Jurnalistikamız sağlamlaşmağa doğru gedir - MÜSAHİBƏ

Bəhruz Quliyev: “Prezident İlham Əliyevin kollektivimizə ünvanladığı təbrik məktubu yadımda qalan xoşbəxt anlardan biridir”

"OLAYLAR"-ın "Həmkar" rubrikasının cümə qonağı "Səs" qəzetinin baş redaktoru, eləcə də "Səs" İnformasiya Agentliyi və "SəsTV"-nin rəhbəri Bəhruz Quliyevdir.

-Bəhruz Quliyev nə vaxtdan jurnalist fəaliyyəti ilə məşğuldur?

- 1997-ci ildən jurnalist fəaliyyəti ilə məşğulam. Maraqlıdır ki, peşəkar jurnalistliyə ilk dəfə "Səs" qəzeti ilə əməkdaşlıqdan başlamışam. Müxtəlif məqalələr, analitik yazılar, felyetonlar, satirik məqalələr, müsahibələr yazmışam. 1998-ci ildən etibarən "Səs" qəzetində jurnalist kimi çalışmışam. 2000-ci ildə isə qəzetdə məsul katib, 2001-ci ildə baş redaktorun müavini olmuşam. 2005-ci ildən bu günə qədər isə "Səs" qəzetinin baş redaktoru vəzifəsində çalışıram.

- "Səs" qəzeti cəmiyyətdə kifayət qədər tanınmış, müəyyən oxucu auditoriyası qazanmış bir mətbu orqandır. Sonradan Səs İnformasiya Agentliyi və "SəsTV"nin yaradılması hansı zərurətdən meydana çıxdı? Bu tədricən yazılı medianın sıradan çıxması fikirləri ilə bağlıdırmı?

- Ulu öndərimizin "Səs" qəzeti ilə bağlı heç vaxt unudulmayacaq bir fikri var. Həm Yeni Azərbaycan Partiyasının yubileyləri, həm də qurultaylarda Heydər Əliyev dəfələrlə "Səs" qəzetinin tarixi fəaliyyəti, missiyasından danışıb. Ulu öndərin söyləmiş olduğu fikirlərdə tezis xarakterli nüanslar da vardı. Ulu öndər Yeni Azərbaycan Partiyasının 10 illik yubileyində deyirdi: ""Səs" qəzeti öz ənənəsini saxlayır. Əminəm ki, o daim yeniləşəcək, modernləşəcək". Mən baş redaktor olduğum müddətdə bunu əsas tutaraq çalışmışam ki, qəzeti bir az da modernləşdirim. Bu məqsədlə "Səs" qəzetinin müxtəlif layihələrini həyata keçirməyə başladıq. Regionların sosial-iqtisadi inkişafı, problemlər və perspektivlərlə bağlı müxtəlif dəyirmi masaların keçirilməsinə start verdik. Ölkəmizin müxtəlif bölgələrində təxminən 75-ə yaxın dəyirmi masalar keçirdik.

Bu günə qədər də qəzetin redaksiyasında hər həftə günün ən aktual mövzularının müzakirəsinə həsr olunmuş dəyirmi masalar keçirir, cəmiyyəti düşündürən suallara cavab tapmağa çalışırıq. "Səs" İnformasiya Agentliyinin və SəsTV-nin meydana gəlməsi məhz qəzetin modernləşmə siyasəti kimi dəyərləndirilə bilər. Bu gün bütün dünya internet üzərindən öz informasiyasını yaymaqla məşğuldur. İnternet resursları, sosial şəbəkələr demək olar ki, qəzetləri üstələyib. "Fecabook"da müxtəlif profillərdə hər bir insan öz sözünü deyir, hər bir insan jurnalistlik edir. Artıq dünya bir növ daralıb, monitora sığışıb. Hamı kompüter monitorundan bütün dünyaya baxa bilir. Bu imkanları nəzərə alıb "Səs" İnformasiya Agentliyini yaratdıq. Agentlik kifayət qədər oxucu auditoriyası qazanıb. Bəzən deyirlər ki, yazılı mətbuat internet mediasına uduzur. Ola bilsin ki, zaman etibarilə bu və ya digər məlumatların otürülməsində internetin imkanları çox olsun. Amma yazılı medianın da öz üstünlükləri var. Qəzetlərin sıradan çıxması fikirləri ilə razılaşa bilmərəm. Çap mediası olub, bundan sonra da olacaq. Qəzetlərin fəaliyyətinə gələcəkdə də ehtiyac olacaq. Çünki çap mediası tarix, arxiv rolunu oynayır və düşünürəm ki, bu həmişə olacaq.

- "Səs" qəzeti hakimiyyətin siyasi kursunu müdafiə edən mətbu orqan kimi tanınır. Bu qarşı tərəfdə, yəni müxalifət cəbhəsində necə qarşılanır? Müxalifət düşərgəsindən qəzetə qarşı olan münasibətdə bir hiddət, qəzəb hiss edirsnizmi?

- Artıq "Səs" qəzetinin 21 illik şərəfli bir tarixi var. Mətbuat haqqında qanunlara istinad edən özünəməxsus ənənəsi formalaşıb. Qəzet fəaliyyəti dövründə öz mövqeyini əqidəsinə uyğun müəyyənləşdirib. "Səs" qəzeti vaxtilə müxalifət mətbuatı mövqeyində də dayanıb. 1993-cü ilin 15 iyununa qədərki dövrdə qəzet Azərbaycanda ən çox tirajla çap edilən qəzetlərdən biri olub. Həmin dövrdə qəzet 30-35 min tirajla çıxırdı. Bu gün də "Səs" qəzeti respublikamızda gedən quruculuq-abadlıq işlərini, eyni zamanda iqtidarın apardığı siyasəti geniş oxucu aiditoriyasına çatdırır. Hadisələrə obyektiv yanaşmağı bacarır  və cəmiyyətdə baş verən çatışmazlıqları da öz səhifəsində işıqlandırır. Ona görə də bizim öz oxucu auditoriyamız var və kimin bizi tənə etməsi, qınamasından asılı olmayaraq bu kurs belə davam etdiriləcək. Bu kursun yaşaması üçün əlimizdən gələni edəcəyik.

- Hazırda Azərbaycan mətbuatının vəziyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan mətbuatında inkişafla yanaşı, təbii ki, problemlər, müəyyən çatışmazlıqlar da var. Peşəkar jurnalist problemi də aktuallığını qoruyub saxlayır. Bu təkcə qəzetlərin yox, ümumilikdə jurnalistikanın problemidir. Etiraf etmək lazımdır ki, ötən illərlə müqayisədə qəzetlərdə vəziyyət hər gün yaxşıya  doğru dəyişir. Artıq mətbuata kifayət qədər dövlət dəstəyi var. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin Inkişafina Dövlət Dəstəyi Fondu yaranandan sonra mətbuata kifayət qədər yardımlar göstərilir, jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirilir, qaliblər mükafatlandırılır. Bunların hər biri jurnalistlərin sosial problemlərinin az da olsa həllinə yönəlmiş addımlardır. Milli mətbuatımızın yaranma tarixi 1875-ci ildən hesablanır. Mətbuatımızın inkişafı isə müstəqilliyimizin yenidən bərpa olunduğu illərə təsadüf edir. Konkret olaraq, bu dövr  ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi vaxtdan başlayır. Həmin dövrdə, daha dəqiq desək 1991-1992-ci illərdə Azərbaycan mətbuatı yaşasa da, ancaq onun inkişafından söhbət gedə bilməzdi. O illərdə jurnalistikada vəziyyət ağır idi. Jurnalisti yazdığı yazıya görə təhqir edir, onu avtomobilin yük yerinə qoyub aparıb döyürdülər. Həmçinin televiziya verilişlərinin canlı yayımı zamanı studiyalara hücumlar olurdu. Ona görə də tam əminliklə söyləmək olar ki, həmin illərdə mətbuatın inkişafından yox, onun ölüm-qalım məsələsindən danışmaq olardı. Ancaq sonrakı dövrlərdə ulu öndərin mətbuatla bağlı müxtəlif məqamlarda verdiyi tapşırıq və tövsiyyələr, qəzetlərin əlavə dəyər vergisindən azad olunması, senzuranın ləğvi, ayrı-ayrı qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borclarının əvvəlcə dondurulması, sonradan isə silinməsi mətbuatın inkişafına təkan verdi. Sonrakı illərdə Azərbaycan Mətbuat Şurasının yaranması mətbuatın dövlət strukturları ilə əlaqəsini tənzimlədi. Hazırda da Azərbaycan mətbuatı Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə əhatə olunub və inkişaf edir. Dövlət başçısının müntəzəm olaraq mətbuatla bağlı verdiyi fərman və sərəncamlar da bunun göstəricisi sayıla bilər.

- Bir sıra mətbu orqanlar ilk mənbədən, nazirlik və komitələrdən lazım olan informasiyanı əldə etməkdə çətinlik çəkirlər. "Səs" qəzeti də belə bir problemlə üzləşirmi? 

- Bilirsiniz, dünyanın ən inkişaf etmiş ölkələrində belə qanunların tətbiqi məsələsində müxtəlif maneələr, ayrı-ayrı qurumların özünəməxsus yanaşması mövcuddur. Azərbaycan da bu problemlər yox deyil və kimsə bunun birdəfəlik həll olunacağını proqnozlaşdıra bilməz. Bəzən qanunlar belə insanın istək və arzularının qarşısında aciz qalır. Əvvəlki dövrlərdə bu kimi problemlərlə tez-tez üzləşirdik və bu günümüzün reallığı idi. Ancaq bu gün bütün strukturlarda mətbuat xidmətləri formalaşıb. Hər hansı mətbu orqanın həmin strukturlara sualla müraciət edib cavab alması mümkündür. "Səs" qəzeti də bu üsuldan istifadə edir. Ancaq bəzi strukturlarda operativlik problemi hələ də qalır. Hansısa struktura sualla müraciət edildikdə ona 1-2 gündən, yaxud bir neçə saat sonra sonra cavab verilir. Ancaq nəzərə almaq lazımdır ki, jurnalistika dinamika sevir. Verilən sual operativ cavablandırıldıqda onun effekti də qısa müddətdə özünü göstərir.

- Bəzi sahələrdə çalışanlar üçün müxtəlif güzəştlər tətbiq edilir. Sizcə, jurnalistlərə də hansısa güzəştlər şamil edilməlidirmi?

-Bu gün həmin güzəştlər redaksiyalara müxtəlif  üsullarla çatdırılır. Dəfələrlə cənab prezident mətbuatın peşə bayramlarında jurnalistləri təbrik edib, müxtəlif vaxtlarda redaksiyalara birdəfəlik maliyyə yardımları edılib.  Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu faktiki olaraq qəzetlərə müxtəlif formada yardımlar edir. Bu gün jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binası tikilir, bunlardan böyük güzəşt nə ola bilər? Biz illərlə işləsək və vaxtı ilə mövcud olan güzəştlərdən indi də istifadə etsək belə həmin mənzili qazana bilməzdik. Cənab prezident tərəfindən atılan bu addımlar mətbuatın, jurnalistikanın diqqətdə saxlanılmasının göstəricisidir.

- Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə hansı addımların atılmasını zəruri hesab edərdiniz?

- Əvvəllər Azərbaycanda iş tapa bilməyən insanlar jurnalistikaya gəlirdi ki, bu kütləvi axın jurnalistikamızın əsas hədəflərdən yayınmasına, loru dillə desək korlanmasına gətirib çıxarırdı. Sonradan Azərbaycan Mətbuat Şurasında reket jurnalistikaya qarşı mübarizə məqsədilə komissiyanın yaradılması bu sahədə bir qədər təmizləmə apardı, onlarla qəzet "qara siyahı"ya düşdü. Əvvəlki illərlə müqayisədə görürük ki, jurnalistikanın özündə bir təmzilənmə gedib. Peşəkar jurnalistlər peşəkar medianın ətrafında cəmlənib. Artıq hiss olunur ki, jurnalistikamız sağlamlaşmağa doğru gedir. Ali məktəblərə qəbul prosesində də bunu açıq görmək mümkündür. Mən Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakultəsində dərs deyirəm və tələbələrdən neçə nəfərin jurnalist olmaq istədiyini soruşanda əvvəlki illərdən fərqli cavablar alıram. Əgər bir neçə il əvvəl 20 nəfərdən 2-si jurnalist olmaq istədiyini deyirdisə, indi bu göstərici artıb. Jurnalsitlərin peşəkarlıq səviyyəsinin artırılmasına gəlincə, mən istərdim ki, jurnalistika fakultəsini seçən abituriyentlər arasında hansısa formada müsabiqə, və ya qabiliyyət imtahanı keçirilsin.

- Bəhruz müəllim, jurnalist fəaliyyətiniz dövründə ən yadda qalan maraqlı hadisə nə olub?

- Belə hadisələr az olmayıb. Amma ulu öndərimizin "Səs" qəzetinə verdiyi qiymətin əvəzi yoxdur. Yeni Azərbaycan Partiyasının 10 illik yubileyində ulu öndər Heydər Əliyevin "Səs" qəzetinin adını çəkməsi, fəaliyyətinə qiymət verməsi məndə çox böyük sevinc, fərəh hissi yaratdı. Həmin dövrdə mən "Səs" qəzetində baş redaktorun müavini işləyirdim.  Baş redaktor olduğum dövrlərdə isə 2011-ci ildə qəzetimizin 20 illik yubileyində cənab prezident İlham Əliyevin kollektivimizə ünvanladığı təbrik məktubu yadımda qalan xoşbəxt anlardan biridir. Həmin ərəfədə cənab prezident imzalamış olduğu sərəncamla qəzetimizin 5 əməkdaşı təltif edildi.

Jurnalist kimi fəaliyyətdə digər yadda qalan pis məqamlar da olub. Belə ki, dəfələrlə bizim redaksiyaya müxalif mövqedə duran insanlar hücumlar ediblər. Belə hadisələrdən biri də 2003-cü il, 15-16 oktyabrda  müxalifətin iğtişaşa cəhdi zamanı baş verdi. Həmin tarixdə redaksiyaya hücum oldu və redaksiyamızın qarşısında dayanan avtomobillər, eləcə də mənim avtomobilim əzildi, bərbad vəziyyətə salındı.  Sözsüz ki, müxalifət avtomobilimə dəymiş zərəri ödəmədi. Bu hadisə də mənim üçün yadda qalan olub.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31