Terrora qarşı türk dövlətlərinin vahid mübarizə təşkilatı yaradılmalıdır - MÜSAHİBƏ

Gövhər Baxşəliyeva : “ Bu, türkdilli ölkələr üçün həm də böyük siyasi üstünlüklər açır”

Müsahibimiz millət vəkili, professor  Gövhər Baxşəliyevadır.

-Gövhər xanım, bu günlərdə  parlamentdə Türkdilli  Dövlətlərin  Əməkdaşlıq Şurasının Birinci  Zirvə  Toplantısının  Bəyannaməsi  ratifikasiya edildi. Bu sənədi və ümumiyyətlə, qloballaşan dünyada türk xalqları və dövlətləri arasında inteqrasiya proseslərini necə qiymətləndirirsiniz?

-İlk öncə  sözügedən sənədi , onun parlamentdə  ratifikasiyasını  çox müsbət, önəmli və əhəmiyyətli məqam,  hadisə kimi kimi qiymətləndirirəm. Eyni zamanda, bunun türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq əlaqələrinin və inteqrasiya proseslərinin möhkəmlənməsinə böyük töhfə verəcəyini düşünürəm. Başqa cür də ola bilməz. Bununla yanaşı, onu da qeyd etməliyəm ki, qloballaşan dünyamızda inteqrasiya prosesləri getdikcə daha böyük vüsət alır. Xalqlar və ölkələr sürətlə bir-birinə yaxınlaşır, hətta lokal və regional problemlər belə əksər halda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxır. Planetimiz getdikcə sərhədsizləşir. Təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil. Bu, türkdilli ölkələrə də aiddir. Öz müstəqilliyinin  artıq  21-ci  ilini  yaşayan  Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın siyasət, iqtisadiyyat, sosial həyat, hüquq və digər sahələrdə mühüm islahatlar apardıqlarını, demokratikləşdirmə, insan haqlarının təmin olunması və bazar iqtisadiyyatı infrastrukturunun yaradılması prosesində xeyli tərəqqi olduğunu və bunun onların dünya birliyinə inteqrasiyasına kömək etdiyi xüsusi vurğulanmalıdır. Beynəlxalq iqtisadi əməkdaşlığın nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması sahəsində görülən işlər, TRASEKA, böyük "İpək yolu"nun bərpası layihələrinin həyata keçirilməsi türkdilli xalqların bir-birinə və bütövlükdə dünyaya inteqrasiyasına bariz nümunədir. Qədim və zəngin mədəniyyətə malik olan, bəşəriyyətə görkəmli şəxsiyyətlər bəxş etmiş türk dünyası xalqlarının bu sahədə əməkdaşlığının daha da genişləndirilməsi vacibdir, tarixən yaranmış bənzərsiz mədəni irsimizi indiki nəsillərə qaytarmaqla yanaşı, onu dünyaya daha da yaxından tanıtmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha nümayiş etdirmək baxımından son dərəcə önəmlidir. Bu sahədə TÜRKSOY təşkilatının gördüyü işlər və ümumən onun fəaliyyəti qeyd edilməlidir.

Uğurlardan biri də o oldu ki, ölkələrimiz türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxarıldı. Türk dünyasına məxsus olan, indi müstəqil dövlətlərə çevrilən sabiq sovet respublikaları digər türk ölkələri ilə qonşuluq, dostluq və qardaşlıq münasibətlərini bərpa etdilər. Azərbaycan indiyə qədər türk dövlətləri başçılarının bütün sammitlərində iştirak etmiş, bu ittifaqı möhkəmləndirmək üçün əlindən gələni əsirgəməyib. Hələ 2000-ci ildə Azərbaycanda keçirilən növbəti sammit bütün türk dünyası və türk dövlətləri ailəsi üçün çox mühüm olan və gələcək əməkdaşlıq üçün proqram xarakteri daşıyan məşhur "Bakı bəyannaməsi"nin elan edilməsi ilə başa çatmışdı. Türkdilli ölkələr mühüm coğrafi mövqeyə malikdirlər. Xalqlarımız əsrlər boyu hər iki sivilizasiyanın təsirini görüb. Min ildən artıq bir müddətdə müsəlman aləmində olduğumuz halda, sonradan çar Rusiyası torpaqlarımızı işğal edərək bizi yeni mühitdə yaşamağa məcbur edib. Bununla bərabər, çar Rusiyası tərkibində olduğumuz zamanlarda yeni dəyərlər sistemi ilə tanış olmuşuq, ziyalılarımız rus dili vasitəsi ilə mütərəqqi rus və Avropa elmini və ictimai-siyasi fikrini mənimsəyib, maarifçilik ideyalarına yiyələnib. Sovetlər dönəmində də bu proseslər davam edib, əhali dünyəvi təhsil alıb, kütləvi savadlanıb. Sovet rejiminin dağılmasından sonrakı dövr türkdilli ölkələrin tarixində ağır böhranlı dövr oldu. Əslində, bu böhranı təkcə biz yox, keçmiş Sovetlər Birliyinə daxil olan bütün respublikalar yaşadı. Bu ölkələrin siyasi və sosial-iqtisadi müstəqilliyi ilə yanaşı, mədəni-mənəvi müstəqilliyi də birdən-birə başlandığından, əhalinin yeni proseslərə uyğun¬laşması ağrılı getdi...

-Sizcə, bunun əsas səbəbi nə ilə bağlı idi?

- Əsas səbəb heç şübhəsiz  bu ölkələrin  müvafiq hazırlıq işi aparmadan xarici aləmə açılması idi. Sovet İttifaqının yürütdüyü siyasət nəticəsində mədəniyyətlərarası əlaqələr qırılmışdı, totalitar sovet rejimi dini əqidəni məhv etmək istiqamətində uzun illər ardıcıl iş aparmışdı. Təbii ki, bütün bunlardan sonra milli mədəniyyətlərin və islam dəyərlərinin bərpası asanlıqla başa gələ bilməzdi.
Digər tərəfdən, bu işə tələsik və qarmaqarışıq şəkildə başlanmışdı. Doğrudur, müsəlman Şərqi elə o zaman keçmiş Sovetlər Birliyinə daxil olan türkdilli ölkələri öz sıralarına - İslam Konfransı Təşkilatına üzv qəbul etsə də, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanun qəbul olunsa da, bu sahədə ortaya çıxan problemlərin bir çoxu bu günədək tam həllini tapmayıb.
Bundan əlavə, xalqlarımızın Avropa mədəniyyətinə və tərəqqiyə qovuşmaq arzu¬sunun da tam reallaşması asan iş deyil. Bu gün demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı, insan haqları, aşkarlıq və sair ilə bağlı dəyərlər getdikcə cəmiyyətlərimiz üçün daha çox yaşam normasına çevrilir. Amma bu meyarların ümummilli dəyərlər sırasında öz yerini tam tutması üçün müəyyən zaman kəsiyi lazımdır. Azərbaycan cəmiyyəti müstəqillik qazanandan sonra özündən asılı olmayaraq fərqli mədəniyyətlərin arasına düşüb və onların hər birinin qarşılıqlı təsirini üzərində hiss edir.

- Belə məlum olur ki, bu halda   ziddiyyətlərin olması da təbiidir?

- Təbii ki, belədir. Amma sadəcə, burada cəmiyyətimizdən və onun hər bir üzvündən sayıqlıq, düzgün seçim etmək bacarığı tələb olunur. İnteqrasiya prosesi o zaman uğurlu olar ki, cəmiyyət öz "Mən"ini itirməsin. Bu mənada türkdilli ölkələrin bu gün hansısa ənənəvi, yaxud modern dəyərlər sistemindən imtina yolu ilə deyil, onların ən müsbət cəhətlərini özündə birləşdirmək yolu ilə getməlidir.
Demokratik dəyərlər mətbuat və təhsil sistemi vasitəsi ilə ictimai şüura yeridil¬mə¬li¬dir. İnkişafa mane olan əxlaq stereotipləri çıxışdırılıb şüurlardan çıxarılmalıdır. Dövlət, cəmiyyət və şəxsiyyət arasındakı qarşılıqlı münasibətlər yeni səviyyəyə qaldırılmalıdır. İctimai təşkilatların dövlət idarəçiliyinə cəlb edilməsinə şərait yaradılmalı, Parlamentlərin fəaliyyəti vətəndaş cəmiyyətinin tələblərinə uyğunlaşdırılmalıdır. Fikir müxtəlifliyinə və sağlam diskussiyalara geniş meydan verilməlidir. Etiraf edim ki, Azərbaycanda artıq bu istiqamətdə xeyli ciddi addımlar da atılıb. Ümumiyyətlə, Azərbaycan çağdaş nailiyyətləri mənimsəmək baxı¬mın¬dan həmişə Şərqdə birinci olub. Şərqdə ilk demokratik respublika və ilk demokratik təsisatlar ötən əsrin əvvəllərində məhz bizdə yaranıb. Xalqımız daim dinc, yanaşı yaşamaq ənənəsinə sadiq olub. Əhali dünyəvi təhsil alır. Avropa mədəniyyətinin nailiyyətləri Azərbaycanda başqa müsəlman cəmiy¬yətlərinə nisbətən qat-qat çox yayılıb. Məhz bu təcrübə və amil inteqrasiya proseslərinin sürətləndirilməsi üçün Azərbaycanda əlverişli şərait yaradır. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar milli mədəniyyətimizin möhkəm təməli üzərində qurulur. Çünki milli-mədəni dəyərləri, milli kimli¬yi¬mi¬zi mənimsəmədən Avropa dəyərlərini qəbul edə və özümüzünküləşdirə bilmərik. Bu gün azərbaycanlı gənclərin böyük hissəsi müsəlman dünyası ölkə¬lə¬rin¬də, Avropa və Amerikada təhsil alırlar. Zənnimcə, onların həmin ölkələrin mə¬də¬niyyətindən daha çox bəhrələnmək imkanı var. Onlar Vətənə dönəndə bu mədəniyyətlərin də nailiyyətlərini özləri ilə gətirəcək və bununla da mədəni sintezə güclü təsir göstərə biləcəklər. Bu bir faktdır ki, qloballaşma ideyasının gerçəkləşməsi və sivilizasiyaların qovuşması üçün vacib olan Şərq-Qərb münasibətlərinin tənzimlənməsində Türkiyə əhəmiyyətli rola malikdir və region üçün nümunə ola biləcək dövlətdir. Bəlkə də qardaş ölkənin elə bu sürətli inkişafı, modern dünyanın bir parçası olması onun ayrı-ayrı "siyasi" və terrorist qrupların hədəfinə çevrilməsinə səbəb olub. Fikrimcə,  bu gün söhbət Azərbaycan-Türkiyə münasibətlərindən deyil, daha geniş miqyasda - ümumtürk dünyası həmrəyliyindən getməlidir.

-Sizcə bu Türk dünyasına nə verə bilər?

- Bu gün Türkiyənin qarşılaşdığı problemlə bağlı dəstək təkcə Azərbaycandan deyil, digər türk respublikalarından da gəlməlidir. Ümumiyyətlə, məruzəmizin əvvəlində qoyduğumuz problemin üzərinə qayıdaraq bildirirəm ki, qloballaşma və inteqrasiya proseslərini biz ilk növbədə öz içimizdə aparmalıyıq. Əgər Şərqlə Qərb, əgər fərqli sivilizasiyalar vahid məcraya gəlirsə, eyni kök, eyni milli-mənəvi dəyərlərə malik xalqlar niyə bir-birinə qovuşmamalıdır? Vaxtilə sovet rejimi bu xalqları bir-birindən ayırmaq üçün onlara müxtəlif adlar qoysa da, köklərini ayrı-ayrı millətlərin tarixlərində axtarmağa məcbur eləsə də, mənəvi, ruhi bağlılığı qıra bilməyib. Bu gün əsas məsələ həmin əlaqələri genişləndirmək və həmin bağları möhkəmləndirməkdir. Fikrimcə, bunu reallaşdırmaq üçün vasitələr də çoxdur. Məsələn, bu məqsədlə türk respublikalarının müxtəlif forma və məzmunlu birlikləri yarana və yaxud elmi, ədəbi, mədəni sahələrdə nailiyyətlərə görə ümumtürk respublikalarının vahid mükafatları, fəxri adları təsis edilə bilər. Ya da götürək terror problemini. Türk respublikalarının terrorizmə qarşı vahid mübarizə təşkilatını yaratmaq mümkün deyimli? Əlbəttə, mümkündür və onu da qeyd edim ki, dövlətlərimiz ayrı-ayrı olsa da, çox vaxt eyni mənşəli və eyni xətli problemlərlə üz-üzə qalır. Türkdilli ölkələr arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək məqsədi ilə ikitərəfli və çoxtərəfli layihələrin, xüsusən sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və turizm sahəsində layihələrin hazırlanmasının və həyata keçirilməsinin əhəmiyyətini bir daha qeyd etmək istərdim. Parlamentlər, mərkəzi və yerli hakimiyyət və idarəetmə, özünüidarə orqanları və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilməlidir. Türk dövlətlərinin  dünya iqtisadiyyatına inteqrasiya prosesi də durmadan davam etdirilməlidir. Türkdilli dövlətlərin geosiyasi vəziyyətini nəzərə alaraq, hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün onların beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar, regional birliklərlə əməkdaşlıq genişləndirilməlidir, bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətləndirilməlidir. Milli iqtisadi maraqlardan irəli gələn şərtlər əsasında türkdilli dövlətlər Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmalıdırlar. Azərbaycan artıq Avropa İttifaqı ilə "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalayıb, Avropa qonşuluq siyasətinə daxil edilib. Bu istiqamətdə digər türkdilli dövlətlərin səyləri gücləndirilməli, bütün sahələrdə Avropa standartlarının tətbiq edilməsi üzrə məqsədyönlü tədbirlər görülməlidir. Türkdilli ölkələrin malik olduqları zəngin təbii sərvətlər, onların mövcud iqtisadi, elmi-texniki potensialı bu sahədə daha səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradır. Bütün bunlar, habelə ölkələrimizin mühüm coğrafi mövqeyi regionun iqtisadi tərəqqi zonasına çevrilməsi, dünya iqtisadi sistemində layiqli yer tutması üçün yaxşı zəmindir. Bu, türkdilli ölkələr üçün həm də böyük siyasi üstünlüklər açır.

Alim

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31