“Çap mediası sıradan çıxmayacaq”

Elçin Mirzəbəyli: “Əksər elektron KİV-lərdə redaktə və korrektə prosesi həyata keçirilmir”

Müsahibimiz "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir.

-Elçin bəy, belə bir fikir var ki, hazırkı şəraitdə elektron KİV-in sürətli inkişafı yaxın zamanda çap KİV-in sıradan çıxması ilə nəticələnəcək. Bu məsələyə münasibətiniz necədir?
-Şübhəsiz, elektron KİV-in inkişafı çap mediasının yayım dairəsini məhdudlaşdırıb. Bunu inkar etmək mümkün deyil. Amma bu heç də çap mediasının tamamilə sıradan çıxması anlamına gəlməməlidir. Elektron KİV bu gün özünün ən dinamik inkişaf mərhələsini yaşayır. Xüsusilə də Azərbaycanda... internet-media az qala dəbə çevrilib. Bu sahədə hüquqi tənzimləmə mexanizmlərinin olmaması elektron medianın və sosial şəbəkələrin daha azad və çevik təsir imkanları olan məkana çevrilməsinə zəmin yaradıb. Əslində isə bu azadlıq istənilən şəxsə və hüquqi subyektə ciddi təhlükə yarada biləcək xaotik və məsuliyyətsiz azadlıqdır. Bir sıra Qərb dövlətlərində internet bumu bizdən daha öncə yaşandığı üçün proses əks istiqamətdə inkişaf etməyə başlayıb. Bu ölkələrdə çap mediası yenidən inkişafa başlayıb, tirajını artırıb və yenidən daha etibarlı, məsuliyyətli informasiya mənbəyi öz missiyasını davam etdirir. Azərbaycanda da bu proses, yəni internet-media, sosial şəbəkə bumu başa çatacaq, insanlar virtual dünyanın yalanlarından yorularaq reallığa - çap mediasına, gerçək həyata qayıdacaqlar. Bir nümunə gətirim: Lümer qardaşları kinokameranı yaradanda və ilk qısametrajlı filmlər ekranlara yol tapanda həmin dövrün mətbuatı teatrın süquta uğradığını yazırdı. Amma teatr canlı ünsiyyət vasitəsi kimi nəinki süquta uğradı, hətta kino sənayesinin inkişafa başladığı müəyyən bir zaman kəsiyindən sonra daha böyük populyarlıq qazandı. Onu da qeyd edim ki, Azərbaycanda çap mediasının movcud durumu elektron medianın inkişafı ilə birbaşa bağlı deyil. Azərbaycanda çap mediası yerində sayır. Poliqrafiya, dizayn sahəsində ciddi problemlər var. Çap mediası rəng politrası gündən-günə genişlənən müasir insanın qarşısına ağ-qara rəngdə və keyfiyyətsiz şəkildə çıxır... Səbəblər çoxdu. Bütün bunların zamanla aradan qalxacağına əminəm. Çap mediası isə sıradan çıxmayacaq. Kimsə özünə təsəlli verməsin...
-Bu gün fəaliyyət göstərən elektron KİV-lərin böyük əksəriyyətində dil qüsuru var. Bu problemi doğuran səbəblər və çıxış yolunu nədə görürsünüz?
-  Elektron KİV-də dil qüsurlarının olması əksər hallarda bu sahədə çalışan insanların qeyri-peşəkarlığından, savadsızlığından irəli gəlir. Əksər elektron KİV-lərdə redaktə və korrektə prosesi həyata keçirilmir. Elektron KİV özünü bu sahədə daha azad hiss edir. Daha öncə də qeyd etdiyim kimi, əslində bu azadlıq deyil, məsuliyyətsizlikdir. Problemin aradan qaldırılması üçün isə elektron KİV-də medianın təməl mexanizmləri və Azərbaycan dilində yüksək peşəkarlıqla hazırlanmış redaktə və korrektə proqramlarının tətbiqinə ehtiyac var.
-Redaksiyaların professionallaşması istiqamətində son zamanlar həyata keçirilən tədbirləri necə xarakterizə edərdiniz? "Xalq Cəbhəsi" qəzeti olaraq bu yöndə nə kimi irəliləyişləri müşahidə edirsiniz?
-Redaksiyalarda peşəkarlığın artırılması istiqamətində, xüsusilə də son 3 ildə atılan addımları yüksək qiymətləndirirəm. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyətə başladığl ilk gündən bu məsələ medianın gündəmində ən önəmli yerlərdən birini tutur. Amma bu 3-4 ilin ərzində həll olunası bir məsələ deyil. Çatışmazlıqlar həddən artıq çoxdu. Zamanla, KİV-in inkişafı ilə yanaşı bu sahədə olan problemlərin də aradan qalxacağını düşünürəm. Şübhəsiz ki, KİVDF və Mətbuat Şurasının redaksiyalarda peşəkarlığın yüksəldilməsi istiqamətində gördüyü işlər "Xalq Cəbhəsi" qəzetinin fəaliyyətinə də öz müsbət təsirini göstərib. Xüsusilə də idarəetmənin təşkili sahəsində.
-Bu gün bir sıra təhsil müəssisələri zay kadr yetişdirməkdə davam edir. Bu problemin həlli yolunu nədə görürsünüz?
-Bu məsələ ilə bağlı media üçün kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrində keçirilən görüşlərdə kifayət qədər geniş müzakirələr aparılıb. Hesab edirəm ki, problem ilk növbədə təhsilin ümumi səviyyəsinin aşağı olmasındadır. Səbəblərdən biri isə jurnalistika ixtisası üzrə təhsil alan şəxslərin bu sahəyə təsadüf nəticəsində düşmələri ilə bağlıdır. Jurnalistika xüsusi istedad və bacarıq tələb edən bir sahə olduğu üçün bu ixtisasa qəbul zamanı qabiliyyət imtahanları tətbiq olunmalıdır.
-Baş redaktorların jurnalistika fakultəsində təhsil alan tələbələrə dərs demək praktikasına sizin münasibətiniz necədir?
-  Çox yaxşı! Çünki bu tələbələrdə praktiki bilgilərin formalaşmasına ciddi yardım göstərir. Zənnimcə, bu təcrübənin indikindən daha geniş şəkildə tətbiqinə ehtiyac var.
-Dövrü mətbuatda ciddi problemlərdən biri də regional kadrlarının olmamasıdır. Qeyd olunan problemin ümumi işə hansı təsiri var? Problemdən çıxış yolunu nədə görürsünüz?
- Medianın inkişafı regionlardan başlayır. Kimsəyə sirr deyil ki, Azərbaycanda ən böyük problem oxucu problemidir. İnsanlarımız oxumağı sevmirlər. Bu da bütövlükdə medianın inkişafına mənfi təsir göstərir. Problemin həllini isə regional medianın inkişafında görürəm. 
    

Ədil Ədilzadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31