Metsamor region üçün çox böyük təhlükədir

Mütəllim Rəhimli: “Ermənistanı himayə edən dövlətlər özlərinin geosiyasi maraqları naminə təhlükə mənbəyi olan Metsamor AES-in fəaliyyətinə göz yummaqda davam edirlər”

Keçən ay təmas xəttində baş verən erməni təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatdan hələ də özünə gələ bilməyən işğalçı ölkə tərəfindən rəsmi Bakının ünvanına yeni təhdidlər səsləndirilir. Bu təhdidlərdən biri də Azərbaycanın kimyəvi silahlarla vurulmasıdır. Elə bir müddət əvvəl Tərtər istiqamətinə atılan top mərmisində fosfor maddələrinin aşkar edilməsi də Ermənistanın nə dərəcədə vəhşi, qaniçən olduğunu sərgiləyir. Bu amil də öz növbəsində Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının region üçün ciddi təhlükə mənbəyi olduğunu sübuta yetirir. Elə Azərbaycan tərəfi də son günlər haqlı olaraq sözügedən stansiyanın fəaliyyətinin dayandırılması məsələsini yenidən gündəmə gətirib. Bəs görəsən buna nail olmaq nə dərəcədə mümkündür? Ümumiyyətlə, beynəlxalq birlik Metsamor təhlükəsini nə üçün ciddiyə almır? Bu və ya digər məsələlərlə bağlı Ədalət Partiyasının Ali Məclisinin sədri, politoloq Mütəllim Rəhimli ilə söhbətləşdik. Mütəllim Rəhimli Metsamor Atom Elektrik Stansiyasının fəalıyyətinin dayandırılması istiqamətində Azərbaycanın apardığı işin müsbət nəticələr verib-verməyəcəyi məsələsinə də aydınlıq gətirib.

-Mütəllim bəy, aprel döyüşlərindən sonra Ermənistanın bəzi dairələri tərəfindən Azərbaycanın atom bombası ilə hədələnməsi Metsamor AES-lə bağlı məsələni yenidən aktuallaşdırıb. Günümüzdə Metsamor region üçün necə təhlükə mənbəyidir?

- Ermənistanın ölkəmizi atom bombası ilə hədələməsi qeyri-ciddi hərəkətlərdir. Həm də bu aprel döyüşlərində onların məğlubiyyətinin etirafıdır. Ermənilər görürlər ki, real döyüşlərdə Azərbaycanın açıq üstünlüyü var və onlar məğlub olurlar. Ona görə də belə fantaziyalara əl atırlar. Ancaq onlar özləri də bilirlər ki, bu həddən artıq mənasız və təsirsiz taktikadır. Onu da deyim ki, bu cür bəyanatlar dünyada ictimai fikri Ermənistanın əleyhinə yönəldir. Metsamor Atom Elektrik Stansiyasına gəlincə, bu doğurdan da, region üçün çox böyük təhlükədir. Nəzərə alsaq ki, bu stansiya sovetlər dönəmində tikilib və artıq istifadə müddəti də bitib, onun nə qədər təhlükəli olduğu bir daha aydın olar.

-Beynəlxalq birliyin hələ də bu məsələdə Ermənistana göz yummasını nəylə əlaqələndirmək olar?

- Metsamor AES-in istifadəsinin dayandırılması Ermənistanda enerji, iqtisadi və daha sonra siyasi böhranın yaranmasını şərtləndirər. Nəticədə Ermənistanda xaos yaranar, hakimiyyət ölkəyə nəzarətini itirər. Bu isə Ermənistan vasitəsilə regionda maraqlarını realLaşdıran qüvvələrin əsas müttəfiqindən məhrum olması demək olardı. Buna görə də iri dövlətlərin təsiri altında olan beynəlxalq qurumlar bu məsələdə susurlar. Ermənistanı himayə edən dövlətlər özlərinin geosiyasi maraqları naminə təhlükə mənbəyi olan Metsamor AES-in fəaliyyətinə göz yummaqda davam edirlər.

-Ermənistanın stansiyada təhlükəsizlik tədbirlərinə ciddi diqqət yetirməməsi sizcə məqsədli xarakter daşıyır?

- Əslində belə düşünmək düzgün olmazdı. Çünki ermənilərin necə qorxaq olduğunu düşünsək onlar AES-in fəaliyətinə biganə qala bilməzlər. Sadəcə olaraq Ermənistan bu yolla qonşularına təzyiq edəcəyini düşünür. O özünü elə göstərir ki, guya AES-də təhlükəsizlik sisteminə ciddi diqqət yetirmir və ya bunu bacarmır. Bu erməni bicliyindən başqa bir şey deyil. Çünki AES-də hər hansı qəza ilk növbədə ermənilər üçün həlli mümkün olmayan problem yaradacaq. Sadəcə olaraq onlar bu yolla diqqəti özlərinə yönəltməyə və beynəlxalq aləmdən daha çox yardımlar almağa çalışırlar. İndiyədək AES-in yenilənməsi, təhlükəsizliyinin təmin olunması üçün Ermənistan xeyli miqdarda vəsait qoparmağa nail olub.

-Azərbaycan yenidən bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirə və nəyəsə nail ola bilərmi?

- Azərbaycan bu məsələni hər zaman beynəlxalq müstəvidə qaldıra bilər. Buna ölkəmizin kifayət qədər əsasları var. Ancaq bizim yanaşmamız elə olmalıdır ki, uğurlu nəticə əldə edə bilək. Əgər biz deyiriksə, Metsamor AES təhlükə mənbəyidir, Beynəlxalq Atom Enerjisi Agentliyi isə arayış verirsə, o hələlik fəaliyyətini davam etdirə bilər, bu zaman artıq bizim dediklərimiz heç nəyi dəyişməcək. Ona görə də biz məsələni elə qoymalıyıq ki, qaldırdığımız məsələdən Ermənistan öz maraqları üçün istifadə edə bilməsin, əksinə onun planlarını alt-üst edək. Düşünürəm ki, ən yaxşı variant ermənilərin AES-i idarə etmək mədəniyyətinə malik olmaması ilə bağlı məsələ qaldırmaqdır. Bu həm doğrudur, həm də inandırıcı. Çünki AES-lə davranmaq yüksək mədəniyyət, intellekt, dünyagörüşü, tolerantlıq tələb edir. Ermənilərdə isə bunlardan heç biri yoxdur. Elə Azərbaycanın atom silahı ilə hədələnməsi, torpaqlarımızın işğal edilməsi də buna sübutdur. Bunu sübut etmək bizə də asan olar və ən azı Metsamor AES-in idarəçiliyi və nəzarəti Ermənistandan alınaraq beynəlxalq qurumlara verilər. Onlar isə AES-in fəaliyyətini obyektiv qiymətləndirərək tələb olunan vaxtda onu dayandırarlar.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31