisadi və ticarət sahələrdə eyni mövqelərdən çıxış etmələri iki ölkənin güclərini birləşdirməyə rəvac verir və hər iki ölkənin nüfuzunun artmasına güclü təsir göstərir. Bu da ötən illərdə bir neçə uğurlu nəticənin alınmasına gətirib çıxarıb. Uğurlu nəticələrdən biri xarici ölkələrdə fəaliyyət göstərən diaspora fəaliyyətinin birgə təşkili məsələsidir. Uzun zamandan bəri gözlədiyimiz addım axır ki, yaxın keçmişdə atıldı. Lakin gələcəkdəki əməkdaşlıq baxımından fəaliyyətlərimizi daha da gücləndirməliyik. Xüsusilə Azərbaycan və Türkiyə həqiqətlərini dünyaya çatdırmaq üçün vaxtaşırı birgə beynəlxalq konfranslar, müzakirə platformları təşkil olunmalı, münasibətlərin genişləndirilməsi üçün birgə fəaliyyət planları tərtib edilməli, əməkdaşlığın çərçivəsi genişləndirilməlidir. Son olaraq yaxında eyni mövqedən çıxış etdiyimiz nümunəni xatırlatmaq istərdim. Biz bu yaxınlarda Fransa parlamentinin məlum "erməni yalanı" məsələsində ortaq duruş sərgiləyərək gücümüzü Avropaya göstərə bildik. Yəni xaricdə birgə fəaliyyətimizin gözəl nəticəsini ala bildik. Ona görə bundan sonra da, əməkdaşlıq və birgə fəaliyyət səylərimizi artırmalı, çərçivəni bir qədər də genişləndirməliyik.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir