“Azərbaycan cəmiyyəti siyasi tələb, şüarlarla keçirilən kütləvi aksiyalara lazım olan reaksiyanı vermir” - MÜSAHİBƏ

Həsrət Rüstəmov: “Bunun səbəblərindən biri müxalifətin vahid platforma şəklində, bir cəbhədə birləşməməsidir”

"Müxalifətin iki-üç cəbhəyə ayrılması bu düşərgənin parçalanması deməkdir"

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmovun "OLAYLAR"-a müsahibəsi

-Həsrət bəy, Azərbaycan Demokrat Partiyası Demokratik Qüvvələrin Məşvərət Məclisinin noyabrın 3-də keçirməyi nəzərdə tutduğu aksiyada iştirak edəcəkmi?

-Hələlik Azərbaycan Demokrat Partiyasının Demokratik Qüvvələrin Məşvərət Məclisinin 3 noyabr aksiyasında iştirak edib-etməyəcəyi məsələsi müzakirə olunmayıb. Yəqin ki, sözügedən məsələ partiyanın İdarə Heyətində müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək. Ümumiyyətlə, Azərbaycan Demokrat Partiyasının mövqeyi bundan ibarətdir ki, təkcə siyasi partiyalarda cəmlənmiş insanlar deyil, bütövlükdə Azərbaycan vətəndaşlarının öz konstitusion hüquqlarından istifadə etməsini dəstəkləyir. Ona görə də hesab edirik ki, insanların hansısa aksiya keçirməsi təbiidir.  Sadəcə olaraq hazırda insanlar siyasi baxımdan fəal deyillər, ictimai rəy küncə sıxışdırılıb. Ona görə də Azərbaycan Demokrat Partiyası belə bir aksiyaları çətin siyasi hadisə kimi izləməyə məcbur olur. İstənilən halda isə vətəndaşların kütləvi aksiya keçirməsini təbii hesab edirik. Hökumət də bu aksiyalara normal, qanuni münasibət sərgiləməlidir.

-Bir müddət əvvəl İctimai Palata da aksiya keçirdi və həmin ərəfədə həm Məşvərət Məclisində təmsil olunan partiyalar, həm də Azərbaycan Demokrat Partiyası və onun sədri belə bir münasibət sərgilədi cəmiyyət hələlik kütləvi aksiyalara hazır deyil. Qısa müddət ərzində cəmiyyət kütləvi aksiyalara hazır oldumu ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi noyabrın 3-nə mitinq təyin etdi?

-Əslində bu sual həmin mövqeni sərgiləmiş və sonradan aksiya təyin etmiş qurumun rəhbərlərinə ünvanlanmalıdır. O ki qaldı Azərbaycan Demokrat Partiyası rəhbərliyinin cəmiyyətin aksiyalara hazır olmaması mövqeyinə, mən də bu fikirlə şərikəm. Yəni, Azərbaycan cəmiyyəti siyasi tələb, şüarlarla keçirilən kütləvi aksiyalara lazım olan reaksiyanı vermir. Daha doğrusu cəmiyyət gözlənilən reaksiyanı nümayiş etdirmir. Azərbaycan cəmiyyətinin mövcud siyasi hadisələrə reaksiyası adekvat deyil. Bunun da bir sıra səbəbləri var. Bunun səbəblərindən biri müxalifətin vahid platforma şəklində, bir cəbhədə birləşməməsidir. Çünki xalq hesab edir ki,  müxalifət birləşsə onun təşkil etdiyi siyasi aksiyalarda iştirak etməklə hansısa müsbət dəyişikliklər, nəticələrə nail olmaq olar. Ancaq müxalifətin parçalanmış şəkildə fəaliyyəti, aksiyalar keçirməsi isə heç bir effekt verməyəcək. Əslində cəmiyyətin bu mövqeyində bir həqiqət var. Ona görə də biz yalnız bu haqda danışa bilərik ki, hansı yolla ictimai rəyin kütləvi aksiyalara çox böyük dəstək verməsinə nail olaq. Bizim münasibətimiz, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da açıqlaması da məhz bu məqsədi daşıyır ki, əvvəlcə ictimai rəyi kütləvi aksiyalara hazırlamaq lazımdır. Məhz bundan onra aksiyalar təyin olunmalıdır. Ancaq mənə bəlli deyil ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi bunu necə əsaslandıracaq. Yəni  bir həftə əvvəl başqa bir fikir söyləyirdilər, ancaq sonradan kütləvi aksiya təyin etdilər.

-Müntəzəm olaraq meydana çıxan bu kimi fərqli fikirlər və yanaşmalar müxalifət düşərgəsi barədə qeyri-ciddi imic formalaşdırmır?

-Mən bu fikirlər razılaşmazdım. Çünki müxalifət hökumətdən fərqli olaraq vahid komanda deyil və heç bir halda da belə olmur. Müxalifət ən ümdə məsələlərdə bir araya gəlməyi bacarmnalıdır. Əslində Azərbaycan müxalifətinin müxtəlif siyasi yanaşmadan çıxış etməsi, bir sıra məsələlərə fərqmi münasibət bildirməsi tabiidir. Əksinə polemika həqiqəti tapmaq üçün çox vacibdir. Heç bir halda bu müxalifəti ictimaiyyətin gözündən salmır. Hesab edirəm ki, bu ictimaiyyət üçün daha ciddi qərar qəbul etmək imkanı yaradır.

-Məşvərət Məclisinin aksiyasında Rəsul Quliyev amili nə dərəcədə rol oynaya bilər? Yəni, eks-spiker tərəfdarlarının aksiyaya qatılması onun kütləviliyini artıra bilərmi?

-Təkcə Rəsul Quliyevin partiyası deyil, ümumiyyətlə Azərbaycanda köklü şəkildə mövcud olan, vaxtı ilə yüz minləri küçələrə çıxarmaq qabiliyyətində olan partiyaların belə hazırkı halda kütləviliyi təmin etmək kimi böyük problemi var. Buna həm də Azərbaycan cəmiyyətinin problemi kimi yanaşmaq olar. Belə bir problemin olduğu danılmazdır. İndiki halda Demokratik Qüvvələrin Məşvərət Məclisinin hansısa diqqəti cəlb edə biləcək aksiya keçirəcəyinə şübhə edirəm. Hesab edirəm ki, hətta həmin qüvvələrin yüz nəfərlik belə aksiya keçirməsi böyük uğur sayıla bilər.

-Azərbaycan Demokrat Partiyasının Demokratik Qüvvələrin Məşvərət Məclisində rəsmi şəkildə təmsil olunmamasına mane olan səbəb nədir?

-Azərbaycan Demokrat Partiyası müxalifət partiyalarının birləşdiyi qurumlarla əməkdaşlıq etməyə maraqlıdır. Ancaq bizim partiya olaraq problemə yanaşmamız bundan ibarətdir ki,  müxalifət 2013-cü il seçkiləri ilə bağlı vahid bir cəbhədə birləşməlidir. Müxalifətin iki-üç cəbhəyə ayrılması bu düşərgənin parçalanması deməkdir. Azərbaycan Demokrat Partiyasının arzusu müxalifətin böyük birliyinin yaradılmasıdır. Ona görə də biz Demokratik Qüvvələrin Məşvərət Məclisi kimi inteqrasiya proseslərində müşahidəçi statusu ilə vəziyyəti öyrənməyə çalışırıq.

-Sizcə proseslər arzuedilən istiqamətdə gedir?

-Hələlik bu barədə qəti fikir söyləyə bilmərik ki, proseslər arzuedilən istiqamətdə gedir. Ancaq ümidimizi də itirməmişik. Hesab edirik ki, Azərbaycan müxalifətinin həqiqəti görmək imkanları var və  bir müddət keçdikdən sonra vəziyyət dəyişə, nəzərdə tutduğumuz məqsədlətə çata bilərik.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31