Qadınını döyən cəmiyyət varsa... - MİLLƏT VƏKİLİ
“Qadınlar bu zorakılığa qarşı mübarizədə aciz olduqlarından, əksər hallarda susmağa üstünlük verirlər”
3 Dekabr 2012 15:45 MüsahibəMüsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır.
-Rəbiyyət xanım, ailə-məişət zorakılğı dünyanın ən ağrılı problemlərindən biri olaraq qalmaqdadır. Təəssüflər olsun ki, son illərdə Azərbaycanda da bu yöndə ciddi problemlər yaşanmaqdadır. Necə hesab edirsiniz, "Ailə-məişət zorakılığının qarşısının alınması haqqında" qanun belə halların qarşısını almaq iqtidarındadırmı?
-Bu gün dünyanın bir çox ölkələrində müşahidə olunan böhranın, ailə institutunun tənəzzülü, məişət zorakılığı kimi meyllərin qloballaşma şəraitində həyatımıza təzyiq və nüfuz etməsi reallıqdır. Yəni, məişət zorakılığı dünyanın ən aktual problemlərindəndir. Hər il dünyada zorakılıq üzündən minlərlə qadın həlak olur, məişət zorakılığına məruz qalaraq, ağır zərbələr alır. Məişət zorakılığının son nəticəsi özünə qəsd, adamöldürmə və insan alverilə nəticələnir. Artıq neçə illərdir QHT-lər, hökumətlər, eləcə də beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər. Qeyd edim ki, 25 noyabr Beynəlxalq Qadınlara qarşı zorakılığın aradan qaldırılması Günü kimi qeyd olunur. Bu gün rəsmi olaraq 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən elan olunub, amma 1981-ci ildən etibarən 1960-cı ildə Dominikan hökmdarı Rafael Truxilyonun əmri ilə vəhşicəsinə qətlə yetirilmiş Mirabel bacılarının faciəvi ölümü ilə əlaqədar qeyd olunur.Qadınlara qarşı məişət zorakılığı bütün dünyada yayılıb.
-Bu gün qadınların təxminən neçə faizi zorakılıqdan əziyyət çəkir?
-Statistikaya görə, qadınların 70 faizi fiziki və sosial zorakılıqdan əziyyət çəkir. Avropa qadınlarının 15%-ə qədəri hər gün məişət zorakılığının qurbanı olur. Xatırladım ki, dünyanın 60 ölkəsi bu sahədə qanunvericilik bazası yaradıb. BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılıq əleyhinə kampaniyaya başlayıb. BMT-yə üzv ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmaq, maarifləndirmə işləri aparmaq və problemin həlli üçün proqram hazırlamaq öhdəliklərini götürüblər. Bu meyllərin Azərbaycan ailəsinə təsir etməsinə yol verilməməsinə, proseslərin mümkün mənfi nəticələrinin önlənməsinə, qarşısının alınmasına hesablanıb. Müstəqilliyin əldə edilməsi ilə ölkəmizdə gender bərabərliyinin qanunvericilik bazasının yaranması yönündə dövlətin ardıcıl siyasəti həyata keçirilib, milli dövlət quruculuğu siyasətinin təməl prinsiplərinə çevrilib. Qadın siyasətinin müəyyən edilməsi, cəmiyyətdə onun statusunun yüksəldilməsi, inkişafın prioritetləri sırasına aid edilib. Dövlətin uzun müddətli qadın siyasətinin əsasları qoyulub və həyata keçirilib. Bu gün Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyət prinsiplərinə cavab verən insan hüquqları sisteminin yaradılması yönündə çox miqyaslı fəaliyyət göstərir. Həmçinin, bəzi ağrılı məqamlara baxmayaraq, hazırkı dövrdə azərbaycanlı kişinin ənənəvi olaraq keçmişdə azərbaycanlı qadına bəslədiyi münasibət real olaraq aradan qalxıb. Burada gender bərabərliyinin təmin edilməsinə xidmət edən qanunvericilik bazasının yaradılması xüsusi yer tutur. Bu gün Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinin keşiyində duran 150-yə yaxın sənəd imzalanıb. Biz insan və qadın hüquqlarına dair mövcud olan bütün əsas beynəlxalq sənədləri, o cümlədən, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair Konvensiyanı və sairəni ratifikasiya etmişik. 2006-cı ildə "Gender bərabərliyinin təmin edilməsi haqqında" , ondan sonra isə "Ailə-məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. MDB məkanında qadın siyasətini həyata keçirilməsi sahəsində ilk və hələlik yeganə qurum kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən çoxsaylı qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Dövlətin Konstitusiyası da, Ailə Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi də qadın hüquqlarını keşiyində dayanır. Bütün bunlar Azərbaycanda gender bərabərliyi sahəsində vəziyyətin de-yure olaraq tələb olunan səviyyədə olduğunu sübut edir. Bununla belə, həqiqətən son illər qadınlara qarşı zorakılıq halları Azərbaycanda da artıb. Qadınlar bu zorakılığa qarşı mübarizədə aciz olduqlarından, əksər hallarda susmağa üstünlük verirlər. Azərbaycan isə 2006-cı ildə AŞ-nin qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub. Amma bundan əvvəl də ölkə qanunvericiliyində ailə-məişət zorakılığının aradan qaldırılmasına dair müddəalar var idi.
-O da var ki, ümumilikdə bəşəriyyətin daim qurtulmağa çalışdığı, lakin eyni zamanda həmişə onu müşayiət edən zorakılığın köklərinə nəzər salmaq gərəkdir. Sizcə, tarixi prosesdə zorakılığın izlənilməsi nə göstərir?
-Qeyd etmək yerinə düşər ki, zorakılığı formalaşdıran ilk amil insanların fərdi və kollektiv dünya görüşüdür. Tarixi dinamikada digər mühüm xüsusiyyət-zorakılığın aşkar formalarından onun daha gizli formalarına doğru meyllənməsidir. Onun artması başlıca olaraq insanlararası münasibətlər və sosial mühitlə şərtlənib. Yaşadığımız 21-ci əsrdə münaqişə və zorakılıq mövzuları gündəmdən düşmür. Bunları şərtləndirən iki paradoksal nəticəyə diqqətinizi cəlb etmək istərdim. Bir tərəfdən, bu gün dünyada və cəmiyyətdə istənilən problemin zorakılıq vasitəsilə həlli metodunun yolverilməz olduğuna dair qənaətlər birmənalıdır. Lakin təəssüflə qeyd etməliyik ki, digər tərəfdən dünya birliyində zorakılığı törədənlərə qarşı münasibət hələ də birmənalı olmamış, ona qiymət verilməsində yekdillik əldə edilə bilməyib.Yəni, bu gün dünyada zorakılığa münasibətdə "ikili standartlar" fonunda getdikcə artan dözümlülük fonunda biz onu "Susmaq razılıq əlamətidir" deyiminə əsasən dolayısı ilə dəstəkləndiyini görürük. Bu da öz növbəsində istər dövlətlər, istərsə də şəxsiyyətlər səviyyəsində hər kəsdən zorakılığa istənilən səviyyə və formalarda aşkar mövqe və prinsiplərdə durmağı tələb edir. Zorakılıqdan danışanda sistemli mənzərə nəzərə alınmalıdır. İnsan, cəmiyyət və dünya münasibətləri bir vəhdət təşkil edir. Məişət səviyyəsindəki zorakılıq formaları üst üstə toplanaraq son nəticədə cəmiyyətdə və dünyada zorakılıqları və ya əksinə şərtləndirir. Buna görə də, bu gün beynəlxalq hüquq kimi sarsılmaz hesab edilən bir sahənin iflas dövrünü yaşadığını da diqqətdə saxlamalıyıq. Həm də ona görə ki, Azərbaycanda qadın hüquqlarının real gerçəkliyə çevrilməsinə maneə yaradan ən mühüm səbəblərdən biri də budur. Ermənistanın işğalçılıq müharibəsi, bir milyondan çox qaçqın, keçid dövrünün problemləri və s. nəticəsində qadın hüquqlarının və fəallığının strukturu, sabitliyi və inkişaf göstəriciləri dəyişməyə bilməzdi. Qadınlara qarşı zorakılıq daha çox həm də psixoloji və mental problemlərlə bağlıdır.
-Konkret olaraq Azərbaycanda məişət zorakılıqlarının artmasının bir səbəbi də ölkəmizin üzləşdiyi erməni təcavüzü ilə bağlı deyil ki?
-Təbii ki, bununla birbaşa bağlıdır. Çünki müharibənin dəhşətlərindən sonra reabilitasiya mərkəzlərinin olmaması, yurd-yuvasını, doğmalarını, sağlamlığını itirən vətəndaşlarımıza psixoloji yardımların göstərilməməsi üzündən bu kəsimin bəzi nümayəndələrində dəhşətli aqressiya qalıb. Bu da özünü məişətdə göstərir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 20 ildən çox davam edən müharibə qaçqın qadınların təsəvvüredilməz miqyaslı təzyiqlərə məruz qalmasına səbəb olub. 1951-ci ildə bütün dünyada qaçqınların sayı 1 milyon idi və onların hamısı avropalı idi. Bu gün təkcə Azərbaycanda ölkə daxilində zorla didərgin salınmış əksəriyyəti qadın olan 1 milyon qaçqın insan yaşayır. İnsan hüquqlarının təminatında "yatmış hüquq effekti" adlı bir anlayış var. Bu anlayış, qəbul edilən qanunların tətbiqini ləngidən mexanizmlərin, insanların şüurundakı inersiya və passivliyin olmasını ifadə edir. Bütün bunlar hüquq mədəniyyəti və hüquqi maarifləndirmə işinin səmərəli təşkilini zəruri edir. Azərbaycan gender bərabərliyinin təminatı və məişət zorakılığına qarşı mübarizə tədbirlərini dəyərləndirərkən bu amili beynəlxalq təşkilatlar diqqət mərkəzində saxlamalıdırlar. Ümumiyyətlə regionda gender situasiyası olduqca qeyri-stabil və gərgindir. Bütövlükdə Cənubi Qafqaz bölgəsində qadınlar müxtəlif humanitar, demoqrafik fəlakətlər, terror və münaqişələrin içindədirlər. Bu baxımdan həm regionda gender situasiyasının yaxşılaşması, həm də sülhün və sabitliyin təmin olunması üçün həmin təşkilatların üzərlərinə çox böyük vəzifələr düşür. Zorakılığın istənilən səviyyə və formalarda təzahürünə münasibətimizi aşkar bildirmək bu gün torpaqlarının 20 faizi işğalçı zorakılığa məruz qalan Azərbaycanın həm hüquqi-siyasi, həm də mənəvi mövqeyinin qanuni ifadəsidir.
-Söhbət burada konkret nədən gedir?
-Söhbət ondan gedir ki, zorakılıq aktı hələ baş verməzdən öncə onun qarşısının alınmasını təmin edən istənilən preventiv tədbirlərin görülməsi məsələsində cəmiyyət həmrəy olunmalıdır, yekdil mövqeyini ortaya qoymalıdır. Bəli, biz etiraf edirik ki, bizim ailə qərb ailəsindən fərqlənir. Lakin onu da etiraf edək ki, bizim elmdə "Geniş ailə" adlanan ailə modelimizdə eyni vaxtda 3 nəslin nümayəndələri yanaşı yaşayır. Zorakılıq halları xalqımızın adət-ənənəsi ilə ziddiyyət təşkil edir. Çünki ənənəvi ailələrdə məişət zorakılığına yol açan amillər olmayıb. Yuxarıda qeyd etdiyim kimi, 2010-cu ildə Azərbaycanda " Ailə-məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Məişət zorakılığının qarşısının alınması ilə hüquqi təminat və mükəmməl qanun var, ancaq hələ də belə zorakalıq halları müşahidə olunur. Eyni zamanda müsbət dinamika da müşahidə edilir. 25 noyabr Qadınlara Qarşı Zorakılığla Mübarizə üzrə Beynəlxalq Günü münasibəti ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Qadın İştirakçılığı Proqramının verdiyi məlumata görə, keçən 2011-ci il ərzində 4280 gender əsaslı zorakılıqla bağlı cinayət hadisəsinin baş verdiyi halda, görülən müxtəlif maarifləndici tədbirlərin nəticəsi olaraq bu ilə zorakılıqla bağlı cinayət hadisələrinin sayı 820-yə qədər azalıb. "Ailə-məişət zorakılığının qarşısının alınması haqqında" qanun vəziyyətə təsir imkanına malikdir. Lakin təəssüf ki, bəzən qanun məişət zorakılığı ilə bağlı problemlərin aradan qaldırılmasında aciz qalır. Əgər zorakılığa məruz qalan öz hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti orqanlara müraciət etmirsə, qanun öz sözünü deyə bilmir. Çünki zorən ailə mühitinə daxil olub, zorakılığın qarşısını almaq mümkün olmur. Bunun üçün zorakılığa məruz qalan şəxs özü qərar verməlidir. Ən betəri odur ki, ailələrdə qadınlar bir çox hallarda öz hüquqlarını müdafiə etmək əvəzinə çıxış yolunu cinayətə əl atmaqda görür. Cəmiyyət isə baş verən proseslərə müdaxilə edə bilmir.
Alim