Bölgələrin insan alveri qurbanları

İctimai Dinləmələr başlandı

Mayın 29-da "İnsan alveri ilə mübarizə və Azərbaycan təcrübəsi: ictimai müzakirələrin  keçirilməsi" adlı layihəsi çərçivəsində İCTIMAİ DİNLƏMƏLƏRƏ start verildi. Layihə  "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib. Layihənin müddəti
4 aydır. Layihə çərçivəsində 5 bölgə üzrə ekspertlər öz ərazilərində insan alverinə şərait yaradan
problemləri iştirakçıların diqqətinə çatdıracaq. Tədbir zamanı, layihə çərçivəsində nəzərdə tutulan insan alveri mövzusunda 6 dilə tərcümə edilmiş bukletlər paylandı. Tədbirin əsas məqsədi insan alverinə şərait yaradan səbəblərin aşkarlanması və müsbət təcrübənin
bölüşməsidir. Bu dəfə təşkil olunan tədbirdə  Gəncə şəhərində fəaliyyət göstərən "Təmas" regional İctimai Birliyinin rəhbərləri- Südabə Məmmədova və Kübra Ələkbərova ilə təşkil olunan video bağlantıda həmin ərazidə insan alverinə şərait yaradan səbəblər barədə dinləmələr aparıldı, jurnalistlərin sualları cavablandırıldı. S.Məmmədova Gəncə bölgəsində insan alverinə məruz qalma səbəbləri haqqında danışarkən bildirdi ki, bunun əsas səbəbləri iqtisadi çətinlik,  xarici vətəndaşlarla qeyri-rəsmi nikah, işsizlik, aldadılma və s. Faktlar aşkarlanıb. "Qadınların aldadılmasında müxtəlif faktlar yer alır və bunların ən başlıca səbəbi onların yetərincə məlumatlı olmamalarıdır. Dövlətin bu sahədə proqramları var, lakin bölgələrdəki insanlar bundan tamam xəbərsizdirlər. İnsanlarla dövlət qurumları arasında əsas vasitəçi QHT-lərdir. Bölgədə fəaliyyət göstərən QHT olsaq da, polislərin  və digər dövlət, beynəlxalq təşkilatları, eyni zamanda paytaxtdakı QHT-lərlə də əlaqələrimiz var". O həmçinin insan alveri ilə mübarizə zamanı bir çox hadisələrin də qarşısını aldıqlarını bildirdi. Problemin həll olması qadınların özlərinə inamlarının artırılması üçün o sığınacaqların sayının artırılmasının vacib olduğunu dedi. "Bu gün bölgələrdə qurbanlar üçün sığınacaqların sayı çox azdır və qadınlar bu müəsisələr barədə xəbərsizdirlər. Ona görə də, həmin sığınacaqlar yaradılarkən mütləq reklam edilməli, insanlar bu barədə məlumatlandırılmalıdırlar. Bundan başqa bu cinayətləri törədənlər də cəzalandırılmalıdır. Məsələn, əvvəllər Gəncədə bu məsələrə baxmaq üçün Ağır Cinayətlərə dair məhkəmə yox idi, amma indi yaradılıb və onların cəzalandırılmaları baradə məlumatlar da toplaya bilirik"." Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova insan alveri ilə mübarizədə bu zamana qədər dövlət tərəfindən də bir sıra işlərin görüldüyünü bildirdi. "2004-cü ildə Prezident insan alverinə qarşı mübarizə ilə bağlı fərman imzaladı, bundan başqa insan alverinə qarşı mübarizə idarəsi, qaynar xətt, qurbanlar və risk qrupları üçün qaynar xətt, qurbanlar üçün kömək fondu yaradıldı, həmçinin onlara verilən birdəfəlik müavinətlər 33 manatdan, 200 manatadək artırıldı. Lakin bunlar yetərli deyil, insan alveri qurbanları, həssas qruplar, məişət zorakılığı qurbanları üçün sığınacaqların artırılamsıan ehtiyac var. Hər bir regionda belə mərkəzlər olmalıdır, çünki bəzən qurbanın yaşadığı regiondakı sığınacaqda qalması onun həyatı üçün daha təhlükəli olur".  Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev 2009-cu ildə insan alveri qurbanları ilə bağlı 29 faktın aşkarlandığını, onların 20-nin məsuliyyətə cəlb olunduğunu bildirdi. "2010-cu ildən başlayaraq həm paytaxt, həm də regionlardakı universitetlərdə maarifləndirmə işləri aparmışıq. Bundan başqa bu işlər peşə məktəbləri və litseylərdə də aparılıb". Qadın Krizis mərkəzinin  sədri Mətanət Əzizova insan alverinə qarşı mübarizənin ciddi bir problem olduğunu  və bu sahədə maarifləndirmə işlərinə ehtiyac olduğunu bildirdi. O da qadınların ən çox hansı səbəblərdən insan alveri qurbanları olmaları barədə danışaraq, ailə, məişət zorakılığının ən önəmli problem olduğunu dedi.
   Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, 2011-ci ildə İnsan Alverinə qarşı Mübarizə idarəsinə 18 qurban yerləşdirilib ki, onların 7-nin qeydiyyatda olduğu yer məhz Gəncə şəhəri olub. "Ümumiyyətlə Gəncəbasar bölgəsində insan alveri qurbanları daha çox aşkarlanır. Bu ilki rəqəmlərə görə isə, bu faktlar daha çox vaxt Sumqayıtda aşkarlanıb. Bu il may ayına qədər olan dövrdə insan alveri qurbanları ilə bağlı 24 fakt aşkarlanıb. Əslində hər il insan alveri ilə bağlı aşkarlanan faktların artması cəmiyyətdə narahatlıq yaratmamalıdır. Çünki bu həm də maarifləndirmə işlərinin nə qədər yaxşı aparılmasının bir göstəricisidir. Yəni insanlar doğru məlumatlandırılıblar ki, bu hadisələr baş verəndə ilk növbədə polisə və ya hansısa QHT-lərə müraciət edirlər". O həmçinin bu gün küçələrdə əməyi istismar olunan uşaqların da ciddi problem olduğuna diqqət çəkdi. "Çox təəssüf ki, bizdə hələ də dilənçiliyə sövq etmə inzibati xəta kimi qeyd olunur. Bundan başqa həmin uşaqların müraciət edə biləcəkləri sığınacaqlar da çox azdır. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2013-cü ilin sonuna kimi  küçə uşaqları, zorakılığa məruz qalmış vəinsan alveri qurbanları üçün sığınacaq, reabilitasıya mərkəzlərinin yaradılacağı ilə bağlı məlumat verib. 2009-cu ildə Daxili işlər Nazirliyini  sığınacağına 14, 16 yaşlarında iki qız insan alveri qurbanı kimi müraciət  etmişdi. 2011-ci ildən isə artıq belə faktlar aşkarlanmayıb".

Gülxar
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31