Referendumun keçirilməsi ölkə ictimaiyyəti tərəfindən yüksək qarşılanır

Artıq parlamentin yay tətili başa çatdı. Yaxın günlərdə qanunverici orqan ilk payız sessiyasını keçirəcək. Heç şübhəsiz ki, növbəti sessiya da Milli Məclis üçün məhsuldar olacaq. Bəs görəsən millət vəkilləri parlamentin payız sessiyasına hansı təkliflərlə gedirlər və qanunverici orqanın qarşıdakı müddət ərzindəki fəaliyyətindən gözləntilər nədir? Bu və ya digər suallarla millət vəkili Azər Badamovla söhbətləşdik. Millət vəkili “OLAYLAR”-a verdiyi müsahibədə referendumqabağı ölkədəki vəziyyət, cəmiyyətin konstitusiya dəyişlikliklərinə olan münasibəti və s. barədə də danışıb.

Azər Badamov: "Sesverməyə çıxarılan məsələlər xalqın maraqlarına tam uyğun gələn mütərəqqi dəyişikliklərdir"

"Artıq ictimaiyyət də bilir ki, cəmiyyət müasirləşdikcə qanuna baxışlar da müasirləşməli, ölkədə daha çevik idarəetmə sistemi qurulmalıdır"

Artıq parlamentin yay tətili başa çatdı. Yaxın günlərdə qanunverici orqan ilk payız sessiyasını keçirəcək. Heç şübhəsiz ki, növbəti sessiya da Milli Məclis üçün məhsuldar olacaq. Bəs görəsən millət vəkilləri parlamentin payız sessiyasına hansı təkliflərlə gedirlər və qanunverici orqanın qarşıdakı müddət ərzindəki fəaliyyətindən gözləntilər nədir? Bu və ya digər suallarla millət vəkili Azər Badamovla söhbətləşdik. Millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə referendumqabağı ölkədəki vəziyyət, cəmiyyətin konstitusiya dəyişlikliklərinə olan münasibəti və s. barədə də danışıb.

-Azər müəllim, artıq parlamentin yay tətili sona çatdı. Yeni mövsümdə millət vəkili olaraq parlamentə hansı təkliflərlə gedirsiniz?

-Əvvəla onu qeyd edim ki, yay məzuniyyətimdə seçildiyim rayonda , seçicilərimin arasında olmuşam. Milləti vəkili olduğuma görə seçicilərimlə bir arada olmağı özümə borc bilirəm.Tətil vaxtımda da seçicilərimlə görüşlərim olub. Həmin görüşlərdə rayonun sosial -iqtisadi inkişafı ilə əlaqədar, fərdi məsələlərlə bağlı çoxlu müraciətlər bildirilib. Müraciətlərin arasında elə məsələlər var ki, müəyyən dövlət strukturlarına ünvanlanmalıdır, dövlətin investisiya layihələri proqramına salınmalıdır. Məsələn, rayonun yeganə qəsəbəsi olan Samurda içməli su ilə bağlı böyük problem mövcuddur, Köhnədən çəkilmiş su xətləri olduğuna görə yararsız vəziyyətə düşmüşdür və bu xəttin yenidən qurulmasına ehtiyac var. Balaqusar kəndində də içməli su problem var, bəzi kəndlərdə kənd arası yolların yenidən qurulmasına zərurət yaranıb. Bu istiqamətdə müraciətlər çoxdur və hamısını qeyd etmək istəmirəm. Amma, düşünürəm ki, Milli Məclisin payız sessiyasında seçicilərimi düşündürən məsələlərlə bağlı müraciətlərimi müəyyən dövlət qürumlarına çatdırım və parlamentin plenar iclaslarında həm bu məslələr, həm də müəyyən qanunlarda olacaq dəyişikliklər, ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə bağlı təkliflərimi və fikirlərimi bildirim.

-Qarşıdakı müddətdə də Milli Məclis öz işini uğurla həyata keçirəcəkmi?

-Milli Məclis ölkənin siyasi həyatında müəyyən rola malik ali qanunverici orqandır. Beşinci çağırış Milli Məclisi 2015 -ci ilin noyabrında formalaşmış və ötən qısa müddət ərzində çoxlu qanunlarda mütərəqqi dəyişikliklər etmiş, yeni qanunlar qəbul etmiş, ölkə xaricində və beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini bildirməklə məhsuldar fəaliyyəti olmuşdur. Düşünürəm ki, payız sessiyasında da Milli Məclisin fəaliyyət dairəsi daha genişlənəcək və iclaslarda ölkəmizin həyatı üçün vacib məsələlər müzakirə olunaraq öz işini uğurla başa vuracaq.

-Bu ayın sonu ölkədə konstitusiyaya dəyişiklik məqsədilə referendum keçiriləcək. Millət vəkili seçildiyiniz Qusar rayonunda konstitusiyaya dəyişikliklər təklifi yerli ictimaiyyət tərəfindən necə qarşılanır?

-26 sentyabrda Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən dəyişikliklər və əlavələrin edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcəkdir. Seçki ilə təbliğat-təşviqat kampaniyasına 3 sentyabrda start veriləcək. Qeyd etmək istəyirəm ki, referendumun keçirilməsi nəinki Qusar, hətta ölkə ictimaiyyəti tərəfindən yüksək qarşılanır və xalq indidən öz müsbət fikirlərini bildirir. Referendumda sesverməyə çıxarılan məsələlər xalqın maraqlarına tam uyğun gələn mütərəqqi dəyişikliklərdir. Artıq ictimaiyyət də bilir ki, cəmiyyət müasirləşdikcə qanuna baxışlar da müasirləşməli, ölkədə daha çevik idarəetmə sistemi qurulmalıdır. İctimaiyyət də bilir ki, ölkənin təhlükəsizliyinin təmin edilməsi, daha da yüksək inkişafa nail olunması və insanların yaxşı yaşaması üçün təqdim olunan konstitusion dəyişikliklərin edilməsi vacibdir. Ona görə də seçildiyim Qusar rayonunun yerli ictimaiyyəti tərəfindən də referendum keçirməklə konstitusiyada dəyişikliklərin edilməsi təklifi yüksək səviyyədə qarşılanır.

-Sizcə, istər Qusar ictimaiyyəti, istərsə də ölkə vətəndaşları ümumxalq səsverməsində aktivlik nümayiş etdirib konstitusiyaya dəyişikliklərinin lehinə səs verəcəklərmi?

-Ölkə vətəndaşları ümumxalq səsverməsində aktivlik nümayiş etdirərək konstitusiyada dəyişikliklərinin lehinə səs verəcəkdir. Çünki, konstitusiya xalqın qarantıdır və bütün dəyişikliklər xalqımıza xidmət edəcəkdir. Qusarlılar dövləti və dövlətçiliyi sevən adamlardır. Ölkədə keçirilən hər bir siyasi kampaniyada iştirak edərək öz aktivliyi ilə fərqləniblər. Hazırda da Qusardayam və müəyyən tədbirlərdə ictimaiyyətlə olduğum zaman onların fikirlərini dinləyirəm . Görürəm ki, qarşıdan gələn referendumda öz fikirlərini bildirmək istəkləri çoxdur. Onu da qeyd edim ki, referendumda "Yeni Azərbaycan" təbliğat-təşviqat qrupu tərəfindən vəkil seçilmişəm. Təbliğat-təşviqat kampaniyası çərçivəsində də seçicilərlə bir arada olacağıq və çalışacağıq ki, konstitusiyaya dəyişiklikləri seçicilər maksimum başa düşsünlər və səsvermədə nəyə səs verdiklərini daha da yaxşı bilsinlər. Düşünürəm ki, dəyişikliyi başa düşən hər bir seçici referendumda iştirak edəcək və onun lehinə səs verəcək".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31