"İran və Azərbaycanı daim münaqişə vəziyyətində görmək istəyən qüvvələr var" - MÜSAHİBƏ

Bahar Muradova: “Onlar bu qarşılıqlı ittihamlardan öz maraqları üçün yararlanmaq istəyirlər”

Müsahibimiz Milli Məclis  sədrinin müavini Bahar Muradovadır.

- Bahar xanım, İran son dövrlərdə niyə Azərbaycana qarşı bu qədər aqressiv davranır?
-  Bunu dırnaqarası Allah yolunda olan bəzi İran rəsmiləri, yəni, İran ayətullahları, bir də Allah bilir ki, onlar nə istəyir. Çünki bunlar  Allaha özlərini daha yaxın hesab edən insanlardır. Bunu  onlardan soruşmaq lazımdır. Amma mən inanmıram ki, onlar dırnaqarası Allah yolunda olduqları halda səmimi və düzgün  fikirlərini çatdıra bilərlər. İndi  burada ehtimallara  söykənib hansısa, yəni, düzgün olmayan və yaxud da şübhə doğuran fikirlər söyləmək istəməzdim. Amma görünən odur ki, bəli, Azərbaycanın bir dövlət olaraq inkişafı, əhalisinin əksər hissəsinin islam inanclı olmasına baxmayaraq, dünyəvi dəyərlərə saqdiqliyi və bütün bunları balanslaşdırması, milli-mənəvi dəyərlərə söykənərək bəşəri dəyərləri  əxz etməsi , bunun vəhdətində olan bir dövlət, ideologiya, bir cəmiyyət yaratması bir çoxlarını qane etmir. Azərbaycanı Bakı hökuməti adlandıran İran axundları və İran Ayətullahları, əlbəttə ki, bu şəkildə söyləməklə özlərinin ərazi və digər iddialarını ortaya qoymuş olurlar və bunun altından da bir çox məsələlərin işartıları görünür ki, bunlar nə istəyə bilərlər. Ən azı, sərhədləri yanında nümunəvi bir islam inanclı dövlət görmək istəməmələri dayanır. Yəni, bunun içərisində hər şey gedə bilər ki, bu, İran vətəndaşlarını, İran azərbaycanlılarını - bu gün yalnız məscidlərdə axundların moizələrini dinləyən insanları başqa siyasi fikirləri və ideoloji moizələri də dinləməyə vadar edə bilər və bu nümunə onlar üçün zərərli görünür. Mənim özümün gəldiyim məntiqi nəticə o ola bilər, o cümlədən, İran ayətullahlarını, İran din xadimlərini qane etməyən cəhət o ola bilər ki, bu, onların hakimiyyətinə xələl gətirə bilər. Yəni, İran rejimi  təhrif olunmuş şəriət qaydaları, dini qaydalarla əhalini və bütün rıçaqları öz əlində saxlamaq istəyənləri bu cür dünyəvi nəticələr əldə etmək qane etməz. Eyni zamanda,  nəzərə alsaq ki, o ölkənin əhalisinin əksəriyyəti bizim soydaşlarımızdır və bu nümunə onlara zərərli görünür.
- Belə halda Azərbaycanla İranın münasibətlərinin gərginləşdirilməsindən  anti-İran və anti-Azərbaycan qüvvələrinin  yararlanması mümkündürmü?
-  İstənilən halda iki qonşu dövlət, iki xalq arasında nifaq səpənlər öz maraqları üçün edirlər. Bu, istər İran daxilində olan ayrı-ayrı qruplar, bu, istər İran və Azərbaycanı daim münaqişə vəziyyətində görmək istəyən digər Qərb və beynəlxalq dairələr olsun, fərqi yoxdur, onlar bu nifaq toxumunun səpilməsindən, bu qarşılıqlı ittihamlardan öz maraqları üçün yararlanmaq istəyirlər. Ona görə  məhz belə bir məqamda bütün bu rıçaqları işə salıblar. Necə oldu, Azərbaycan bir il bundan əvvələ kimi yenə bu ərazidə  yerləşmişdi, yenə onu  bu ölkələr əhatə edirdi, yenə biz Avropaya inteqrasiya etmək istəyirdik , yenə bizim Avropa dəyərlərinə malik bir xalq olduğumuzu dünyaya bəyan  və bunu da  faktlarla sübut edirdik, o zaman  heç bizim üzərimizə  hər tərəfdən bu qədər təhdidlər və təzyiqlər yox idi?! İndi nə olub?  Azərbaycan "Euroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etdi, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu, öz iqtisadi və təbii sərvətlərini  bildiyi, özünün məqsədəuyğun hesab etdiyi kimi istifadə edir, o cümlədən, burada olan maraqları uzlaşdırmağı bacarır . Dünyanın böhranla üz-üzə olduğu bir vaxtda öz iqtisadiyyatını və insanların sosial həyatını, şəraitini qoruyub müəyyən mənada müdafiə edə, saxlaya bilir. Və hər tərəfdən Gürcüstan ərazisindən hansısa bir ərazi iddiaları ilə bağlı məsələlər təşkil olunur. İran ərazisindən bizi hansısa bir Azərbaycana xas olmayan və Azərbaycanın heç zaman yol verməyəcəyi bir tədbirin keçiriləcəyi ehtimalı  ilə ittihamlar meydana çıxır. "Euroviziya" mahnı müsabiqəsinin qadağan edilməsi, daha doğrusu, ləğv olunması ilə bağlı təkliflər və ultimatumlar irəliyə sürülür və məscidlərin dağıdıldığı  iddia edilir. Hansı ki, Azərbaycanda son illərdə tikilən məscidlərin  və dövlət hesabına təmir edilən məscidlərin sayı tamamilə bunun əksini sübut edir. Nəinki məscidlərin, Azərbaycanda olan bütün dini konfensiyaların normal, azad və öz dini vicdan azadlıqlarını həyata keçirmək üçün rahat bir şəraitin yaradılmasını təmin edəcək hala gətirilir.  Ancaq bütün bunlar göz ardına alınır və Azərbaycan heç bir əsası olmayan absurd iddialarla ittiham olunur. Bunun arxasından başqa məqsədlərin olduğu ortaya çıxır. Bəli, Azərbaycan bu şəkildə bəzilərinə sərf etmir. Bu erməni lobbisi, bu gün Ermənistan dövlətini öz əlində öz maraqlarının reallaşdırılması üçün alətə çevrmiş erməni diasporası, o cümlədən erməni lobbisi maraqları kontekstində öz maraqlarını güdən bəzi beynəlxalq dairələr, Azərbaycanın nefti və strateji sərvətlərində gözü olan və bunu öz maraqları üçün istifadə edən, lakin istədiyi cavabı almayan bəzi qüvvələr,  əlbəttə ki, bütün imkanlarını işə salaraq Azərbaycanı qaralamaq kampaniyasına start verirlər. Amma, çox təəssüf ki, bütün bunlar kənardan təşkil edildiyi halda, buna  içəridən də bəzi hallarda ayrı-ayrı vətəndaşlar tərəfindən dəstək verilməsi halları da ortaya çıxır ki, bu, bizi çox məyus edir. Bir azərbaycanlı kimi bu gün Azərbaycanın  çox böyük bir uğuru ətrafında bu cür qalmaqal yaradılması və bu uğurdan Azərbaycanın əleyhinə istifadə edilməsi, bu mədəniyyət tədbirinin, bu insanları bir-birinə yaxınlaşdıran, insanları bir-birilə səmimi münasibətlər qurmağa, xalqlar və dövlətlər arasında mənəvi və mədəni körpülər salınmasına xidmət edən bir tədbiri  insanları, xalqları, dövlətləri nifaqa sürüyən tədbirə çevirməkdə cəhdləri, əlbəttə,  yolverilməzdir. Bizləri  də ittiham etmək ki, Azərbaycan bu beynəlxalq yarışmadan siyasi məqsədlərlə istifadə edərək öz imicini müsbət mənada təqdim etmək istəyir, bunun müqabilində bu yarışmanın özünün imicinə xələl gətirən hərəkətlərə yol vermək nə dərəcədə məntiqlidir və nə dərəcədə bu ittihamların qarşısında real görünə bilir? Ona görə də bütün bunların arxasında sadalanan və sadalanmayan maraqların olduğu, gizləndiyi, bəzi hallarda aşkar göründüyü faktdır. Azərbaycan rəhbərliyi də bunu bilir, Azərbaycan xalqı da bilir. Çox təəssüf ki, bu gün onların səsinə səs verən bizim  tək-tük söydaşlarımız, bəzi xırda qruplar da bunu bilirlər. Amma bunu öz maraqları üçün istifadə etməyə, alver pretmetinə , şantaj vasitəsinə , öz siyasi ambisiyalarını reallaşdırmaq üçün bir alətə çevirməyə çalışırlar. Amma görünən də odur ki, bütün bunların heç biri alınmayıb. Azərbaycan öz yoluyla davam edir. Əgər, doğrudan da, hansısa bir həqiqətə söykənən, insanların həyatına zərər gətirən, bu və ya digər qrupların siyasi maraqlarına xidmət edən məsələ ətrafında bu cür ajiotaş yaradılsaydı, Azərbaycanın itirilmiş torpaqları, Azərbaycan xalqının bir milyondan artıq hissəsinin tamamilə pozulmuş hüquqlarının, itirilmiş mülkiyyətinin, tapdanmış hüquqlarının, yəni, bütöv bir itirilmiş nəslin taleyi ətrafında bu cür hay-küy, qalmaqal yaradılsaydı, mən onda bu insanların səmimiliyinə inanardım.
- Artıq məlumdur ki, Suriya məsələsi həll olunduqdan , bitdikdən sonra növbəti hədəf İran olacaq. Ola bilərmi, İranın narahatçılıqlarının kökündə Azərbaycandan onlara qarış  istifadə olunmaq qorxusu  dayansın?
- Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, İranla hər zaman olduğu kimi bundan sonra da, bu gün də və gələcəkdə də dostluq, qardaşlıq, yaxın qonşuluq münasibətlərini saxlamaqda maraqlıdır və bunun üçün də üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Eləcə də açıq şəkildə bəyan edib ki, Azərbaycan öz ərazisindən İrana qarşı  istifadə olunmasına heç bir vəhclə yol verməyəcək. Azərbaycan bundan artıq nə etməlidir və nə deməlidir? Rəsmi siyasət budur, açıq şəkildə bəyan olunur və bütün bunlara kölgə sala biləcək hansısa bir hərəkətlərə də Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı tərəfindən yol verilmir. Bundan artıq Azərbaycan nə etməlidir? Yox, əgər, indi mən dəqiq şəkildə söyləyə bilmərəm ki, Suriyadan sonra hədəf İrandır və yaxud da nələrsə baş verəcək, bunu hər halda maraqlı dairələr özləri bilir ki, nədən sonra kimdir, kimdən sonra nədir.  Hər halda bunu mən söyləmək istəməzdim. Amma əgər İranın hansısa problemləri varsa, istər daxili, istər xarici faktorları nəzərə alaraq, bu problemləri həll etmək üçün düzgün yolda olmalıdır və bu problemlərin nə yaranmasında, nə mövcudluğunda Azərbaycanın iştirakının olduğuna əmin olmalıdırlar . Onların  fəaliyyətində də , rəsmi siyasətində də bu siyasətin bəyan olunmasında, bu siyasətin xalqa ,  öz vətəndaşına çatdırılmasında, yəni, o təbliğat zəncirinin müvafiq halqaları olan ayətullahlara, axundlara və mollalara da müvafiq tapşırıqlarını verməlidir ki, onlar dini müəssisələrdə öz moizələrini oxuyarkən, doğrudan da, insanların dini hisslərinə təsir edə biləcək, onların dini, vicdan azadlıqlarının yerinə yetirilməsinə rəvac verə biləcək məsələlər ətrafında fikirlərini qursunlar. Yoxsa. bu tribunadan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməsinlər və bunun özü yolverilməzdir.

Alim

nbsp; Allaha

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31