“Bu tabular aradan qalxmalıdır...”
Əflatun Amaşov: “İçki məsələsində gərək qızıl ortanı gözləyəsən”
17 May 2012 14:05 MüsahibəOna zəng edəndə ya imtina, ya da uzaq gələcəyə hesablanmış təxirlə qarşılaşacağıma az qala əmin idim. Çünki 125 nəfər millət vəkilinin bircəciyini qonaq çağırmaq istəyəndə buna uzun məşəqqətlərdən sonra nail olursansa, ölkənin Mətbuat Şurasının tək sədrindən səhər yeməyinə razılıq almaq müşkül məsələ olmalı idi.
Amma böyük və müsbət mənada heyrətimə rəğmən, gələcək qonağım dəvətimlə tez razılaşdı və cəmi iki gün sonra "Travelers Coffee"nin qapısında göründü.
Beləliklə, Lent.az-ın "səhər yeməyinin" budəfəki qonağı Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.
Açığı, Əflatun müəllimi ilk dəfə idi ki, üzbəüz görürdüm və həmişə ekranda, qəzet səhifələrində gördüyüm kostyumlu, qalstuklu, rəsmi, ciddi sədrlə deyil, tamam başqa adam gördüm: əynində qısaqol yay köynəyi, üzündə "Yüz ilin tənhalığı"ndakı Buendia ailəsinin üzvlərinə xas olan tənha ifadə, əlindəsə Orxan Pamukun "Saf və düşüncəli romançı" kitabı vardı - mənə hədiyyə gətirmişdi.
Yemək seçəndə qonağımın yaşına görə ideal çəkisinə münasibət bildirirəm. Əflatun müəllim təvazökarcasına:
- Amma indi çəkim o qədər də ideal hesab oluna bilməz. Adətən pəhriz gözləyirəm, sistemli şəkildə yeyirəm. Son vaxtlarsa, daha doğrusu, son bir ayda yeməyimə nəzarət eləmirəm. Həyat yoldaşım rayondadı, o olmayanda yemək qrafikim pozulur.
- Sizin bölgənizin adamları (Əflatun müəllim Borçalı mahalının Faxralı kəndindəndir) əsl məclis adamları olurlar, bol-bol yeyib-içən camaatdır. İnanmaq olmur ki, ordan sizin kimi adam çıxıb - yəni məclisdə, yemək-içməkdə sərhəd gözləyən...
- Hə, bizim tərəflərin adamları süfrə, məclis adamlarıdır, yaxşı və çox içə bilməklə fəxr eləyən adamlardı. Xəmir yeməklərinə çox meyllidirlər. Bəzən gündüzdən başlayan məclis nəinki gecəyə, hətta səhərə qədər uzana bilir. Xüsusi bir yayma xəngəl - araq kultu var. Sizə bir hadisə danışım. Bizim qohumlardan biri xəstələnir və həkim ona içkini qəti qadağan eləyir. Bir neçə gündən sonra evdə xəngəl bişirirlər. Hazır xəngəli gətirib süfrəyə qoyanda kişi uşağa deyir ki, bala, get o doqqazı bağla, qəfil evə gələn olar, görərlər ki, xəngəli araqsız yeyirik, dədəmizin goruna söyərlər.
- Onlar kimi olmadığınıza görə sizə heç irad tuturlarmı?
- Bir neçə il bundan əvvələ qədər mən də içki içirdim. Amma həmişə sərhədi gözləməyə çalışıram. Hər şeyin öz yeri var. Mən başqa yerə belə köynəkdə, sərbəst paltarda getsəydim, bəlkə də bəzi qaydaları pozmuş olardım. Amma indi yeridir və belə geyinməyin bir eybi yoxdur. İçki məclisində də, insan həm yerini, həm də imkanlarını bilməlidir. Yoxsa bəzən görürsən ki, sərxoşluq o həddə çatır ki, adam aqressivləşir, yanında əyləşənə qarşı kobudluq eləyir. Ya da gücü çatmır içməyə, başını masanın üstünə qoyub yatır. Buna görə də gərək qızıl ortanı gözləyə biləsən.
- Sizin tərəflərdə hamıda xalq şeirinə, qoşma-gəraylıya da çox meyl var: demək olar ki, hamı şeir yazır. Sizin heç belə təcrübəniz olmayıb?
- Hə, elə bizim xalq da şair xalqdı. Hamı şeir yazır. Mən hər gün qəzetlərə baxıram axı, bir də görürsən ədəbiyyat səhifəsində bir yaşlı adam var, saçı mənim saçımdan ağdır, bir silsilə şeirlər çap etdirib, özü də nə vaxtın şairi imiş, amma mən bu adamı ilk dəfədi ki, görürəm. O ki qaldı mənə, hə, bir vaxtlar şeir yazmışam. İlk şeirimi altıncı sinifdə oxuyanda yazmışdım. Bütün şeirə təzə başlayanlar kimi mənim də ilk qələm təcrübəm "Ana" şeiri idi. O vaxt çıxan "Azərbaycan Pioneri" qəzetində də dərc olunmuşdu.
- O şeirdən bir parça deyə bilərsiniz?
- Bulaq axar, biz o suya bənzərik,
Həmin o bulağın gözüdü Ana.
Heç vaxt unudulmaz, əvəzsiz olan
Dilimin müqəddəs sözüdü Ana!
- Əməlli-başlı şeir yazıbsınız ki! Davamı oldu, yoxsa elə bircə şeir yazdınız?
- SSRİ-nin 55 illiyində " Azərbaycan Pioneri" qəzetində bu münasibətlə yazdığım bir şeirim çap olundu. İndi bir az yanlış anlaşıla bilər, amma belə bir şeir yazmışdım. Bircə bəndi yadımdadı:
Zülmlərdən gözlərini açaraq
Sən bu əsrin qucağında doğuldun!
Məzlumlara nur işığı saçaraq
Əsrimizin sərkərdəsi sən oldun!
- Bəs, sevgi şeirləri yazmadınız?
- 90-cı illərdə, həyat yoldaşım xəstəxanada müalicə alanda ona tez-tez məktublar yazırdım. O vaxt elektron poçt, sms-filan yox idi. Hər gün ona məktub yazırdım ki, darıxmasın, səhhətinə yaxşı təsir eləsin. Bəzən məktublar şeirlə olurdu. Onsuz evimizin necə tənhalaşdığını, hər şeyin dadı-duzunun itdiyini, evdə əşyaların belə kədərləndiyini yazırdım o şeirlərdə...
- Subay vaxtı da sevgi məktubları yazırdınız?
- Mənim yoldaşım elə öz kəndimizdən - Faxralıdandı. Üstəlik, biz əminəvəsiyik. Evləri də yaxınlıqda idi deyə, məktub yazmağa bir ehtiyac qalmırdı.
- Eşitdiyim qədərilə sizin barənizdə yazılan tənqidlərə özünüzdən daha çox həyat yoldaşınız reaksiya verir, narahat olur, doğrudanmı belədir?
- Hə, barəmdə nəsə tənqid, xüsusilə ədalətsiz tənqid yazılanda həyat yoldaşım çox narahat olur, etiraz eləyir, əsəbiləşir. Cavab vermək istəyir. Təbii ki, onun narahat olması məni də gərginləşdirir. İstəmirəm mənə görə əsəbiləşsin, qayğılansın. Amma məni müdafiə eləməsi xoşuma gəlir - bu çox xoş hissdir.
- Özünüzə necə təsir eləyir barənizdə yazılan tənqidlər?
- Əvvəllər bəlkə bir az əsəbiləşə bilərdim. Amma indi normal qarşılayıram. Bilirsiniz, mən öz fəaliyyətimi, addımlarımı bilən, özümə hesabat verməyi bacaran adamam. Haqlı tənqid görəndə də, çalışıram, o tənqidlərdən çıxardığım nəticəni işimə tətbiq eləyim.
- Məşhur köşə yazarı Zamin Hacı bacınız qızı sayılan Sevinc Telmanqızıya elçi göndərəndə siz də qız evi tərəfdən iştirak etmisiniz və deyilənə görə, həmin gün Zaminin sizin barədə kəskin tənqidlə dolu yazısı çıxıbmış... bu doğrudu?
- Əslində elçilik indi sadəcə formal məsələdi. İndi qızla oğlan elçiliyə qədər razılığa gəlirlər və elçilikdə iştirak edən adamlara da ancaq o qalır ki, "hə, qızı veririk, xoşbəxt olsunlar" desinlər. Biz də elçilikdə oğlan tərəfi çox get-gələ salmadan qızı verdik. Səhəri gün də Zaminin mənim barəmdə tənqidlə dolu yazısı çıxdı. Zamin, çox şübhəsiz, istedadlı oğlandı, tənqidlərini də normal qəbul elədim.
- Yəni, yazını oxuyanda "heyf, gərək qızı buna verməyəydik" demədiniz...
- Yox, qətiyyən elə fikirləşmədim.
- Əflatun müəllim, uşaq vaxtı gələcəkdə Mətbuat Şurasının sədri olacağınızı xəbər verəcək nələrsə olub?
- Bilmirəm, bunu əlamət hesab eləmək olarmı, amma məktəb vaxtı divar qəzeti buraxırdım. Orada şeirlər, xırda məqalələr, kənd xəbərləri yazırdım. Xəbərlər təxminən bu səpgidə olurdu: kənddə filankəsin qoyunları itib və ya buna oxşar bir şey. Bir dəfə evdə qəzet hazırlayanda atam soruşdu ki, nə yazırsan? Dedim ki, kənd xəbərlərini yazıram, filankəsin qoyunları yoxa çıxıb. Qonşumuz da bizdə idi - mənə acıqlandı ki, bu nədi, başına iş qəhətdi, yazma belə şeylər. Sonradan bildik ki, həmin oğurluqda elə o qonşunun da əli varmış.
- Deməli, ilk dəfə senzuraya qonşu tərəfindən məruz qalmısınız... yəqin, həm də fəal komsomollardan biri olmusunuz...
- Bilirsiz, məsələ bir az başqa cürdü. O vaxt kolxoz qurulanda mənim babalarımın mal-qoyunu, atları çox olub. Onlar da kollektiv təsərrüfata etiraz eləyiblər. Sovet hökuməti də bəzilərini "kulak" elan eləyib, sürgünə göndərib. Bəziləri də Türkiyəyə qaçıblar. Biz həmişə ehtiyatla yaşayırdıq. Xaricdə bir qohumun olması o vaxt tərcümeyi-halda ləkə sayılırdı. Mən orta məktəbə bir il tez getmişdim. Komsomola keçmək vaxtı gələndə bizim sinifdən hamını qəbul elədilər, amma məni yox. Yaşım düşmürdü. Amma evdə hamı məyus oldu, elə bildilər ki, xaricdə qohumumuz olduğuna görə qəbul eləməyiblər. Bir ildən sonra qəbul olundum və gərginlik sovuşub getdi.
- Bəs, Kommunist Partiyasına? Ora da qəbul elədilər?
- Yox, yəqin ki, qəbul etməyəcəkdilər, amma heç mən də qəbul olunmaq üçün müraciət eləmədim.
- İndi o qohumlarınızla ünsiyyətiniz varmı?
- O vaxtlar, yəni hələ sovet vaxtlarında xaricdəki qohumlarımız bizim tərəflərə turist kimi gəlib-gedərdilər. Sovet İttifaqı dağılandan sonra isə əlaqələr daha da möhkəmləndi, daha çox qaynayıb-qarışmağa, qız alıb-qız verməyə başladılar.
Və qonağım uşaqlığından, qərib qohumlarından, həsrətli qohumların görüşlərindən, uşaqlığında onu heyrətə salan dəyərlərdən danışmağa başladı. Maraqlı burası idi ki, Mətbuat Şurasının sədri əsl yazıçı kimi danışırdı - təsvir elədiyi səhnələr nəinki gözümün qarşısında canlanır, hətta kövrəldirdi də...
Yazıçı demişkən, sonra söhbəti bizim yazarlardan saldım:
- Əflatun müəllim, yeni nəsil yazarlara münasibətiniz necədir?
- Heyf ki, onların bədii yaradıcılığı ilə yaxından tanış deyiləm. Amma mətbuatdakı yazılarının çoxunu oxuyuram. Sizin, Seymur Baycanın, Qan Turalının yazılarını görəndə mütləq oxuyuram.
- Bizim nəsillə Anar arasında gedən mübarizədə kimin tərəfindəsiz?
- Mən gənclərin etirazçı olmasını normal qəbul eləyirəm. Sizin nəslin də etirazçı ruhu mənə yad deyil. Amma Anar kimi dəyərli, Azərbaycan ədəbiyyatında belə xidmətləri olan ziyalı barədə təhqir elementləri ilə dolu olan yazılar yazmağınızı doğru hesab eləmirəm. Məncə, onunla olan problemlərinizi debatda müzakirə eləməlisiniz.
- Axı o bizimlə debata gəlmir. Mən sizə zəng edib, səhər yeməyinə dəvət eləyəndə razılaşdınız və gəldiniz. Amma bunu Anarla eləmək mümkün deyil.
- Aradakı körpüləri yandırmaq məsələsi var axı. Yəqin siz o körpüləri yandırmısınız.
- Deyək ki, biz körpüləri yandırmışıq. Anar yaşda bir ziyalının gənclərə yazdığı həcvə münasibətiniz necədir?
- Belə deyim: Anar müəllim o həcvi yazmaya da bilərdi.
- Əflatun müəllim, həmişə zarafatla deyirlər ki, ölkədə hamının tutduğu vəzifəyə başqa namizədlər fikirləşmək olur. Amma Şeyxülislamla Əflatun Amaşovun yerinə heç kimi düşünmək olmur... Öz yerinizə kimisə təsəvvür edirsinizmi?
- Bilirsiniz, gerçək, məsələn, "Xalq qəzeti"nin bizə təqdim etdiyi kimi deyil. Amma gerçək, həm də "Azadlıq" qəzetinin bizə təqdim etdiyi kimi deyil. Mətbuat Şurasının işi bu iki yanaşmanın ortasında dayanıb, gerçəyə obyektiv baxa bilməkdir. Mətbuat Şurasının sədri olacaq adamın da həmçinin...
- Bəs sualımın konkret cavabına gəldikdə...
- Sualınızın konkret cavabına gəldikdə, bu yerdə Mətbuat Şurasının sədri müdrik şəkildə susur...
- Əflatun müəllim, mətbuatda, televiziyada açıqlığa, sərbəstliyə münasibətiniz də maraqlıdı...
- Bizim mentalitetimiz belədi ki, böyük-kiçik arasında pərdə var, ağsaqqal-ağbirçək yanında təmkinli olmaq tələb olunur, bəzən bir adamın ata-ana yanında öz uşağını qucağına almağı, əzizləməyi böyüklərə qarşı hörmətsizlik hesab olunur. İstər mətbuat olsun, istər televiziya, bu məqamları nəzərə almaq lazımdır. Bir neçə il əvvələ qədər açıq-saçıq şəkillərlə, yazılarla dolu qəzetlər çıxırdı. O qəzetləri müştərilər azalandan sonra, siyasi-ictimai qəzetlərə büküb alırdılar. Maraqlı bir şey danışım - bir dəfə bu qəzetlərlə bağlı iclas keçirirdik. Yanımda bir qadın oturmuşdu, tez-tez söz istəyirdi. axırda dözməyib, icazəsiz danışmağa başladı: "O qəzetlərdə həmişə çılpaq qadın şəkilləri verirlər, niyə qadınları nəzərə almırlar, olmaz ki, çılpaq kişi şəkilləri də dərc eləsinlər?". İnternet, istənilən növ erotik məzmunlu filmlərə sərbəst baxa bilmək imkanı o qəzetləri sıradan çıxardı. televiziyada açıqlığa gəlincə, təbii ki, bizimki kimi mühafizəkar cəmiyyətdə evdə ailənin oturub öpüş, yataq səhnələrinə baxmağı yaxşı qəbul olunmur. Buna görə də, sevindirici haldır ki, Azərbaycan Televiziyası, İctimai Televiziya kimi telekanallar var.
- Əflatun müəllim, mənə elə gəlir ki, bu məsələdə Siz Mətbuat Şurasının sədri kimi deyil, Ağsaqqallar Şurasının sədri kimi danışdınız. Axı ortada bir hüquq-qanun məsələsi də var. Adıçəkilən telekanallar o filmlərdəki öpüş, yataq, ümumiyyətlə, istənilən növ intim səhnələri qayçılamaqla müəllif hüquqlarını pozmuş olurlar...
- Təbii ki, bunu da nəzərə almaq lazımdır, amma mən düşünmürəm ki, çox filmlər buna məruz qalır. O ki qaldı doğrudan da elə səhnələri ixtisara düşmüş filmlərə, nə eləsinlər, buna bir az da məcburdular. Axı necə ola bilər ki, ata-ananın, qohum-qonşunun, cavan qız-gəlinin olduğu evdə öpüş səhnələrinə baxsın? Bunun üçün uzun vaxt keçməlidir, cəmiyyət müasirləşməlidir, bəzi tabular aradan qalxmalıdır...
- Ölkədəki telekanallar intim səhnələri kəsəcəksə, ata-analar övladları ilə aralarında pərdə saxlayacaqlarsa, cəmiyyətin ziyalıları bu halları müsbət qarşılayacaqlarsa, məsələn, Mətbuat Şurasının sədri ziyalıdan daha çox, ağsaqqal kimi danışacaqsa, cəmiyyət də müasirləşməyəcək axı...
- Siz belə düşünürsünüz ki, hər şey birdən-birə baş verməlidir?
- Belə düşünmürəm. Amma məncə, siz razılaşarsınız ki, gəncliyin yanlış yola düşməsinin, qızların fahişəliyə qurşanmasının kökü ailələrdədi. Ailədə ifrat pərdə, gərginlik görən gənc kənarda əyləncə axtarır və bu əyləncə çox vaxt ziyanlı olur. Ailə daxilində cinsəl mövzulara qadağa olduğunu görən qız, bu mövzuda maariflənə bilmir, sadəlövhlüyü ucbatından onu çox asanlıqla yoldan çıxara bilirlər. Bu məsələdə sizin kimi ziyalıların sözünün kəsəri daha çox ola bilər. Belə məsələlərlə bağlı mesajları cəmiyyətə sizin ötürməyiniz daha inandırıcı ola bilər, nəinki cavanların...
- Təbii ki, sizin radikallığınız maraqlıdı. Yəqin ki, gənclik elə belə radikal olmalıdı.
Sonra uzun-uzadı ədəbiyyatdan danışdıq. Klassikadan, yeni əsərlərdən, yeni yazarlardan - bir sözlə, çox şeydən danışdıq. Hətta qonağım Nobel akademiyasının ona imtiyaz verəcəyi təqdirdə bu mükafatı Azərbaycan yazarları arasında "bölüşdürdü"də. (Mükafat alanlar sırasında Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif, Aşıq Ələsgər və Səməd Vurğun vardı)
Qeyd eləyim ki, Əflatun müəllimin gözəl ədəbi zövqü var. Aşıq şeirinə, ümumiyyətlə, folklora xüsusi sevgisi də ki, öz yerində.
Ədəbiyyat söhbətlərinə o qədər aludə olduq ki, hətta söhbətdən sonra Mətbuat Şurasının sədri ilə "Əli və Nino" kitab dükanına baş çəkərək, qonağıma gənc müəlliflərin əsərlərindən bir xeyli seçdik. Və qərara aldıq ki, Əflatun müəllim bu kitabları oxuyandan sonra müasir ədəbiyyatımız barədə xüsusi bir söhbət eləyək.
Qonağım sonda mənə bir balaca ayı oyuncağı da hədiyyə eləyərək tapşırdı ki, hədiyyədən muğayat olum.
Amma tapşırmasa da olardı, çünki mənim içimdə onsuz da bir "ayı" sevgisi var... lent.az
nin bizə təqdim etdiyi kimi deyil. Amma ger