“Ola bilər ki, kimsə müxalifətin vahid namizədi olmaq iddiasına düşsün” - MÜSAHİBƏ
Əli Oruclu: “Ancaq həmin şəxs özü də gözəl bilir ki, onun müxalifətin vahid namizədi olma ehtimalı çox aşağıdır”
5 Dekabr 2012 15:36 MüsahibəSeçkilərdə iştirak etmək və seçkiyə öz namizədi ilə qatılmağa ən çox haqqı olan məhz Azərbaycan Milli İstiqlal Partiyasıdır"
Azərbaycan müxalifətinin 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak etməsi yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bir sıra siyasi dairələr müxalifətin seçkiyə vahid namizədlə getməsini məqbul saysalar da, lakin bunun əksini düşünənlər də var. Bu arada isə AXCP sədri Əli Kərimli müxalifətin 2013-cü ildə keçiriıəcək president seçkilərində iştirak edəcək vahid namizədinin müəyyən edilməsi üçün 50 min seçicinin iştirakı ilə ilkin seçkinin keçirilməsini təklif edib. Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu AXCP sədri Əli Kərimlinin bu təklifini qeyri-real sayaraq ümumilikdə vahid namizəd söhbətinə bir dəfəlik nöqtə qoyulmasına tərəfdar olduğunu vurğulayıb. Onun sözlərinə görə, vahid namizəd ideyası müxalifət daxilində qarşıdurmaların, qarşılıqlı ittihamların artmasına səbəb olur və daha yaxşı olar ki, müxalifət seçki mühitinin yaxşılaşdırılması istiqamətində iş aparsın. AMİP rəsmisi seçkilərdə təmsil etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının iştirak mümkünlüyü barədə də danışıb.
-Əli bəy, hazırkı vəziyyətdə müxalifətin vahid namzədinin müəyyənləşdirilməsi təşəbbüsünün ortaya atılması partiyalar arasında fikir ayrılığını daha da sürətləndirmirmi?
-Yaxşı olardı ki, boş-boşuna vahid namizəd məsələsini ortaya atmaqdansa Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçki mühitinin yaxşılaşdırılması kimi vacib məsələləri müzakirə predmeti edib bunun üzərində səylər artırılsın. Təəssüflər olsun ki, bu gün kimlərsə bilərəkdən məhz bu ideyanı ortaya atırlar ki, müxalifətin birliyi və inteqrasiyası istiqamətində atılan addımları əngəlləsin. Bununla da partiyalar arasında mövcud olan narazılıq daha da dərinləşsin. Hazırda əsas problemlər, məsələlər bir kənarda qalıb, nəticəsi indidən məlum olan və sıfır anlamı verən məsələ barədə müzakirələr gedir. Bu da təbii ki, diqqəti əsas hədəfdən yayındırmaqdan başqa bir şey deyil.
-Sizcə birliyin reallaşmasına maraqlı olmayan şəxslərin əsas məqsədi nədir?
-Bunu bir neçə versiya ilə izah etmək olar. Birincisi, həmin şəxslər sözün həqiqi mənasında müxalifətin birliyini istəmirlər. İkincisi, bu qüvvələr gözəl bilirlər ki, müxalifətin birliyi baş tutarsa həmin insanlar istədikləri oyunu, "funksiyanı" yerinə yetirə bilməyəcəklər. Ona görə də maksimum dərəcədə çalışırlar ki, əsas işlər bir kənara qoyulsun, müxalifət daxilində olan böhran daha da dərinləşsin. Həmçinin seçki öncəsi partiyalar arasında qarşılıqlı ittihamlar daha geniş spektr alsın. Nəticə etibarilə həm cəmiyyət, həm də siyasi həyatda elə bir görüntü yaransın ki, müxalifət bir araya gələ və vahid namizəd müəyyən edə bilmir.
-Belə çıxır ki, həmin şəxslər eyni zamanda hakimiyyətin əlinə oynayırlar?
-Onlar həm hakimiyyətin, həm də öz əllərinə oynayırlar. Çünki burada şəxsi maraqlardan da söhbət gedir. Ola bilər ki, kimsə müxalifətin vahid namizədi olmaq iddiasına düşsün. Ancaq həmin şəxs özü də gözəl bilir ki, onun müxalifətin vahid namizədi olma ehtimalı çox aşağıdır. Ona görə də bu cür aranı qarışdırır, həm öz əllərinə, həm də hakimiyyətin əlinə oynayırlar. Ümumiyyətlə, hesab edirəm ki, vahid namizəd ideyasına nöqtə qoymaq lazımdır. Hazırda əsas hədəf ölkədə normal seçki mühitinin yaradılması, əhalinin mövcud problemlərinin qabardılmasına yönəlməlidir.
-Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli vahid namizəd müəyyən etmək üçün müxalifət daxilində ilkin seçki keçirilməsini təklif edib. Bu nə dərəcədə realdır?
-Bu real deyil. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, vahid namizəd müəyyən etmək üçün 50 min seçicinin iştirak etdiyi ilkin seçkilər keçirilsin. Ancaq bəlli deyil ki, 50 min seçici haradan seçilməli, həmin seçiciləri kim müəyyən etməlidir. Və yaxud seçki komissiyalarında kimlər olmalıdır. Kim zəmanət verə bilər ki, həmin seçicilər içərisində hakimiyyətin maraqlarına xidmət edən insanlar olmayacaq. Bütün bunlar absurd məsələdir. Bu Azərbaycan reallığına uyğun olmayan təklifdir ki, bunun da mənası yoxdur. Hesab edirəm ki, vahid namizəd məsələsi deyil, vahid komanda barədə danışmaq lazımdır. Müxalifət indidən vahid komanda formalaşdırmalı, vahid ideya ortaya qoymalıdır. Cəmiyyətə də mesaj verilməlidir ki, bu proqramı həyata keçirmək üçün seçkilərə həmin komanda ilə gedirik. Yalnız bu zaman nəyəsə nail olmaq mümkündür. Yoxsa bu kimi məsələlər sadəcə mətbuatı zəbt etməkdən başqa bir şey deyil. Bütün bu kimi təklifləri əhəmiyyətsiz və reallaşması qeyri-mümkün olan məsələlər hesab edirəm.
-Azərbaycan Milli İstiqlal Partiyasının prezident seçkilərində öz namizədi olacaqmı?
-Azərbaycan Milli İstiqlal Partiyası daima bəyan edib ki, ölkədə keçirilən bütün seçkilərdə iştirak edir. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycanda yeganə partiyalardandır ki, seçki təcrübəsi kifayət qədər çoxdur. Bu baxımdan ölkədə siyasi sistemin dəyişməsi, demokratik cəmiyyətin formalaşması üçün biz seçkiləri yeganə vasitə hesab etmişik. Ona görə də Azərbaycan Milli İstiqlal Partiyasında həmişə seçkilərə ciddi hazırlıq prosesi gedib. Mən istərdim ki, Azərbaycan Milli İstiqlal Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkilərində də iştirak etsin və seçkiyə öz namizədi ilə qatılsın. Onu da qeyd edim ki, bu gün seçkilərdə iştirak etmək və seçkiyə öz namizədi ilə qatılmağa ən çox haqqı olan məhz Azərbaycan Milli İstiqlal Partiyasıdır. Çünki AMİP-in böyük seçki təcrübəsi var, kifayət qədər yerli strukturları mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının seçkilərdə iştirak etməsi üçün potensialı var. Ancaq burada nizamnamə tələbləri də var. Yəni, prezident seçkilərində namizədliyin irəli sürülməsi üçün qurultayın keçirilməsi lazımdır. Qurultay keçirmək üçünsə indidən Mərkəzi Şura çağrılmalı, rayon təşkilatlarında hesabat seçki konfranslarının qrafiki müəyyənləşməli, bu istiqamətdə işlər getməlidir.
-Gələn il partiyanın qurultayının keçirilməsi mümkündür? Ümumiyyətlə, nizamnaməyə əsasən partiyanın qurultayı nə zaman keçirilməlidir?
-Azərbaycan Milli İstiqlal Partiyasının sonuncu qurultayı 2010-cu ildə keçirilib və nizamnaməyə uyğun olaraq 2013-cü ildə partiyanın növbəti qurultayı keçirilməlidir. Düzdür, partiya rəhbərliyi tərəfindən bəyan edilib ki, 2013-cü ilin fevral ayında qurultay keçirilməlidir. Ancaq partiyanın qurultayının fevral ayında keçiriləcəyi bir qədər inandrıcı görünmür. Çünki həmin vaxta qədər qurultaya hazırlıq prosesinin başa çatacağı real görünmür. Hesab edirəm ki, hesabat seçki yığıncaqlarının keçirilməsi olduqca vacibdir. Çünki hesabat seçki yığıncaqlarının keçirilməsi ilə yerlərdəki güclü və zəif tərəflərimizi tapa, gücümüzü saf-çürük edə bilərik. Nəticə etibarilə hansısa zəif rayon təşkilatlarında gücümüzü bir qədər də artırarıq.
Süleyman İsmayılbəyli