“Müasir “şeyx nəsrullahlar” Azərbaycan xalqına əxlaq dərsi keçirlər” - MÜSAHİBƏ
Aqil Camal: “Diaspor təşkilatlarının təşkilatlanmasına kömək etmək lazımdır, parçalanmalarına yox”
24 May 2012 16:01 Müsahibə"Diaspor sahəsi "Türküstan qəzeti"nin fəaliyyətində prioritet istiqamətlərdəndir"
Müsahibimiz "Türküstan qəzeti"nin baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camaldır.
-Aqil bəy, bu gün diaspora sahəsində aparılan siyasəti necə qiymətləndirirsiniz? Sizcə, Azərbaycan diasporu hansı səviyyədə təşkilatlana bilib?
-Azərbaycan diasporunun təşəkkül tapmasını 3 mərhələyə bölmək olar. Birinci mərhələ, Azəbaycan 1920-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra ölkəni tərk edərək Türkiyəyə və Avropaya üz tutan fədailər nəsli. Onlar ağır şərtlər altında yaşamalarına baxmayaraq Azərbaycan ifadəsinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərdilər. 1920-40-cı illərdə qurulan dərnəklər, Azərbaycanla bağlı nəşrlər mühacir Azərbaycan aydınlarının ilk diaspor fəaliyyəti hesab edilə bilər. II Dünya Müharibəsində azərbaycanlıların alman əsirliyində azad edilməsi ilə bağlı çalışmalar da diaspor işiydi. İkinci mərhələ kimi 1920-ci ildə Azərbaycanı tərk edənlərin və II Dünya Müharibəsinə gedib qayıda bilməyən azərbaycanlıların övladlarının Azərbaycan adına fəaliyyətlərini qeyd etmək olar ki, bu da hardasa 1950-90-cı illəri əhatə edir. Üçüncü mərhələni isə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra xaricə gedən azərbaycanlıların, əvvəlcədən orada yaşayan soydaşlarımızla birlikdə göstərdikləri diaspor fəaliyyətləri təşkil edir. Və təbii ki, əgər biz dünyadakı müasir diaspor anlayışından danışırıqsa, son 20 ildə formalalaşmış diasporumuza istinad edəcəyik.
-Sizcə, Azərbaycan diasporunun dünyada daha güclü qüvvəyə çevrilməsi üçün hansı işlər görülməlidir?
-Azərbaycan diasporunun güclü olması əsas olaraq Azərbaycanda gedən proseslərdən çox asılıdır. Yurdumuzda nə qədər əmin-amanlıq olarsa, o qədər ölkə kənarındakı soydaşlarımız da özlərini daha inamlı hiss edərlər. Hər kəs vətəndən yaxşı soraqlar eşitmək istəyir. Azərbaycan diasporunun mütəşəkkilliyi üçün diaspor təşkilatları ilə sağlam münasibətlərin qurulması vacibdir. Diaspor təşkilatlarını ziyarət turist gəzintisinə çevrilməməlidir. Diaspor təşkilatlarını lazımi ədəbiyyat və filmlərlə təmin etmək lazımdır. Onların təşkilatlandırılmalarına kömək etmək lazımdır, parçalanmalarına yox. Çox vaxt Azərbaycandan olan bəzi dairələr diaspor təşkilatlarımız arasında fikir ayrılığı yaradırlar.
-Necə düşünürsünüz. Azərbaycan diasporunun təbliğat işi hansı meyarlar üzərində qurulmalıdır?
-Bir çox türk dövlətlərində də Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərməkdədirlər. Məncə, oralarda əsas fəaliyyəti ortaq dəyərlərimiz, insansevərlik, dünyada barış, türkçülük üzərində qurmaq lazımdır. Mədəni, tarixi, iqtisadi bağlılıqlar, xüsusilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinə önəm verilməlidir. Çünki turizm həm ideoloji, həm də iqtisadi baxımdan çox əlverişlidir. Bundan başqa, ölkə daxilində vətəndaşlara vətənpərvərlik təbliğatına xüsusi diqqət vərilməlidir. Hər bir vətəndaş bir informasiya daşıyıcısıdır. Nə yazıqlar ki, Azərbaycandan gedənlərin bir çoxlarının Qarabağ haqqında elementar məlumatlara malik olmadıqları müşahidə edilməkdədir. Xaricdə daim yaşayan azərbaycanlıların siyahısı, onların potensialı haqqında bilgilər olmalıdır. Onlar düzgün dəyərləndirilməlidirlər. Xaricdə yaşayan soydaşlarımız arasında elələri var ki, öz nüfuzları, imkanları ilə dünyada gedən proseslərə təsir etmək imkanına malikdirlər. Ancaq əfsus ki, diaspor təşkilatlarının son qurultayına da bu adamların bəziləri heç dəvət almadılar.
-Azərbaycan diasporu başqa hansı diasporlarla əməkdaşlıq etməlidirlər ki, gücünü artıra bilsin?
-Azərbaycan diasporu effektiv nəticələr əldə edə bilməsi üçün bizimlə normal münasibətləri olan ölkələrin xaricdəki diasporları ilə əlaqə saxlamalı, əməkdaşlıq etməlidir. Əlbəttə, bu sırada ilk növbədə türksoylu xalqlar gəlir. Eyni soydan olduğumuzdan biri-birimizi daha yaxşı anlayır, bir-birimizin dərdini ortaq dərdimiz bilirik. Ona görə, məncə türksoylu təşkilatlarla işbirliyinə mütləq üstünlük verilməlidir. Ancaq bizə loyal olan diaspor təşkilatlarla əlaqələrdən də çəkinmək lazım dəyil. Sadəcə strategiya bəlli olmalıdır.
-Aqil bəy, əvvəlcə "Ortaq Dəyərlər " İB-nin diaspor istiqamətində fəaliyyətləri haqda bilgi verməyinizi istərdik.
-Ümumi götürdükdə, həm fərdi şəkildə, həm də ictimai birlik olaraq ölkəmizin ictimai-siyasi həyatında imkan çərçivəsində iştirakçı olmağa çalışırıq. Konkret layihələrə gəlincə, ötən iki ildə həm donor təşkilatının dəstəyi ilə, həm də öz gücümüzlə bir neçə layihə həyata keçirmişik. Öncə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2010-cu ilin oktyabr-dekabr aylarında icra etdiyimiz layihə haqda danışmaq istəyirəm. "Qarabağ problemi türk dünyasının ortaq problemidir" mövzusunda müzakirələrin təşkilini nəzərdə tutan layihəmiz daha çox mediada aparılırdı. Layihə çərçivəsində Azərbaycan və Türk dünyası mediasında Qarabağ probleminin müxtəlif istiqamətlərini - tarixini, mahiyyətini, sülh danışıqlarının durumunu əhatə edən məqalələr, müsahibələr hazırlanaraq dərc olunub. Türk dünyasının çeşidli yerlərindən gələrək Azərbaycanda təhsil alan tələbələrə Ermənistanın Azərbaycan torpaqlarını işğalı mövzusunda seminarlar keçirilib. Həmçinin layihənin sonunda ictimaiyyət nümayəndələrinin və Türk dünyasından gəlmiş qonaqların iştirakı ilə geniş təqdimat mərasimi keçirilib, geniş müzakirə təşkil olunub.
-Bəs, öz gücünüzə gerçəkləşdirdiyiniz layihələr hansıdır?
-Bunlardan biri gənclərlə tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin görüşlərinin təşkil edilməsidir. Bu sıradan şair Rüstəm Behrudinin, yazıçı Seyran Səxavətin, əməkdar rəssam Rəis Rəsulzadənin gənclərlə görüşlərini qeyd edə bilərəm. Bu görüşlərin məqsədi milli düşüncəli aydınlarımızla gənclər arasında körpü yaratmaq, onların düşüncələrinin gəncliyə ötürülməsində vasitəçi olmaqdır. Ötən müddətdə bir kampaniya da həyata keçirmişik. Məlumdur ki, son illər qonşu İran İslam Respublikasının bəzi dairələri Azərbaycan Respublikasına qarşı müxtəlif səpkili təxribat, anti-təbliğat fəaliyyətləri ilə məşğuldurlar. Bu cür bədnam işlərdə daha çox fəallıq göstərən İranın "Səhər-2" telekanalı, sırf Azərbaycana, onun dünyəvi inkişafına qarşı yaradılmış bir qurumdur. Bu telekanalda Azərbaycan dövlətinin varlığını, inkişafını inkar edən, guya Azərbaycan xalqının milli-dini ənənələrindən uzaq düşdüyünü iddia edən verilişlər hazırlanır, molla qiyafəli müasir "şeyx nəsrullahlar" Azərbaycan xalqına mənəviyyat və əxlaq dərsi keçirlər. Təəssüf ki, bəzi hallarda bilərəkdən və ya bilməyərəkdən Azərbaycan vətəndaşları da bu kanalın efirində görünür, müəyyən problemlərlə bağlı fikir bildirirlər. Bu hal Azərbaycanı istəməyən qüvvələrin layihələrində rol almaq, daha doğrusu üzərində gəzdiyin, çörəyini yediyin, vətəndaşı olduğun ölkəyə xəyanət etməkdir. Biz ictimai birlik olaraq bu mövzuda internetdə və mətbuatda bir aylıq kampaniya keçirdik. Üzərində "SəhərTV"-nin kamerasına yox" sözləri yazılmış lövhə hazırlandı və yayınlandı. Məqsəd, vətəndaşlarımızı bu bədnam telekanalın kamerasına danışmaqdan çəkindirmək idi. Bilirsiniz, kiminsə həyatında bir problem varsa, bu barədə ölkədə istənilən media qurumuna, ən qatı müxalif qəzetə belə üz tutub dərdini deyə bilər. Ancaq bunun bizi özünə təhlükə görən bir dövlətin mediasından söyləmək qətiyyən yolverilməzdir və düşmən dəyirmanına su tökməkdir.
-Yeri gəlmişkən, bu günlərdə İranın müxtəlif dairələrindən Azərbaycana yönəlmiş hədələr eşitdik. Azərbaycan QHT-nin bu cür məsələlərdə mövqeyi qənaətbəxşdirmi?
-Ölkədə dövlət və milli maraqları hər şeydən üstün tutan QHT-lərimiz var. Ancaq təəssüf doğuran hal budur ki, belə həssas məqamlarda onların səsi ucadan eşidilmir. Bir çox QHT-lərsə sanki hesab edirlər ki, QHT fəaliyyəti yalnız maliyyələşdirilən layihələri icra etmək, sahibsiz heyvana sahib durmaq, buklet paylamaq kimi məsələlərlə yekunlaşmalıdır. Bunlar da olsun! Amma yeri gələndə, dövlətin dəstəyindən yararlandığın kimi, onun maraqlarının müdafiəsində də fəal olmalısan. Bir qism QHT-lər də hesab edirlər ki, bu cür məsələlər dövlət qurumlarının işidir, onlara müdaxilə etmək olmaz. Halbuki, bəzi məsələlərdə beynəlxalq normaları, dövlətlərarası münasibətləri nəzərə alaraq dövlət qurumunun və ya dövlət məmurunun birbaşa öndə olması məqsədəuyğun deyil. Belə hallarda, cəmiyyət, media, QHT-lər sinəsini irəli verməlidir. Bu halda dövlət də özünü güclü və inamlı hiss edəcək.
-"Türküstan qəzeti" diaspor mövzusuna nə dərəcədə yer verir?
-"Türküstan qəzeti"ni əslində bir diaspor qəzeti də adlandırmaq olar. Çünki, qəzetimizin hər sayında diaspor nümayəndələrindən müsahibələr, diaspor təşkilatlarının keçirdiyi tədbirlər haqda xəbərlər yer alır. Bu mənada, deyə bilərəm ki, diaspor sahəsi "Türküstan qəzeti"nin fəaliyyətində prioritet istiqamətlərdəndir.
Ədil Ədilzadə
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir