Ermənistan Azərbaycana qarşı əqli piratçılıq həyata keçirir

Elmira Axundova: “Ancaq beynəlxalq məhkəmədə bircə dənə də iş udmamışıq”

Müsahibimiz millət vəkili Elmira Axundovadır
- Elmira xanım, millət vəkillərinin iradlarına baxmayaraq, "Əqli mülkiyyət hüquqlarının qorunması və piratçılığa qarşı mübarizə haqqında" qanun  parlament tərəfindən qəbul edildi. Sizi bir millət vəkili kimi hansı məsələlər narahat edir?

- "Əqli mülkiyyət hüquqlarının qorunması və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi bir sıra reallıqları nəzərə almır, ya da əhatə etmir.  Söhbət ilk növbədə müəlliflik hüququ olan obyektlərin internet saytlarda yayımlanmasından gedir. Məsələn, biz Youtube-da istənilən mahnının, filmin və sairin köçürülməsinə nail ola bilərik və edirik bunu. Elə mən də, etiraf edim, parlamentdə təmsil olunan millət vəkilləri, onların uşaqları, onların yaxınları  da bunu hər gün həyata keçirir. Biz buna öyrənmişik. Xüsusən də cavan insanlar bu işlə daha çox məşğul olurlar. Məsələn,  mən xaricdə idim, eşitdim ki, Rusiya televiziyasında çox gözəl film  göstərilir. Bu filmin adı "Naməlum Kreml" idi,  gedib onu youtube-dan köçürüb dərhal baxdım. Hər halda belə olan halda sual olunur, bax, həm youtube, həm də istifadəçilər pirat sayıla bilər? Qeyd edim ki, bu qanunun predmeti olan müəlliflik hüququ, demək olar ki, hər gün, hər saat pozulur və bu proses artıq qlobal xarakter alıb. Hətta Qərb ölkələrində dünya miqyaslı şou ulduzlar bu məqsədlə möhtəşəm aksiyalar keçirir, "piratçılığa yox deyək!" şüarı altında konsert və müxtəlif tədbirlər təşkil edirlər, lakin yenə də piratçılığa qarşı gücsüzdürlər. Piratçılıqla mübarizədə Azərbaycanın şou-biznes adamları da aciz qalir, incəsənət xadimləri əksər hallarda əsərlərinin yayımlanmasından qonorar ala bilmirlər. Halbuki, bu əsərlərin yazılması, efirdə səslənməsi, ümümiyyətlə ərsəyə gətirilməsi üçün böyük vəsait tələb olunur və onlar bu vəsaitləri toylarda, ucuz şoularda iştirak etməklə təmin etməli olurlar.
- Axı piratşılığa qarşı qanunu mübarizə yolları var...
- Bu üsulla fəaliyyət göstərən kəsimləri  məhkəmə yolu ilə necə məsuliyyətə cəlb etmək olar? Hər bir kompüterə girməyəcəksən ki, hər bir evə daxil olmayacaqsan ki? Əvvəla, youtubeni götürək, başqa internet resurslarını götürək, onlar əslində əlçatmaz, böyük beynəlxaq korporasiyalardır və onların ofisləri hətta, başqa ölkələrdə yerləşir. Digər tərəfdən, istifadəçilərin sayı minlərlə yox, milyonlarladır. Onlar da bütün dünyaya səpələnib. Müvafiq icra orqanı nəzarət nişanını da qanun layihəsində  əks etdirib. Nəzarət nişanıdır, beynəlxalq standart nömrə - bunlar hamısı yaxşıdır. Bunları hazırlaya bilərik. Lakin təkcə bununla həmin mən deyən qüvvələrlə effektiv mübarizə heç vaxt aparıla bilməz.
- Qanun layihəsində internet resurslarda pirat nümunələrinə qarşı mübarizə mexanizmləri əks olunmayıb. Sizcə bu məsələnin qanunla tənzimlənməsinə ehtiyac yoxdur?
-Mən başa düşürəm ki, bu məsələ nəyə görə qanun layihəsində  əks olunmayıb. Təəssüflər hissi ilə qeyd etmək lazımdır ki, bu mexanizmlər bütün dünyada hələ yox dərəcəsindədir və belə olan halda hansı mübarizədən söhbət gedə bilər?  Burada bir neçə maddə əks olunmalıdır ki, necə deyərlər, bu yöndə maarifləndirmə, televiziyalarda bu barədə söhbətlər təşkili edilsin. Ermənilər bizim mahnılarımızı özəlləşdiriblər, ancaq  hansı beynəlxalq məhkəmədə  bircə dənə iş udmuşuq?  Ümumiyyətlə, bu qanunda piratçılıqla bağlı mübarizənin beynəlxalq aspektləri əks olunmayıb, amma bu çox vacib məsələdir, ələlxüsus, biz mübarizə aparırıq o ölkə ilə ki, bizə qarşı elə əqli piratçılığı həyata keçirir, söhbət Ermənistandan gedir, amma bununla bağlı bir dənə də cümlə  olsun, bu sənəddə  yoxdur.  Ona görə istəyərdim ki, bu, ayrıca qanun olsun. Çünki bu çox vacib məsələləri əks etdirir. Amma bu qanun - ayrıca qanun çox ciddi işlənilməlidir, daha dolğun, daha konkret , daha müasir  mexanizmlər olmalıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31