Xaricdə fəaliyyət göstərən qurumlarımız təşəbbüskar olmalıdır
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri, eləcə də seçki ərəfəsində cərəyan edən prosesləri xaricdə yaşayan soydaşlarımız da yaxından izləyirlər. Bir sıra siyasi dairələrin seçki ərəfəsində qeyri-etik fəaliyyətlərə yol verməsi, namizədləri aşağılayan hal və hərəkətlərə yol verməsi Avropadakı diaspor fəallarımızı da narahat edir və onlar da bu kimi halların baş verməsini doğru hesab etmirlər. Elə Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev də belə düşünür. Diaspor rəhbəri ilə söhbətimizdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki ayrı-ayrı təşkilatların fəaliyyətləri, bu sahədə mövcud olan çatışmamazlıqlar və s. barədə danışdıq.
19 Fevral 2018 14:28 MüsahibəRəşad Quliyev: "Diaspor rəhbəri olaraq dövlətimin yanındayam"
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri, eləcə də seçki ərəfəsində cərəyan edən prosesləri xaricdə yaşayan soydaşlarımız da yaxından izləyirlər. Bir sıra siyasi dairələrin seçki ərəfəsində qeyri-etik fəaliyyətlərə yol verməsi, namizədləri aşağılayan hal və hərəkətlərə yol verməsi Avropadakı diaspor fəallarımızı da narahat edir və onlar da bu kimi halların baş verməsini doğru hesab etmirlər. Elə Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev də belə düşünür. Diaspor rəhbəri ilə söhbətimizdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki ayrı-ayrı təşkilatların fəaliyyətləri, bu sahədə mövcud olan çatışmamazlıqlar və s. barədə danışdıq.
-Rəşad bəy, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, ayrı-ayrı fərdi şəxslərin ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətlərini necə dəyərləndirirsiniz?
-Hesab edirəm ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təşkilatlar gözdən pərdə asmaq, fəal olduğu görüntüsü yaratmaq naminə sosial şəbəkələrdə bir neçə şəkillər paylaşmaq əvəzində təşkilatlanmalı, koordinasiyalı fəaliyət göstərməlidir. Elə bu günlərdə Ermənistan prezidenti Serj Səkisyanın Almaniyadakı Münhen Təhlükəsizlik Forumunda çıxışı zamanı diplomatımız işğal faktı ilə bağlı işğalçı ölkə rəhbərinə sual ünvanladı. Orada diplomatımız tək olduğu üçün fəaliyyət o qədər də effektli alınmadı. Ancaq bu gün koordinasiyalı olsaydıq bir neçə nəfərlə salona daxil olar , işğalçı liderə psixoloji və mənəvi basqı edə, onu tutarlı suallarla divara dirəyə bilərdik. Diplomatın fəaliyyət sahəsi bəllidir. O ölkənin fəaliyyət göstərdiyi ölkə ilə münasibətlərinə töhfə verməlidir. Yəni bucür məsələlərlə bağlı diplomatların təbii ki, fəaliyyəti olmalıdır.Ancaq xaricdə fəaliyyət göstərən qurumlarımız təşəbbüskar olmalıdır.
-Bu günlərdə Niderland parlamenti tərəfindən qondarma erməni soyqırımının tanındığı barədə xəbərlər yayıldı. Bununla bağlı fikirlərinizi bilmək istərdim ki, bu qərarı necə qarşıladınız və bunu Niderlanddakı diasporumuzun aktiv olmaması kimi dəyərləndirmək nə dərəcədə doğrudur?
-Çox önəmli bir məsələyə toxundunuz. Mən məsələyə hüquqi aspektdən yanaşmaq istəyirəm. Bəzən belə xəbərlərə rast gəlirik ki, hansısa bir qurum hər hansı bir ölkənin parlamentinə Xocalı soyqrımının tanınması üçün müraciət göndərib. Bu ermənilərdə də belədir. Soyqrım nədir və beynəlxalq hüquqda soyqrım ifadəsi kimlərə şamil oluna bilər? Soyqırım - etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Bu, "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən - qrup üzvlərini öldürmək, qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək, uşaqları bir qrupdan zorla digər qrupa köçürmək " kimi nəzərdə tutulur. Bəs hansısa ölkə parlamentinin, yerli qurumunun soyqrım tanıtmaq ixtiyarı varmı? Bu beynəlxalq hüquqda açıq göstərilib. xeyr. Hər hansı parlament tarixi hadisələrə qərar vermək səlahiyyətində deyil.
Beynəlxalq hüquqda soyqrımın tanınması məsələsi açıq şəkildə təsbit olunub. Soyqırım ya məhkəmənin qərarı ilə, yaxud da soyqrımı törədən dövlətin özünün rəsmi qərarla qəbul etməsi ilə tanına bilər. Ona görə də Xocalı və ya 31 mart soyqrımın tanınması üçün iş görərkən də yuxarıda qeyd edilənləri nəzərə alaraq ona görə fəaliyyətimizi qursaq nəticə ala bilərik. Əks halda müraciətlərlə , heç kimin oxumadığı bəyanatlarla, nəticə almağımız çətin olacaq. Üstəlik gördüyünüz işlər nəticəsiz qalacaq.
-Diaspor rəhbəri olaraq Azərbaycanla bağlı düşüncələriniz nədən ibarətdir? Ümumiyyətlə, işğalçı ölkəyə qarşı hansı mübarizə vasitəsindən istifadə edilməlidir?
-Diaspor rəhbəri olaraq dövlətimin yanındayam. Bunu bilən bilir. Təkrarlamağıma da ehtiyac görmürəm. Sadəcə bu kommunizmin qalıqları olan , beyni qoyunun quyruq yağından iflic olan, bəzi məmurları tarixin arxivinə göndərsək düşünürəm ki , ölkəmizin yararına olacaq. Yoxsa adam oturur durur Ermənistanın iqtisadiyyatından danışır. Bu adamlar erməni xalqına görə niyə belə narahatdırlar görəsən? Ermənilərin təkcə Daşkəsəndə mövcud olan qızıl yataqları olsaydı, iqtisadiyyatı bu vəziyyətdə olmazdı. Mənim ölkəmi heç bir sərvəti olmayan Ermənistanla , büdcəsinin böyük hissəsi turizmdən asılı olan Gürcüstanla müqayisə etmək lazım deyil. Mənim ölkəmi keçmiş sovet ölkəsi bugün inkişaf etmiş Litva, Latviya , Estoniya ilə müqayisə etmək lazımdır. Görəsən bu ermənilər olmasaydı bunlar hansı arqumentdən istifadə edəcəkdilər?.
-Seçki ərəfəsində istər Avropada, istərsə də Azərbaycanda prezidentliyə namizədlərə qarşı qeyri-etik mübarizə vasitələrindən istifadə edilir. Bunu necə dəyərləndirərdiniz?
-Ümumiyyətlə Prezidentin ailəsinə yönəlik söyüş, təhqirləri qəbul etmədiyim kimi, siyasi əqidəsindən, milliyətindən, dinindən, irqindən aslı olmayaraq şəxsin siyasi baxışlarına görə ailəsinin basqıya məruz qalmasını da qəbul etmirəm. Ümumiyyətlə siyasi mübarizədə ailə kimi müqəddəs dəyərlərə toxunmağa, bu cür məsələlərdən rəqiblərinə qarşı istifadə etmə metoduna son vermək lazımdır.
Bu erməni dəyirmanına su tökməkdir və ölkəmiz əleyhinə bu cür "fürsətləri" gözləyənlərin əlinə yaxşı vasitədir. Bunu xaricdə ölkəmizin pozitiv imici üçün fəal iş görən bir təşkilatın rəhbəri kimi deyir və həyacan təbili çalıram. Hesab edirəm ki, Avropada Azərbaycanın adına, onun imicinə, nüfuzuna xələl gətirə biləcək istənilən hal və hərəkətə yol verməməliyik. Çünki istənilən mənfi hal dövlət olaraq ziyanımıza işləyir və ermənilər də bundan asanlıqla bizə qarşı istifadə edirlər. Hər birimiz atdığımız addıma diqqət etməli, onun hansı mənfi və ya müsbət fəsadlar, nəticələr verəcəyini əvvəlcədən müəyyənləşdirib, görüb, təhlil edib sonra həmin addımı atmalıyıq.
Süleyman